Vaqif Əlixanlının 80 yaşına "Bulaq"ca təbrik

 

Dünya binnət olannan nə sirrinnən baş açılasıdı, nə sorağınnan xəbər tutulası. Pir olmuş, yeri cənnətdik Xəstə Qasım Tikmədaşlı onçun dedi ki,

 

Gəl görüm, nəyə talibsən,

Dərsini kimnən alıbsan,

Səksən yolla boşalıbsan,

Doxsan yolla dolan dünya.

 

Gəl baş aç görüm bu dünyadan, necə baş açırsan?! Səksən yolla  boşalıb, doxsan yolla dolan dünyadan. Talibi kimdi, dərsini kimnən alıb, kimnən alasıdı? Tanrıdan, Allahdan. Talibi haqq olan dünyanın, elə üzü, yönü də haqqadı, Tanrıyadı. Yol budu. Yol haqq yoludu, yol haqqa aparandı. Yol, həm də düz gediləndə yol olur. Dünya bu yolnanmı gedir, gedə bilirmi həmişə? Yəqin ki, bu da çətin bir sualdı. Bəlkə, olan-olmayan sapmalar da, büdrəmələr də yolu düz gedə bilməməkdən yanadı. Nəysə. Elə fəlsəfə özü də adamı səfsəfələrə aparır.  Sözümüzün üstünə qayıtsaq, xatırratmalıyıq ki, böyük irfan sufiləri annadırdı ki, dünya səksən yol dolub, boşalan dünyadı, indi doxsanıncımı sıranı yaşayır, nədi? Doxsan deyilən dünyanın ən üstün, ən ali, yüksək məqamda olmağıdı bəlkə. Təki olsun. Hə, səksən-doxsan sufilərin təliminnən gələnlərdi, sufi-hesab kitabınnandı.

Bu da var ki, son elm təxmin eləyib ki, dünya səkkiz kərrə dolub-boşalıb. Elm dilində bu yerdəyişmələr elə "sivilizasiya"ların yer dəyişməsidi. Eh, bu gəlimli-gedimli dünyanın, bir ucu ölümlü dünyanın nəyini bilirik ki, nəyini də bilməyək.

Nəyini bilməliyik, elə adamını, işini-əməlini, elədiklərini, eləmədiklərini, gördüklərini hə, bir də yanımızda, yörəmizdə, çevrəmizdə olannarını. O da var ki, dünya hamımıznan doğulur, hamımıznan yaşayır, yolu da əyri-düz hamımıznan gedir.

Hamımızın yaxşı tanıdığı, necə deyəllər bir az da özünü kölgədə saxlayan, arı kimi, düşüncəli, xeyirxah, qarışqa kimi çalışqan bir söz-sov adamı da var, hamımıznan yol gedir, hamımıznan bir yoldadı. Yolu açıq olsun. O da var ki, pir olmuş həm də bizdən bir addım qabaqdadı, qabaqda gedəndi, tək bir addımı? Sözümüzü belə fırratmaqda səbəb var. Elə səbəbin biri də Dədə Bulağın dilinə qarışmağımız, alxışına qoşulmağımızdı. Səbəbin əsl səbəbi isə bu günnərdə ömür kitabında səksən yaşını şərəfnən bir vərəq kimi çevirən söz adamıdı Vaqif Əlixanlı, bütöv yaradıcılığıynan, fəaliyyətiynən.

Tamam belədi. Bir də görünən dağa nə bələdçi. Elə bəri başdan Vaqif xocanı, dediyimiz kimi, "Dədə Bulağın" adıynan ürəkdən təbrik eləyirik. Ömür kitabının yüzüncü vərəqini də yorulmadan, yonçamadan, çevirib addasın, - deyirik.

Vaqif Əlixanlı adını, ədəbiyyat-mənəviyyat və söz xəzinəmizə o qədər şərəflə yazıb ki, heç bilmirsən haqqında nədən başlayıb, nədə dayanasan. Gördüyü işlərdənmi, keçdiyi həyat yolunnanmı, bütöv bir yatırım kimi qalan əsərrərinnənmi?!

Elə onnan başlayaq ki, indi 54 yaşı tamam olan "Bulaq Dədə"nin ilk yazarranınnandı Vaqif müəllim. Bulağın ilk sayları Mövlud Süleymanlının, Vaqif Əlixanlının qələminnən süzülüb axdı. Bal şanadan süzülüb axan kimi, su Tanrı üzünnən axıb gələn kimi. Hə "Bulaq" axa-axa millətin ruhunnan gəldi, çox uzaqlardan gəldi, içimizin, çölümüzün şəhdi-şirəsi kimi gəldi.

Vaqif Əlixanlı xalq ruhunnan gələn "Dədə Bulaq"dan su içən, durula-durula, axa-axa ümannara qarışan, duru axa-axa bir çaydı, kökü dərində bir söz ağacıdı. Hə, indi 80 yaşlı qollu-budaqlı, nəvə-nəticəynən söyünsün, həm də bir kök ağacıdı. Hələ o da var ki, uzun müddət "Bulaq"nan bişən, durulan bir beyin mərkəzinin, "Xalq yaradıcılığı" redaksiyasının da yaradıcısı yazıçı Vaqif Əlixanlı oldu. Redaksiya yarandığı günnən dəyərli verilişlərlə efirə vəsiqə aldı. Bir-birinnən addı, tarixi etnik-milli kökə çevrilən verilişləriynən yol gəldi.

Bu gün də "Dədə Bulağımız" axa-axa durulur, söz var - deyir, su axa-axa durular. Xalqımız ucu-bucağı görünməz, böyük söz yatırımlarının, dünyanın yaşı qədər qədim olmuşların qoruyucusu, tək Allaha bəlli sirrərin açarı "Oğuznamələr"in yaradıcısıdı. "Bulaq" bu kökdən, milli-etnik gələnəkli bir şəcərədən gəldi, bu gün də öz kökü üstədi. Ot kökü üstə bitər.

Hə, qayıdaq söhbətimizin əvvəlinə bu ulu-azman sənətkarın gördüyü dağ boyda işlər, yazıya gətirdikləri, qələmə aldıqları yazmaqnan, nə yazıya gələndi, nə kitaba-dəftərə sığandı. Bu yazıda bu işi özümə məqsəd də tutmamışam. Sadəcə bu uluca ağsaqqalı, bu qədim həmkarı, ata "Bulaq"çını təbrik eləmək istəmişəm. Təbii ki, onun yaradıcılığı haqda əsərləri, oçerkləri, hekayələri, roman və kinosenariləri haqda, ədəbiyyat tədqiqatçıları geniş söz deyə bilər. Bəlkə də, "Bulaq"dan gələn tarixi gələnəklərdi ki, Vaqif müəllim bütün yaradıcılığı boyu tarixi, etnik-milli dəyərləri önə çəkdi, yaradıcılığının leytomotivi elədi. Bu uğur böyük yaradıcılara nəsib olan bir məziyyətdi.

Hə yığcam, qısaca söyləsək, deməliyəm ki, "Əkmə qəm ağacı" əsərində böyük türk sultanı Səlcuqlu imperiyasının öndəri Alp Arslanın obrazı qəribə fəhmnən, görücülüknən, tarixən, tarixin sirrəriynən dolu bir duyğuynan elə qələmə alınıb ki, oxucu kimi özünü min ilin o üzündə görürsən. Şərəf dolu tarixin içində, olduğunu hiss eləyirsən...

Vaqif Əlixanlı, bu günün diliylə deyəsi olsaq, hadisələri sanki yazmır, qələm işlətmir, elə bilki günümüzün texniki üstünlükləriynən qeydə alır. Özünü bir filmə baxmış kimi hiss eləyirsən. Adama hadisələr müasir texniki aparatlarnan lentə alınmış kimi gəlir.

"Səlcuq İmperiyası Malazgirt döyüşündə qalib gəldi, minlərlə əsir alındı, o cümlədən, imperatorun özü Roman Diogen... Alp Arslan Bizans imperatorunu atın üzəngisinə bağlayıb, dərgahacan başaçıq, ayaqyalın apardı". Elə bu süjet çox ibrətamizdi. Bugünkü hadisələrimiznən səsləşmədi. Düşmənə amansız olmadı. Əks halda özün düşmən amansızlığına tuş gəlməli olursan. Nə şükürrər ki, indilər azğın, qaniçən düşmən beləcə zərərsizləşdirildi.

"Qulam, adım şah Xətai". Bu əsər öz tarixi bakirəliyi ilə qələmə alınmış, şah haqda ən düzgün, doğru olanları göz önünə gətirir. Əsər heyrətamiz dərəcədə həqiqətlərnən doludu. Heç bir təzkirəçilərin demədikləri  həqiqətləri yazıçı qəribə fəhmnən qələmə alır, hadisələrin şahidi kimi.

Tariximizin bu üzünü də görmüşük, iki güləşənin biri yıxılıb həmişə. "Qulam, adım şah Xətayi" əsərinnən:

"Şah İsmayıl Səfəvi yenilsə də, Çaldırannan sonra on il şahlıq elədi, dahiyanə şeirlər yazdı. Tarixçilər deyir ki, Çaldırannan sonra, düz on il Şah İsmayılın üzü gülmədi".

Bəli, tariximizin bu üzünü də görmüşük. Dünyanın ən ali hissi qələbə hissidi. Qələbə duyğusudu, qələbə sevincidi.

Qısaca deyə bilərəm ki, "Əkmə qəm ağacı" Vaqif Əlixanlının bütöv bir bitiyidi, alimlər sözü, ensiklopedik bir əsərdi, stol üstü kitabdı.

Bitikdə toplanan hücrələri, pəncərələri, insan çeşmiləri, dodaqqaçdıları, müsahibələri, TV-Radio, teatr-sinema-şouları, daha nələri, dərslik kitabı gücündədi, ana kitablarımızdandı. Ömrü uzun olsun, qələmi kəsərdən düşməsin. Ehtiyac var ki, deyək, Vaqif Əlixanlı bir təcrüməçi kimi də, özünü göstərib, qələminin gücünü ortaya qoya bilib. Dünyanın nadir inciləri sayıla biləcək əsərlərini dilimizə tərcümə eləyib.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri kimi yenə də iş başındadı. Elə bu yaxınlarda işıq üzü görən "Söz və Qələm" təcrümə jurnalı da Vaqif Əlixanlının rəhbərliyi ilə yola çıxıb. Uğurru olsun. Yorulmazlıq arzulayırıq. Hələ adını çəkmədiyimiz, yazıya gətirə bilmədiyimiz yazıları, əsərləri çoxdu.

Elə biri "Qarğa piri". Bu əsəri də adamı sehr içərisinə atır, mifoloji aspektdə yazılmış bir əsərdi. Oxuduqca insanın dünyada olmadığı, dünyanın ilkinniyi  olan vaxtlara gedib düşürsən. Bu əsərdən geniş danışmağa, izaha, təhlilə çox ehtiyac var. Əsərin dünyaya, oxucuya demək istədikləri çoxdu. Vaqif müəllimin dilinin şəhdi-şirəsi, qədimlikdən gələn alt qatının energetikası, mifoloji sistemi əsil dəyərdi. "Qarğa piri" dünya ədəbiyyatı səviyyəsində bir əsərdi. Uğurları bol olsun. Vaqif Əlixanlının  dövlət təltifləri də çoxdu. 80 yaşında Prezidentin təqaüdünü almağını arzulayırıq.

 

Tahir Talıblı

525-ci qəzet.- 2023.- 10 oktyabr.- S.12.