Elin yaddaşındakı əhvalatlar

 

Mina ananın cəsarəti

 

XX əsrin 30-cu illərində Vilvan kəndinə xəbər yayılır ki, Mirzəcan kişinin arvadı Mina qəfil canavarla üz-üzə gəlib, onu boğub...

Cəngavər, qorxmaz, zəhmətkeş qadın olan Mina nənə onda 50 yaşında imiş.

Bir payız günü həyətyanı sahədə işləyərkən vəhşi bir heyvanın üstünə hücum etməsindən qorxmur, iki əli ilə onun boğazından yapışıb var gücü ilə, canavarın gözləri hədəqədən çıxanadək sıxır. Mina sonradan nənə biləndə ki, canavarla vuruşub, yenə halını pozmadan dillənir:

- Deyirəm axı, şoğərib can vermək istəmirdi. Mən də elə bilmişəm, çaqqaldır, nədir...

115 il ömür sürmüş Mina Əzimova Belorusiya cəbhəsində igidlik göstərib ordenlə təltif edilən qəhrəman döyüşçü Musarza Əzimovun anası idi. Əlbəttə, elə cəsur anadan da belə igid oğul doğular.

 

Gecə vaxtı Şəlimsondan keçəndə...

 

Vilvan kəndini yaşıl kəmər kimi dövrəyə alan sıx meşəliklər təkcə gecələr deyil, gündüzlər də insanlarda vahimə yaradırdı. Humra Zəkiyeva qonşu Veravul kəndində ərdə idi, əri müharibəyə getmiş, özü bir uşağı ilə qalmışdı. Uşaq bağçası olmadığından sübh açılmamış övladını Vilvan kəndinə qardaşı Balasının evinə aparardı. Axşamlar isə 3-4 kilometr yolu yenidən qət edərək uşağı evinə gətirərdi. Sıx ağaclıqlar və kolluqlarla dövrələnmiş Şəlimson deyilən ərazini gecənin qaranlığında keçməyə kişilər belə cəsarət etməzdilər. Humra ürəkli, cəsur qadın idi. Məşəli yandırıb qaranlığı yara-yara gedərdi. Bir dəfə aylı-ulduzlu gecə olduğundan məşəli yandırmır. Osakücə kəndində traktorçu işləyən Baldadaş evinə qayıdırmış. O, gecənin bu vaxtında sürətlə ona tərəf gələn qadını görüb vahimələnir, elə bilir ki, alarvadıdır, əcinnədir, qorxub üz qoyur qaçmağa. Humra Baldadaşı səsləyir, deyir ki, a qonşu, qorxma, mənəm, Humradır, kəndə gedirəm. Amma Baladadaş qorxacağı qədər qorxmuşdu artıq.

 

"Aparmışam yeddi dənə..."

 

Məli kişi Balağa Kərimovun briqadasında işləyirmiş. Adəti üzrə həyətində şitillik yaratmaq istəyir. Amma örtük üçün çərçivə tapa bilmir. Bir də görür ki, sovxozun şitillik təsərrüfatı üçün çərçivələr gətirilib. İşdən hamıdan gec çıxan Məli eləməyib tənbəllik çərçivələrdən gücü çatan qədər götürüb evinə aparır. Səhər aydın olur ki, çərçivədən yeddisi yoxdur. Briqadir "oğru"nu çox axtarsa da, heç kəs boynuna almır.

Məli kişi halal adam idi. Odur ki, "oğurluğ"un onun üstündə qalmasını istəmir və çərçivələri apardığını briqadirə şeirlə çatdırmaq istəyir. Zikr edirmiş kimi, başını aşağı salıb təsbeh çəkə-çəkə deyir:

 

Zikr edirəm, təsbeh, sənə,

Heç kəs güman etməz mənə.

Aparmışam yeddi dənə,

Sübhanallah, sübhanallah!

Briqadir mətləbi anlayıb gülür.

 

 

"Toğ", yoxsa "toyuq"?

 

Fətulla Əhməd oğlu bir gün bazara toyuq aparır. Anası tapşırır ki, gələndə "toğ" (talışca "sap" deməkdir - müəl.) alsın. Sap sözü yadından çıxır Fətullanın. Bazarı gəzib kimdən "toğ" soruşursa, ona toyuq göstərirlər. O da deyir ki, bazara elə toyuq gətirmişəm də. Əli ilə də göstərir ki, almaq istədiyim şeyi iynəyə taxırlar. Axır ki, bir arvad başa düşür ki, uşaq əslində sap axtarır.

Arabaçı Gülabanın "Kərbəla" səfəri

İkinci Dünya müharibəsi yeni bitibmiş. Arabaçı Gülaba Bakıya gəlməkçün yola düzəlir. Necə olursa, karvansara sözü yaddan çıxır. Taksi şoferi soruşur ki, hara sürüm? Gülaba duruxub qalır, axırda deyir ki, sür Kərbəlaya. Şofer görür ki, bu nabələddir, hərifdir. Ona görə 3-4 dövrə vurandan sonra onu karvansaraya gətirərək deyir ki, düş, bu da sənə "Kərbəla".

Çayda nə qədər su var...

Vilvan kəndində Sabir Ağayevin toyu imiş. Aşığın səsi şofer Firudinin ürəyincə olmur. Odur ki, bir neçə dəfə aşığa söz atır. Aşıq hər dəfə özünü eşitməzliyə vurur. Növbəti dəfə dözə bilməyib şofer Firudinin yanında dayanır və oxuya-oxuya tapmaca deyib onu susdurmaq istəyir. Soruşur ki, ay cavan, de görək, Vilvandan keçən çayda nə qədər su var.

Firudin də hazırcavab imiş. Deyir ki, ay aşıq, çaydakı suyu saxlaya bilsən, qədərini dəqiq deyərəm.

Aşıq pərt olub, birtəhər məclisi yola verir. Amma o gündən sonra həmin aşığı bir də Vilvanda görən olmur.

 

Topladı və hazırladı:

Etibar ƏHƏDOV,

"Aşkarlıq" qəzetinin baş redaktoru

(Lənkəran)

525-ci qəzet.- 2023.- 10 oktyabr.- S.14.