Mediada dil xətaları və ya gələcəyimizə vurulan zərbələr

 

Əminəm ki, rəhmətlik M.Ə.Sabir indi yaşasaydı, KİV-də biz gördüklərimizi, eşitdiklərimizi, oxuduqlarımızı görüb, eşidib, oxusaydı, "hara gedir" əvəzinə -  "hara baxır", "bu çocuqlar" əvəzinə isə "bu atalar, əmilər, xalalar"... yazardı. Elə düşünməyin ki, məqsədim Sabirə nəzirə yazmaq, yaxud onu yamsılamaqdır. Əsla! Amma neyləyim ki, müasir, gündəlik mətbuat səhifələrində, efirdə, ekranda rastlaşdıqlarım və məni düşündürən, narahat edən məsələlər barədə yazmağa, fikirlərimi kiminləsə bölüşməyə vadar edir.

İxtisasım, peşəm olmasa da, həmişə olduğu kimi, indi də dilimizdəki təhrif olunmuş kəlmələr, fikirlər, cümlələr ürəyimi deşir, beynimi sıxır, qışqırmağa, hayqırmağa, haray çəkməyə məcbur edir. Axı, mən də "...Günəşi göydə dana bilmirəm", bütün bunlara biganə, laqeyd ola bilmirəm. Məncə, cəmiyyətin dərdlərini ifadə etmək üçün, heç də mütləq ədəbiyyatçı, yazıçı, jurnalist, siyasətçi olmaq vacib deyil, sadəcə oxucu, dinləyici, tamaşaçı, ən əsası isə, həqiqi vətəndaş olmaq kifayətdir.

Dilimizin saflığının qorunması barədə dövlət və hökumətimizin mütəmadi olaraq qaldırdığı məsələlər, verdiyi qərarlar, bu sahədə narahatedici vəziyyətdən xəbər vermirmi?! Bununla bağlı məişət və əbədi dilimizin fonetik, leksik, qrammatik, üslub və sair cəhətlərdən qorunmasına həsr edilmiş "Dilimizin bu günü" adlı verilişdə (Real TV) akademik Kamal Abdullanın dediyi kimi, "KİV - dili qoruma vasitəsidir, xüsusən də aparıcılar, diktorlar üçün. İstənilən dili öyrənmək, danışmaq olar, öz dilini unutmamaq şərtilə. Başqa dildən məqbul olmayan elementi dilə gətirmək günahdır, onun qarşılığını bilmək vacibdir".

Bəlkə də qüsurlu, zəif cəhətimdir ki, öz yazılarım da daxil olmaqla, hər hansı bədii, elmi-publisistik ədəbiyyatı, dövri mətbuat vasitələrini vərəqləyərkən əlimdəki qələmlə öz irad, təklif, düzəliş, hətta tərif və b. xarakterli qeydlərimi yazmaq vərdişinə mübtəla olmuşam. Həmçinin, radio, televiziya verilişlərində, internetdə rast gəldiyim hər hansı xoşagəlməz təhrif, "oxşatma", "əvəzetmə", qrammatik, üslub, stilistik və digər mübahisəli məsələləri bir vərəqə  qeyd  edib, "sandığa" atıram. Bəlkə, lazım oldu...

Hiss edirəm ki, artıq bir "sandıq" material toplanıb. Günlər, aylar, hətta illərin zəhmətinin məhsulu olduğu üçün, onlara laqeydlik, biganəlik böyük qəbahət olardı. Ancaq bunu demaqoqluq, təftişçilik kimi qiymətləndirənlər, "Sənə nə? Sənin ixtisasın deyil, qoy, dəxli olanlar yazsın!" - deyənlər də tapılır. Fikirləşmirlər ki, buna rəvac verənlər, imkan yaradanlar elə problemin qarşısını almalı, bu barədə yazmalı olanlar deyilmi?!

Fikirlərimin bir az sərtliyinə görə əvvəlcədən üzr istəməyi özümə borc bilirəm. Bütün sahələrdə nəzarətin boşlanması, demokratiyaya, sərbəstliyə başqa mənada yanaşılması şoubazlığa, pərakəndəliyə, hərc-mərcliyə yol açır.

Əgər adlı-sanlı bir qəzetin müxbiri teatra həsr etdiyi yazısında "amplua" əvəzinə "ampula" yazırsa, ziyalı televiziya söhbətində təkrar-təkrar "deyək ki, tutaq ki, belə ki, nədi, necə deyərlər, belə deyək, disident, kolliziya" və sair kəlmələr işlədirsə, daha kimdən umasan?!

Efirə çıxarkən diktor, aparıcı tamam unudur ki, ancaq müvafiq ixtisas sahibləri üçün deyil, yaş, cins, peşə, vəzifə və sairdən asılı olmayaraq, bütün tamaşaçı və dinləyici kütləsi üçün danışır. Onlara alitəhsilli ilə bərabər, şagird də, əkinçi, fəhlə, tam savadsız da qulaq asır. Peşə terminlərindən (istilah) tərcümə, izah etmədən istifadə etdikdə, kimsə səni savadlı hesab edəcəksə, unutma ki, əksəriyyət sənin özünün də həmin sözün mənasını dərk etmədiyini anlayaraq, bu hərəkətini yekəxanalıq, ədabazlıq, farmazonluq kimi qiymətləndirəcək. Unutma ki, hələ heç xarici sözlər lüğətinə də düşməmiş yeni istilahları işlətməklə, həm qarşıdakını cahil adam yerinə qoyursan, həm də özünü.

Hanı bəs Xalq yazıçısı Mirzə İbrahimovun vaxtilə dediyi "Zaman keçdikcə Azərbaycan dili büllurlaşır, lüzumsuz fars, ərəb və osmanlı sözlərindən təmizlənir" məzmunlu mülahizənin nəticəsi? Aydındır ki, onun bu arzusunun yerinə yetməməsinin səbəbi həmin xalqlara, hansı cəhətlərdənsə sıx bağlılığımız, yaxınlığımızdır. Həmin arzuolunmaz sözlər artıq dilə daxil olub, doğmalaşıb, lüğətimizin xeyli hissəsini təşkil edir. Bəs müasir dövrdə dilimizə daxil olmağa "can atan" asanlıqla qavraya bilmədiyimiz Avropa mənşəli kəlmələrə nə deyəsən?

Tez-tez rast gəldiyimiz bu qüsurları, xarakterinə görə bir neçə hissəyə bölmək olar. Geniş yayılmış bir qrupu, dilimizdə müqabili olduğu halda, "avropasayağı", "dünya səviyyəli" kadr kimi görünmək üçün istifadə olunan virus kəlmələrdir. Məsələn, son vaxtlar teleradio aparıcılarının, diktorların, "savadlı" veriliş iştirakçılarının dilində əzbərə çevrilmiş, əslində "ilk dəfə, ilk olaraq, birinci dəfə" mənasını ifadə edən "eksklüziv"i əksəriyyətimiz anlamadığı halda, son vaxtlar onun əkizi olan "inklüziv" də (təhsil, teatr) peyda olub, "hotel"in "hostel" adlı qardaşı da dünyaya gəlib.

Yaxud, eyni məna ifadə edən "öncə, əvvəl" və sair kəlmələrin, heç bir əlavə məna kəsb etməyən, olduqca dəbə çevrilmiş "ilk öncə, ilk əvvəl" birləşməsi şəklində işlədilməsinə nə lüzum var? Məgər "ilk sonca, son öncə, son əvvəl" və başqa variantlar da mövcuddurmu? Aşağıdakı antinümunələrə fikir verin: "İlk öncə bizim tərəfimizdən sizlərə bir şeylər bəxş etmiş olacağıq. Sizlər bundan çox xoş olmuş olacaqsınız", yaxud "bizlərdən sizlərə eksklüziv mahnı", "müəyyən bir şeylər", "Bir şeylər lazımdır", "Belə bir şeylər baş verməyə başladı", "Verilişin sonuna çox bir az vaxt qalır" və sair.

Müxtəlif müəssisə, mağaza adları, reklam və afişalarda şəhərlərimizi "bəzəyən", hətta fransızların özlərinin belə, çətinliklə tələffüz etdikləri "aksessuar" kəlməsinin həyat və məişətimizin müxtəlif sahələrində geniş işlədilən "şey, əşya" (məişət), avadanlıq (mənzil), material (tikinti), ləvazimat (məktəb), vasitə (kosmetika) və sair bu kimi qarşılıqlarından xəbərsizikmi?

Bu yerdə əksər KİV-lər tərəfindən "nömrə", "nömrəli" kəlmələrinə qarşı yersiz allergiyanı xatırladım. Bu beynəlxalq söz bir əsrdən artıqdır ki, dilimizdə "ö" və "ə" saitlərilə milliləşmişdir. 1992-ci ilin ortalarından "nömrə"dən imtina olundu ki, bu, bizim söz deyil və hər yerdə uyğun gəldi-gəlmədi "saylı" işlədilməyə başlanıldı. Bu gün isə respublikamızda bütün orta məktəb, uşaq bağçaları və körpələr evinin lövhələrində "nömrəli" yazıldığı, yaxud "¹" işarəsi qoyulduğu halda teleradio kanallarından "saylı" ifadəsini eşidirik. Halbuki həmin anda kamera həmin lövhəni iri planda göstərir. Respublika Nazirlər Kabinetinin 1997-ci ildə tərtib etdiyi xüsusi kargüzarlıq təlimatına əsasən bütün rəsmi sənədlər - fərman, sərəncam, qərar, əmr, protokol, akt və digərləri nömrəli yazıldığı halda, onlar da bəzən "saylı" yazılır, belə də tələffüz olunur.

Akademikin dilindən "40-ın üzərində",  "30-un altında"  və sair söz birləşmələrini eşitmək dinləyicilərə necə təsir edər? Axı, sərhədlər açılanadək bu kəlmələrin müqabilində "...çox, az, artıq" kimi qeyri-müəyyən say göstəriciləri işlədilib.

Lotereya oyunu aparıcıların dilindən misallar: "Birinci 3; 4 rəqəm" , "sonuncu 2; 3 rəqəm". Axı, birinci və sonuncu bir dənə olur. Bəlkə, "əvvəldən, axırdan, sondan" ola, yaxud cəmi 5 xanalı biletdə "hər hansı 5 xanası dolmuş bilet"  necə ola bilər? Beş xanalıda bu, ancaq bir variantda mümkündür. Yaxud "iştirak edən iştirakçılar" cümləsi gülünc deyilmi?!

Bir qrup anlaşılmazlıqlar isə bəzi tibb mütəxəssislərinin televiziya ilə çıxışlarında işlətdikləri ifadələrlə bağlıdır. Məsələn: mil bilək sümüyü, dirsək oynağı çıxığı, "onurğa sütunu", "açıq yara", "travmatik zədə" və sair söz birləşmələrinin mövcudluğuna həkim özü inanırsa, tamaşaçı yazıq neyləsin? Axı, o özü bilməsə də, tamaşaçıların bəziləri başa düşürlər ki, "mil-bilək" adlı sümük yoxdur, bu adda oynağın 8 ədəd kiçik sümüyü var; oynaq heç vaxt çıxmır, onu təşkil edən sümüklərdən hansısa o birinə nisbətən yerini dəyişir, sümüyün oynaq ucu çıxır, onurğa sütunu yox, fəqərələrdən təşkil olunmuş sütun - onurğa var, yara açıq zədəyə deyilir, yaranın qapalısı olmur, yaxud zədə elə travma deməkdir də, zədə zədəsi, travmatik travma qəribə səslənmirmi?! "Pasiyentin ana damarı" - anatomiyada belə termin yoxdur. "Müəllim xamdır, bas gopa" məsəli çoxdan köhnəlib axı!

Bəzən sözlərin ortasına peşə, ixtisas, sənət və s. (kolxozçu, dəmirçi, pinəçi və s.) bildirən -çı, -çi, -çu, -çü sözdüzəldici şəkilçilərini artırmaqla heç bir məna kəsb etməyən sözlər düzəldilir. Məsələn: xoşbəxtçilik, bədbəxtçilik, kasıbçılıq, mehribançılıq, düşmənçilik, nigarançılıq, arxayınçılıq, sakitçilik, bekarçılıq, subayçılıq və sair.

Axı dilimizdə subayçı, narahatçı və sair belə sözlər yoxdur ki, onların axırına -lıq, -liq, -luq, -lük şəkilçilərini əlavə etməklə yeni məna kəsb etsin. Yeri gəlmişkən, bu cür şəkilçilərə lüzumsuz olaraq lövhələrdə də rast gəlirik. Məsələn, "mühasibatlıq". Mühasibə işlərilə məşğul olan otaq "mühasibat" adlanır. Məzarlığın qarşısında "qəbiristan" əvəzinə, qəbiristanlıq (stan=lıq=yer) yazılır. Bir verilişdə aparıcı heç vecinə almadan təkrar-təkrar "xadiməçi liftdə xəsarət alıb" - deyir. Xidmət edənə xidmətçi, yaxud xadimə deyilir, xadiməçi yox.

Eləcə də, "ma" inkar hissəciyinin sözün tərkibində təkrarlanması yanlışlığa səbəb olur: anlaşılmamazlıq, çatışmamazlıq, saymamazlıq, uyuşmamazlıq, görməməzlik və sair.

Nitqimizdə dəbdə olan nümunələrdən biri də şühudi keçmiş halında olan sözlərin nəqli (əslində naməlum) keçmiş halına salınması cəhdləridir: "əlaqədar qəzaların artması baş verməyə başladı", "filankəsin yazmış olduğu əsərlər", "bitmiş olandan sonra", "olmuş oldu", "yazılmış oldu", "aparılmış olsa da"... Görəsən, "oldu, yazdığı, olundu, yazıldı" əvəzinə, mənasız söz birləşmələri işlətməkdə məqsəd nədir?..

Teleradio aparıcılarının, diktorların dilindən dolaşıq cümlələrə misallar: "bu amillərə təsir edən amillərdir"; "nanə suyundan müalicə kimi istifadə edilir" (müalicə vasitəsi kimi, yaxud müalicə üçün olmalıdır); "vətəndaşların qəbulunu  keçirəcək"; "əsassız rüşvət alınması hallarına yol verilir"; "Əl sallayaraq, köməyə çağırmışlar (əl yelləyərək olmalıdır); "Sizi alaq masaya, öz yerinizi alın" və sair.

Media həm də geniş yayılmış, çoxcəhətli, müasir, genişimkanlı təlim-tərbiyə və tədris vasitəsi rolunu oynayır. Unutmamalıyıq ki, mediada yol verilən bu nöqsanlar dilimizə, mənəviyyatımıza, ümumilikdə isə gələcəyimizə yönələn zərbələrdir.

 

 

 

Adil MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetinin dosenti, Muxtar Respublikasının Əməkdar həkimi

525-ci qəzet.- 2023.- 6 oktyabr.- S.12.