Güney Azərbaycanda ana dili məsələsinə bir baxış  

YAXUD ŞAİR HADİ QARAÇAYIN DİL VƏ ƏLİFBA MÜCADİLƏSİ

II yazı

 

 

Hadi Qaraçay hər an özgürlük, bağımsızlıq eşqi ilə yaşayır, yurdunun bu qutsallığa yetişəcəyi günün gələcəyinə inanır, bu yolda qələmi ilə mübarizəsini davam etdirir. Əqidəsinə sadiq qalan şair gənc yazarların azadlıq istəklərini ürəkdən dəstəkləyir, onların azadlıq, özgürlük duyğulu əsərlərində sərgilənən milli ruhu, Ana dilinə olan böyük sevgilərini alqışlayır. Vurğulayır ki, gənc yazarların şeirlərində milli azadlıq hərəkatının əks-sədası duyulur. Milli kimliyinin, ana dilinin, ata yurdunun təəssübünü çəkən Hadinin əsərlərində və söyləşilərində (müsahibə) bu xətt apaçıq görünür. Milli təəssübkeşlik ruhu onun hər misrasından duyulmaqda, oxucula-rına öz etkisini göstərməkdədir: "Ədəbi dil milli azadlıq hərəkatının simvoludur, hərəkatda sağlam möhürünü vurub. Türk-fars savaşı vurub öldürmək deyil, ideoloji bir savaşdır. Kimliyimizə, ana dilimizə İrandakı hər bir kanaldan təhqir yağdırılır. Bu günün gənci hara baxır, hara gedirsə, orada özünə qarşı ən kəskin təhqir, aşağılama görür. Şair ən duyğulu insandırsa, onun həmin təhqirlərə cavab verməsi təbiidir..."

Siyasi ədəbiyyatı şüar adlandıranlarla heç vəchlə razılaşmayan Hadi böyük Nazim Hikmətin əksər şeirlərinin də siyasi mahiyyətli olduğunu xatırladır. Nazim Hikmət çağımızın yeganə türksoylu modernist şairidir ki, dünya ədəbiyyatına güclü etkisi olduğu etiraf edilir. N.Hikmətin şeirlərindən bəhrələndiyi açıqca sezilən H.Qaraçay əminliklə deyir ki, şeir istənilən formada, qafiyəli-qafiyəsiz yazıla bilər, yetər ki, şairin deməyə sözü, yazmağa fikri olsun. Şeirin gözəl-liyi nədən danışmasında deyil, müəllifinin şeiri özünəməxsus şəkildə təqdim etməsində, öncə heç kimsənin demədiyi formada yazılmasındadır. Fikrimizcə, "Sürgünlük" adlı şeirindən-mini poemasından örnək Hadinin nə dərəcədə haqlı olduğunun kanıtıdır:

 

Artıq on yeddi il keçdi.

Ərəb çöllərinin sürgünündən

Dönmədi yazlıq buludlar.

Kollar gülləmədi

yurdun qara torpaqlarında...

Səndən kimə danışım, sevgilim?

 

Eşq

 

od qarşısında ilk insanın heyrəti tək

tanınmazdır.

Kəndləri bayquş yuvası,

ocaqları sönmüş yurd -

Səndən kimə danışım sevgilim?

Eşq diri basdırılmış düşmən kimidir...

Nə sevinci sevinc, nə dərdi dərd.

Ata ətdən danışmaq, İtə arpadan.

Səndən kimə danışım sevgilim?

 

Bu, forması və məzmunu bir-birini yüksək səviyyədə tamamlayan gözəl şeir nümunəsi, kamil bir əsərdir. Və İran ərazisində yaşayan Azərbaycan türklərinin yaşamı, atının qarşısına ət, itinin qarşısına ot qoyulmuş bu dünyanın bütün sivil və qeyri-sivil xalqlarının durumu sözlə cızılmış kiçik-kiçik tablolarda o qədər aydın görünür ki! Gerçəkliklər yaradıcılıq axtarışlarının yeni tapıntıları, metodları, şairin ürəyindən, ruhundan qopan yeni səslə təqdim olunur. Orijinal deyim tərzinə, güclü müşahidə qabiliyyətinə, analitik təfəkkürə malik şair olmaqla yanaşı, ana dilinin inkişafı ilə bağlı dərin narahatlıq hissi keçirən milli qeyrətli ziyalılardan olan Hadi Qaraçayın fikrincə, ən önəmlisi dilə sayğı, hörmətdi.

Hadinin nəzəri məsələlərə münasibəti də maraq doğurur. O, doğma türkcənin gələcəyi üçün narahatdır. Buna görə də çağdaş Güney Azərbaycan ədəbi dilinin formalaşması, inkişafı məsələləri ilə ilgili müəyyən araşdırmalar aparır və ilginc sonuclara varır: "XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyqun ad qoymaqla ilgilənməlidir. Günümüzdə belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışmalara, bir neçə aydının özəl çalışmalarına başqa sözlə, örgütləndirilməmiş bir biçimdə gedir. Bunun da verdiyi sonuc olduqca azdır..."

Düşüncələrində fəlsəfi məqamlar daha çox yansıyan şairin "Qəribə bir dünyadayıq" adlı lakonik şeiri sanki yaşadığı dövrün, zəmanənin simasını əks etdirir. Şair ağalar və qullar dünyasındakı təzadlara, ulu Yaradanın heç bir fərq, ayrı-seçkilik salmadan, eşit olaraq xəlq etdiyi insanların maddi durumundakı, yaşayışındakı kəskin fərqlərə, "evində uşaqlarının sayı qədər çörəyi olmayan fəqirlərin və uşaqlarının sayı qədər saraylara və maşınlara" sahiblənən, bu sərvətin harınlaşdırdığı varlıların vəziyyətinə - bu paradoksallığa nifrətini hayqırır. Allaha, "Quran"a, imamlara yalandan and içən, ürəklərində saxta andlar, ciblərində minlərlə yalan-palan, çiyinlərində isə bu yalanların günahlarını gəzdirən saxta dindarlara istehza edir o. Axı Hadi yaxşı bilir ki, yalan təkcə eşitmə-yən, danışmayan bəndələr üçün yox, şüurlu hər bir insan üçün böyük günahdır. Yalan heç bir dünyəvi din, heç bir qanun tərəfindən qəbul edilməyən qeyri-insani keyfiyyətlərdən biridir. Ulularımız "yalan ayaq açar, amma yeriməz" desələr də, bu saxta dindarların, məzlumların əməyini mənimsəyərək milyonlar qazanan qoluzorluların yalanları insanları çaşbaş salır və bu durum insanların nəyin doğru, nəyin yalan olduğunu anlamasında belə çətinlik törədir. Talelərinə əsən qara yellərin Yer üzündə fəlakətə saldığı məzlumlara şairin sevgi və rəğbəti nə qədər böyükdürsə, ehtiyac içində yaşayan insanların əməyi hesabına və haram yolla əldə olunan hədsiz sərvət, milyonlar sahibi olan dövlətlilərə, məmurlara, "Quran"a, Allaha yalandan and içən saxta dindarlara, qudurğan meşşanlara nifrəti bir o qədər sonsuzdur:  

 

Qəribə bir dünyadayıq

Ağalar var:  Uşaqları sayısında sarayları,

Uşaqları sayısında maşınları

Ciblərində - İmam haqqı, Allah haqqı

Sözlərinin şablonları.

Ciblərində - minlər yalan, minlər palan,

Qəribə bir dünyadayıq. Qullar da var.

Evlərində

uşaqların sayı qədər çörəyi yox.

Ciblərində min arzunun,

Sürgünlərdə puçurlamış sümükləri...

 

"Qəribə bir dünyadayıq" şeirində "şair rəndəli və ölçülü bədii üsullardan istifadə edir, canlı, zəngin mənzərə yaradır, eyni zamanda sərbəst vəznin incəlikləri-ni şeirə elə bir ustalıqla gətirir ki, poetik ahəng qətiyyən pozulmur, ritm, ahəng isə əruz və ya heca vəznində olduğu kimi, münasibətini qətiyyən itirmir..."

Şairin "Siqararası düşüncələr"ində gerçəklikləri yansıdan mətn açıq sistemə çevrilir, Güney Azərbaycan türklərinin narazı qaldığı və hər an etiraz dalğalarını coşdurmağa nədən olan mövcud rejimə, bu rejimi yaradan "bardağında su içib boyuna qarğı biçənlərə", sonucda alnına qara taleyi yazanlara, ifrat dünyəvi həzlərdən sevinən darğaların zahiri qılıqlılığına, saxta təbəssümlərinə Hadinin "Barışa inanma, fərihcəm!" önyarğısı boy verir:

 

Barışdan dedilər gözlərimə baxa-baxa...

Boyuma qarğı biçənlər

Əlimin ağında

alnımın qarasını oxudular...

Və susuzluğun qutsallığını buldular

Bardağımda su içənlər...

...Gözlərimə baxa baxa

Boynuma qarşı biçənlərin

Bardağımda su içənlərin

Şeytan uydurmasıdır barış...

Açsa, əlindəyəm,

Yumsa, yumruğunda...

İnanma, barışa inanma, fərihcəm!..

 

Sözlər arasındakı semantik keçidlər, kəlmələrin bir-birinə çulğaşaraq qaynayıb-qarışması və bu keçidin gözlərimizin önündə baş verməsi mətndən kənarda mövcud olan gerçəkliyi də öz qapsamına alır.

Hadi Qaraçay "Sevgili Səidlə həyat yoldaşı Ətayə xanıma sunulur!" epiqrafı ilə yazdığı "Səkkiz boyaqlı yumurtalar", "Səid Mətinpurun sevgili adına, tükənməz kişiliyinə, sarsılmaz istəyinə sayqılarla sunuram"la başlayan "Bizim öykümüz yenicə başlayır" şeirlərinin hər ikisini Güney Azərbaycanda insan hüquqları uğrun-da mübarizə aparan milli fəal, 2007-ci ilin iyununda İranda Güney Azərbaycan türklərinin milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulan və "əcnəbilərlə əlaqəyə girərək İİR-in dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli" bilinən, 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Səid Mətinpura - Azərbaycan türkcəsində çıxan həftəlik "Yarpaq" dərgisinin redaktoru olan cəsarətli jurnalistə həsr edib. Fikrimizcə, "Səkkiz boyaqlı yumurtalar" şeirinin adı müstəqilliyimizin rəmzi, Azərbaycanın dövlət atributlarından biri olan gerbimizin səkkiz guşəsinə bir işarədir:

 

 

 

Yeni il

 

səkkiz boyaqlı yumurtalarıyla

Sultaniyyədə,

Dəyirman arxında

başqa bir olasılıqla...

iydə ağacında

yenicə gülləmiş bir quş yuvasıdır

və bunu kəsin bilirəm ki,

Zəncanlıdır bu il,

Evin zindanının xarabalarında

bir quş yuvasıdır,

çatlayır

beton duvarları yumurtaların,

tökülür dəmir qapılar,

əriyir qollardakı qandallar,

ayaqlardakı kələfçələr,

cırım-cındalaşır zindan paltarları, Səid!

Özgürlük cəsur, əsrük,

ətcə gözlərini açır yumuşaq!

Zəncanda toy var",

 

- deyən Hadi nikbindir, umudludur və düşünür ki, azadlığın havası artıq duyulmaqdadır, çünki At ili türkün ilidir, tarixən türkün murada yetməsində əsas köməkçisi, yaxın dostu, arxa-dayağı olan At onları da arzularına qovuşduracaq, muradına erdirəcək.

Güney Azərbaycan şairlərinin içində bulunduğu ictimai-siyasi mühit, yaşadığı ağrı-acılı, gərgin həyat onlarda bu baxışı formalaşdırırdı: dövrlə, zamanla ayaqlaşan poeziya yaratmaq üçün gərək qələm sahibləri layiqli övlad məhəbbəti, fədai əzmi, mətanəti ilə Vətənin - Azərbaycanın xidmətində durmağı, xalqın, Uluyurdun tarixini yaşatmağı bacarsınlar. Əks təqdirdə, sənət də, ədəbiyyat da zamanın sərt sınaqlarına tab gətirə bilməyəcək. Məhz bu baxımdan Hadi Qaraçayın da yaradıcılığında əsas mövzu Ana Vətən-Azərbaycan, ana dili, xalqın taleyidir. Ayrılıq, həsrət, Vətəndə vətənsizlik dərdi nisgilli qələm sahiblərinin ən kövrək, ən həssas mövzularındandır. Şəhriyar, Səhənd, Sahir, Haşım Tərlan, Əhməd Sədi Alov, Qaflantı, Biriya, Sönməz kimi Hadi də Vətənin, xalqın mənliyini, ləyaqətini öz mənliyi, dərdini şəxsi dərdi, ələmi sayan, yurdun tarixini müasir ədəbi düşüncə prizmasından canlandıran vətənpərvər şair, haqsızlıqlarla barışmayan, fəryad qoparan, duyğuları üsyan edən söz ustadıdır. Ən başlıcası, vətəndaş şair qələmdaşları ilə bir sırada ana dilinin - türkcənin qorunub saxlanmasında, Güney Azərbaycan ədəbiyyatında tarixiliyi müasirlik kontekstində təqdimetmə prosesində müstəsna xidmətlər göstərir.

 

Esmira FUAD

525-ci qəzet.- 2023.- 6 oktyabr.- S.14.