Nəimidən Nəsimiyə: iki
edam haqqında versiyalar
Azərbaycanda üç böyük imperatorluğu
qorxuya salan, orta əsr İslam düşüncəsini
kökündən dəyişən, mədəniyyətlərə
ciddi şəkildə təsir edən, bir çox azərbaycanlı
şairin, fikir adamının müridliyini etdiyi hürufilik
haqqında kütləvi fikir əsasən "Nəsimi"
filmindən sonra formalaşdı. Həsən Seyidbəylinin
kult filmi olan "Nəsimi"nin ssenari müəllifi məşhur
yazıçımız İsa Muğannadır. Azərbaycan ədəbiyyatında
İsa Muğanna imzası nə qədər
"İdeal" romanı ilə anılsa da, mənə elə
gəlir ki, yazarın "iriçaplı" mətni məhz
Nəsimi və hürufilik mövzusunda yazdığı
"Məhşər"dir. "Məhşər"
bütün spesifik xüsusiyyətləri ilə ədəbiyyatımızın
ən ağır, ən sanballı romanlarından biridir.
İsa Muğanna elə ilk cümlədə oxucunu sehirləyir
və onu bədii rəngləri bol olan bir tarixi salnamənin
içinə atır.
Azərbaycan oxucusu da, izləyicisi də Nəsimini,
hürufiliyi geniş mənada bu filmdən sonra tanımağa
başladı. Filmin edam səhnələri isə
özündən daha məşhurdur. İstər Nəsiminin,
istərsə də Nəiminin amansız edam səhnələri
bu gün də müzakirə olunur. Filmdə Nəimi əllərindən
və ayaqlarından dörd ata bağlanıb parçalanaraq
edam edilir. Nəsimi isə dərisi soyularaq. Bəs bu edam səhnələri
nə qədər həqiqəti əks etdirir?
Nəsiminin həyatı,
yaradıcılığı haqqında Azərbaycanda müəyyən
qədər araşdırmalar olsa da, əsərləri müəyyən
qədər tərcümə edilsə də, ustadı Fəzlullah
haqqında, demək olar ki, sağlam bir mənbə tapmaq
çətindir. Halbuki Nəsimi divanını təfsir etmək
üçün mütləq mənada Nəiminin
"Cavidannamə"sinə və onun xəlifəsi olan
Seyid İshaqın divanına nəzər yetirmək vacibdir.
Əks halda, Nəsimi haqqında konkret fikir irəli sürmək
müşkül görünür. Vaxtilə Ərəbistandan
Mərkəzi Asiya ölkələrinə, Xəzər sahillərindən
Anadoluya qədər geniş ərazini gəzib öz
ideologiyasını təbliğ edən Fəzlullah Nəimi
kimdir? Və Nəsimi ilə aralarındakı münasibət
hansı səviyyədə idi?
Fəzlullah Nəiminin hansı şəhərdə
doğulması ilə bağlı ondan çox fərqli mənbə
və ad qabağımıza çıxır. Onlardan bəzilərini
qeyd edim. Hürufilik haqqında ən qədim və ən
köklü mənbə hesab olunan Sahavinin "Məkrizi
ed-Dürerül ukudil-fəridə" əsərindəki
qeydlərində Nəiminin Astarabad, indiki Gürgan şəhərində
1340-cı ildə doğulduğu yazılır. Gürgan
şəhəri Ağa Məhəmməd şah Qacarın
özünü hökmdar elan etdiyi şəhər kimi də
yadda qalıb. Sahavi eyni əsərində Nəiminin
adını həm də Təbrizi nisbəsi ilə qeyd edir.
İbn Askalaninin də qeydlərində Nəimi Təbrizi nisbəsi
ilə xatırlanır. Katib Çələbi,
Bağdadlı İsmail paşa isə Fəzlullahın əsl
adının Əbdürrəhman olduğunu və Astarabadda
doğulduğunu yazırlar. Rzaqulu Hidayət, Məhəmməd
Əli Müdərris, Məhəmməd Əli Tərbiyət
kimi müəlliflərin fikrincə isə, Fəzlullah Məşhəddə
doğulub və ilk irfan təhsilini də orada alıb. Lakin
bütün bu mənbələrdən daha etibarlısına,
hürufilərin öz qeydlərinə baxmaq məqsədəuyğun
olar. Gölpınarlının tərcümə və təhlil
etdiyi "Nevmnamə" əsərində Nəimi öz
nisbəsini Astarabadi kimi qeyd edir. Ona ən yaxın müridlərindən
biri olan Əli ül-Əla da Fəzlullahın Gürganda doğulduğunu
yazır. Yuxarıda qeyd etdiyim fərqli şəhərlərin
adı isə onun gəzdiyi və həyatında xüsusi yer
tutan şəhərlərdir. Görünür,
yuxarıdakı müəlliflər onu hansı şəhərdə
görüblərsə, öz qeydlərində də həmin
nisbə ilə xitab ediblər.
Tələbəsi Seyid İshaq yazır ki, Nəimi
1355-ci ildə bir yuxu görür və iddia edir ki, Məhəmməd
peyğəmbər onunla görüşüb, ona yuxu yozmaq
üçün icazə verib. Nəimi bu əsasla getdiyi yerlərdə
həm yuxu yozub, həm də münəccimlik edib. Başqa
bir tələbəsi Mir Şərif isə onun İmam Cəfər
nəslindən olduğuna nişan verir və əsl Seyid
olduğu üçün yuxu yozmağında heç bir təqsir
görmür.
Fəzlullah 1359-cu ildə ətrafındakı
yoldaşlarına İmam Rzanı gördüyünü və
şiəliyə marağının artdığını
deyir. Bu iddialar yavaş-yavaş din alimlərinin diqqətini
çəkir. Nəimi ilk düşmənlərini də bu
üç iddiadan sonra qazanır.
Nəiminin növbəti səfəri Xarəzmə
olur. Bu şəhərdə o, təsəvvüfə
qovuşur. Bir müddət inzivaya çəkilən Fəzlullahın
hürufiliyi bu şəhərdə tanıdığı
deyilir. Hürufi qeydlərində rast gəlməsək də,
dövrün bəzi tarixçiləri Nəiminin bu sirli dinin
kodlarını sufi Şeyx Həsəndən öyrəndiyini
yazırlar. Gölpınarlı bu qeydin üstündə
çox da durmur. Çünki həmin dövrdə sufi
şeyxlərin batiniliklə məşğul olduqları
bilinsə də, Nəimi kimi asi dini davranış göstərmədikləri
də məlumdur. Yəni o dövrdə heç bir sufi "mən
Allaham" deyəcək qədər radikal və
"özünü itirmiş" deyildi.
Hürufiliyin əsas təməli isə 1373-cü ildə
Təbrizdə gördüyü bir yuxudan sonra başlayır.
Bu yuxu haqqında həm "Cavidannamə"də, həm də
Seyid İshaqın divanında bəhs olunur. Fəzlullah yuxuda
Adəm, İsa və Məhəmməd peyğəmbəri
gördüyünü deyir. Həzrəti Adəmin ona "sən
həm Məsihsən, həm də Mehdi" deməsindən
sonra Nəimi özünün bir gecədəcə
İslamın nübüvvət (peyğəmbərlik) və
imamət (imamlıq) dərəcəsini
aşdığını və ən ali dərəcə
olan uluhiyyətə (Allah dərgahında Onunla eyni statusa)
vardığını iddia edir. Bu iddiadan sonra, necə deyərlər,
aləm qarışır bir-birinə. Artıq Nəimi təqib
olunmağa başlayır.
1376-cı ildə ikinci dəfə inzivaya çəkilir.
Və "Cavidannamə"ni tamamlayır. Müridlərinin
inadı ilə inzivadan çıxıb hürufilərin ilk
böyük irfan məclisini qurur. Bu məclisə Əmir
Teymuru da dəvət edir. Teymurilər sultana ünvanlanan bu
"həyasız" çağırışdan diksinirlər.
Nəiminin edam qərarı verilir. Bu dövrdən sonra Fəzlullahın
qaçaq həyatı başlayır. Getdiyi hər yerdə
minlərlə mürid toplayan, söhbətləri ilə
insanları sehrə salan Nəimi bəzi şəhərlərin
əmirlərini də hürufiliyə gətirə bilir. Beləliklə,
hürufilik artıq fərqli bir din kimi qəbul edilir. Nəimi
hürufilərin peyğəmbəri, öz təbirincə
desək, allahı olur. Və bütün hürufi şairlər
"Cavidannamə"ni təfsir etməklə məşğul
idilər. Azərbaycanlı şair Nəsimi ilə də
tanışlığı Nəiminin qaçaq dövrünə
təsadüf edir. Ölümündən bir neçə il
qabaq qızını Nəsimi ilə evləndirir və onu
Anadoluya göndərir. Nəsimi hürufilər
üçün xəlifə statusunu daşımasa da, onun
seyidliyi və aliliyi birmənalı şəkildə qəbul
edilirdi. Nəsiminin olduğu yerdə hürufi şeyxlər və
xəlifələr onu dinləyirdilər. Əgər İslam
dinindəki kimi müqayisə aparsaq, Nəiminin
ölümündən sonra Əli ül-Əla və Seyid
İshaq peyğəmbərimizin ölümündən sonra Həzrəti
Ömərin, İmadəddin Nəsimi isə Həzrəti
Əlinin statusunu daşıyırdı.
Bəzi hesablara görə 1401, bəzilərinə
görə də 1402-ci ildə Nəimi Əlincə
qalasında teymurilərin əsgərləri tərəfindən
həbs edilir və edamı üçün xəbər
gözləyirlər. Nəiminin edamı isə mənbələrdə
"Nəsimi" filmindəki kimi təsvir olunmur. Hürufi
qaynaqlarında bu edamın sadəcə boynu vurularaq icra
olunduğu yazılır. Nəiminin boynu vurulur və kəlləsi
hürufilərin ən çox məskunlaşdıqları
yerlərə aparılıb görk olsun deyə meydanlarda gəzdirilir.
Müridləri onun başsız bədənini Əlincədə
dəfn edirlər və o tarixdən sonra Əlincəyə, Nəiminin
qəbrinə "Məkkə" deyə xitab edirlər.
Hürufilərin müqəddəs məkanı Əlincə
sayılır. Nəiminin ölümündən 16-17-ci əsrə
qədər hürufilərin təqibi davam edir və minlərlə
hürufi edam olunur. Teymurləng Nəsimi ilə
görüşmək istəsə də, filmdəki epizoddan
fərqli olaraq, bu görüş Nəsimi tərəfindən
rədd edilir. Nəsimi Ankarada Hacı Bayram Əfəndi ilə
görüşə gedir, lakin hürufi fikirlərindən
dolayı bu dəfə də ona rədd cavabı verilir. Həm
türkcə, həm də farsca divanını tamamlayan Nəsimi
Hələb şəhərində elə "Nəsimi"
filmində göstərildiyi kimi edam etdirilir. Dərisi soyulur,
daha sonra başı kəsilir. Bəziləri bu edam motivini
inkar etsələr də, hürufiliyin Nəimi və Nəsimiyə
ən yaxın müridi, Nəimidən sonra xəlifə
rütbəsi alan Seyid İshaqın qeydlərində edam məhz
bu cür təsvir edilir. Abdülbaki
Gölpınarlının da araşdırmaları və tərcümələri
Nəsiminin edamının bu ssenaridə baş verdiyini
göstərir.
Nəsimi bektaşilərə, mövləvilərə,
sufilərə və ən çox da ələvilərə
ciddi təsir etmiş şairdir. Ələvi inancına
görə, Nəsimi dörd böyük Allah dostundan biridir.
Hətta ələvi inancının Nəsimi yoluna ithaf
edilmiş bir çox qolları da var. Bektaşilər isə
onu Anadolunun Mənsur Həllacı adlandırır və
edamını İslamın ən bəlalı günlərindən
biri kimi qiymətləndirirlər.
Rəvan CAVİD
525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.21.