Yalan danışmaz ki...

 

Özgələr yanında sənin nə işin

Görən nə söylər istəyim sənə.

Nədən baxışıma çiyin çəkirsən

Şübhələr oyadır de nəyim sənə?

 

Sözümü danışır dili lal olmuş,

Bəxtimə cavabı ay sual olmuş,

Bu mənəm dünyası halbahal olmuş

Çarə diləmirmi diləyim sənə?

 

Könül oyaq olar səsə düşəndə,

Hicranın ayağı tərsə düşəndə,

Yubanar qismət də bəhsə düşəndə

Nə deyim fələyim, mələyim, sənə?

 

Bu sənsən sevdama açılan buta,

Dünya dağılmaz ki, əl-əldən tuta

Gözümü gözündə tikdim sükuta,

Yalan danışmaz ki, ürəyim sənə.

 

 

Dağıntı

 

Sözümə, fikrimə qəm xətti düşüb

Ha pozdum cücərdi yenə də qəmlə,

Qərib ağrılarım canımdan qaçaq

Ağrılar nəbzimi tutar Vətənlə.

 

Gerçək olmuşammı biləmmədim heç

Xəyal yollarında azdı - bu ömrüm.

Nağıllar nə yaxşı yuxumu qatdı

Yuxusuz dərdləri yazdı - bu ömrüm.

 

Ağlım gəlməyibdi başıma hələ

Nəğməm köklənməyib bir simin üstə.

Mən öz taleyimin dağıntısıyam

Dava qoparıram gör kimin üstə?

 

Neyləyim

 

Bir vaxt bu yollardan nazı keçərdi,

İndi qocalığı keçir, neyləyim?

Odlu baxışları məni seçərdi,

İndi eynək ilə seçir, neyləyim?

 

Bahardan gələrdi ətri, nəfəsi,

Əlləri üstümə qanadlanardı.

Soyuq bir cığırın tənhalığı da

Dumana düşübdü, düşübdü adı.

 

Saçının rəngini gecə hörərdi

Heyif, boyağını payızdan alıb.

Elə bil, dünyanın acığı tutub

Bütün heyifini bu qızdan alıb.

 

Zalım ürək

 

(Orxan Vəliyə)

 

Nə qovğadır, zalım ürək?

Eşq dolu bir cam içində.

Yerin-göyün qorxuları

Rəqs edir bu can içində.

 

Dərindi dərdin gözləri,

Naləsi tütək kimidi.

Ağ vərəqlər bəxt üzünə

Çəkilən örpək kimidi.

 

Nə desən, gələr ağıla,

Huşun sözdən çıxan vaxtı.

Canım qələmə can tikib

Öz evini yıxan vaxtı.

 

Bu ürəklə, bu ağılla

İnanmayın bu dəliyə.

Mən halalca bir dərvişəm,

Qardaşam Orxan Vəliyə.

 

 

Səbrim, inadım

 

Kiminə qocayam, kiminə cavan,

Gözlə ürək işi köhnə davadı.

Di gəl, bu dünyanın min oyunu var,

Mənimki sümüyə düşən havadı.

 

 

Gücüm qaçaq imiş giley-güzardan,

Bəxtə əl açmadım gözüyumulu.

Yavan qismətimə toxam hər zaman,

Fikrimin şahıyam, andımın qulu.

 

Yolu addımbaşı yalana çəkən,

Kürsüyə düşmənəm, qələmə öcəm.

Fikir tumlarını ulduza əkən,

Könül sabahına bağbandı gecəm.

 

Qaranlıq boğuram işıq olunca,

Neyləyim, baharı qış haqlayıbdı.

Zirvə arzularım ucadan, uca

Uçqun qəzasını söz saxlayıbdı.

 

Yenə ümidlərim cənnət soraqlı,

Əzabı tanıyan yola inandım.

Durub ocağımda əliçıraqlı,

Bax, qoca səbrimlə, cavan inadım.

 

 

 

Bu lal boşluq içində

 

Bu lal boşluq içində

Ağlamaq çatmaz dada.

İndi tənha ağacı

Meşə salarmı yada?

 

Ömrə sahiblik edən

Nə sevincdi, nə də qəm.

Özümdən qorxa-qorxa

Özümə çəkilmişəm.

 

 

Yer, göy dəyişib tamam

İtirib məkanını.

Nağıl yolundan azıb

Hardan tapdım bu anı?

 

Tanımaz məni heç kim

Bu görkəmdə, bu gündə.

Kölgəm yad adam kimi

Dayanıbdı önümdə.

 

Döymə, qapımı döymə...

 

Döymə, qapımı döymə...

Dərdim səsə oyanar.

Xatirələr - köksü qan...

Ağrılara boyanar.

 

 

Ömür bir uzanan yol...

Tale könül yolçusu.

Cücərtmədi sevdamı

Arxamca atılan su

 

Döymə, qapımı döymə...

İlğımlara bükülüb

Çəkilmişəm içimdən.

Allah bilir hardayam,

Allah bilir kiməm mən.

 

 

Bəlkə göz yaşlarımdan

Qanadlanmış buludam.

Yağışıma düşərsən

Çəkil yoldan, ay adam.

Döymə, qapımı döymə...

 

Eh... dərdlər tünlüyündən

Gör ki, hara qaçmışam?!

Mən ki, çoxdan qapımı

Tənhalığa açmışam.

Döymə, qapımı döymə...

 

 

Öpüb qurtarıb...

 

Açılıb, örtülüb qapı qurtarıb...

Canında heyi yox bir səs saxlasın.

Bu şəhər bu qızı öpüb qurtarıb

Daha göz yaşı yox töküb ağlasın.

 

Havası bulanıb şehin içində,

Küləyi boğulub mehin içində,

Cavabı gah yoxun, ehin içində

Bir söz də qalmayıb udub ağlasın.

 

Gecəsi gizlənər hey gündüzündən,

Göyü utancaqdı yerin üzündən.

Bu dünya düşübdü daha gözündən

Üzünü bəs kimə tutub ağlasın?

 

 

Düşüncə...

 

Ən ətirli çiçəyin

Cığırına düşüb qar.

Teleqraf tellərində

Qərib səslər ağlayar...

 

Unudulmuş sevdalar

Həsrətinə boyanıb.

Bir körpə yuxusunda

Köhnə divar oyanıb.

 

İşıq qovan kölgələr,

Təslim olur anbaan.

Gözlər yenə yol çəkir

Təbəssüm qıtlığından.

 

İnqilab İSAQ

525-ci qəzet.- 2023.- 6 oktyabr.- S.15.