Xamis Muradov: "Yaşadığım ömürdən narazı deyiləm"

"SƏHƏR-AXŞAM ALLAHA DUA EDİRƏM Kİ, BU DÜNYADAN ABIRLI GEDİM"

 

Müsahibimiz görkəmli kinorejissor və ssenarist, Xalq artisti, Prezident təqaüdçüsü Xamis Muradovdur.

- Xamis müəllim, ötən ay 80 illik yubileyinizi qeyd etdiniz. Qəzetimiz adından təbrik edir, sizə uzun ömür, cansağlığı diləyirik. İstərdik söhbətimizə də elə buradan başlayaq: necə keçdi bu 80 il?

- Təbrikinizə görə təşəkkür edirəm. Sualınız isə çox çətindir. Çünki 80 yaşla bu gün arasında təxminən 18-19 gün keçib. Nə 80-dən çox uzaqlaşmışam, nə də 81-ə qədəm basmağımı hiss edirəm. Amma ümumiyyətlə, sualınıza cavab olaraq deyim ki, heç zaman boş-boş gəzməyi sevməmişəm. Hətta Bakıda yaşadığım 66 ildə yadıma gəlmir ki, bircə dəfə evdən gəzməyə getmək üçün çıxım. Poeziyanı çox sevirəm. Ən sevdiklərim isə Ömər Xəyyamın rübailəri və dostum Ramiz Rövşənin şeirləridir. Darıxanda, özümə yer tapmayanda bu iki şairin şeirlərini oxuyaraq sakitləşirəm. Hətta nəvəmə vəsiyyət etmişəm ki, mən öləndə qəbir daşıma Ömər Xəyyamın "Mənsiz də dünyanın işi keçərmiş, Əcəba, nə üçün cahana gəldim?" misralarını yazdırsın. Yəni mən gəlməsəydim də, bu zaman öz axarı ilə gedəsi idi. Amma sonra keçdiyim sənət yoluna nəzər salanda görürəm ki, yox, mən bu dünyaya boş yerə gəlməmişəm: Allah mənə sənədli filmdə söz deməyi nəsib edib, 70-dən çox film çəkmişəm, sənətimlə bağlı Azərbaycanın hər yerində, dünyanın 60-dan çox ölkəsində olmuşam. Şükürlər olsun ki, ailə qurmuşam, iki övladım, dörd nəvəm, hətta nəticəm də var. Ona görə də yaşadığım ömürdən narazı deyiləm, heç vaxt da narazı olmamışam. Həmişə şükür etməyi bilmişəm. Səhər-axşam Allaha dua edirəm ki, bu dünyadan abırlı gedim. Ramiz Rövşən şeirlərinin birində deyir ki, insan iki cür qocalmağa başlayır, ya başdan, ya da ayaqdan. Deyirəm, Allah, sən bizi ayaqdan qocalanlardan elə. Ayaqdan qocalıb axsamaq daha yaxşıdır, başdan qocalıb sarsaqlamaqdansa...

İnsan hər şeyi vaxtında, lazım olanda görsə, yaxşıdır. Şükür, kinoda çəkdiyimi çəkmişəm, yaşadığımı yaşamışam. İndi əgər məsləhətə ehtiyacları varsa, gənc nəsilə yol göstərməli, bildiklərimizi öyrətməliyik.

- Sizcə, hər şeyi vaxtında etmisiniz, yoxsa ürəyinizdə nələrsə qalıb?

- Ola bilər hansısa mövzularda filmlər çəkə bilərdim, onları çəkməmişəm. Anama ürəyimcə qulluq edə bilməmişəm, yanında çox olmamışam, bu, ürəyimdə qalıb. Evin ən balacası olmuşam. Yəni anamın qayğısını daha çox mən çəkməli idim, amma 14 yaşımda Bakıya gəldim, sənət məktəbində oxudum, sonra ali məktəbə daxil oldum, işlədim, Moskvaya getdim, buna görə də ürəkdolusu onun qulluğunda dura bilmədim. İlk filmim də 1970-ci ildə ana haqqında olub. Onda Moskvada oxuyurdum və sənədli film çəkməli idik. Çox fikirləşdim ki, hansı mövzuda çəkim. Həmin vaxt məni çox düşündürən bir mövzu var idi, o da gecələr mağazalarda keşiş çəkən qoca qadınlar idi. Görürdüm ki, onlar qar demədən, yağış demədən, külək demədən, səhərə kimi mağazaların arasında otururlar. Düşünürdüm ki, axı onlar da kimlərinsə anasıdır, necə qıyırlar bu cür əziyyət çəkməklərinə. Beləcə bu mövzunu işlədim. Hətta kursda söhbət getdi ki, bu filmi çəksəm, məni kursdan qovacaqlar. Çünki antisovet məzmunda idi, necə ola bilər ki, SSRİ-də qocalara belə hörmətsizlik olsun... Amma yenə də filmi çəkdim və kursda ən yüksək qiymət alan iki tələbədən biri oldum.

Bütün yaradıcılığım boyu istədiyim mövzuda filmlər çəkmişəm. İstəmədiyim, yəni sırf maddiyyat üçün çəkdiyim sifariş filmləri olub ki, onların da mövzuları bəzən həyatımın hansısa mərhələsində mənim köməyimə çatıb, onların sayəsində bilgimi zənginləşdirmişəm. Yəni onlara da ötəri yanaşmamışam. Amma həmin sifariş filmlərini çıxsam, yaradıcılığım boyunca çəkdiyim filmlərin əksəriyyəti haqqında utanmadan "mənim filmimdir" deyə bilirəm.

- Bu filmlər arasında yaradıcılıq pasportunuz hesab etdiyiniz hansıdır?

- Çoxdur elə filmlər. Elə analar haqqında çəkdiyim ilk filmimi deyə bilərəm. Xalq şairimiz Ramiz Rövşən nə vaxt mənim haqqımda danışsa, mütləq o filmin adını çəkir ki, çox təsirli filmdir. "Nəsimi" filmimin adını çəkə bilərəm ki, Azərbaycanda ilk bu mövzuya müraciət edən mən olmuşam, Xalq yazıçısı Anarın ssenarisi əsasında. Hətta universitetlərdə bu film haqqında müzakirələr aparılıb. "Aşıq Ələsgər", Əhmədiyyə Cəbrayılov haqqında "Fransa qəhrəmanı", "Qarabağ bülbülləri" və sair filmlərin adını çəkə bilərəm. 1977-ci ildə mənim çəkdiyim "Qarabağ bülbülləri"ndən başqa, həmin o dörd uşaq haqqında nə televiziyada, nə radioda material var. Onların filmdəki səslərindən hər yerdə istifadə edirlər. Hətta Üzeyir Hacıbəyov haqqında bədii filmdə də var onlar. Üstündən 10 il keçəndən sonra, 1987-ci ildə Aydın Dadaşovun ssenarisi əsasında mən onlar haqqında "Əks-səda" filmini çəkdim və həmin filmə görə Dövlət mükafatı aldım. 20 Yanvar hadisələrindən bəhs edən "Azadlığa gedən yollar" filmimdən də hamı istifadə edir, amma kimsə müəllifin adını çəkmir. Sonuncu işim olan "Doqquz dəqiqə" də utanmadan, fəxrlə "mənimdir" dediyim filmdir. O filmdə mən ürəyimdəki hər şeyi ifadə edə bilmişəm.

- Bu filmləriniz arasında ən çətin başa gələn, məşəqqətlərlə çəkdiyiniz hansılar olub?

- Mən filmi əvvəldən axıra qədər görmürəmsə, onu çəkmirəm. Bilməliyəm ki, bu filmin əvvəli nə olacaq, ortası nə, axırı nə. Filmin əvvəli tutarlı olmalı, ortası sillə kimi silkələməli, axırı isə yenə də öz möhürünü vurmalıdır. "Azadlığa gedən yollar" filmim çox ağır başa gəldi. Əsasən də montajı çox çətinlik yaratdı. Təsəvvür edin ki, 5-6 ay ərzində oturub ancaq yaralılara, ölənlərə, xəstəxanada can verənlərə baxırsan və onlar sənin xalqının nümayəndələridir.

- Sənədli film çətindir, ya bədii?

- Mənim üçün sənədli və bədii film söhbəti yoxdur. Uğurlu, ya uğursuz, bütün filmlərimin hamısının bədii həlli var.

- Bütün ömrünüz boyunca rejissorluğa sadiq qaldınız. Bəs sənətiniz necə, sizə vəfalı oldumu?

- Çox... Mənim milyonlarım olsaydı belə, bu qədər ölkə, şəhər gəzə bilərdimmi?! Eləcə də mədəniyyət sahəsində elə bir mükafat yoxdur ki, onu almayım. Bütün bunları, əlbəttə ki, sənətimin sayəsində qazanmışam. İkinci dəfə də dünyaya gəlsəm, yenə də sənədli filmlər rejissoru olmaq istərdim.

- Ömrünüzün dönüş nöqtəsi dediyiniz an və ya həyatınızı dəyişdirən kimsə varmı?

- Həyatımda qazandığım, gördüyüm, əldə etdiyim hər şeyi ustadım Adil İsgəndərovun ayaqları altına atıram. O mənim bütün həyatımı dəyişən, məni mən olaraq formalaşdıran şəxsiyyətdir. Sizə deyim ki, mən əgər 1943-cü ildə yox, ondan bir il tez, ya bir il gec doğulsaydım, həyatım bu cür olmayacaqdı. 1961-ci ildə sənədlərimi Teatr İnstitutuna, indiki Mədəniyyət və İncəsənət Universitetinə vermək istəyəndə anam, ailəm narazılıq etdi. Çünki məndən öncə bütün qardaş və bacılarım başqa ixtisaslarda oxumuşdular, mədəniyyət sahəsinə gedən heç kim yox idi. Həmin il onların narazılığına görə qaldım, vermədim sənədlərimi, 1962-ci ildə icazə verdilər və mən Teatr İnstitutuna girib Adil İsgəndərovun kursuna düşdüm. Görün, deməli, 1961-ci ildə sənədlərimi versəydim, onun kursuna düşməyəcəkdim və bəlkə yenə də taleyim bu cür olmayacaqdı. Deməli, mənim bəxtimə, taleyimə yazılmışdı Adil müəllimin tələbəsi olmaq. Hələ tələbəlik illərindən çox gözəl münasibətimiz vardı, xətrimi çox istəyirdi. 1968-ci ildə gördüm ki, anam Qaxda tək qalıb və evin kiçiyiyəm deyə, gərək, mən gedib anamın yanında qalam. Buna görə də ərizəmi yazıb Adil müəllimə təqdim elədim. Amma Adil müəllim qol çəkmədi, bir saatdan çox danışdı və məni elə inandırdı ki, ərizəmi geri götürdüm. Bununla da taleyim dəyişdi. Bu günə qədər Adil İsgəndərovun məzarını ziyarət edirəm, onu hörmətlə, sevgi ilə anıram. Hətta məni Kinostudiyaya direktor kimi dəvət edəndə də getdim onun məzarına və onunla xeyli söhbət elədim, dedim ki, Adil müəllim, sən oturan kresloda oturmağa gedirəm, mənə dayaq ol, güc ver. Stolumun üstündə də Adil müəllimin şəkli vardı, bir az işlərim düz getməyəndə, nə isə olanda onun şəkli ilə söhbət edirdim, güc alırdım. Allah ona qəni-qəni rəhmət eləsin!

- Rəhbər vəzifələrdə işləməyiniz yaradıcılığınıza necə təsir edirdi?

- "Salnamə" studiyasında işləyəndə heç bir maneə yox idi. Orada hamı işləyirdi. Hətta ora o qədər film sifarişləri gətirirdim ki, kənardan başqa rejissorları da dəvət edirdim. Amma Kinostudiyada işləyəndə rejissorluğum bitdi. Çünki ildə cəmi 3-4 film çəkilirdi, onun da birini özümə götürmək, təbii ki, doğru olmazdı. Orada olanda qarşıma məqsəd qoymuşdum ki, ildə bir gənc rejissora film verəcəyəm. Bu, Azərbaycan tarixində heç vaxt olmayıb. Həmçinin, ildə mütləq bir film Qarabağ mövzusuna həsr olunmalı idi.

- Qarabağdan söz düşmüşkən, üç ildir Qarabağ azaddır, amma cəmiyyətimiz Vətən müharibəsi, Qarabağ mövzulu kinoların yetəri qədər çəkilməməsindən narazılıq edir. Siz bu mövzuda nə düşünürsünüz, bu qədər tezliklə yaxşı film çəkilə bilərmi?

- İkinci Dünya müharibəsi gedə-gedə ona aid filmlər çəkilirdi, yəni zamanın ona heç bir aidiyyəti yoxdur. Burada ilk önəmli məsələ ssenaridir. Baxır o ssenarini kim yazır, necə yazır, bu mövzulara, xalqın təfəkkürünə nə qədər bələddir. İkinci məsələ o ssenarini duya bilən rejissordur. Üçüncü məsələ isə filmdə obrazları yaradan aktyor ansamblıdır. Məsələn, "Axırıncı aşırım" filmini götürək. Ssenari müəllifi Fərman Kərimzadə, rejissoru Kamil Rüstəmbəyov, aktyorlar Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov, Hamlet Xanızadə, Həsənağa Turabov və başqalarıdır. Görün onlar necə bir film yaratdılarsa, bu gün də danışılır, sevə-sevə baxılır. Qarabağ, müharibə mövzusunda yazan ssenarist də olacaq, rejissor da gələcək, aktyorlar da tapılacaq. Amma sırf müharibədən film çəkilsin deyə mövzunu öldürmək olmaz. Şəhidlərimizin ruhunu, qazilərimizin könlünü şad edəcək film çəkməliyik.

- Məsələn, o filmi Xamis Muradov çəksəydi, daha çox nəyi qabardardı, necə çəkərdi?

- Çətin sualdır. Ata var, övladına şapalaqla tərbiyə verir, ata da var, bir baxışı ilə. O baxışla tərbiyə daha güclü olur, nəinki şapalaqla. Deyir, kişinin düşməni də gərək kişi olsun. "Axırıncı aşırım" filmindəki əsas obrazlar, onların düşmənliyi də əsl kişi kimi aparmağı, yəqin ki, yadınızdadır. Bax, mən Azərbaycan kinosunda bu cür obrazlar görmək istəyirəm.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.19.