Doğma yurdla söhbət

DÜNƏNİN, BU GÜNÜN, SABAHIN AĞDAMINI DÜŞÜNƏRKƏN...

 

 

 

 

Kim olursa olsun, hansı sahədə çalışırsa çalışsın, fərq eləməz: hər bir adam doğulub boya-başa çatdığı yeri-yurdu unuda bilmir, çünki ona qırılmaz tellərlə bağlıdır. İnsan yaşa dolanda bu hisslər, düşüncələr onu bir qədər də kövrəldir, doğma yurda bir az da yaxınlaşdırır, hətta oralara dartıb aparır. Çünki yurd insanın beşiyi, yuvasıdır, onun xəyalı da, vüsalı da gözəl olur. Mən də bu duyğu və düşüncələrlə çoxdan həsrətini çəkdiyim Ağdamı bir daha yadıma saldım, xəyal qanadlarında o gözəl yerlərə yollandım. Beləcə, hisslər, düşüncələr, xatirələr misralara çevrildi.

 

 

Salam, ay doğma yurd, Ağdamım mənim,

Ay arzum, ümidim, məramım mənim!

Şirin yuxularda görürəm səni,

Çəkilir könlümün dumanı, çəni.

O gözəl günlərin düşür yadıma,

Misralar düzürəm sənin adına.

Nə yaraşıqlıydın, ay əziz şəhər,

Dağların qoynunda gövhərdin, gövhər.

 

lll

 

Ağ dəmirli çardaqların,

Güllü-çiçəkli bağların,

Ağ daşlardan binaların

Uca, uca çinarların

Yaraşıqlı, möhtəşəmdi,

Gözəlliklər səndə cəmdi.

Beşiyimdin, səndə yatdım,

Səni daim əziz tutdum.

İndi yenə axşam-səhər

Yada düşür ötən illər...

 

lll

 

Xəyalımda əsir tanış küləyin,

Yayılır xoş ətri gülün-çiçəyin.

"Çay evi" mehriban, doğma bir guşə,

Qaynayan samovar baxıb günəşə

Sanki nəğmə deyir, muğam dillənir,

Səmadan üstünə sevinc ələnir...

Gəlir qulağıma Arifin səsi

Qədirin, Bakirin şux zənguləsi.

Şəninə yazılıb çox mahnı, şeir,

Gizlənib hər qarış torpağında sirr.

 

lll

 

Xoş röyadan ayılanda

Açılmamış səhər gördüm.

Lənət dedim bəd dövrana,

Göylərində kədər gördüm.

Bu nə zülm, bu nə dəhşət,

Hardan əsdi bu fəlakət?!

Röyalarda abad gördüm,

Neçə şirin xəyal qurdum.

Ayılanda bərbad gördüm,

Viran qalıb ana yurdum.

O Ağdamdan əlamət yox,

O ehtişam, əzəmət yox.

 

lll

 

Küçələr xaraba, evlər xaraba

Sanki heç olmayıb burda el-oba.

Abadlıqdan əsər qalmayıb burda,

Yağı dağ çəkibdir bu doğma yurda!

Sökülüb-tökülüb damlar, divarlar,

Hanı o əlçatmaz, möhkəm hasarlar?!

Didilib, ovulub torpağı, daşı,

Gör nə bəla çəkib yurdumun başı!

Talanıb, daşınıb varı-dövləti

Bax budur düşmənin murdar xisləti.

İtib bütün şəhər xarabalıqda,

Amma ürəklərdə sevdası qalıb.

Muğam, mahnı səsi duyulmur daha,

Təkcə yaddaşlarda sədası qalıb.

Bilinmir nə küçə, nə ev, nə həyət,

Dünya görübdürmü belə müsibət?!

Bütün şəhər çoxdan yerlə-yeksandır,

Bunları törədən məgər insandır?!

İnsan ki bilərdi qədir-qiyməti,

Viran qoyardımı belə cənnəti?!

 

lll

 

El-obam neçə il didərgin oldu,

Çox şükür, nəhayət, yuxum çin oldu,

Savaşa başladıq, basıldı düşmən,

Ruhlar qanadlandı Böyük Zəfərdən.

Qorxudan yağının bağrı yarıldı,

Dizləri titrədi, beli qırıldı,

Qurtuldu Ağdamım yağı əlindən,

Eşitdik müjdəni rəhbər dilindən.

Ağdam bünövrədən qurulur indi,

Könlüm ona bir də vurulur indi.

Ağdam, yeni dövrün olsun mübarək!

Sən abadlaşdıqca sevinir ürək!

Möhtəşəm binalar, geniş küçələr,

Gündüztək işıqlı olur gecələr.

Ötən bülbüllərə hey qulaq asıb,

Yeni Ağdamımı bağrıma basıb,

Sevincdən ağlaram, çağlaram yenə,

Şəninə bir dastan bağlaram yenə.

 

Şahmar MAHRIZLI

"Qızıl Qələm" mükafatı laureatı

525-ci qəzet.- 2023.- 10 oktyabr.- S.14.