Gəncədə ədəbiyyat materiki

 Esse

 

Coğrafiyada - materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir.

Ədəbiyyatda - materik duyğular məkanıdır: ədəbi məkanı! Ədəbi məkan-materik, məsələn,  Məmməd Arazın timsalında Nursu da ola bilər, Bakı da. Məmməd İsmayılın timsalında Tovuz da ola bilər, Çanaqqala da! İnqilab İsaqa gəlincə, hazırda yaşadığı Üçtəpə kəndi də, üçaddımlığında yaşadığı canım-gözüm Gəncə də!

Lakin əsl ədəbiyyat materikinin - ədəbi ərazinin dəqiq sərhədləri olmaz, bu, bir; ikincisi isə, bədii söz materiki qalaktikalarda da qurtarmaz!     

...Mən İnqilab İsaqı uşaq şeirləri ilə tanımışam. Çünki biz tərəflərdə uşaq şeiri yalnız Nizami Paşa Saraclının uşaq aləminə yaxşı bələd olduğu görükən "Balam niyə bal dadır?" adlı kitabı ilə yadımda qalıb. Elə ki, İnqilab müəllimin "Nərgizin nərgizləri"ni oxudum, dərhal ondan izn alıb, silsilə şeirlərini "Gürcüstan"a təqdim elədim. Sağ olsun ki, təqdirlə qarşıladı.

...Əsrlər öncə, amma həmin əsrlərdən də öncə poeziyadan çoxlu şikayətlər olub: arada-sırada haqlı və təbii ki, arada-sırada da haqsız şikayətlər.

Misilləmə misal üçün, "Bir dövrdəyəm ki, nəzm olub xar" - misrasını yazanda ustad Füzuli indiki kimi məşhur deyildi. Əlbəttə, həmin "Füzuli hesabı" ilə gərək indi poeziya oxunmayaydı. Lakin poeziya yeniliklərlə zənginləşir, oxunur, oxunur nədir, hətta arazbarı həyat tərzinə də çevrilir!

Sınıq körpünün sınmaq bilməyən bəri üzündə, yəni gülab Gürcüstan üzündə, o biri sınmaq bilməyən üzünə, yəni can Azərbaycan üzünə poeziya sarıdan həmişə ümidlərlə baxmışam və şəfqətli misralar tərəfdən heç nigaran qalmamışam. Çünki bilirəm ki, həm burada, həm də orada qələmə sarılan və həm də qələmə sığınan qələm qardaşlarım var.

Bədii təmizlik nümunəsinə çevrilmiş qələm qardaşlarımdan biri də şair İnqilab İsaqdır. Şəxsən tanış olmasam da, yoldaşlığımız nəinki bir pud, heç bircə çimdik  duz görməsə də, bir tikə çörək kəsməsək də, sanki əsrlərdir tanıyıram: qədim-qayım Tiflisin "İverioni" nəşriyyatında iki kitabı çıxıb; biri qələm qardaşımız İmir Məmmədlinin çevirməsində gürcü dilində ("Sözün nəbzi"), digəri də Suqurə İbrahimqızının və Heydər Quliyevin tərcüməsində ingiliscə ("Dont miss well meet" - "Darıxma, görüşərik") kitabları. Və bu kitabları da nəşriyyatdan mən götürmüşəm. Amma əsas əməyim bu olub ki, quru yolları bağlı olduğundan, birinci kitabı qohumlardan-dostlardan təyyarə ilə Bakıya yollamışam. İnqilab İsaqın kitabları Gəncəyə uça-uça, fırlana-fırlana çatıb yəni! Əgər şeirləri bəyənməsəydim, müəllifin səmimiliyini, dostluğunu-qardaşlığını duymasaydım, ömürbillah - İnqilab müəllimə görə yaxşılıqlar - bu körpü salınmayacaqdı! Söz sərhədsizdir və İnqilab müəllimin bədii sözü də Sınıq körpü üzərindən sinədolusu azadlıq içən durna qatarı kimi keçdi; əmin-yəmin belədir!

Yeri gəlmişkən, "Gürcüstan" qəzetində "Ədəbi körpü: Gürcüstan - Azərbaycan" adlı ədəbiyyat səhifəmə də elə İnqilab müəllimlə başladım. Uğurlu oldu! Bütün uğurları xeyirli-uğurlu olsun qələm qardaşımın! Görkəmi qanad-qanad qardaşımın!

 

 

 

Oyansan, oyanmayan

kilidi sındırıb at.

 

Görsən, göyü görərsən:

görkəmi - qanad-qanad...

 

..."Və hər şeydən qabaq - gecənin sakit vaxtında - özünüzdən soruşun: mən yazmalıyammı?" Bu sual cümləsi isə Rayner Maria Rilkenin bir gənc şairə cavab məktubundandır. Əminəm ki, İnqilab müəllim də gənc vaxtlarında özünə dəfələrlə bu sərhesab sualı verib. Bəlkə elə indinin özündə - 71 yaşın nüfuzlu-abırlı astanasında - da özünü sorğulayır ki, yenə yazmalıdırmı?  Onda mən ədəbi yaradıcılığına-şəxsiyyətinə böyük hörmət bəslədiyim qardaşıma buralardan, təzə bar eyləyən Başkeçid dağlarının ətəklərindən, özü də Tufarqanlı Abbasa rəhmət oxuya-oxuya simli-tilsimli səslənirəm: -  Ən aydın fikirlər və ruh müstəqilliyi ən çox yaradıcılıq valehlərində olur, əziz qardaşım! Əbədilik - Ədəbiyyatladır, biz isə... ədəbiyyatıq!

 

Ədəbiyyat həm də bizim cansağlığımızdır!

Sənə cansağlıqları!

Materikini buraxma!

 

P.S. Az qala unutmuşdum: "Materik" sinoniminin bir mənası da "böyük torpaq"dır. Böyük torpağa kiçik torpaqdan şərdən-xatadan uzaq şeirli-xeyirli salamlar olsun!

 

İBRAHİMXƏLİL

525-ci qəzet.- 2023.- 6 oktyabr.- S.15.