"Bu gün Bakıda eyvana
çıxanda dəniz əvəzinə qonşunun mənzilini
görürük"
MEMAR AYSEL HÜSEYNOVA: "TƏƏSSÜF Kİ,
BAKI ŞƏHƏRİ BU GÜN BİR ÇOX
BİZNESMENLƏR ÜÇÜN EKSPERİMENT ZONASIDIR"
Bu gün dünyada memarlıq yalnız hər
hansı bir şəhərin simasının nümayişi
yox, həm də bir ölkənin inkişafını şərtləndirən
olduqca vacib amildir. Bir çox inkişaf etmiş dünya
ölkələrində olduğu kimi, Azərbaycanda da şəhərlərin
görkəminə böyük diqqət yetirilir.
Azərbaycanda üslub fərqliyini baxımından
klassik və müasir tipli müxtəlif memarlıq abidələri
var. Bu abidələrin qorunub saxlanılmasında xidmətləri
olan, eyni zamanda müasir tikililərlə bağlı cazibədar
və gözoxşayan ideyalar verən, üzərinə
düşən vəzifəsinin
öhdəsindən prşəkarlıqla gələn
istedadlı memarlarımız da az deyil. Bugünkü həmsöhbətimiz
də elə onlardan biri, bir sıra memarlıq və dizayn
layihələrinin müəllifi, memar-dizayner,
"AHR Desing Studio"nun rəhbəri Aysel
Hüseynovadır.
- Aysel xanım, çox zaman memarlığın daha
çox rəssamlıqla bənzərliklərinin olduğunu
deyirlər. Bu baxımdan maraqlıdır, rəssam olmadan memar
olmaq mümkündürmü?
- Həm rəssamlıq, həm də memarlıq incəsənətin
bir növüdür. Memarlıq və rəssamlıq fərqli
sənətlərdir. Rəssam bizi əhatə edən ətraf
aləmin gözəlliyini, öz daxili ruh aləmini müxtəlif
materiallar üzərində təsəvvür edərək təsvirlər
yaradır. Təsviri sənət əsərləri məzmun
və xarakterindən asılı olaraq mənzərə,
natürmort, portret, süjetli janrlara ayrılır. Hər rəssamın
öz stilistikası, baxış bucağı var. Memar isə
hər hansı bir şəhərin, yaxud da hansısa boş
bir məkanın analizini apararaq, yerli və ya yeni materiallardan,
texnologiyalardan istifadə etməklə onun simasını
yaradır. Bu gün memarları üç qrupa bölmək
olar: ideoloqlar, vizualizator və layihənin işçi həllini
yeinə yetirən memarlar. Birinci qrup ideya axtarışında
olan memarlardır. Onların təsəvvür qabiliyyətləri
daha güclü olur. İkinci qrup verilmiş ideyanı
müxtəlif proqramlarla (Archicad, 3ds Max, Lumion, Skech, Lumion və
s) yığmağı bacaran insandır.
Üçüncü qrup isə texniki hissələri daha dərindən
bilərək, layihəni standartlara uyğun hazırlayan
memarlardır. Hər şey ideoloqdan başlayır. Vizualizator
memarların sanki yazan qələmi, digəri isə korrektə
edənidir. Amma bütün hallarda hər bir memarın əl
qabiliyyəti olmalıdır ki, ağlınkı ideyanı
kağız üzərinə köçürə bilsin. Bu
gün təəssüf ki, əl qabiliyyəti olmayan gənclər
öz zəifliyini proqramlarla ört basdır etməyə
çalışırlar.
- Müasir dövrün memarları ən çox nələrə
diqqət yetirməlidir?
- Şəhər mühitinə. Bu gün memarlar təklikdə
maraqlı layihələr etsələr də, ümumi
götürəndə şəhərdə yamaqlar
yaradırlar. Yəni hansısa tikililərin üstündə
işləyərkən onu tam bərpa etmək əvəzinə
üstdən yamaq vururlar, material və rəng seçimində
ətraf mühit nəzərə alınmır, hər kəs
öz layihəsini dominant etməyə
çalışır.
- Paytaxt ərazisində bir çox tarixi binaları
söküb, yerinə müasir hündürmərtəbəli
binalar tikirlər. Buna münasibətiniz necədir? Tarixi
binaları sökməklə həm də şəhərin qədimliyini
unutdurmuş olmuruqmu?
- Baxır hansı tikilidən söhbət gedir.
"Xruşovka", "Leninqrad" layihəli binalar, komalar
elə sökülsə, yaxşıdır. Tariximizi əks
etdirən qədim memarlıq nümunələri isə təbii
ki, qorunmalı və gələcək nəsillərə
ötürülməlidir. Tarixini unudan gələcəyini
qura bilməz.
Təəssüf ki, bir çox biznesmenləri
yalnız əldə edəcəyi kapitallar
maraqlandırır. Belələri üçün
Bakının memarlığı, tarixi, gələcəkdə
şəhərin simasının necə dəyişəcəyi
önəmli deyil. Memarlar da belə biznesmenlərdən
asılı olduqları üçün ətraf mühiti
düşünmürlər. Bu zman isə zərər ilk
növbədə tarixi abidələrə dəyir.
Bakı şəhərinin hər köhnə
küçəsini, qəsəbəsini özünəməxsus
edən, əbədiləşdirən tarixi dəyəri var.
Biz bu memarlıq dəyərlərini itirdikcə, paytaxtı
Avropa standartlarına uyğunlaşdırdıqca öz
simamızı da itirmiş oluruq. Xarici turistlər
Bakını Dubaya, Londona oxşatdıqları
üçün yox, özünəməxsusluğuna görə
sevməli, dəyərləndirməlidirlər. Bu mənada
tarixi abidələri söküb onların yerində metal və
şüşə memarlığının tətbiq edilməsi,
yaxud da tarixi binaların üzərində aparılan dəyişikliklər,
əlavə edilən elementlər Bakının
individuallığını itiririr. Paytaxtımızda
memarlıq nümunələri bərpa adıyla təmir
edilir. Halbuki təmir və bərpa fərqli
anlayışlardır. Belə halların olmaması və nəzarət
edilməsi üçün bir quruma ehtiyac var. XIX əsrdə
bu məsələlərə Bakı Duması tərəfindən
nəzarət edilirdi. O dövrdə tikilən, sökülən,
bərpa edilən binalar, hətta xırda nüanslar belə,
Bakı Dumasının qərarından asılı idi. Tarixi
fasadlarda pəncərə, qapılar, üzərində olan
detallar, ornamentlərin qorunması, deformasiyaya uğramaması
çox vacibdir. Çünki itirilən hər bir element,
xırda detal Bakının individuallığına,
ab-havasına ziyan vurur.
- Bakının indiki görünüşü sizi
qane edirmi? Hansısa dəyişikliklər
olunmalıdırmı?
- Bayaq da dedim, indi kəs öz layihəsini dominant etməyə
çalışır. Bu gün panorama olaraq Bakının
yalnız bir-iki maraqlı baxış bucağı var. Habuki
Bakı şəhərinin köhnə Baş planına
baxsaq, şəhər amfiteatr olaraq həll edilmişdi. Hardan
baxsan, dəniz görünürdü. Bakı şəhəri
aşağıdan dəniz, yuxarı hissədən isə
Qafqaz dağları ilə əhatə olunurdu. Amma bu gün
eyvana çıxanda qonşunun mənzilini görürük.
Şəhərsalma strukturuna nəzarət əldən gedib.
- Bir az da işğaldan azad olunmuş ərazilərdən
danışaq. Necə düşünürsünüz,
Qarabağda memarlıq üslubu olduğu kimi
qorunmalıdır, yoxsa..?
- Torpaqlarımız işğaldan yeni azad olunduğu
dövrdə müsabiqələr elan olunurdu. O müsabiqədə
mən, atam, tanınmış memar Ramiz Hüseynov və
qardaşım, memar Altay Hüseynov iştirak etmişdik. Biz Cəbrayıl
rayonu Xudafərin qəsəbəsinin yenidən qurulması
layihəsini təklif etdik. Orada həm müasirlik, həm də
tarixilik vardı. Seçilmiş ərazidə yerli əhalinin
yaşaması və fəaliyyət göstərməsi, eyni
zamanda turizmin inkişaf etdirilməsi üçün infrastruktur
həll edilmişdi. Layihənin əsas məqsədi ekoloji və
ağıllı kəndin yaradılması idi. Bu kənddə
yalnız velosiped və mopedlərlə daxil olmaq olardı. Kəndin
sağ və sol girişlərində yerli və xarici turistlərin
öz nəqliyyatlarını saxlayaraq kəndə daxil ola
bilməsi üçün iki avtodayanacaq verilmişdi. Zəfər
meydanında abidənin alt hissəsində "Zəfər
muzeyi", "Bayraq muzeyi", "Gənclər mərkəzi"
yerləşdirilmişdi.
Hazırda Qarabağ bölgəsində
dağıdılan infrastrukturun bərpasına yönələn
kompleks işlər aparılır, müxtəlif sahələrin
dirçəldilməsi üçün təkliflər
hazırlanır, tədbirlər planları təsdiq edilir.
- Layihələrinizdə daha çox nəyə
üstünlük verirsiniz? Sizin üçün önəmli
olan nədir?
- Atam Ramiz Hüseynov Azərbaycanda kifayət qədər
tanınan memardır. Mən də, qardaşım Altay da
atamızın yolunu davam edirik. Layihədə işıq və
kölgə oyunu bizim üçün daha önəmlidir.
Abşeron memarlıq məktəbi və müasir
texnologiyaların qarşılıqlı əlaqəsi əsas
prinsipimizdir.
- Rəssamlıq Akademiyasında dərs deyirsiniz. Gənclərimizin
bu sahəyə marağı necədir?
- Karantin dövründə tələbələr
çox zəiflədi. Bu gün çox az istedadlı tələbələr
çıxır desəm, yanılmaram. Xanımlarımız
sadəcə diplom almaq üçün oxuyur, daha sonra ailə
qurub sənətin daşını atırlar. Aralarında
istedadlarını ailəyə qurban verənlər də az
deyil. Bu isə onların üzərində çəkdiyimiz əziyyətin
puç olmasıdır. Belə hal, təbii ki, məni də
məyus edir.
- Sizcə, memarlığın hansı üslubu gələcəkdə
daha çox maraqla qarşılanacaq?
- Bir fikir var, zövqlə mübahisə edilməz. Mən
hər zaman müasirliyin tərəfindəyəm. Bu gün
texnologiyada mənə müasir gələn bir fikir, sabah
köhnəlmiş hesab edilə bilər. Amma ideya, kompozisiya
heç zaman dəbdən düşmür. Təəssüf
ki, bu gün Bakı şəhəri bəzi biznesmenlər
üçün eksperiment zonasıdır. Son 30 ildə
Bakı şəhərinə xeyli uğursuz materiallar gətirilərək
tətbiq olunub. Alüminium kompozit panelləri, penoplast
üzlükləri buna misal göstərmək olar. Bakı
eksperiment meydanına yox, dünya memarlığında
sözünü deyə biləcək şəhərə
çevrilməlidir.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.15.