FUAD OXUNUN ÇATDIĞI UZAQLIQ  

 

Onun daha cavan həmkarlarına, tələbələrinə tövsiyələrindəndir və adətən də başqalarına öyüd kimi söylədiklərinə ən ciddi tapşırıq kimi ən əvvəl özü əməl edərmiş. Fuad Əbdürrəhmanov deyərmiş ki, kimin surətini yaradırsan-yarat, amma gərək ən əvvəl onu böyük görə biləsən, yaratdığının böyüklüyünə qəlbən inanmış olasan, onu doğman kimi tanıyıb qəbul edəsən, onunla həmdərd, həmsöhbət olmağı bacarasan.

Başqalarına bunu öyrədirmiş, özü belə olub. Heykəllər yaradıb, hamısı tarixdə qalan ölməz şəxsiyyətlərdir. Onların böyüklüyünü görməmək, onlarla həmdərd, həmsöhbət olmamaq mümkünsüzdür. Lakin bir çoban heykəli də yaradıb. Sürüsünü düzə-yamaca yayan çobanın həmsöhbəti kim olur? Qoyun-quzusu, yanındakı köpəyi, çomağı, yapıncısı, dağlar, o dağlarda bitən güllər, çiçəklər.

Bəs bu halda öz nəsihətinə necə əməl edəsən? O təhər daimi həmsöhbətləri olan çobanla nə sayaq məhrəmləşəsən, onun böyüklüyünü necə, nədə görəsən?

Fuad Əbdürrəhmanov çobana hamı kimi baxıb, ancaq o çobanda hamının görmədiyini görə bilib. Hətta onu surətlərini yaratdığı dühalardan da yüksəkdə görməyə müvəffəq olub. Çobanı gendən seyr edib, amma onun içərisini görüb. Çobanın daxilinə nüfuz edərək onun içəri dünyasını Azərbaycan boyda görüb. Və başlayıb çobanla söhbətləşməyə. Onunla sadəcə qoyun-quzu otaran bir adamla olan kimi deyil, bütöv Azərbaycanın, millətin ruhunun həmsöhbəti, həmdərdi kimi danışa bilib. Ona görə 1954-cü ildə yaratdığı "Çoban" heykəli elə təsirli alınıb ki, həmin əsərə görə Fuad Əbdürrəhmanova SSRİ Dövlət mükafatı verilib. Cavan heykəltaraşın "Çoban"ını alıb aparıblar Tretyakov qalereyasına, ekspozisiyaya yerləşdiriblər. Ancaq sonralar həmin heykəli ara-sıra oradan götürüblər də. Di gəl, götürərək başqa heykəllə əvəzləməyiblər, bunu muzeyin saxlancına, anbarına qoymayıblar - yerini boş saxlayıblar. "Çoban"ı səfərlərə çıxarıblar, dünyanın neçə ölkəsində sərgilərdə nümayiş etdiriblər. Baxanlar, tükü tükdən seçən mütəxəssislər də o çobanın simasında yalnız qoyun otaran bir el adamını, dağlar-çöllər oğlunu yox, elin özünü, millətin çöhrəsini görüblər, bir xalqın məğrur sifətinə baxmış kimi olublar.

Fuad Əbdürrəhmanov nə yaradıbsa, hamısında lap əvvəldən bu düsturla, bu qızıl qayda əsasında işləyib. Ona görə də ondan qalan əsərlər bu gün gözlərimiz önündə sıralananda sadəcə ayrı-ayrı heykəlləri görmürük, o qatarı bütöv Azərbaycan olaraq qavrayırıq. Fuadın heykəlləri əslində Azərbaycanın mənəviyyat xəritəsidir, Azərbaycanın ucalıq aynasıdır...

Deyirlər ki, əl cizgilərinə baxıb insanın taleyini oxumaq olar. Bundan ötrü ayrıca bir elm də yaradıblar - xiromantiya. Elm tarixi bunu da təsdiqləyir ki, Arximedin bu qəbildən bir traktatı da varmış: gözün bəbəklərinə baxaraq insan taleyini oxumağın sirləri və hikmətindən bəhs edən əsər. Nə qədər inandırıcı dəlillər gətirsən də, mütləq bütün bunlara şəkk gətirənlər də tapılacaq, üçü bunu həqiqət kimi qəbul edəndə, beşi danacaq. Lakin bu mülahizəylə, yəqin, əksəriyyət mübahisəsiz razılaşar ki, böyük yaradıcıların əsərlərinə baxaraq onlarda həmin sənətkarın öz taleyini görmək olar. Həm də bəzən onların lap cavan vaxtlarında doğurduqları əsərlərində gələcək qismətlərini də görə bilmələrinin heyrətli sübutları yetərincədir. Hüseyn Cavidin 1913-cü ildə, 25 yaşındaykən qələmə aldğı "İştə bir divanədən bir xatirə" adlı mənzuməsi var. Xatirə söyləmək keçmişi anmaq deməkdir. O isə həmin şeirində sabahlar haqqında düşünür, ömrünün hələ qarşıda rastlaşacağı sevinc və acılı illərini, axarından keçəcəyi hadisələri, qoynunda yaşayacağı mühiti görür, hətta ölümündən sonrakı çağları insan diksindirən heyrətli dəqiqliklə təsvir edir. Elə aydın və dəqiq ki, elə bil şair bu misraları heç XX əsr başlananda deyil, XX əsr sona çatmaqda olanda, ya XXI yüzildə söyləyib.

1934-cü ildə Fuad Əbdürrəhmanov 19 yaşında idi. Rəssamlıq Texnikumunu yenicə bitirmişdi və ilk müstəqil əsərini yaratmışdı. Həmin heykəl indi "Oxatan" adı ilə məşhurdur. Bu əsərin o il yaranması səbəbsiz deyildi. 1934-cü ildə İranda, dünyanın bir neçə ölkəsində, o sıradan Sovet İttifaqının ayrı-ayrı respublikalarında və Azərbaycanda da dünya şairi, "Şahnamə" müəllifi Əbülqasım Firdovsinin 1000 illiyi bayram ediləcəkdi. Həmin yubiley münasibətilə qısa vaxt ərzində Azərbaycanda "Şahnamə"yə, Firdovsiyə həsr edilmiş bir yığın elmi və bədii əsər yaradılır. Hüseyn Cavidin "Səyavuş"u yazılır və səhnəyə gəlir. "Şahnamə"dən ayrı-ayrı parçalar farscadan bədii tərcümə edilir, şərqşünas ailmləriniz bir çoxu indiyədək dəyərini itirməyən araşdırmalar aparıb məqalələr, kitablar nəşr etdirirlər.

Və gənc heykəltaraş Fuad Əbdürrəhmanov da həmin söz, mədəniyyət, mənəviyyat bayramına öz töhfəsini verir. "Şahnamə"dən alınan bir süjet əsasında ilk müstəqil böyük əsərini yaradır. Artıq bunca vaxt ötəndən sonra Fuad Əbdürrəhmanovun bütün həyatı əvvəlindən-sonunacan bizə bəlliykən həmin zahirən sadə əsər bir rəmzə, açara çevrilir. O heykəldə Fuad Əbdürrəhmanovun bütün gələcəyi, alın yazısı həkk olunub. Fuad Əbdürrəhmanov sanki "Oxatan"la həm də öz surətini yaradıbmış.

"Şahnamə"də Areş-e kamangir - kaman tutan, ox atan bir qəhrəmanın surəti əks olunub. O igid günlərin birində vətənin qarşılaşdığı çətin sınaqla imtahana çəkilir. Üzdən baxanda adi, hər gün etdiyi iş idi - ox atmalıydı. Amma bu oxatma başqa günlərin oxatmasına bənzəməzdi. Sərt şərt qoyulmuşdu: atdığı ox hansı uzaqlığa gedib çatsa, ölkəsinin sərhədi də o genişlikdə olacaq.

Areşə söyləyirlər ki, bu oxu sən adi insan gücü ilə atsan, çox da uzağa getməyəcək. Ancaq sən o oxa öz ruhunu, canını qoyub atsan, həyatını itirəcəksən, fəqət ox sənin ruhunla, canınla birgə qanadlanacaq, lap uzaqlarda yerə enəcək.

Və Areş anlayır ki, fədaolma anıdır, yurd naminə qurbangetmə məqamıdır. Ruhunu, canını həmin oxa, o kamana qouşduraraq yayı dartır. Ox uçduqca uçur, uçduqca uçur, gözdən itir və Areşdən çox-çox uzaq bir nöqtədə, sadə adamın ata biləcəyindən yüz dəfələrlə aralıkı oxatımlıqda torpağa sancılır.

Və Fuad Əbdürrəhmanov həyatı bahasına vətəninin sərhədlərini genişləndirməyi bacarmış bu rəmzi qəhrəmanın surətini yaratmışdı.

Fuad özü də Azərbaycan heykəltəraşlığının oxunu atdı. Həmin oxa, həmin kamana ruhunu, canını qoyaraq atdı.

Həmin ox onillər boyu uçduqca uçub, uçduqca uçub, elə üfüqləri fəth edib, elə uzaqlara gedib çatıb ki, Azərbaycan heykəltaraşlığını dünyanın ən aparıcı heykəltaraşlıq məktəblərindən birinə çevirib.

Və Azərbaycan heykəltaraşlığına gələn, bizdə ya dünyanın istənilən nöqtəsində - hansısa meydanda, hansısa xiyabanda ucalacaq heykəli yaradan hər bir sənətkarın gözünün önündə həmişə Fuad Əbdürrəhmanovun həmin uçan oxu canlanmalıdır. O uçan oxun fəth etdiyi ucalıqların, yetişdiyi ənginliklərin intəhasızlığı qarşısında məsuliyyəti biz hər zaman dərk etməliyik. Fuad Əbdürrəhmanovun - bu böyük heykəltaraşımızın ruhunu və canını bağışlayaraq bunca hüdudsuz üfüqlər fəth etməsinə, bunca ucalara çatmasına nail olduğu həmin ox uçuşuna görə borcumuzu heç zaman unutmamalıyıq və müdam o yüksəkliyə layiq olmağa çalışmalıyıq!

...Belə ssenarini yazmağa Pərvərdigardan savayı, kim qadir olar?!

1935-ci ildə qəlbində çoxdan bəslədiyi arzusuna yetişmiş, Leninqradda (indi Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsinə qəbul olunmuş, həyatında büsbütün yeni səhifə açılmış Fuadın yeniliklərlə dolu günlərinin içərisində ürəksevindirən bollu bütün təzəliklərlə yanaşı könlünə təsəlli olan köhnələr də vardı - bu qərib şəhərdə hər halda həm də Bakıdan, Azərbaycandan, doğmalarından ötrü darıxırdı, içərisində bu boşluğu dolduran, onu ruhən ovunduran isə tez-tez görüşdüyü əski dostlarından biri idi. Gələcəyin məşhur qəhrəmanı Mehdi Hüseynzadə. Mehdi ilə Fuadın arasında 2-3 yaş fərq vardı. Amma bu, onların arasında möhkəm dostluğun yaranmasına mane olmamışdı. Yaxınlıqları Bakı Rəssamlıq Texnikumunda oxuduğu vaxtlardan başlamışdı. Fuad Əbdürrəhmanovun həyat yoldaşı Şükufə xanım Mirzəyeva mənə Fuadın Leninqrad illəri, Mehdi Hüseynzadə ilə bağlı söylədiyi xatirələri onun dilindən danışırdı: "Leninqradın bəyaz gecələrində Mehdi ilə bəzən səhərə qədər gəzib-dolaşır, söhbət edir, gələcək haqda xəyallarımızı bölüşürdük. Mehdi də Leninqrada Rəssamlıq Akademiyasına girmək arzusu ilə gəlmişdi. Lakin ilk cəhdi alınmamışdı. Ona görə də Xarici Dillər İnstitutuna imtahan vermişdi, qəbul da olunmuşdu. Ürəyindəki qəti arzusu bu idi ki, təhsilini hökmən Rəssamlıq Akademiyasında davam etdirsin".

Leninqradın gündüz kimi işıqlı gecələrində səhərə qədər gəzirlərmiş, sakit küçələrdən keçə-keçə dərdləşirlərmiş. Fuad Şükufə xanıma söyləyibmiş ki, Mehdi çox zarafatcıl idi. Deyirdi ki, gələcəkdə biz ikimiz də böyük olacağıq. Mən böyük rəssam, sənsə böyük heykəltaraş. Çox əsərlər yaradacağıq, amma sən də, mən də böyük olacağımız üçün gərək bir-birimizin surətlərini yaradaq. Mən sənin portretini çəkərəm, böyük heykəltəraşın surətini yaradaram, sən də mənim - böyük rəssamın heykəlini düzəldərsən...

İki gənc Neva sahili ilə gəzə-gəzə bu söhbətləri edəndə 1930-cu illərin ortaları idi və o bəyaz gecələrin sakitliyində onların dilə gətirdikləri bu diləklərini ikisindən başqa eşidən bircə Allah idi.

Onillər ötəcək, vaxt dənizində dalğalar çox qalxıb-enəcək. Və iki gəncin Leninqradın bəyaz gecələrinin səssizliyinə tapşırdıqları, arzudan daha çox duaya bənzəyən o sözlər gerçəyə çevriləcək. Hər ikisi həqiqətən böyük olacaq. Mehdi Hüseynzadə rəssam kimi yox, cəsur müharibə qəhrəmanı kimi şöhrət tapacaq, tarixdə həmişəlik qalacaq, xalqının iftixarına çevriləcək. Fuad Əbdürrəhmanov Vətəninin və dünyanın tanıdığı görkəmli heykəltaraşa dönəcək.

Ancaq bir-birinə gələcəyə bağlı arzularını xısın-xısın söylədikləri həmin Leninqrad gecələrindəki vədlərinin biri baş tutacaq, obiri yox.

Mehdi rəssam olmağına oldu, amma araya dava girdi, fırçasından, rənglərindən, molbertindən ayrılaraq odun-alovun içərisinə, cəhbələrə yollanası oldu, silah götürdü, döyüşdü, bəşəriyyəti faşizm taunundan xilas etmək yolundakı savaşda canını qurban verdi. Böyük rəssama çevrilərək böyük heykəltaraşa dönmüş dostunun rəsmini çəkmək ona nəsib olmadı.

Fuad Əbdürrəhmanovsa vədinə əməl etdi. Dostu Mehdi Hüseynzadənin möhtəşəm abidəsini yaratdı.

Bəxt elə gətirdi ki, bu heykəl ondan qalan son böyük əsər oldu.

Abidənin yeri bəlli idi. Bakının artıq mərkəzə çevrilmiş hissəsində, daim izdihamlı, bütün rayonlara gedən avtobus dayanacağının həndəvərində ucaldılması nəzərdə tutulan bu abidənin üstündə Fuad çox əsirdi. Söz yox, hər əsəri onunçün əziz idi. Amma bu abidənin yeri büsbütün başqa idi. Bu abidə onun ömrünün bir parçası olan, həyatı yarımçıq qırılmış istedadlı gənclik dostu Mehdiyə vəfa borcu idi. Gipsdən hazırladığı heykəli tuncdan tökülməsi üçün onu Moskvaya yola salır, səbirsizliklə gözləyir ki, tezliklə abidə hazır olacaq, qayıdıb gələcək Bakıya və Mehdi Hüseynzadənin heykəlinin Bakıda ucaldılması bayramı onun həyatının ən fərəhli hadisəsinə çevriləcək.

Lakin Mehdi Hüseynzadəyə dostunun - böyük heykəltaraş Fuad Əbdürrəhmanovun portretini çəkmək nəsib olmadığı kimi, Fuad Əbdürrəhmanova da Mehdi Hüseynzadənin abidəsinin Bakıda ucalmasını görmək qismət deyilmiş.

Amansız xəstəlik Fuadı 1971-ci ilin 15 iyununda əlimizdən aldı. 1973-cü ildə Mehdi Hüseynzadənin heykələ dönüb Vətənə qayıdışı bayramına qatılanlar arasında abidənin müəllifi Fuad Əbdürrəhmanov artıq yox idi...

...Fuad əri güllələnmiş, özü sürgün edilmiş bacısının qızı Avroranı 3 yaşından övladlığa götürdü, öz balası kimi böyütdü. Avroranın ata-anasının qoyduğu ikinci adı da vardı - Güzidə. Mənası "seçilmiş" deməkdir. Bu qız böyüdü, istedadı, qabiliyyəti ilə seçilmişlərdən oldu, Leninqradda Memarlıq İnstitutunda oxudu, Bakıya qayıdıb gəldi, dayısına layiq güclü memar kimi tanındı. Bakıda onun layihəsi ilə tikilmiş xeyli bina var, paytaxtımızdakı alman kilsəsi - kirxa, Rəşid Behbudov adına Mahnı Teatrı, Şəkidəki karvansara onun layihələri ilə bərpa edilib.

Ülkər xanım Hüseynova xatırlayır: "1948-ci ildə Avrora hələ tələbə idi, Leninqraddan bir neçə özü kimi memarlıq oxuyan rəfiqəsi ilə Şəkiyə gəlmişdi, Şəkidə xan sarayının bərpa işlərini aparırdılar".

Ancaq elə körpəliyindən taleyi qara gəlmiş əməkdar memar Avrora Salamovanın da həyatı erkən qırıldı. Zavallı 53 yaşında getdi...

...Çox incilər doğurmuş böyük sənətkara hansı əsərinizi daha çox bəyənir, daha yüksək qiymətləndirirsiniz sualını vermək valideyndən hansı övladınızı daha çox istəyirsiniz soruşmağa bərabərdir. Fuad Əbdürrəhmanovun yaratdığı surətlər qalereyasındakı bir-birindən gözəl əsərlər arasında içərisində qəlbinə ən yaxın olanı hər halda, görəsən, hansı imiş?

Onu yaxından tanımış, yaradıcılığına yaxşı bələd olan Tokay Məmmədovun da, Ömər Eldarovun da, nisbətən cavan müasirlərinin də söhbətlərini çox dinləmişəm, hamısı bu fikirdə yekdil olub ki, Fuad Əbdürrəhmanov nəyi yaradırdısa, ona bütün ürəyini qoyurdu. Amma həyat yoldaşı Şükufə xanım Mirzəyevaya etiraf edibmiş və o da zamanında mənə söylədi ki, "Rudəki"yə münasibəti məxsusi idi.

Gerçəkdən də "Rudəki" abidəsini Fuad Əbdürrəhmanov elə gözəllikdə yaradıb ki, bilgin mütəxəssislər də, incə sənət zövqü olan hər insan da bunun təkrarsız inci olduğunu təsdiq edir. Üslubunda, sənətə özünəməxsus yanaşmalarında hansı üstünlüklər vardısa, hamısını ən yüksək səviyyədə "Rudəki" abidəsinə tətbiq edib.

"Rudəki" heykəlinin yaradılması haqqında qərar 1957-ci ildə qəbul edilmişdi. Şairin doğum tarixi ilə bağlı fərqli gümanlar ortadadır. İndi elmdə 860-cı il Rudəkinin təvəllüd tarixi kimi qəbul edilib. Amma o dövrdə şərqşünaslıqda onun 857-ci ildə anadan olması qənaəti möhkəmlənmişdi. Ona görə də məhz 1957-də Rudəkinin 1100 illiyi münasibətilə Düşənbədə abidəsinin ucaldılması haqqında sərəncam verilmişdi.

Müsabiqə elan olunur. Ovaxtkı müsabiqələr adətən ümumittifaq səciyyəli idi və bu dəfə də SSRİ-nin ən sanballı heykəltaraşları yarışmaya qatılır.

Rudəki abidəsinin hazırlanması üçün müraciət edən heykəltaraşların sayı 115 imiş. Çoxu Sovet İttifaqında yetərincə tanınan, adla deyilən abidələr yaratmış 115 sənətkar içərisindən Fuad Əbdürrəhmanovun eskizinin üstündə dayanırlar. Eskiz təqdim etmiş müəlliflər arasında Rudəkiyə bir köynək yaxın - Tacikistan və Özbəkistandan olanlar da vardı, Moskvadan, Leninqraddan, Ukraynadan olan və Sovet İttifaqında ən yaxşılar kimi şöhrətlənmişlər də.

Kim idi Rudəki? Yaxın və Orta Şərq xalqlarının bədii düşüncə tarixində, farsdilli ədəbiyyatın keçmişində Əbu Abdullah Cəfər ibn Məhəmməd Rudəkinin yeri ən uca mərtəbədədir. Elə bircə bu qiymət yetər ki, ona "farsdilli şairlərin Adəmi" deyiblər. XIII yüzilin məşhur təzkirəçisi Məhəmməd Oufi "Lübab ul-əlbab"ında xəbər verir ki, orta çağda heç bir şairə Rudəkiyə olan qədər diqqət göstərilməmişdi.

Və hər yeni əsərini yaratmağa hazırlaşarkən, əvvəllərdə olan kimi, Rudəki abidəsini düzəltmək ərəfəsində də Fuad Əbdürrəhmanov onun haqqında ən müxtəlif kitabları vərəqləməyə başlamışdı. Universitet müəllimim, fars ədəbiyyatının kamil bilicisi Mübariz Əlizadə bizə Rudəkidən mühazirə oxuyanda belə bir əhvalatı söyləmiş, Fuad Əbdürrəhmanovla görüşündən bəhs etmişdi. Deyirdi ki, bir gün Fuad Əbdürrəhmanov yanıma gəlmişdi. Məndən Rudəki haqqında tarixdən bəlli olan müxtəlif hadisələri müfəssəl danışmağımı istədi, onun barəsində kitabları, məqalələri istədi və bir sual da verdi ki, ayrı-ayrı kitablarda oxumuşam. Bəzi yerlərdə yazırlar ki, o, anadangəlmə kor olub, amma digərləri də bunu inkar edir ki, yox, onu sonradan kor ediblər. Sizcə, doğru olan bu fikirlərin hansıdır? Çünki heykəli düzəldərkən, obrazı yaradarkən bu, mənim üçün son dərəcə mühümdür...

O zamanlarmış ki, məşhur antropoloq Mixail Gerasimov kəllə sümüyü əsasında Rudəkinin surətini bərpa edibmiş. Gerasimov Rudəkinin kəllə sümüyünü, göz oyuqlarını diqqətlə araşdırandan sonra bu qənaətə gəlibmiş ki, onun gözlərini sonradan yandıraraq kor ediblər.

Mübariz müəllim bunu da nağıl edirdi ki, mən Fuad Əbdürrəhmanova Rudəkinin sonradan kor edildiyinə inandığımı söylədim. Çünki Rudəki Samanilər sarayında aparıcı şairlərdən biri olmuşdu. Əvvəldən kor olan şairi də çətin ki, dərbara dəvət edib saray şairləri sırasına qataydılar. Həm də onun şeirlərində təbiətin elə incə təsvirləri var ki, bunu dünyanı bütün rəngləri və çalarları ilə görməyən insan ömründə yaza bilməz.

Fuad Əbdürrəhmanov Mübariz müəllimə söyləyibmiş ki, bu an mənim üçün ona görə son dərəcə mühümdür ki, anadangəlmə kor olan bir adamın görünüşü ilə, baxışı ilə, hərəkəti ilə sonradan kor edilmiş adamın baxışı, hərəkəti hökmən fərqlənir.

Və bu həssas özəlliyi Fuad Əbdürrəhmanov Rudəki abidəsində fövqəladə ustalıqla əks etdirə bilib, məhz tarixi həqiqətə sadiq qalaraq sonradan kor edilmiş Rudəkinin surətini yaradıb. Yəni elə edib ki, abidəyə gendən baxan, bu rəvayətləri bilməyən kəs onun heç kor olduğunu təsəvvür etməz. Ancaq Rudəkinin taleyindən xəbərdar olanlar da dərhal anlayır ki, heykəltaraş hansı həqiqəti çatdırmaq istəyir: Rudəkinin bir əlində əsa var, obiri əlini azacıq qabağa uzadıb. Sanki əli ilə havanı yararaq özünə yol açır, elə bil, əli ilə özü-özünə işıq, çıraq tutur.

Bu heykələ baxan Rudəkinin kor edilməsi, yaxud anadangəlmə görməz olması haqqında əhvalatlardan agah deyilsə, elə zənn edəcək ki, bu, elə rəmzi mənada həyat mübarizələrinə qatlaşaraq özünə yol açan insanın surətidir. Amma heykələ baxan, Rudəkinin dünya işığına həsrət qalmasından xəbərdar olanlar da anlayacaq ki, heykəltaraş Fuad Əbdürrəhmanov Rudəkinin həmin fiziki qüsurunu elə həssaslıqla təsvir edə bilib ki, bunu həm görür, həm görmürsən.

Bir püxtə rəssamdan ötrü əlində fırça tutaraq bir tabloda, ya kağız üzərində qələmlə bu incəlikləri vermək asandır. Amma bunu bütün plastikası ilə tuncda, mərmərdə, qranitdə verə bilmək çox müşküldür. Tanrı Fuad Əbdürrəhmanova beləcə tuncu, qraniti, mərməri muma döndərmək istedadını da bağışlamışdı.

Ayrılıram daşdan-dəmirdən, Fuadın təbiətindəki zəriflikdən, naziklikdən deyən və xatirələrdən gələn bir cəhət düşür yada. Bunca nazik olmasaydı, qraniti, mərməri, tuncu da o cür ram edə bilməzdi. Ülkər xanım deyir ki, Fuad hərdən bizə, qardaşımgilə gələrdi. Qardaşım onların ikinci yaşadığı evin yaxınlığında olurdu - hazırda Türkiyə Səfirliyinin yerləşdiyi səmtdə Fuadgil yaşayırdı, bundan da addımlarla ölçüləcək qədər yaxınlıqda qardaşımgilin evi idi. Bir dəfə qardaşım gedib xalamı, Fuadın anasını gətirmişdi bizə. Xalam da çox qocalmışdı, ağlamaqdan gözünün ziyasını itirmişdi, amma yenə gözəl idi. Xalam bizdə oturmuşdu, bir də gördük ki, qapı hövlnak döyülür. Açdıq, Fuad idi. Nigaran qalıbmış ki, niyə ona demədən gəlib anasını aparıblar...

...Fuad Əbdürrəhmanov klassik idi. Yalnız sənətinin ali səviyyəsi baxımından deyil, həm də yanaşma tərzinə görə.

O, qədim yunan heykəltaraşlarının sanki bizim günlərdə zühur etmiş xəyalı idi. Fuad klassik ənənələri nümunəvi səliqə ilə sənətində gerçəkləşdirirdi - gələnəyə hörmət, klassik dəstxətə dəqiq riayət onunçün başlıca ülgü idi, əlindən çıxan əsərlərin hər birində, həmin işin həcmcə böyüklüyü-kiçikliyindən asılı olmayaraq, hər nöqtədə dəqiqliyi gözləyirdi, yaratdığı əsərlərin hər birinin hər cizgisinə, hər ştrixinə son dərəcə vasvasılıqla yanaşırdı.

Bir dəfə böyük heykəltaraşımız, unudulmaz Tokay Məmmədov qonağım idi. Nizami muzeyindəki görüşlər otağına ilk dəfə idi ki, gəlirdi və içəri daxil olan kimi bir anlıq donub qaldı. Otaqdakı bir hücrədə qoyulmuş heykəltaraşlıq kompozisiyası onun anasının, Azərbaycanın ilk heykəltaraş qadını Zivər Məmmədovanın əsəri idi. Tokay müəllim sınmış, itmiş sandığı (əslində də elə dörd parça bölünmüş, həmin hissələri də zədələnmiş bu əsər çoxdan muzeyin inventarları sırasından silinmişdi və 2000-ci illərin əvvəllərində muzeydə işə götürdüyüm heykəltəraş Münəvvər Rzayevadan xahiş etmişdim ki, Zivər xanımın bu yadigarını həyata qaytarmağa çalışsın) və onda yalnız fotosu olan bu əsəri görüncə duyğulanmışdı, mütəəssir bir halda söyləmişdi ki, fikir ver, bu heykəlin hər santimetrində iş var, anam heykəl üzərində zərgər kimi işləməyi xoşlardı.

Tokay müəllim bunu deyib söhbəti yönəltmişdi Fuad Əbdürrəhmanov sarı, demişdi ki, böyük heykəltaraşlarımızın arasında hər detalın üstündə belə dəqiqliklə işləməkdə onun misli yox idi. Söyləmişdi ki, Fuad Əbdürrəhmanov yaratdığı abidələrin hər birini əvvəlcə çılpaq şəkildə hazırlayırdı. İstər İbn Sina olsun, istər Nizami, istər Rudəki, istər Səməd Vurğun, istər Mehdi Hüseynzadə, istərsə də bütün digərləri. Abidələri əvvəlcə çılpaq hazırlayırdı ki, bədənin quruluşunu bütün dəqiqliyi ilə verə bilsin. Çılpaq bədənin üstünü tənziflə bürüyürdü ki, sonra həmin heykələ paltar geyindirəndə fərq hiss olunmasın. Geyimləri əlavə edəndə də libasın sanki su kimi axıb tökülən hər qırışını, orta əsr geyimlərinə xas dalğavariliyini elə füsunkarlıqla təsvir edirdi ki, heykəlin ümumi kompozisiyasında onlar əlavə effekt verirdilər. Abidənin heç bir nöqtəsinə ikinci dərəcəli kimi yanaşmadığından yaratdığı hər heykəl bir inci olurdu.

...Bu Rejissorun verdiyi quruluşdan, düşündüyü mizandan, çızdığı dairədən kənara çıxmaq mümkün deyildi. Hökm səmadan gəlirdi, İlahidən nazil olmuşdu. Xuda gələcəkdə Fuad Əbdürrəhmanovun heykəl qəhrəmanına çevriləcək daha bir məşhuru öncədən onun qohumu etmişdi. Elə şərait yaratmışdı ki, Fuad Əbdürrəhmanov qısa ömür yaşayacaq bu insanı yaxın məsafədən duysun, görsün. Kimin ağlına gələrdi ki, dahi Səməd Vurğun 1956-cı ildə əlli yaşında həyatdan gedəcək?! O anacan Fuad Əbdürrəhmanov Səməd Vurğunu dəfələrlə görmüşdü, oturub-durmuşdular, təmasda olmuşdular. Hətta 1943-cü ildə kiçik portretini də yaratmışdı. Amma yazı elə gətirdi ki, 1956-cı ildə Səməd Vurğun gözlərini əbədi yumanda onun çöhrəsinə toxunan son əl də Fuad Əbdürrəhmanovun əlləri oldu. Heç kəs təəccüblənməsin ki, niyə Fuad Əbdürrəhmanovdan yadigar qalan abidələrin hər biri, o sıradan böyük şairin heykəli bunca canlı, sanki diri adam kimidir. Səbəb odur ki, Fuad Əbdürrəhmanov yaratdığı hər bir əsəri, o sıradan Səməd Vurğun heykəlini yalnız gözəl abidə kimi yaratmayıb, həm də ona nəfəs verib. Fuad portret yaratmaqda mahir idi. Üzeyir Hacıbəylinin, Əbdürrəhimbəy Haqverdiyevin, Mirzə Fətəlinin, Cəfər Cabbarlının... hər birinin fotoları qalıb. Məntiqlə fotolar heykəl portretlərə nisbətən daha doğruçu olmalıdır. Ancaq nədirsə, Fuad Əbdürrəhmanovun heykəl portretlərinə daha çox inanırsan. Onun "kamerasına" baxan həmin surətlər gözlərini fotoaparatın obyektivinə zilləmiş orijinallarından daha həyati təsir bağışlayırlar.

Canlı şahid məşhur abidənin kimsəyə məlum olmayan bir gizlincini də əyan edir. Ülkər xanım yada salır: "Səməd Vurğunla bizim qohumluğumuz vardı. Səməd Vurğunun yeganə qardaşı Mehdixan Vəkilov mənim xalam qızının həyat yoldaşı idi. Ona görə biz çox tez-tez bir-birimizlə görüşürdük. O xalam da - Fatma xala, Mehdixanın qayınanası çox mehriban qadın idi. Bu xalam çox qohumcanlı idi, vaxtaşırı bizi bir yerə yığırdı, Səməd də gəlirdi, Mehdixan da, Fuad da. Səmədi də elə Fuad o məclislərdə görmüşdü.

Qəribədir, uşaq hafizəsi nə güclü olurmuş! 1956-cı il idi, Səməd Vurğun vəfat elədi. Həmin gecənin səhəri Fuad Səmədgilə gəldi. Həmin indiki Səməd Vurğunun muzeyi olan mənzilə. Səməd Vurğunun üzünün ölçülərini götürdü. Bax, o, mənim yadımda qalıb. Biz də uşaq idik, onun ətrafında fırlanırdıq. Səməd Vurğunun qızı Aybənizlə mən yaxın rəfiqə idim. Bu da yadıma gəlir, Fuad çox sakit addımlarla yaxınlaşdı tabuta, Səməd Vurğunun üzünün ölçülərini götürdü, tez də getdi. Amma heykəlin düzəlməsi bir neçə il çəkdi...

...Sovet dönəmində bu küçənin adı "28 aprel" idi. Müstəqilliyimiz qayıtdı, o küçənin adındakı 28 rəqəmi qaldı yerində, ayın adı dəyişdi, küçə oldu "28 May". Tarixi ədalət bərqərar oldu.

Həmin küçədəki memarlıq hüsnü ilə insanı gendən cəlb edən alman lüteran kilsəsi sovet onillərində dinsiz-imansız dövlət tərəfindən təyinatı dəyişdirilmiş bir çox başqa ibadətgahlar kimi Allah Evi olmaqdan aralanaraq tamam ayrı məqsədlərə xidmətə səfərbər edilmişdi. Yaşlı rəssamlar, heykəltaraşlar mənə söyləyiblər ki, bir zamanlar kirxa verilmişdi rəssamlıq məktəbinin ixtiyarına. Böyük zal taxta arakəsmələrlə bir neçə yerə bölünübmüş, hərəsində bir müəllim dərs keçirmiş.

Xalq rəssamı Akif Əsgərov danışır ki, onun müəllimi Pinxos Sabsaya 1961-62-ci illərdə Montində emalatxana verdilər. Ovaxtacansa emalatxanası kirxada imiş. Elə Cəlal Qaryağdınınku da: "Texnikumda oxuduğumuz vaxtlarda heykəltaraşlıq fakültəsinin dərsləri alman kilsəsinin binasında olardı. Bunun yaxşı tərəfi o idi ki, ustad heykəltaraşların hamısı bizi görürdü. İstər-istəməz tələbələrin işlərinə baxırdılar, məsləhətlərini verirdilər. Sonra Montində emalatxanalar üçün yer ayrıldı, əvvəlcə dördü köçdü - Qaryağdı, Sabsay, Fuad, bir də, deyəsən, Mirqasımov. İkisi bir, ikisi bir. İki emalatxana bir həyətə çıxırdı. Sabsayla Əbdürrəhmanov emalatxana qonşuları idilər. Mən müəllimimin yanına gəlirdim, Fuadı da tez-tez görürdüm. Çıxırdı həyətə, ağaclara su verirdi. Çox mehriban insan idi. Bir dəfə mənə dedi ki, fəhlə portreti işləyirəm, naturaçı lazımdır, gör tələbələrdən kim var. Bir tələbəmiz vardı - Məmmədəli, onu tapıb gətirdim. Fuad Əbdürrəhmanovun "Fəhlə portreti" var ha, həmin o Məmmədəlidir. Ümumiyyətlə, Fuad Əbdürrəhmanov naturadan işləməyi sevirdi. Mənə deyirdi ki, naturasız heç vaxt işləmə. Nə iş götürdün, mütləq bir natura tap. Sənət barədə Fuad güzəştə getməzdi heç zaman. Pisə pis deyirdi, yaxşıya yaxşı. Özü də sözü həmişə üzə deyərdi. Ona görə bundan çoxları çəkinirdi. Fuad dedi, qurtardı. Çox sakit danışardı. "Bala, bir az get işlə, get öyrən hələ", - bax, bu cür deyərdi".

"("Natura" söhbəti düşmüşkən - Ülkər xanım danışır ki, Fuad Nizamini işləyəndə qardaşı Midhəti də natura kimi istifadə etmişdi. Midhət əba geyər, başına çalma bağlar, saatlarla Fuadın qarşısında əyləşərdi. Midhət 1941-1945 davasına getdi və "qara kağız"ı gəldi. Özü geytdi, ancaq Nizaminin abidəsində onun da izi qaldı...).

Özünə qarşı həddən ziyadə tələbkar olan Fuad Əbdürrəhmanov digərlərinə də həmin tələbkarlıqla yanaşar, yaradıcılıqda hər şeyin ən ali səviyyədə olmasını istərmiş. Sonranın məşhur heykəltaraşlarından sayılan, amma o vaxtlar da artıq meydanda olan İ.Z. haqda kinayə ilə söyləyirmiş ki, gəlin pul yığaq, bunu göndərək Leninqrada, oxuyub gəlsin. Halbuki həmin adam artıq ali sənət təhsilli idi. Başqa sözlə, Fuad bu istehzası ilə qabartmaq istəyirmiş ki, adam gedib oxuyubsa da, hələ yontanmayıb, biliyi, səriştəsi yoxdur, savadlanmasına, təzədən təlim görməsinə lüzum var.

Lakin Fuad Əbdürrəhmanov həm də ürəyiyuxa, mərhəmət hissi ilə daşan insanmış, yaxşılıq eləməyə, kömək əli uzatmağa hər an hazır imiş. Şahidi olduğu bu əhvalatı da mənə Akif Əsgərov söyləyib. Deyir, günlərin birində Fuad Əbdürrəhmanov imtahan komissiyasının üzvü olaraq gənc tələbələrin işlərinə qiymət verməli idi. Bir neçə müəllim vardı ki, bu uşaqlara ifrat sərt yanaşırdı. Bu tələbələr yer olmadığına görə bir zirzəmidə işləyirdilər, ora da çox nəmişlik, havası kəsif. Fuad Əbdürrəhmanov tələbələrin əsərlərinə baxdı, onların iş şəraiti ilə tanış oldu və əsərləri qədərindən də artıq təriflədi. Bunu ona görə edirdi ki, uşaqlara arxa dursun, tələbələri o bəd hücumlardan qorusun, qiymətləri də yaxşı olsun ki, sabah təqaüd ala bilsinlər.

...Hər gün yanından keçdiyimiz bir Fuad yadigarı da var. Həmin abidəni 1960-cı ildə yaradıb. "Azad qadın" heykəli. Hamınız tanıyırsınız. Ancaq onu sadəcə bir qadına ucaldılan heykəl saymaq da düz olmaz. Bu, sərbəst düşüncənin, insan ruhunun azadlığının abidəsidir və son dərəcə şairanə bir heykəldir.

İstənilən heykəl üçün ən vacib şərtlərdən biri onun harada yerləşəcəyi, hansı məkanda qərar tutacağıdır. Azad qadın heykəli Fuad Əbdürrəhmanovun ürəyində, düşüncəsində, ilk eskizlərində yaranandan sonra dərhal axtarışlara başlamışdı. Hətta axtarışlarını heykəl hazır olandan sonra da bir neçə ay davam etdirmiş, bu məkanı seçmişdi. Və həmin məkan da lap uğurlu idi. Yolların kəsişməsində, açıq, meydan kimi iri bir yerdə. Hər tərəfdən görünürdü və əzəməti ilə insanları valeh edirdi.

Ancaq zaman keçdi, Fuadın artıq həyatda olmadığı günlərdə bu heykəlin arxa tərəfində hündür bir bina inşa edildi. Bəlkə də bu sözü dilə gətirmək günahdır. Ancaq gəlib, deyim - yaxşı ki, Fuad həmin binanın tikilməsindən əvvəl dünyadan getdi, o göydələnin sevimli heykəlinin başından necə basdığını görmədi.

Demirəm hansısa uğursuz heykəlləri, xüsusən 2000-ci illərdə Bakıda quraşdırılmışların əksərini uçuraq, eləcə də yerində olmayan binaları sökək. Amma hər halda buraxılmış səhvlərdən dərs alaq. Hər heykəl yalnız onu yaradan heykəltəraşın deyil, millətin, yurdun sabaha yönələn məktubudur. Elə məktub ki, yüzillər, bəlkə minillər sonraya çatacaq. Yüzillər, bəlkə minillər sonraya ünvanlanmış millət məktublarına münasibətdə isə həmişə ehtiyatlı, qayğıkeş, həssas olmaq vətəndaşlıq vəzifəsidir.

...Fuad Əbdürrəhmanovla əbədi ayrılıqdan az sonra unudulmaz şairimiz Məmməd Araz hərarətli misralar yazmışdı:

 

Fuad həyat gətirmişdi heykəllərə,

Fuad heykəl həyatına köçüb getdi.

 

Bu gün Sankt-Peterburqda Fuad Əbdürrəhmanov böyüyür. Görkəmli heykəltaraşın 5 yaşlı kötükcəsi. Kim bilir, bəlkə onunla böyük Fuad heykəltaraşlığa yenidən qayıtdı? Amma mən başqa daha mümkün və yaxın qayıdışları arzulayıram. Çox istəyirəm ki, uzaq olmayan gələcəyin içərisində Bakıda - paytaxtımızda Fuad Əbdürrəhmanovun və Azərbaycan heykəltaraşlığının muzeyi də yaransın, qəbrinin üstündə abidəsi də qoyulsun, elə şəhərimizdə adına və irsinə yaraşan heykəli də ucaldılsın. Böyük Fuad Əbdürrəhmanov öz heykəl həyatını o muzeyin doğma divarları arasında da, Bakımızın qoynunda da əbədi davam etdirsin.

2 oktyabr 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.16-17