Ədəbiyyat fənninin tədrisi: müasir çağırışlar, yeni tələblər

 

Ədəbiyyat həm də bədii fikri ustalıqla ifadəetmə sənətidir. Dilə düzgün yazılı və ya şifahi forma verməyi bacaran insan ictimai həyatda da özünü doğru ifadə edir. Ünsiyyət forması olan ədəbiyyat bir dərs olmaqdan savayı, şagirdlər tərəfindən həm də həyatın mənasını dərketmə, özlərini və cəmiyyəti fərqli baxış bucağından dəyərləndirmə vasitəsi, bədii sənət örnəyi kimi qəbul edilərsə, istər Azərbaycan, istərsə də dünya ədəbiyyatı onlar üçün həm öyrədici, həm də inkişafetdirici olacaq.

Şagirdlərin ədəbiyyata maraq göstərmələri onların həm digər dərslərdə, həm də bir fərd olaraq cəmiyyətdə uğur qazanmalarına kömək edəcək. Eyni zamanda, metalinqvistik dil bacarıqlarının inkişafı şagirdlərin şifahi və yazılı nitqini təkmilləşdirəcək. Milli və dünya ədəbiyyatının tədrisində bu sahəyə xas olan bilik, bacarıqların şagirdlərə mənimsədilməsində fənn müəllimlərindən böyük səriştə tələb olunur.

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin aparıcı mütəxəssisi Xanım Əsədova deyir ki, müəllim ədəbiyyat fənnini tədris edərkən şagird oxuma, anlama və şərhetmə bacarığına yiyələnir, natiqlik qabiliyyəti formalaşır, metalinqvistik bacarıqlar qazanır, gözəl danışıq və yazı bacarığı qazanır, təxəyyülü inkişaf edir, ana dili anlayışı formalaşır, dil qaydalarından düzgün və yerində istifadəni öyrənir, milli mədəniyyətini öyrənir, tanıyır, tanıtdırır və kənar müdaxilələrdən qoruyur, ədəbi şəxsiyyətlərin əsərlərini mütaliə edərkən həm də onların əsl simalarını tanımış olur, insanlıq, sevgi, mərhəmət, hörmət anlayışlarını öyrənir, əxlaqi-tərbiyəvi əsərlər oxumaqla davranışlarını tənzimləyir, kitablardan öyrəndiklərini həyatda tətbiq edə bilir, yaradıcı təfəkkür formalaşır. Onun sözlərinə görə, uşaqların davranışlarının əsasını ətraf mühitə, hadisələrə qarşı həssaslığı və onları hiss etməsi, qavraması təşkil edir. Bu isə onların mütaliə zamanı kitabın məzmununu dərk etməsinə, zehində canlandırması və ondan zövq almasına kömək edir, fəqət yetərli sayılmır, çünki oxu prosesinin əsasını anlayaraq oxuma təşkil edir: "Bəzən müəllimlər sürətli oxu, dəqiqədə müəyyən qədər kəlmə oxumaq kimi tapşırıqları həll etdirərkən şagirdlər hərf və sözləri əskik tələffüz edir, məzmunu itirir, anlayaraq oxudan kənara çıxırlar. İnsan oxuduğu kitabın məzmununu anladıqda onu daha yaxşı qavrayır və oxunu davam etdirmək üçün onda istək yaranır. Çox zaman həm müəllim, həm də valideynlərin səsləndirdiyi belə bir fikir var: şagird suala doğru cavab vermir və yaxud oxuduğunu düzgün analiz edə bilmir. Əksər halda bunun səbəbi onların oxuduğunu anlamamasıdır. Belə hallarda yaradıcı düşüncəni aktivləşdirən, yeni fikirlər formalaşdıran, düzgün oxu prosesinin icrasına zəmin yaradan Kiplinq sual-cavab metodundan istifadə yararlıdır. Dünyada Kiplinq metodu (5W1H - What? Who? Where? When? Why? How?) kimi tanınan bu təlim texnikası Azərbaycan dilində 4N1K abreviaturasına (Nə? Niyə? Nə vaxt? Necə? Kim?) uyğun gəlir. Bu metodun köməyi ilə şagirdlərdə dinləyib-anlama və oxuyub-anlama bacarığını formalaşdırmaq olduqca səmərəli olacaq".

Aparıcı mütəxəssis bildirib ki, uşaqlar yaş xüsusiyyətlərinə görə fərqli təfəkkür tərzinə malikdirlər. Əgər uşaq 8 yaşına qədər ancaq uşaq oxusu ilə tanış olurdusa, 15 yaşından sonra tədricən ümumi ədəbiyyata meyl edir. Bu iki yaş mərhələsi arasında daha çox uşaq oxusuna üstünlük verilir, lakin unutmaq olmaz ki, uşaq ədəbiyyatı ilə uşaq oxusu tamamilə bir-birindən fərqli anlayışlardır. Uşaq və gənc ədəbiyyatı - xüsusi yazılmış ədəbiyyatdır. Uşaq oxusunu isə yaş xüsusiyyətlərindən asılı olaraq uşaq ədəbiyyatı və ya ümumi ədəbiyyatdan seçilən ədəbi nümunələr təşkil edir: "Uşaqların yaş xüsusiyyətlərini və əbəbiyyata olan maraqlarını nəzərə alaraq onları 4 qrupa ayırmaq olar -məktəbəqədər yaş dövrü (3-5 yaş) - uşaqlara öz həyatlarını, məişətdəki və təbiətdəki canlı-cansız varlıqları anlamağa kömək edəcək kiçik nağıl və hekayələr, şəkilli kitablar seçilməlidir, oxunun müəyyən hissələrində uşaqların mövzu haqqında təəssüratları soruşulmalıdır. Kiçikyaşlı məktəblilər (6-10 yaş) - bu yaş qrupuna daxil olan uşaqlar hərfləri tanıdığı və oxumağı öyrəndikləri üçün kitablara daha həvəslə yanaşırlar. Mütəmadi kitab oxuyan məktəbli kəlmələri tanıdığından sürətli oxu yaranır, düşünməyi və sual verməyi öyrənir. Yeniyetmə məktəblilər (10-14 yaş) - daha çox macəra janrındakı kitablara üstünlük verirlər, müsbət ilə bərabər, mənfi xarakterləri oxuyub analiz etməyə başlayırlar. Valideyn və müəllimlər isə seçilmiş kitabların məzmununa hər zaman diqqət etməlidirlər.

Yuxarıyaşlı məktəbli və ya gənclər (14-17 yaş) - bu yaş aralığı uşaq zəkasının ən parlaq dönəmidir, artıq fərqli janrlar onların diqqətini çəkir. Həyatı və cəmiyyətdə baş verənləri daha aydın dərk etməyə başlayırlar.

Beləliklə, yaş xüsusiyyətlərinə görə oxu materialının seçilməsi şagirdlərin oxuyub-anlamasına, təfəkkürün inkişafına, illik akademik göstəricilərin yüksəlməsinə, sinifdaxili münasibətlərin yaxşılaşmasına səbəb olacaq".

Xanım Əsədovanın dediyinə görə, müəllimlərə sinifdənxaric oxunun, ədəbiyyat fənni, həmçinin xarici dillər üzrə ədəbiyyatın tədrisi zamanı oxu materiallarını şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı meyarlara əsasən seçmələri tövsiyə olunur. Bədii ədəbiyyat şagirdə tərbiyəvi, əxlaqi, mənəvi yöndən yol göstərsin, milli kimliyə, vətənə sevgi, dostluq, xeyirxahlıq, humanistlik, tolerantlıq, əməyə məhəbbət hissləri formalaşdırmalıdır. Şifahi xalq ədəbiyyatı, klassik ədəbiyyat, müasir Azərbaycan ədəbiyyatı və dünya uşaq ədəbiyyatından nümunələr seçilə bilər. Məsələn: Zahid Xəlilin "Bizim kəndin nağılları" kitabında balaca oğlanla Qara Maya adlı dəvənin dostluğu, vətən təbiəti, kənd abu-havası, canlılara sevgi və mərhəmət mövzuları işlənmişdir, Luis Sepulvedanın "Qağayıya uçmağı öyrədən pişik" əsərində neftlə kirlənmiş okeana düşən qağayının son yumurtasını bir pişiyə əmanət etməsi, balanın pişiklərin ətrafında böyüməsi, fərqli canlılar olmalarına baxmayaraq, ona sahib çıxmaları, humanizm, əsl dostluq kimi fikirlər təbliğ olunur.

Ədəbiyyat şagirdin idrakını, məntiqi təfəkkürünü inkişaf etdirməlidir. Məsələn: Əziz Sultanın "Əjdahaların sirri" hekayə kitabında baş qəhrəman Adəm əjdahaların hücumuna məruz qalmış kəndi xilas etmək üçün ordusu ilə səfərə çıxır, sirli aləmlərə səyahət edir. Təhlükəli məqamları və çətin tapşırıqları ağılla, məntiq yürüdərək həll edir. Sonda isə qələbə çalır.

Ədəbiyyat uşaqlarda yumor hissini oyatmalıdır. Həmçinin epik növün lətifə, təmsil, tapmaca, yanıltmac kimi janrlarından nümunələrlə şagirdlərin bədii-estetik zövqünü formalaşdıra bilərsiniz. Branko Çopiçin "Özümüz zillətdə, xəyalımız cənnətdə" əsərində yazıçı ucqar, kiçik bir kənddə keçən uşaqlıq həyatından, kənd məktəbi, dostları və sinif yoldaşları haqqındakı xatirələrindən söhbət açıb. Povest çox maraqlı dildə, tutarlı yumorla, xalq mərasim və adətlərinə məhəbbət hissi ilə yazılıb: "Tədris materiallarındakı hekayə, nağıl, pyes, təmsillər əsasında kiçik səhnəciklər hazırlamağınız da məqsədəuyğun olacaq. Bu, uşaqların mövzunu daha yaxşı qavramasına, yaradıcı bacarıqlarının üzə çıxmasına, kollektiv şüurun formalaşmasına kömək edəcək. Kiçikyaşlı məktəblilərlə nağıl, hekayələr, yeniyetmə və gənc məktəblilərlə isə pyes, romanlar əsasında səhnəciklər qurmaq, bədii-yaradıcılıq günləri təşkil etmək faydalı olacaq.

Uşaq mətbuatından maraqlı nümunələr seçərək həm sinifdə, həm də sinifdənxaric oxu saatları təşkil etməyiniz şagirdlərin dərsdən əlavə faydalı məlumat əldə etməsinə, tədqiqatçılıq vərdişlərinin yaranmasına zəmin yaradır.

Tədris etdiyiniz şair və yazıçıların həyatı ilə bağlı sənədli filmləri, əsərləri əsasında çəkilmiş filmləri izlətməyiniz, qrammofon, yaxud müasir texnologiyalar vasitəsilə ədiblərin öz səsindən şeir parçalarını dinlətməyiniz dərsin məzmununun mənimsənilməsi baxımından faydalı olacaq.

Bütün fənlərin, eləcə də ədəbiyyat fənninin tədrisində nəzəri biliklər nə qədər əhəmiyyətlidirsə, praktik işlər - əlavə dərs materialları, interaktiv və müasir təlim texnologiyalarından istifadə də bir o qədər səmərəlidir".

Aparıcı mütəxəssis qeyd edib ki, ədəbiyyat fənninin tədrisi zamanı rəqəmsal texnologiyalardan istifadə müasir dövrün zəruri tələblərindən biri kimi aktualdır. Müxtəlif kompüter proqramları və veb-saytlardan, texnoloji alətlərdən istifadə edərək rəqəmsal hekayələr hazırlamaq mümkündür. Müəllimlərin bədii nümunələr əsasında hazırlayacaqları videoçarxlar, slaydlar oxu prosesini şagirdlər üçün cəlbedici və əyləncəli edəcək, onlar mətnin məzmununu daha yaxşı qavrayacaqlar. Zaman keçdikcə şagirdlərin oxu, səlis danışıq və qavrama bacarıqları təkmilləşəcək: "Rəqəmsal texnologiyanın vasitəsilə şagirdlər öyrəndikləri mövzulara uyğun olaraq rəqəmsal hekayələr hazırlaya, personajlar seçə, mətni səsləndirə, videolar çəkə bilərlər. Bu gün rəqəmsal hekayəçilikdə istifadə olunan bir çox veb-sayt və kompüter proqramlarından bəziləri bunlardır: "Audacity", "Animoto", "Storybird", "VoiceThread", "Windows Movie Maker", "Photo Story 3", "PowToon" və "Microsoft PowerPoint". Müəllim və şagirdlər istifadə qaydaları asan, hər kəsə açıq olan bu proqramlardan yararlanaraq ədəbiyyat dərslərini daha maraqlı, öyrədici edə bilərlər".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.23.