Azərbaycanda ekoloji problemlərin həlli:
dövlət siyasətində prioritet vəzifələr
Abşeron yarımadasında yaşıllıq sahələrinin
real vəziyyətinin qiymətləndirilməsi, uçotunun
aparılması və dəqiqləşdirilməsi məqsədilə
inventarizasiya işləri aparılıb və ayrı-ayrı
yaşıllıq massivlərinin xəritələri
hazırlanıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev deyir ki, ölkə ərazisində mövcud
yaşıllıqların qorunub mühafizə edilməsi,
yeni yaşıllıq sahələrinin salınması ekoloji
baxımdan mühüm əhəmiyyət daşıyır:
"Xüsusilə, yaşıllıqların qorunması və
artırılması, çətin torpaq-iqlim şəraiti,
iri sənaye obyektlərinin cəmləşməsi, əhalinin
sıx məskunlaşması baxımından digər
regionlardan kəskin fərqlənən Abşeron
yarımadasında daha çox önəmlidir. Abşeron
yarımadasında yaşıllıq sahəsi 21 min hektar təşkil
edir. Yeni yaşıllıq sahələrinin də
yaradılması nəzərdə tutulur. Hazırda ölkəmizin
müxtəlif regionlarında ağacəkmə kampaniyası
keçirilir. Əsas məqsədlərdən biri ətraf
mühitin mühafizəsi və yaşıllığın təmin
edilməsidir. Ekoloji problemlərin həlli dövlət siyasətinin
prioritet vəzifələrindəndir və bu sahədə məqsədyönlü
tədbirlər həyata keçirilir. Ekoloji tələblərə
cavab verməyən müəssisələrlə bağlı
müvafiq işlər görülür və bu proses davam edəcək".
Nazirin dediyinə görə, Azərbaycan hökuməti
bütün ölkə ərazisinin
yaşıllaşdırılmasını qarşıya hədəf
kimi qoyub: "Hazırda Abşeron yarımadasında 21 min
hektara yaxın yaşıllıq sahəsi mövcuddur. Bu, həmin
ərazinin cəmi 5 faizini təşkil edir. 2024-2030-cu illərdə
əlavə 6 min hektardan artıq ərazidə yeni
yaşıllıqların salınması nəzərdə
tutulub. Bütövlükdə isə bütün ölkə
ərazisinin yaşıllaşdırılması hədəflənir.
Bu istiqamətdə geniş miqyaslı ağacəkmə
kampaniyaları həyata keçirilir".
Muxtar Babayev bildirib ki, işğaldan azad edilən ərazilərin
dirçəldilməsi çərçivəsində bir
sıra mühüm qərarlar qəbul edilib ki, bu da həmin ərazilərin
2050-ci ilə qədər "karbon neytrallığı
zonası" elan edilməsinə imkan yaradıb.
İşğaldan azad edilmiş ərazilər
üçün Karbon Neytrallığı
Konsepsiyasının layihəsi hazırlanıb.
Aztullantılı iqtisadiyyat, "yaşıl" enerji
zonası, "yaşıl" kənd təsərrüfatı,
"yaşıl" nəqliyyat, "ağıllı şəhər"
və "ağıllı kənd" konsepsiyaları -
bütün bunlar davamlı şəhərsalma istiqamətində
ümumi səylərə töhfə verəcək. Bu
gün Azərbaycan işğaldan azad edilmiş ərazilər
böyük quruculuq, infrastruktur, eləcə də unikal
ekosistemin bərpası məkanına çevrilir. Bu ərazilərdə
dayanıqlı şəhər inkişafı konsepsiyası həyata
keçirilir.
Nazirin sözlərinə görə, dövri
iqtisadiyyatın təmin edilməsi istiqamətində
işğaldan azad edilən ərazilərdə
yaşayış məntəqələrinin bərpası
zamanı tikinti tullantılarının dayanıqlı şəkildə
idarə olunması işlərinə start verilib. Ağdam
rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurma
işləri zamanı yaranan tikinti-söküntü
tullantılarının təkrar emalına və istifadəsinə
başlanılıb. Eyni zamanda, tullantı sularının səmərəli
idarə olunması, yağış, drenaj sularının
toplanması şəbəkəsinin qurulması, təmizlənmiş
tullantı sularının təkrar istifadəyə yönəldilməsi,
xüsusilə yaşıllıq ərazilərinin
suvarılmasında istifadə edilməsi prioritet
olmalıdır: "Qlobal çağırışlardan biri
də iqlim dəyişmələridir. Bu gün iqlim dəyişmələri
ilə əlaqədar gözlənilən risklər və
baş verən fəsadlar dünyada gündəmə
çevrilib. Ümumdünya Meteorologiya Təşkilatının
məlumatına görə, iqlim dəyişmələri nəticəsində
baş vermiş təbii fəlakətlər son onilliklərdə
nəhəng dağıntılara və iqtisadi itkilərə
səbəb olub. Son 50 ildə dünyada iqlim dəyişmələri
ilə bağlı təhlükəli hadisələrin 5 dəfə
artdığı bildirilir. Bu baxımdan insanların və
iqtisadiyyatın fövqəladə hallara
hazırlığı, infrastrukturun mühafizəsi və təhlükəli
təbiət hadisələrinə
dayanıqlılığının təmin edilməsi, erkən
xəbərdarlıq sisteminin təkmilləşdirilməsi
xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişmələri
yayda isti havaların daha kəskin, daha uzunmüddətli
olması ilə nəticələnir. Digər tərəfdən
yağıntıların qeyri-bərabər paylanması nəticəsində
yaranan su çatışmazlığı şəhərlərin
suya olan gündəlik tələbatının ödənilməsi
üçün ciddi problem yaradır".
Nazir əlavə edib ki, sentyabrın 17-də UNESCO-nun
Ümumdünya İrs Komitəsi Azərbaycanın Hirkan
meşələrinin UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edib. Hirkan meşələri bu
siyahıya daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir.
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov bildirib ki, Cənubi Qafqazda
üçüncü dövr buzlaşmanı yaşamayan iki ərazi
var. Biri Azərbaycanın Hirkan meşələri, digəri isə
Gürcüstan ərazisindəki Kolxida florasıdır. Həmin
iki ərazi 3-cü buzlaşmanı görmədiyindən,
qeyd olunan ərazilərdəki buzlaşmaya qədərki
relikt flora və fauna növləri bu günümüzə
kimi qorunub saxlanılıb. Yəni ki, bu ərazilər öz
endemizm xüsusiyyətləri ilə orijinal ərazilərdir
və burada yayılan növlərə dünyanın
başqa heç bir coğrafiyasında rast gəlinmir:
"Hirkan meşələrində flora növlərindən dəmirağac,
qızılağac, şabalıdyarpaq palıd, Lənkəran
akasiyası, Hirkan qovağı, azat ağacı, Hirkan bigəvəri,
Hirkan şümşəsi, Hirkan şümşadı, fauna
növlərindən isə talış qırqovulu, tirəndaz-oxlu
kirpi, Qafqaz bəbiri, vaşaq və s. kimi nadir növlərə
rast gəlinir. Bu ərazilərdə 50-yə qədər
Hirkan mənşəli endemik və subendemik növ var. Həmin
növlərin qorunub saxlanılması, bir irs kimi gələcək
nəsillərə ötürülməsi həm ölkələrin,
həm də beynəlxalq qurumların öhdəliyidir. Məlum
olduğu kimi, Hirkan meşələrinin ərazisi milli park
elan olunub və xüsusi mühafizə olunan təbiət ərazisi
kimi qorunur. Hirkan meşələrinin Ümumdünya İrs
Siyahısına salınması imkan verəcək ki, beynəlxalq
təcrübə ilə daha yaxından tanış olmaqla təmaslarımızı
gücləndirək, həmin ərazilərin
qorunmasını daha mütəşəkkil təşkil edək.
UNESCO-nun Ümumdünya İrs Siyahısında
olmağımızın digər üstünlüyü,
ekoturizm potensialının artırılması, beynəlxalq təşkilatların
dəstəyi ilə mühüm əhəmiyyətli ekoloji
layihələrin həyata keçirilməsi, həmçinin
nadir növlərin qorunmasının daha da
yaxşılaşdırılmasıdır".
Onun dediyinə görə, Gürcüstandakı
Kolxida florası 2021-ci ildə Ümumdünya İrs
Siyahısına salınıb. Hirkanın İran hissəsi
2019-cu ildə, Azərbaycan hissəsi isə bir neçə
gün əvvəl UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edildi. Bundan başqa, ölkəmizdə
bir neçə təbiət ərazisi var ki, onların da
siyahıya salınmasını planlayırıq. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həmin siyahıya salınacaq ərazilər var. Onlar
ilkin siyahıya salınıb və Ümumdünya İrs
Siyahısına daxil ediləcəyi tarixi gözləyirik. Abşeron
yarımadasında Azərbaycanın palçıq
vulkanlarının yerləşdiyi ərazi çox unikal bir ərazidir.
Növbəti salınacaq ərazi böyük ehtimal ki,
palçıq vulkanlarının yerləşdiyi ərazi
olacaq. Sonrakı dövrlərdə Kəpəz
dağının ətəyində olan göllərin -
Göygöl, Maralgöl, Zəligöl və digər göllərin,
Axarbaxar dağ silsiləsində Alazan çayı boyunca olan ərazilərin
siyahıya salınması nəzərdə tutulub.
Ümumdünya İrs Siyahısına daxil ediləcək ərazilər
arasında Eldar şamı meşəliyi, Bəsitçay
Dövlət Təbiət Qoruğunun Şərq
çinarı meşəliyi də var. Ölkəmizdə bu
cür təbiət abidələri çoxdur: "Azərbaycanda
ekoloji siyasət məsələləri, bioloji müxtəlifliyin
qorunması daim diqqət mərkəzindədir. Hirkan meşələrinin
də həmin siyahıya salınması ekologiya, bioloji
müxtəlifliyin qorunması sahəsində aparılan
dövlət siyasətinin məntiqi davamıdır. Çox
mürəkkəb proseslərdən keçilsə də, bir
ilkə imza atıldı. Düşünürəm ki,
növbəti təbiət ərazilərinin həmin
siyahıya salınması daha rahat olacaq. Bu, həm də
ölkənin prestijidir. Nə qədər çox belə ərazilər
UNESCO-nun Ümumdünya İrs Siyahısına salınarsa,
bu, ölkənin imicinə də müsbət təsir
göstərən amillərdəndir. Lakin bu, təkcə
prestij məsələsi deyil. Həm də həmin ərazilərin
qorunmasında daha diqqətli olmaq məsuliyyətini
yaradır. Çünki həmin əraziyə beynəlxalq aləm
də nəzarət edir. Ümumdünya İrs
Siyahısına salınanda orada olan təbii landşaftın,
bioresursların, fauna, flora növlərinin qorunması ilə
bağlı öhdəliklər götürdük və onu
mütləq yerinə yetirməliyik".
Vüqar Kərimov vurğulayıb ki, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında
biosfer rezervatının və Palçıq vulkanları qrupu
Dövlət Təbiət Qoruğunun bazasında
geoparkların yaradılması təşəbbüsləri
irəli sürülüb. Hər iki layihənin icrası
davam edir. Zaqatala Dövlət Təbiət Qoruğunun
bazasında biosfer rezervatının yaradılması üzərində
iki ildir ki, iş gedir. Hazırda layihə aktiv fazadadır.
Düşünürəm ki, növbəti dövrlərdə
hər iki layihəni uğurla başa
çatdıracağıq. Bundan əlavə, Zaqatala Dövlət
Təbiət Qoruğunun maraqlı ərazilərini seçib
Ümumdünya İrs Siyahısına salınması
üçün təkliflər irəli sürmək niyyətindəyik.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 10 oktyabr.- S.13.