"Hər şey
insanın tərbiyəsindən asılıdır"
Müəllimim deyir ki, insan bir ömür boyu öyrəndiyi
üçün həmişə müəllimi olur. Öyrədən
də öyrənir, bəlkə elə öyrətdiyi adamdan
da öyrənir. Əhatəsində öyrənməli
insanların olması böyük şansdır. Mən o
şanslı insanlardanam. Həmişə yaxşı müəllimlərim
və öyrəndiyim mühitim olub. İndi, hal-hazırda
söhbət etdiyim insandan isə ta orta məktəb illərindən
öyrənirəm, əvvəl efirdən, sonra mühazirələrindən,
əsərlərindən və nəhayət, üz-üzə
söhbətlərindən. ADU-nin rektoru, akademik, Xalq
yazıçısı Kamal Abdulla ilə söhbətləşmə
elə dərsdir, öyrənməkdir.
Mənim ilk müəllimim Bakı olub
- Bayramınız - Müəllim gününüz
mübarək olsun, Kamal müəllim. İndi
özünüz böyük müəllimsiniz, amma sizin də
həyatınızda müəllimlər olub, bəlkə hələ
də var...
- Sizi də təbrik edirəm. Mənim aləmimdə
hər kəs bu və ya digər şəkildə müəllimdir.
Hər bir insan öz işindən, istiqamətindən əlavə,
eyni zamanda, müəllimlik funksiyası yerinə yetirir.
Soruşsanız, ilk müəllimin kim olub, deyərəm, mənim
ilk müəllimim Bakı şəhəri olub, Mirzə Fətəli
küçəsindəki məhəlləm olub. Mənim həm
də ilk müəllimlərim həmin küçədən
keçən tanımadığım insanlar olub. Onların
simasındakı həlim ifadədən nə isə öyrənmişəm.
Daha sonralar müəllimim yaşadığım Dağlı
məhəlləsi olub. Evdə atam, anam, dayılarım, yeznələrim
olub. Məktəbdəki, universitetdəki, aspiranturadakı
müəllimlərim qarşısında, rəhmətə
gedənlərin ruhu qarşısında baş əyirəm.
Mənim unudulmaz müəllimim yaşa dolduqdan sonra
ictimai və siyasi nəfəsimin genişlənməsinə səbəb
olan Ulu öndər Heydər Əliyev olub. Cəsarətlə
deyə bilərəm ki, mənim müəllimim bizim qalib
Prezidentimiz İlham Əliyev olub. O, mənə böyük
bir sahəni etibar etdi və mən də bu sahədə əlimdən
gələni etdim. Məhz onun müdrik tövsiyələri əsasında
mən multikulturalizm sahəsində faydalı bir iş qura
bildim. Əsl müəllimlərim bu sadaladıqlarım olub.
Onların mənim üzərimdəki zəhmətlərini
heç vaxt unuda bilmərəm.
Moskvada aspirantura dövründəki müəllimlərimi
də unuda bilmirəm. Onlar öz sahələrinin -
türkologiya və dilçiliyin möhtəşəm
simaları olublar. Ninel Zeynal qızı Hacıyeva elmlər
doktoru, professor idi, çox sayılıb-seçilən alimlərdən
idi. Sovet türkologiyasında öz yeri, çəkisi olan
insanlardan idi. Azərbaycan, türk dillərinin tarixi sintaksisinə
dair çox maraqlı, faydalı elmi əsərləri var.
Dünyada tanınmış dilçi idi. Dəfələrlə
Azərbaycana gəlmişdi, bizim gənc alimlərə
böyük diqqəti vardı. Görkəmli alimimiz Aydın
Ələkbərovun elmi rəhbəri olub. Mənim elmi rəhbərim
olub, dilçi-alim Aydın Məmmədova böyük
qayğı göstərib. Vətəndən uzaq
düşmüşdü, taleyin işidir. Amma Azərbaycana
ürəkdən bağlı idi.
Sonra Tenişev var idi, Ədhəm Tenişev tatar
xalqının oğlu idi. Qədim türk dillərinin,
müasir türk dillərinin gözəl bilicisi idi. O
zamankı SSRİ Elmlər Akdemiyasının Dilçilik
İnstitutunda "Türk dilləri" şöbəsinin
müdiri idi. Onun da Azərbaycana, mənə münasibətini
unuda bilmərəm.
Nikolay Baskakovu xatırlayıram. Onun məşhur əsərini,
yəqin ki, dilçi olmayanlar da xatırlayır: "Türk
mənşəli rus soyadları". Türk dillərinin
tarixi, sintaksisi ilə bağlı bu gün də
hamının diqqətini çəkən əsərlərin
müəllifidir. Son dərəcə gözəl insan idi.
Ənvər Makayevi yaxşı xatırlayıram.
Hind-Avropa dilləri mütəxəssisi idi. O dillərin
tarixi, orta çağ dövrü, indiki vəziyyəti ilə,
müasir dillərə təsiri ilə, antik dilçiliklə
bağlı seminarlar aparırdı aspirantlara. Son dərəcə
gözəl və hazırlıqlı, yüksək mədəniyyətə
və elmə sahib müəllim kimi yadda qalıb.
Müəllim kimi mənə dərs deməyən,
amma sıx əlaqə saxladığım insanlar olub. Azərbaycandan
akademik Məmmədağa Şirəliyev tez-tez gəlirdi
Moskvaya, Mirfatık Zəkiyev vardı, görkəmli tatar
dilçisi idi. Bu yaxınlarda rəhmətə getdi. Bu
insanlar öz bildiklərini biz gənclərə həvəslə
ötürürdülər. O vaxtkı Leninqradda Şerbak
vardı, çox məşhur türkoloq-alim idi. Professor
İvanov var idi, həmyerlimiz Əfrasiyab Vəkilov vardı,
Sankt-Peterburq universitetində çalışırdı.
Onlar dərin və səmimi insanlar idi və azərbaycanlılara
həmişə kömək edərdilər. Müəllimlərimin
hamısını böyük şükranlıq hissi ilə
xatırlayıram.
- Bəs mühazirəsini qapı arxasından dinlədiyiniz
müəlliminiz olub, sizin digər auditoriyalarda dediyiniz
mühazirələri dinləyən tələbəniz olan
kimi?
- Arxa qapıdan yox, başqa kurslarda dərs deyən
Mehdi Məmmədovun, Əli Fəhminin, Bayram Tahirbəyovun
mühazirələrinə gedib qulaq asmışam.
Sən o məsələni deyəndə mənə
çox xoş olur. Bunu həmin o mühazirəmi dinləyən
qızın daxili mədəniyyəti hesab edirəm ki, məni
ordan da dinləməyi lazım bilib. Gec də olsa, ona, yəni,
sənə təşəkkürümü bildirirəm.
Avropada 10-a yaxın universitetdə Azərbaycan dili və
mədəniyyət mərkəzi fəaliyyət göstərir
- Siz ADU-ya gələndən çox dəyişikliklər
olub, son dönəmdə görülən işlərdən,
layihələrdən danışaq.
- Ən vacib məsələlərdən biri o oldu ki,
Universitetimiz QS beynəlxalq reytinqlər cədvəlində
1600-dən çox dünya universitetləri arasında ilk dəfə
olaraq "Modern dillər" istiqaməti üzrə
300-cü yerə çıxdı. İlk baxışda
uzaqdan görünən rəqəmdir, amma bu rəqəm
bizim ciddi və faydalı
çalışmağımızın sübutudur. Bizi bu
uğurla daxildə və xaricdə çox ciddi universitetlər
və qurumlar təbrik etdi.
Bu gün universitetimizdə ixtisas kimi bir çox dillər
öyrənilir və eyni zamanda biz bu öyrəndiyimiz dilləri,
mədəniyyətləri ölkəmizdə təbliğ
edirik. Və həmin ölkələrin universitetindən də
eyni münasibəti gözləyirik. Qarşılıqlı
razılaşmaya gəlirik ki, siz də öz universitetinizdə
Azərbaycan dilini və mədəniyyətini, multikultralizmini
təbliğ etmək işini qurmağa bizə kömək
ediniz. Bu şəkildə həm Yaxın Şərqdə, həm
Avropada 10-a yaxın universitetdə bizim ADU tərəfindən
yaradılan "Azərbaycan dili və mədəniyyəti"
mərkəzi fəaliyyət göstərir. Çində,
Rusiyada, Serbiyada, Rumıniyada, Macarıstanda, Pakistanda belə mərkəzlərimiz
var.
Bu yaxınlarda Minskə bir səfərim oldu. Minsk
Linqvistik Universitetində Belarus rəsmi dairələrinin, elm
nümayəndələrinin iştirakı ilə təmtəraqla
Azərbaycan dili və mədəniyyəti mərkəzi
açdıq. Bu, Belarus gənclərinin və
ziyalılarının həm Azərbaycan dilinə, mədəniyyətinə,
həm də həqiqətinə yaxınlaşmasına zəmin
yaradacaq. Eyni zamanda Mərkəz Azərbaycan siyasətini,
humanitar sahəsini, Azərbaycan müxtəlifliklərini,
elmin və mədəni durumun vəziyyətini təsvir və
təbliğ edir. Biz də güzgüvari əksə
uyğun olaraq, öz universitetimizdə Belarus mərkəzi
açmağı planlaşdırırıq. Azərbaycanla
Belarus arasında siyasi liderlərimizin münasibətlərində
biz bu istiliyi gördüyümüzə görə güman
edirəm ki, elmi və mədəni əlaqələrin
inkişafında, gənclərin bir-birilərinə
yaxınlaşmasında belə mərkəzlərin
böyük faydası olacaq. Bu işləri hələ BSU-də
işləyərkən görərdik, indi bilmirəm, o mərkəzlər
fəaliyyət göstərir, ya yox, amma mən həmin xətti
ADU-da davam etdirməyə çalışdım. Bu gün əsas
məqsədlərdən biri də odur ki, müxtəlif
ölkələrdə yaratdığımız bu mərkəzlərin
bir biri ilə koordinasiyasını quraq. Onların bir birindən
xəbəri olsun.
- Onu necə qurmaq fikrindəsiniz?
- Əsasən internet vasitəsilə. Amma onlayn olaraq
dəyirmi masalar da keçirmək olar. Məsələn, istəyirik
ki, müxtəlif ölkələrdə Azərbaycan dilini
öyrənən tələbələr bir-birlərini
tanısınlar, o dildə ünsiyyətdə olsunlar. Məqsədlərdən
biri budur. Bu xəttin davam etməsi Azərbaycan həqiqətlərinin
bu gün də, sabah da dünya gənclərinə
çatdırılmasında öz faydasını göstərəcək.
Bundan başqa, universitetimizdə diqqəti cəlb edən
maraqlı layihələrdən biri də 1993-2003-cü illərdə
ilk müstəqillik dövründə ölkəmizlə
bağlı xarici ölkələrdə ingilis dilində
yazılan məqalələrin tərcümə edilib şərhlərlə
çap edilməsidir. Bilirsiniz ki, bu dövrdə müxtəlif
ölkələrdə Azərbaycana münasibət eyni
olmayıb. Azərbaycanın başının üstündə
qara buludlar əskik deyildi. Qara buludların ortaya
çıxıb Azərbaycana təzyiq göstərməsinin
bir səbəbkarı da o qəzetlər idi ki, qərəzli
yazılar çap edirdilər. İşimizin bir hissəsi də
ondan ibarət oldu ki, universitetdə tərcüməçi və
jurnalistləri bir yerə yığdıq. Onlar ilk müstəqillik
illərində, Ulu öndərin hakimiyyətdə olduğu
vaxt ingilisdilli mətbuatda Azərbaycan obrazı haqda təəssürat
yaradan yazıları tərcümə edib bir kitaba
topladılar. Azərbaycan Amerikadan, İngiltərədən,
Hindistandan, müxtəlif ölkələrdən necə
görünürdü?! Kitab bu barədə idi. O məqalələri
yığdıq, çapa hazırladıq. Bu, həm
diplomatlarımıza, həm beynəlxalq münasibətlər
üzrə mütəxəssislərimizə, jurnalistlərimizə,
ümumiyyətlə, cəmiyyətimizə son dərəcə
maraqlı töhfə olan kitabdır. Nəşriyyatda
çapdadır və biz o kitabı Ulu öndərin 100
illiyinə həsr etmişik.
Böyük layihələrimizdən biri də müəllifi
olduğum "Heydər Əliyev və Azərbaycan
multikultural təhlükəsizliyi" adlı kitabdır. Bu
yaxınlarda çap olunacaq. Ulu öndər Azərbaycanda
siyasi multikulturalizmin banisidir. Onun bu xəttini çox
böyük cəsarət və ilhamla qalib Prezidentimiz
İlham Əliyev davam etdirdi. Bu xətt bir-birini necə
tamamlayır, onun Azərbaycanın bugünkü həqiqətlərini
dünyaya obyektiv şəkildə
çatdırılmasında rolu nədən ibarətdir -
kitab bunlardan bəhs edir.
Nəhayət, bir kitab da bizim universitetin çoxdan
hazırladığı "Tərcümə
ensiklopediyası"dır. İlk dəfə Azərbaycanda
belə kitab işıq üzü gördü. Ən
maraqlı odur ki, kitabda həm Azərbaycan dilinə tərcümə,
həm də Azərbaycan dilindən tərcümə barədə
materiallar yer alıb. Kitabda elmi oçerklər, şəxsiyyətlər,
tərcümə tarixinə dair əsərlər də yer
alıb. Əlbəttə ki, bu ilk təşəbbüs idi və
çapdan sonra gördük ki, müəyyən boşluqlar
var. Uzun müddət sərf edib ikinci nəşrini çapa
hazırladıq. Bu gün artıq ikinci, təkmilləşdirilmiş
nəşr işıq üzü görür. Hesab edirəm
ki, bu sadaladıqlarım universitetimizin həyata keçirdiyi
qlobal işlərdir. Bunlardan başqa da müxtəlif əsərlər
çap edilir, alimlərimiz elmi işlərlə məşğuldurlar.
Dillər Universitetinin müəllimləri böyük ləyaqətlə,
şərəflə öz vəzifələrini yerinə
yetirirlər.
"Qoşma"nın o ənənəsini bu gün
davam etdirmək istəyirik
- Bəs şəxsi yaradıcılıq nə yerdədir?
- Bəzən bir neçə istiqamətdəki
işləri eyni vaxtda başladığım olur. Dostlarım məni
inandırdılar ki, vaxtı ilə Azərbaycan
tamaşaçısına yaxşı tanış olan
"Qoşma" verilişini yenidən işləyib
hazırlamaq lazımdır. İnternet TV-də "Yeni
Qoşma" adı altında hazırlıqlara
başlamışıq. O vaxt "Qoşma" verilişi
çox böyük bir boşluğu doldurmuşdu. İlk dəfə
Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə,
Əhməd Cavad, Almaz Yıldırım, Haşımbəy Vəzirov,
Səməd Mənsur və bir çox başqaları ilə
bağlı verilişlərimiz oldu. Ulu öndərin Azərbaycan
cəmiyyətinə verdiyi azadlıq atmosferinin nəticəsi
olaraq, Azərbaycan televiziyasında adı heç vaxt çəkilməyən
bir çox siyasi-ictimai xadim, şair və
yazıçılarımız haqda ilk dəfə
"Qoşma"da söz açıldı. İndi də həmin
verilişin qayəsi o olacaq - ədəbiyyatın arxa
planında duranlar. Biri var kitabı alırsan əlinə,
müəllifi tanıyırsan, bir də var əsərin
arxasında, fonunda baş verənlər. Elə bilirəm, bu
istiqamətdə olan söhbətlərə ehtiyac var.
"Qoşma" verilişinin o ənənəsini bu gün
bu şəkildə davam etdirmək istəyirik.
- Bu günün tamaşaçısı o vaxtın
tamaşaçısı deyil ha, Kamal müəllim...
- O da ola bilər. Kiməsə maraqlı olar, kiməsə
yox, hər halda ilk nümunələrdən sonra istiqaməti
biləcəyik.
Bundan başqa, mənim bir kitabım vardı, siz də
yazmışdınız o haqda. "Kitabi-Dədə
Qorqud" dastanının poetikasına giriş"
adlanırdı. Bu kitab çap edildikdən sonra böyük
diqqət çəkdi, amma o kitabın adının
yanında bir mötərizəsi vardı - "Dansökülən
variant". Kitabi-Dədə Qorqud dastanında elə ifadələr
var ki, onlar poetik düşüncənin dansökülənində,
ilkinliyində özünü göstərir. Məsələn,
əgər mətn deyirsə "qarşı yatan qara
dağ", demək, o dövrün adamı dağın həqiqətən
yatmasına inanır və inanır ki, o dağ bir gün
oyanacaq. Çünki mağarada onun yanında qədim əcdadımızın
mağaradaşı yatıb, hərəkətsiz qalıb və
səhər də yuxudan oyanıb. Bunu görən qədim əcdadımız
deyir ki, o dağ da tərpənməzdir, yatıb və
oyanacaq.
O kitabda vəd etmişdim ki, "Kitabi-Dədə
Qorqud poetikasına girişin "Günortac"
variantını da yazacam.
"Günortac" Dədə Qorquddan gələn
ifadədir, həm günün orta vaxtını yada salır,
həm də ilkin poetik energiyanın keçdiyi yolun
yarısını göstərir. Sonra artıq
"Qürub" variantı gəlir, bu artıq klassik poetik
ünsürlərin dilimizə total hücumudur. Bu üç
dövrün ortasında "Günortac" adlı variant
durur. Burada artıq həmin insan qarşı yatan qara
dağın oyanacağına inanmır. Bunu metafora kimi qəbul
edir. Birinci variantda inanırdı, ikincidə yox. Qürub
vaxtında isə deyir ki, qarşı yatan dağ insan kimi
yatıb. Kimi qoşması araya girir, bizim klassik poetik
üsullarımız işə düşür. Həmin
üç xəttin indi ikincisini işləmək istəyirəm
və artıq işləyirəm. Başqa bəzi
planlarım da var.
Bu yaxınlarda bir hekayə yazmışdım, o hekayəni
dostlarım tövsiyə etdilər ki, telepyesə
çevirim. "Arşın mal alan" filmi
yadınızdadı, xoşbəxt sonluqla bitir. Xoşbəxt
Əsgər, Gülçöhrə, Asiya, xala, Rüstəm
bəy, hamı xoşbəxt olur. Hamı ürəkdən nəğmə
oxuyur.
- Hətta Telli, Vəli...
- Amma sonra nə baş verir? 4-5 il sonra Rusiyada inqilab
olur. Daha iki il sonra onun dalğaları Azərbaycanı təlatümə
salır. Bəs o xoşbəxt ailənin taleyi necə olur?
Onların, xüsusən, Gülçöhrənin və
Əsgərin inqilabdan sonrakı həyatlarını təsvir
etməyə çalışdım. Gülçöhrə
xanım və Əsgər ağanın taleyi bir
cığıra dönüb məni Türkiyəyə
apardı. Gülçöhrə xanım Türkiyəyə
gedir, buralardan qaçqın düşür, Əsgəri isə
tacir, mülkədar kimi Sibirə sürgün edirlər və
onlar bir daha heç vaxt görüşə bilmirlər.
- Əslində ola bilən olaylar və o dövr
üçün mümkün talelərdir.
- Yəqin ki, onların taleyi bu cür də olub,
başqa necə ola bilərdi?! Əsgər ağa bolşeviklərin
gözündə bir müftəxor tacir, onun yeri elə Sibir
olar. Gülçöhrə də qaçıb canını
qurtaran məzlum.
Çalışmışam ki, Üzeyir bəyin
yazdığı o möhtəşəm mətni artıq
başqa bir reallıqda necə ola bilərdi - elə təsəvvür
edim. Sibirdə Əsgər ağanın son günlərini
yaşadığı vaxt dustaqlara həmin "Arşın
mal alan" filmini göstərirlər, o da öz
keçmişini filmdə görür.
- Üzeyir bəyin onun əsərini sizin bu cür
davam etməyinizə münasibətini
düşündünüz?
- Bu, həyatdır, Üzeyir bəy o həyatın
bir hissəsini qələmə alıb, sonrasını bilmir,
o biri hissəsini mən yazıram, öz duyğularım əsasında.
Əsgərin bir az şairliyi də olur, "Difai" cəmiyyətinə
kömək edir. Erməni-müsəlman
qarşıdurmasında tacirlərin də böyük rolu
olub. Çoxu əlindən gələn köməyi edib.
Valideynsiz uşaqlar üçün məktəb
açıblar, cəbhədə döyüşənlərə
hayan olublar.
- İşlənməmiş təzə-tər
mövzudur.
- Biz mesenat kimi ancaq Hacı Zeynalabdin Tağıyevi
tanıyırıq, amma o birilər də iş görüblər.
Bəzən açıq, bəzən gizli. Məsələn,
Gülçöhrə mənim hekayəmdə Asya ilə
birlikdə kimsəsiz uşaqlar üçün məktəb
açır.
Bugünkü dilimizdə Füzuli ahəngi də var,
Cavid ahəngi də, Səməd Vurğun, Vaqif ahəngi də...
- Dədə Qorqud dili çox şirindir, Azərbaycan
dilində Cavid dili, Cəlil Məmmədquluzadə dili,
Əhməd Cavad dili var. Üzeyir bəy felyetonlarında bir
başqa dildən istifadə edir. Bu Azərbaycan dillərinin
içindən hansını seçərsiniz?
- İsa Hüseynovun dili var, Anarın, Elçinin,
Ramiz Rövşənin, Vaqif Bayatlının, Mövlud
Süleymanlının özünəməxsus dilləri var.
Bu gün yazıb-yaradan hər sənətkar istədi-istəmədi
öz içindən Dədə Qorqudun da təravətini
götürür, Füzulinin də, Nəsiminin də. Nəsimi
bir tərəfdən "Məndə sığar iki cahan, mən
bu cahana sığmazam" kimi ağır və dərin misra
yazırsa, digər tərəfdən:
"Aləmdə bu gün sənciləyin
yar kimin var?!
Gər, var deyirsən, de görək, var,
kimin var?!"
kimi sadə misralarla yazır. Bunların
hamısının şəhdi-şövqü bu gün yazan
Azərbaycan yazıçılarının əsərlərində
özünü göstərir.
Füzuli insanın bütün hissiyatının
içindədir. Dədə Qorqud dili ana laylası kimi ilkin təəssüratların
formalaşmasına gətirən dildir. Füzuli görün
necə sadə şəkildə deyir:
"...ey cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl təcrübə eylə mən zəifi!
İlk multikultural şairimizdir. Allaha üz tutur ki
hamının qəmini yığ, mənim ürəyimə
sal. Digər tərəfdən onun mürəkkəb qəzəlləri
də var. Bütün bunlar Azərbaycan dilinin formalaşma
yoludur. O yol, heç şübhəsiz ki, cəmiyyətin həmin
dövrdəki ruhunu, əxlaqını, vəziyyətini
özündə saxlayır. Axundovun dili, yaxud Molla Pənah
Vaqifin dili, Səməd Vurğunun dili başqa-başqa
dövrlərin mənəvi təcəssümüdür.
- O yolun harasındadır indi Azərbaycan dili?
- Yolun bugünkü səviyyəsində.
Bugünkü dilimizdə Fizuli ahəngi də var, Cavid ahəngi
də, Səməd Vurğun, Vaqif ahəngi də.
- Bu gün tələbələrinizə Azərbaycan
dilini yaxşı öyrənmək üçün kimi
oxumağı məsləhət görərsiniz?
- Əllərinə nə keçirsə, onu
oxumağı. Oxuya-oxuya ancaq zənginləşəcəklər.
Bizim universitetin artıq ənənəyə
çevrilmiş prinsipi var. Bizim 1-ci kurs tələbəsi
gedib hansı mağazadan hansı kitabı alsa, onun qəbzini
gətirib verib pulunu geri ala bilər. Yəni bu şəkildə
istədikləri kitabı onlara universitet almış olur. Qoy
bu yolla gənclərin evlərində xüsusi kitabxanaları
olsun.
- Söhbətimizin əvvəlində müəllimlərdən
danışdıq, amma həyat dərsi deyilən bir
anlayış da var.
- Onu bilmək olmur, o dərs hava ilə sənin
vücuduna girir, ruhuna hakim olur. Onu demək çətindir ki,
həyatdan hansı dərsi almısan.
- Çexovdan bir ifadə işlətmisiniz, hər bir
insan ömür boyu içindəki qulu əzməklə məşğuldur.
İçinizdəki qula gücünüz
çatdımı? İçindəki qulu nəyə
görə əzməlisən?
- Tam azad olmaq üçün. Tam azadlıq hamıya
qismət olmur. Bizi daxili bir məngənədə saxlayan
müxtəlif etik - hüquqi yasaqlar var. Bu sualı cavabsız
qoyaq, hər oxucu özü bu cavabı
düşünsün.
- Bəs insan eqosu haqda fikriniz nədir?
- Məsələn, mənim "Yarımçıq əlyazma"m
müxtəlif ölkələrdə çap olundu. Bu, əlbəttə
ki, bir müəllif kimi mənə ləzzət eləyirdi.
İndiyə qədər də o nəşrlərin bəzisindən
qonorar alıram. Mənə elə gəlirdi ki, "Dədə
Qorqud" mətnini oxumayan bir xarici vətəndaş bu əsəri
anlamaqda çətinlik çəkər. Kitab İtaliyada
çapdan çıxandan sonra dünyanın ən məşhur
yazıçılarından biri Umberto Eko məni evinə dəvət
etdi. Onunla mənim romanım, Azərbaycan ədəbiyyatı,
Azərbaycan həqiqətləri ətrafında 2 saat
yarım söhbət etdik. Unudulmaz görüş idi.
Soruşdum ondan ki, siz Dədə Qorqud mətnini oxumadan
"Yarımçıq əlyazma"nı oxuyub adekvat
zövqü ala bilərdinizmi? Onu oxumamağınız bu
zövqün bütövlüyünə mane ola bilərmi?
Dedi, ola bilər. Mən gözləyirdim desin yox, bu başqa,
o başqa. Dedi, "Dədə Qorqud"u oxusaydım,
aldığım zövq daha mükəmməl olardı.
Amerikadan isə kitabın redaktoru mənə
yazmışdı ki, "Dədə Qorqud"u
oxuyub-oxumamağın heç bir dəxli yoxdur, mən
romanı öz-özlüyündə oxuyub ləzzət
alıram. Bu fikirlər o zaman mənim eqomu
"qanadlandırmışdı".
- Hansı halda eqo insana kömək edər, hansı
halda mane olur?
- Hər şey insanın tərbiyəsindən
asılıdır. Tərbiyəsi normaldırsa, eqonun ona
heç bir təsiri olmayacaq. Bu saat məni tənqid edənlər,
öyənlər mənim inkişafım üçün
heç bir təsir göstərmir. Eqo, yəqin, həm də
özünəinam, özgüvən, özündən
razılıqdır. Hər insan özündən razı
olmalıdır. Bəxtiyar Vahabzadə deyirdi: "Bircə
ondan razıyam ki, özümdən narazıyam". Amma mən
hesab edirəm, hər insan özündən, öz zəhmətindən
razı qalmalıdır. Puşkinin məşhur ifadəsi
yadınızdadırmı: "Ay da, Puşkin, ay da, sukin
sın". Görün, öz işindən necə razı
qalıb ki, özünü belə söyməklə
öyüb. Bəlkə də, özündən razı
qalmaq müsbət haldır. Özündən razı olmasan,
necə iş görə bilərsən, necə irəli gedə
bilərsən?! Amma bu gərək sənin başqalarına
normal münasibət qurmana əngəl olmaya.
- İllər uzunu bizi tərbiyə
ediblər ki, özündən razılıq yaxşı əlamət
deyil, özünü öymə, bu da bizə
özümüzə güvənsizlik aşılayıb.
- Bu da var. Niyə tələbə vicdanlı,
yaxşı oxuyandırsa, özündən razı
qalmasın. Elə özündən narazı, daim danlaqlı
olsun, niyə?!
- Bu gün baş verən siyasi və geosiyasi proseslərə
mövqeyiniz maraqlıdır?
- Mən bu son günlər bütün Azərbaycan
xalqı kimi Ali Baş Komandanın bizə bəxş etdiyi
xoşbəxtliyin eyforiyasındayam. Həqiqətən də
biz öz işimizdən razı, qürurlu, qalib xalqıq. Mən
də bu gün şəhidlərimizin, qazilərimizin
qanı, canı bahasına, Ali Baş Komandanımızn cəsarətli
siyasəti, müdrikliyi və qətiyyəti sayəsində
qalib xalqın nümayəndəsiyəm. Sabah münasibətlər
necə inkişaf edəcək? Dünya siyasəti müstəvisindən,
kontekstindən baxsaq, bunu cənab Prezidentdən başqa
heç kim görə bilməz. Hər şey kontekstinə
görə bilinir. Konteksti isə tam şəkildə
yalnız o bilir. O bilir ki, hansı nöqtədə hansı
addımı atmaq lazımdır. Mən onun qətiyyətinə,
müdrikliyinə inanan şəxs kimi deyirəm ki,
düzünü cənab Prezident bilir, necə deyirsə, elə
də hərəkət etməliyik. Əgər ermənilərə
deyirsə gəlin, Azərbaycan cəmiyyətinə
reinteqrasiya olun, deməli, bu sözün hikməti var. Azərbaycan
Prezidenti qalib xalqın qalib Prezidentidir. Münasibətin necə
qurulacağını onun sözünə inanan ermənilər
özləri hiss edəcəklər.
- Sonda dostlarınızdan danışmaq istəyirəm.
Çox böyük əhatəniz var. Həyatınızdan
nə qədər adamlar keçib, həm də dost, müəllim,
əhatə itirmisiniz. O itkilər sizdə özünü necə
göstərib?
- Çox böyük ağrı və
üzüntülərlə. Bu saat görürəm ki,
yanımda ola biləcək dostlarımın çoxu yoxdur.
Bu, çox böyük üzüntüdür.
Hamısını rəhmətlə, ehtiramla anıram.
Uşaq vaxtı itirdiyim məhlə dostumdan, sinif
yoldaşımdan tutmuş Azad Mirzəcanzadəyə qədər.
Hər dəfə səndən bir parça gedir.
- Kimləri qoruyursunuz, kimləri itirməkdən
qorxursunuz? Mən bilirəm, sizin bir birliyiniz var. Ordakılara
cansağlığı arzulayıram. Rafiq Əliyevə, Ramiz
Rövşənə, Ramiz Həsənoğluna, Rüstəm
Behrudiyə... sonra kimə?
- Nazim İmanova, Muxtar İmanova, Azər müəllimə,
Fərhad müəllimə,
Yalçın Adıgözəlzadəyə, Eldara...
- Adlarını çəkirsiniz və gözlərinizə
işıq gəlir.
- Hə, gəlir.
- Rüstəm Behrudi paylaşır sosial şəbəkələrdə.
Həsədlə baxıram, indi orda necə gözəl
söhbətlər gedir.
- Elədi, asqıran kimi Rüstəm paylaşır.
Çox gözəl söhbətlərimiz olur. Ramiz, Rüstəm
şeir oxuyurlar, ləzzətlə təhlil edirik. Hərdən
mən də şeir deyirəm. İnanılmaz dərəcədə
gözəl saatlarımız olur. Müxtəlif
yazıçı və sənətkarlarımızı məclisimizə
dəvət edib əlamətdar günləri qeyd edirik. Bu
yaxınlarda 44 günlük müharibənin qəhrəmanlarından
4 qazimizlə görüşümüz oldu. XTQ komandirləri
idi. O görüşdən o qədər isti təəssüratlar
qaldı ki. Məclisin canı, qanı, başqanı Nazim
İmanovdur, çox dəqiqliklə mövzu və
dostları seçir. Məzmunlu əhatədir. Nə
yaxşı ki, həyat yaxşı dostlarla zəngindir.
- Müsahibə üçün təşəkkür
edirəm, Müəllim.
Ramilə QURBANLI
Xüsusi olaraq "525-ci qəzet"
üçün
525-ci qəzet.- 2023.- 7 oktyabr.- S.12-13.