Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 Serbiya təhlükəsi Habsburq maraqlarına qarşı yeganə material deyildi. "Yeni adamlar" Belvederdə mərhum kronprints Frants Ferdinandın ətrafında toplaşmışdı. Bu vaxt onların rəyinin əksinə, anneksiya yolu ilə, əvvəllər türklərə məxsus olan ərazi artıq rəsmi olaraq Avstriya Bosniya-Herseqovinasına çevrilmişdi.

Rusiyalılar da həmçinin birgə əməliyyat aparılmasında maraqlı idi. Alman dəstəyi ilə Avstriya-Macarıstan isə bu böhranı həll etməyə əmin idi. Frant İosif kronprintsi morqanatik nikahına (saray dairəsindən olmayan sadə qıza evlənməsinə) görə cəzalandırmaq istəyirdi, ona görə də varisin Sarayevoda öldürülməsinə əvvəllər, əslində bu cəzanın həyata keçməsi kimi baxırdı. Müharibəni elan edəndə, o, öz əyanı Aleksandr fon Krobatinə demişdi: "Get, daha başqa heç nə edə bilmərəm". Bundan bir neçə gün əvvəl isə Konrada bildirmişdi: "Əgər monarxiya məhv olmalıdırsa, bu, ən azı ləyaqətli bir məhv olma olacaqdır". Deməli, o, monarxiyanın bədbəxt taleyə yiyələnəcəyi perspektivini də. nəzərdən qaçırmırdı.

Müharibənin başlanmasından işlər fəlakətli qaydada getməyə başladı. İyulun 28-dəki bəyanatdan sonra avstriyalıların və almanların təəccübünə səbəb olan hadisə baş verdi, Avropa silahlı münaqişəyə qoşuldu. Almaniya Britaniyanın Antantanın (bu söz fransızca "Ürəkdən razılaşma" mənasını verir) tərəfini saxlamasına məəttəl qalmışdı. Üçlük İttifaqının üzvlərindən biri olan İtaliya isə tezliklə İttifaqa qoşulmadı, çünki Avstriya-Macarıstan təcavüzkar tərəf idi, həm də bir az əvvəl onun öz torpaqlarını müstəmləkəyə çevirmiş düşməni idi.

Habsburq qüvvələri avqustda Serbiyaya qalib gəlməkdə uğursuzluğa uğradı, sonra almanlara dəstək vermək üçün Habsburq ordusu geri, Rusiyaya qarşı döndü. 1915-ci ilin sonunda Avstriya qalib gələ bilərdi, lakin Almaniyaya olan subordinasiyanın (tabeliyin) böyüməsi hesabına.

Avstriya-Macarıstan müstəqilliyi eroziyaya uğrayırdı, xaotik iqtisadi şəraitlərdə sülh bağlamaq barədə monarxiyaya göstərilən təzyiqlər də artırdı. Gündəliyə həyat və ölüm siyasəti daxil olmuşdu.

Müharibəyə iri ərazilərə sahib olmaq barədəki böyük ümidlərlə başlayan Almaniyada millətçilik coşğunluğu ən yüksək səviyyəyə qalxmışdı. Arxada hamı qələbənin qazanılmasına xidmət etməli idi. Adamların, xüsusən yeniyetmələrin döyüşən orduya cəlb edilməsi üçün böyük təbliğat işi gedirdi. Orta məktəblərdə canfəşanlıq edən müəllimlər şagirdləri  I Dünya müharibəsi cəbhələrində vuruşmağa getməyə ruhlandırırdılar, bunun igidlik, qəhrəmanlıq olduğunu  vurğulayırdılar. Bir müəllim almanların sırf təcavüz xarakteri daşıyan bu ədalətsiz müharibədə vuruşmasını Vətən naminə fədakarlıq və müqəddəs borc adlandıraraq, çağırışının təsir gücünü artırmaq üçün böyük şair Horatsinin "Vətən yolunda həlak olmaq sevinc gətirən və tərifə layiq işdir" sözlərini misal çəkirdi. Belə gur təbliğat nəticəsində məktəbin yuxarı siniflərinin şagirdləri bütünlüklə cəbhədə xidmətə yollanırdı. Həmin yeniyetmə gənclər az müddətdə müharibə qurbanlarına çevrilirdilər. Bunları yazıçı Erix Mariya Remark özünün məşhur "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanında olduqca yaxşı təsvir edir.

Cəbhədəki vəziyyət sonralar alman siyasi və hərbi rəhbərliyinin gözlədiyi kimi olmadı. Tranşey və səngər müharibəsinə çevrilməklə, silahlı qarşıdurma uzun sürdü, həm də getdikcə alman ordusunu uğursuzluqlarla müşayiət etdi. Müharibənin son fazasında taqətdən düşmüş alman ordusu üstəlik, hərbi texnikanın və silahların, vuruşan Antanta qüvvələri ilə müqayisədə nisbətən azlığından əziyyət çəkirdi. Əsgərlərin qidalandırılmasında da əzablı fasilələrə yol verilirdi. Səngərlər isə antisanitariya şəraitində yaralı əsgərlərin əsl ölüm yatağından ibarət olan bir düşərgəyə çevrilirdi. Almaniyanın gözlədiyi qələbə yaz dumanı kimi yoxa çıxmışdı, amansız məğlubiyyət isə artıq qapını döyürdü. 1916-cı ilin avqustunda cəbhədəki məğlubiyyətlərə görə Almaniya Baş Qərargah rəisi Erix fon Fakenhayn vəzifəsindən azad edildi və onun yerinə general Paul fon Hindenburq təyin edildi, onun müavini isə Erix Lyudendorf oldu. Onların hər ikisi müharibənin populyar qəhrəmanları idilər. Onlar bu vəzifələrinə başlayandan hökumətə nəzarət etməklə, Almaniyanın hərbi diktatorlarına çevrildilər.

Həmin ili Hindenburq və Lyudendorf total müharbə üçün tam səfərbərlik sisteminin yaradılması barədə dekret verdilər.

Cəbhələrdə vəziyyətin Antantanın xeyrinə dəyişilməsində  ABŞ-ın onun tərəfində müharibəyə qatılması mühüm rol oynadı. Müharibə başlanan 1914-cü ildən Birləşmiş Ştatlar neytral qalmağa cəhd edirdi, lakin həm də özünün müharibəyə cəlb olunmasına sövq edilməsinə görə bunu icra etmək olduqca çətin idi. Münaqişədə məhz Britaniyanın tərəfində olmaq xeyrinə ölkədə xeyli hisslər mövcud idi. Almaniya ilə Böyük Britaniya arasındakı dəniz müharibəsi Amerikanın müharibədə iştirak etməsi şansı üçün qəflətən böyük səbəbə çevrildi. 1916-cı ilin mayındakı Yutland dəniz döyüşündə Almaniya tam olmayan bir qələbə çaldı.

Britaniya öz qüdrətli hərbi-dəniz qüvvələrindən istifadə etməklə,  Almaniyanı dəniz blokadasına almışdı. Almaniya blokadanı yarmaq üçün sualtı qayıqlardan geniş istifadə etməyə başladı. Hələ 1915-ci ildə Almaniya hökuməti Britaniya adalarının ətrafını müharibə zonası elan edib, torpedo vasitəsilə istənilən gəmini tutacağı ilə hədələdi. Almanlar gəmiləri batıranda, bir gəmidə 100-dən çox amerikan həyatını itirmişdi, onlar amerikanların "Luzitaniya" gəmisini də batırmışdılar. Bunlara görə ABŞ-ın etirazları alman hökumətini məcbur etdi ki, məhdudiyyətə yol vermədən gedən sualtı qayıqlar döyüşü siyasətini bir qədər dəyişdirsin.

1917-ci ilin yanvarında almanlar yenidən məhdudiyyət qoyulmayan sualtı qayıqlar döyüşünə qayıtmaqla, digər bir hərbi oyuna başladılar. Alman hərbi-dəniz zabitləri imperator II Vilhelmi inandırdılar ki, sualtı qayıq döyüşlərindən istifadə etməklə, beş ay ərzində britaniyalıları aclığa məhkum etmək olar. İmperator amerikanların müdaxiləsinin mümkünlüyü ilə maraqlananda, ona dedilər ki, buna görə heç narahat olmasın. Çünki amerikanlar qeyri-mütəşəkkil olmaqla yanaşı, həm də intizamsızdırlar. Amerikanlar hərəkətə gələnə qədər britaniyalılar artıq aclıq çəkəcəklər. İmperator inandırıldı ki, hətta amerikanlar konfliktə müdaxilə etsələr də, bir amerikan əsgəri də öz ayağını Avropa qitəsinə basa bilməyəcəkdir. Həm də Almaniyanın özünün Birləşmiş Ştatlara müdaxilə etməsi planı və bu avantürada iştirak etməyə Meksikanı təhrik etməsi faktı da məlum oldu. Almanlar Meksika rəhbərliyini şirnikləndirmək üçün onlara 70 il əvvəl itirilmiş və ABŞ ərazilərinə çevrilmiş Texas, Nyu-Meksiko və Arizona ştatları torpaqlarını qaytarmağı vəd etdilər. Meksikanın ABŞ-la müharibəyə cəlb edilməsi Böyük Britaniya üçün böyük çətinliklər yaradardı. ABŞ öz qonşusu ilə müharibəyə başlasa, İngiltərəyə göndərdiyi olduqca vacib təchizat köməyi kəsilərdi və bu, fəlakata səbəb ola bilərdi.

Alman sualtı qayıqlarının Atlantik okeanda cəzasız olaraq hərbi cinayətlər törətməsi və Birləşmiş Ştatlara əlavə təhlükə yaranması ABŞ rəhbərliyini

neytral mövqedən çəkilməyə və müharibədə birbaşa iştirak etməyə məcbur etdi. Birləşmiş Ştatlar 16 aprel 1917-ci ildə Almaniyaya müharibə elan etdi. Onsuz da neytral olduğu müddətdə də Böyük Britaniyaya və Fransaya kreditlərlə və silah göndərmək yolu ilə köməklik göstərmişdi. Lakin almanlar tərəfindən 1917-ci ilin aprelində məhdudiyyətsiz sualtı qayıqlar müharibəsinin bərpa edilməsi Birləşmiş Ştatları müharibəyə qoşulmağa gətirib çıxarmışdı.

Amerikan qoşunları ilk anlarda Qitəyə iri tərkibdə gəlməmişdi. Lakin ABŞ-ın nüharibəyə qoşulması faktı Müttəfiq dövlətlərə, onların çox möhtac olduqları böyük psixoloji təsir göstərdi. Ancaq vəziyyət əsaslı qaydada yaxşılaşmamışdı. Qərb Cəbhəsində Müttəfiqlərin hücumları uğursuz olmaqla, məğlubiyyətlə üzləşməli oldu. İtalyan ordusu darmadağın edildi, Rusiyanın inqilabi bolşevik hökuməti müharibədən geri çəkilməyi qərara aldı. Bütün bunlara baxmayaraq, Mərkəzi Dövlətlərin vəziyyəti qənaətbəxş görünürdü. Əks tərəfdə olanların isə - Osmanlı imperiyasının, Bolqarıstanın, Avstriya-Macarıstanın və Almaniyanın  zəifləməsi prosesi başlanmışdı.

Müharibənin son fazasında fransız generalı Ferdinand Foşun komandanlığı altında 1918-ci ilin iyulunda Marnada Müttəfiqlərin əks hücumu və 140 min nəfərlik təzə gələn amerikan qoşunlarının kömək göstərməsi nəticəsində almanlar məğlub edildilər. Lyudendorfun yeni oyunu uğursuz oldu. O, öz ehtiyatlarından istifadə etsə də, məğlubiyyətin labüdlüyünü hiss edirdi. Tərkibi 1 milyondan artıq olan amerikan qoşunlarının gəlməsi ilə Müttəfiq qüvvələri Almaniyaya tərəf ciddi surətdə irəliləməyə başladı.

29 sentyabr 1918-ci ildə general Lyudendorf məğlubiyyətin günahının ordunun üzərinə qoyulmasna razı olmadığından tələb etdi ki, hökumət gecikmədən sülh təklifini etsin. Müttəfiqlər avtoritar imperial hökumətin sülh təklifi ilə razılaşmamalarından alman rəsmiləri agah olduqda, onlar liberal hökumət yaratmaq üçün islahatlar həyata keçirdilər. Lakin bu, çox gec olduğundan və alman xalqının qəzəbini nəzərə alaraq kayzer II Vilhelm ictimai təzyiqə təslim olub, 9 noyabrda ölkəni tərk etdi. Fridrix Ebertin başçılığı altında sosialistlər ölkədə respublika qurulmasını elan etdilər. İki gün sonra, 11 noyabr 1918-ci ildə yeni Almaniya hökumətii ilə atəşkəs razılaşması qüvvəyə mindi. I Dünya müharibəsi başa çatdı.

 Etiraf etmək lazımdır ki, hər iki Dünya müharibəsində ABŞ-ın iştirakı və təcavüzkarlara qarşı vuruşanlara nəhəng maddi və hərbi yardım göstərməsi 1918-ci və 1945-ci illərdə qazanılan qələbələrdə olduqca böyük və əhəmiyyətli rol oynamışdır.

1917-ci ilin Fevral inqilabı Rusiyada çar rejimini məhv etdi. Oktyabr inqilabının yaratdığı yeni bolşevik rejimi faktiki olaraq təslim olub, Brest-Litovskda 1918-ci ilin martında öz böyük ərazilərini itirməklə razılaşaraq, rəsmi qaydada sülh müqaviləsi bağladı. Almaniya və Avstriya-Macarıstan bolşevik Rusiyasının imzaladığı bu təslimçilik sənədi ilə I Dünya müharibəsinin Şərq cəbhəsində faktiki olaraq qələbə çalmış kimi görünürdü.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.22.