Bəhruz Axundov: "Mən özümü Cavidlər ailəsi ilə tapdım"

  Turan Cavid - 100

 

Dahi şair-dramaturq Hüseyn Cavidin Naxçıvanda, şəhərin qədim Əlixan məhəlləsində yerləşən Ev-Muzeyinin yaradıcısı və 40 ilə yaxın direktoru olmuş Bəhruz Axundovla onun yeni çap edilmiş "Nuri-həqq daima yanar, sönməz!.." adlı kitabının nəşrindən sonrakı görüşümüzdə söhbətləşdik. Kitabı dönə-dönə oxusam da, yenə də maraq üzündən onu əlimdən yerə qoymaq istəmirdim. Üz qabığı, səhifələr və albom hissəsindəki şəkillər tarixin donmuş anlarını canlandırırdı: "...01 oktyabr 2003-cü il. Saat 23:45 radələrində Turan xanımla məqbərəyə gəldik. Mən işıqları yandırdım, sərdabəyə düşdük. Saat 24 tamam oldu, 1-ə bir dəqiqə işləyəndə Azər Turanla mən Turan xanımı təbrik etdik. Turan xanım bizə yaxınlaşıb bir əliylə mənim, bir əliylə Azərin əlindən yapışdı və dedi:

- Nə yaxşı ki, altımız da bir yerdəyik.

Mən Turan xanıma fikir verdim, onun sifətini indiyədək belə görməmişdim. Gözlərində sevinc dolu maraqlı bir görüntü var idi. 80 yaşını əzizləri ilə bir yerdə qeyd edirdi. Tez-tez gah atasının, gah anasının, gah da Ərtoğrolun qəbirlərinə baxırdı. Azərlə mən bir neçə dəqiqəliyə Turan xanımı əzizlərinin yanında tək qoyub çıxdıq..."

Kitabın 120-ci səhifəsindəki bu sətirləri oxuduqca bir qüdsi duyğu məni elə sardı ki, qeyri-ixtiyari ayağa qalxıb "Cənnətməkan olsunlar" - dedim və göz yaşlarımı tuta bilməmişdim. Bu barədə sualımın cavabında Bəhruz Axundov dedi ki, əslində o an çox həssas bir məqam idi: "Turan xanımın bu, Naxçıvana son səfəri oldu. Yəqin ki, o özü bunu hiss etmişdi və bu dünyada əzizlərinə son borcunu verməyə, anadan olduğu günü onlarla birlikdə keçirməyə gəlmişdi".

Maraqlıdır, o duyğulu anda Turan xanım əzizləri ilə tək qalanda onlara nə deyəcəkmiş? Ömrünün 40 ilə yaxınını Cavid Muzeyinin yaradılmasına, bu yolda axtarışlara, hər bir eksponatın tapılmasına və qorunmasına, repressiyalardan çıxaraq süzülüb gələ bilmiş hər şeyin haqqını almasına həyəcan və arzularla xidmət etmiş Bəhruz müəllim hər zaman Cavid ruhunu o məkanda hiss edərək oraya məbəd kimi baxdığını bildirdi: "Turan xanım bu yolda sanki qibləgahım idi. Onun əzmi, çalışmaları, atasının əsərlərini ilmə-ilmə oxuyub təmizlənməsi uğrunda mübarizəsini görmüşəm. Turan xanımla əzmimiz, amalımız bir idi. Mən ondan güc alırdım, onun cəfakeşliyinə, mətinliyinə, zəkasına heyran qalmışdım. O da məni qiymətləndirir, əmanətlərə göz bəbəyim kimi yanaşdığımı bilirdi. Turan xanım ömrünün axırına qədər atasının zəngin irsinin toplanmasına, öyrənməsinə, qorunmasına və qüsursuz olaraq xalqa qaytarılmasına çalışdı, bunu bacardı. Mənə elə gəlir ki, Turan xanım həmin gün, o dəqiqələrdə əzizlərinə bu dünyadakı missiyasının başa çatdığını, onları pərən-pərən salmış qanlı tarixin əlindən alıb bir yerə toplamağa nail olduğunu və şərəflə onlara qoşulmağa hazır olduğunu bildirmək istəyirdi. Bu, Turan xanımın ailəsinə sanki son hesabatı idi".     

Kitabın hazırlanmasına gəlincə, B.Axundov qeyd etdi ki, Turan xanım rəhmətə gedəndən sonra o, böyük bir dost, arxa-dayaq itirdiyini hiss edib və məsuliyyətinin ikiqat artdığının fərqinə varıb: "Onun əmanətlərini qorumaq, məsləhətlərini davam etdirmək lazım idi. O ailənin ab-havasını ev-muzeyində yaşatmaq, ruhlarını şad etmək, muzeyin ekspozisiyasını zənginləşdirmək - hər şey buna xidmət edirdi. Bir arzum var idi ki, məndən sonra bütün bunlar mənim duyğularımı yaşaya bilən, Cavidin əsərlərini oxuyaraq onu dərk etməyə çalışan, ailəsinin qədir-qiymətini yüksəklərə qaldırıb ruhlarını şad edən insanların əlinə keçsin. Axı heç nə daimi deyil, nəsillər bir-birini əvəz edir. Nəhayət, gün gəldi, mən muzeydən ayrıldım. Nə edəcəyimi bilmirdim. Günlər çox darıxdırıcı, mənasız keçirdi. Yaxın dostların məsləhəti və təkidi ilə muzeyin yaradılmasından son dövrə qədər, yəni sevdiyim işimdən azad olunana qədər gündəliklərimdə qeyd etdiyim xatirələri, hadisələri, tədbirləri və görüşləri xronoloji qaydada qələmə almağı qərara aldım və bunu tez bir zamanda başa çatdırdım. Mənə elə gəlir ki, bu kitab Cavid yaradıcılığını sevənlər, onunla məşğul olan tədqiqatçılar üçün maraqlı nəşrdir". 

Kitabın məzmunu əsasən xatirə kimi işlənsə də, oxuduqca hiss olunur ki, orada qeyd edilənlər yenidən yaşanaraq yazılıb. Bəzi hadisələri oxuyan zaman mən də özümü elə orada hiss edirdim. Məqbərənin açılışında biz şagirdlərimizlə orada idik. Həyəcanla Ümummilli lider Heydər Əliyevin gəlişini gözləyirdik. Ulu öndər gəldikdə hamı ilə çox səmimi görüşdü. Onun özünün sevinci, oradakıların hamısının bir-birinə isti münasibəti... Hər şey çox gözəl idi. B.Axundov o günü yada salarkən söylədi: "Cavidin adının əbədiləşdirilməsində, cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsində, Turan xanımın arzularının yerinə yetirilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Mən bu haqda kitabda yazmışam. Qeyd edim ki, 1988-ci ildə Moskva şəhərində 1 ay ərzində Mədəniyyət İşçilərinin İxtisasartırma İnstitutunda iştirak etdiyim zaman, hələ kommunist rejimin tüğyan etdiyi bir vaxtda orada mən Heydər Əliyevin Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən vətəninə gətirtməsindən danışdım. Orada böyük bir sensasiya yarandı və İnstitutun rektorunun məsləhəti və mənim köməyimlə Cavidin cənazəsinin gətirilməsi ilə əlaqədar təqdim etdiyim fotoşəkillər əsasında "Qayıdış" adlı sərgi təşkil olundu. Heydər Əliyevin böyük cəsarətindən və qayğısından söhbət açıldı. Bütün bunlar kitabda geniş əks olunub".    

B.Axundovun fikrincə, oktyabr ayı Cavidlər ailəsinin taleyində xüsusi izlər buraxıb: "Oktyabrın 2-də Turan xanım, 22-də Ərtoğrol, 24-də isə dahi şair özü dünyaya gəlib. 26 oktyabr 1982-ci ildə Cavidin nəşi uzaq Sibirdən vətəninə gətirilərək ana torpağa qovuşdurulub. 29 oktyabr 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin qayğısı və iştirakı ilə Cavid məqbərəsinin təntənəli açılışı olub.          Bu ilin oktyabr ayında Turan xanımın anadan olmasının 100 illiyidir. Mən kitabın bu tarixəcən ərsəyə gəlməsinə çalışdım ki, onun yubileyinə bir hədiyyəm olsun. Əslində oktyabr həm də mənim ayımdır. Çünki mən özümü Cavidlər ailəsi ilə tapdım, ömrümü bu muzeydə şərəfli işə sərf etdim və bunun qürurunu yaşadım".

 

Etimad BEKTAŞİ

525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.20.