"Ziyan vurma, sirri
qoru, kömək et..."
"LOQOS" PSİXOLOJİ VƏ NİTQ
MƏRKƏZİNİN RƏHBƏRİ TƏRANƏ
PAŞAYEVA FƏALİYYƏTDƏ BU MÜHÜM
PRİNSİPİ ƏSAS TUTDUQLARINI DEYİR
10 oktyabr dünyada Ümumdünya Psixi Sağlamlıq
Günü kimi qeyd edilir. Bu gün münasibətilə
"LOQOS" Psixoloji və Nitq Mərkəzinin təsisçisi
və rəhbəri psixologiya üzrə fəlsəfə
doktoru Təranə Paşayeva ilə görüşüb
söhbətləşdik. T.Paşayeva həm də Psixoloji
Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi
idarə heyətinin sədri, "Psytech Azerbaijan"
Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəridir.
Qeyd olunan günün önəmindən, ölkəmizdə
psixi sağlamlıq durumundan danışan həmsöhbətimiz,
rəhbərlik etdiyi Mərkəzin bu sahədəki fəaliyyətindən
də söz açdı.
- Təranə xanım, psixi sağlamlığa beynəlxalq
səviyyədə gün tanınması və hər il ənənəvi
olaraq qeyd edilməsi hansı zərurətdən doğur? Həmçinin
siz "LOQOS" olaraq bu günlə bağlı hansı tədbirlər
həyata keçirirsiniz?
- Bu günün qeyd edilməsində əsas məqsəd
insanların və cəmiyyətin diqqətinin fərdlərin
psixi sağlamlıqları ilə bağlı problemlərə
yönəldilməsidir. Bu gün 1992-ci ildən
Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü
ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq
günlər siyahısına daxil edilib. Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) məlumatına görə,
hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən
əziyyət çəkir. Təəssüf ki, bunun içərisində
ölkəmizin də payına düşən müəyyən
bir rəqəm var. Azərbaycanda bu statistikanı bir sıra
obyektiv və subyektiv səbəblər yaradıb.
Torpaqlarımızın 30 ildən artıq bir zamanda
işğal altında qalması, bir milyondan çox məcburi
köçkünlərimizin hüquqlarının
pozulması, şəhid, qazi və itkinlərimizin olması,
cəmiyyətdə psixi vəziyyəti gərginləşdirir.
Bu və digər amilləri nəzərə aldıqda, əlbəttə,
Psixi Sağlamlıq Gününün ölkəmizdə qeyd
edilməsi həddindən artıq vacibdir. Yəni insanlar
arasında maarifləndirmə işinin aparılması,
kütləvi informasiya vasitələrində ümumən
psixi sağlamlıqla bağlı bilgi verilməsi çox
önəmlidir. Vəziyyəti gərginləşdirən
başqa bir amil isə cəmiyyətimizdə insanların
stiqmadan çəkinmələridir. Yəni bizim kimi cəmiyyətlərdə
ictimai qınaq və insanların ondan
asılılığı çox güclüdür. Məsələn,
təkcə psixi xəstəliklər deyil, ən adi xəstəliklər
belə, bəzən, ən yaxınlardan da gizlədilir, ailə
daxilində həll edilməyə
çalışılır.
Ümumdünya Psixi Sağlamlıq Gününün
bu cür geniş şəkildə qeyd edilməsi bizə
imkan verir ki, psixi sağlamlıq sahəsindəki problemləri
birgə müzakirə edərək həlli yönündə
düzgün addımlar ataq.
"LOQOS" bu günlə bağlı artıq bir
neçə ay qabaqdan tədbirlər planı
hazırlayıb. "Psixi Sağlamlığımızı
Qoruyaq" adlı layihə oktyabrın 6-da Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Quba filialında
keçirildi. Quba Rayon İcra Hakimiyyəti, Quba Regional Təhsil
İdarəsinin nümayəndələri, Quba Rayon Mərkəzi
Xəstəxanasının həkim kollektivi, tələbələr
və valideynlərin qatıldığı tədbir
bütün rayon səviyyəsində böyük marağa səbəb
oldu.
Layihənin ərsəyə gəlməsində bizə
dəstək olan ADPU Quba filialının direktoru hörmətli
Yusif Alıyevə, tədbirdə iştirakı və
çıxışı üçün Quba RİH
başçısının müavini hörmətli Səidə
xanım Abasovaya, Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
dosenti, Tibb elmləri üzrə fəlsəfə doktoru,
Uşaq inkişafı üzrə milli təlimçi Mətanət
Qaraxanovaya, bu layihənin təşkili və idarə
olunmasında xüsusi zəhməti olan Psixologiya elmləri
üzrə fəlsəfə doktoru Elmira xanım Mirzəyevaya,
bir-birindən maraqlı və maarifləndirici nitqləri ilə
spiker qismində çıxış edən "LOQOS"
Psixoloji və Nitq mərkəzinin əməkdaşlarına
minnətdarlığımı bildirirəm. Növbəti tədbirimiz
Lənkəranda dəyirmi-masa formasında keçiriləcək,
həmçinin, Qazaxda da bu mövzuda geniş elmi-praktiki
konfrans planlaşdırmışıq.
- Ümumiyyətlə, psixoloqa daha çox kimlər
müraciət edirlər?
- Adətən, psixoloqa müraciət edənlər həyatında
müəyyən problemlərlə qarşılaşan, psixi
cəhətdən sağlam insanlar olurlar. Biz onları pasiyent
adlandıra bilmərik, sadəcə müraciət edən
şəxs deyirik. Çünki yaşadığımız
dövrdə hər birimiz müəyyən çətinliklərlə
üzləşirik. Hətta bəzən insan sadəcə
kiminsə onu dinləməyini, sirrini bölüşmək,
ya da biri ilə susmaq istəyir. Bu, insanın psixoloji tələbatıdır.
Qeyd edim ki, biz "ziyan vurma, sirri qoru, kömək et"
prinsipi ilə çalışırıq. Mərkəz olaraq
bizə müraciət edən şəxslər bilirlər ki,
onlar burada təhlükəsiz mühitdədirlər.
- Deyirlər hər insana bir psixoloq, psixoloqun
özünə isə iki psixoloq lazımdır. Nə qədər
doğrudur bu fikir?
- Yaşadığımız bu dövrdə insan
psixikası müəyyən səbəblərdən
çox gərgin hallar keçirir. Təbii ki, psixoloqlar da cəmiyyətin
bir üzvü olaraq, bu vəziyyətdən heç də kənarda
qalmır. Ailə qayğıları, ölkəmizdəki
sosial-psixoloji durum, yaşadığımız müharibə
şəraiti, Vətən təəssübkeşliyi biz
psixoloqlara da öz təsirini göstərir. Bəzən insan
həyatının müəyyən dövrlərində
yanma, başqa adla tükənmə sindromu ilə üzləşir.
Yəni insan həddindən artıq həm fiziki, həm də
psixoloji yükləndiyi zaman onda yanma sindromu görünə
bilir. Arzuolunandır ki, insanlarımız bununla bağlı da
məlumatlı olsunlar və özlərində bu halı
müşahidə edəndə mütləq psixoloqa üz
tutsunlar. Psixoloqların birgə sessiyalarının
keçirildiyi interviziya qrupları var ki, burada onlar öz təcrübələrini
bölüşür, qarşıya çıxan çətinlikləri
müzakirə edir, təhlillər, yeni yanaşmalar, metodlar
axtarırlar.
Superviziya zamanı isə psixoloqlar mütəxəssislə
təkbətək görüşərək daxili
narahatlıqlarını, qorxularını, çətinliklərini
bölüşürlər. Həm interviziya, həm də
superviziya mütəxəssisin sağlamlığını
qorumaq, ona dəstək vermək və praktiki təcrübə,
vərdişlərini təkmilləşdirmək
üçün çox vacibdir.
- Rəhbərlik etdiyiniz "LOQOS" Psixoloji və
Nitq Mərkəzinin fəaliyyəti ilə bağlı ilk
sualda qısaca məlumat verdiniz. Ancaq bu sualda istərdim Mərkəzin
fəaliyyəti ilə bağlı daha geniş
danışaq. Mərkəz nə vaxtdan, əsasən
hansı formada fəaliyyət göstərir, nə kimi
yeniliklər gözlənilir?
- "LOQOS" Psixoloji və Nitq Mərkəzi
artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir.
Demək olar, respublikamızın elə bir rayonu, şəhəri
yoxdur ki, "LOQOS" orada maarifləndirmə işi
aparmasın. Bildiyiniz kimi, mərkəzimizin paytaxtdakı
filialları ilə yanaşı (Gənclik, Yasamal, Əhmədli
filialları), Xırdalan şəhəri, bölgələrdə
Gəncə, Xaçmaz, Lənkəran, Bərdə, Quba,
Qazax filialları da fəaliyyət göstərir ki, hər
bir filialımız təkcə həmin şəhəri
deyil, yaxın bölgələri də əhatə edir.
Hazırda Mərkəz respublika ərazisində psixoloji,
psixo-pedaqoji, loqopedik, refleksoloji, müalicəvi idman, duyu
bütünləmə və digər sahələrdə
yüksək səviyyəli kompleks işlər aparır.
Filiallarımızda bütün yaş qruplarında olan
uşaqlara və yetkin insanlara ölkəmizdə və xarici
ölkələrdə təhsil almış peşəkar
mütəxəssislər tərəfindən xidmətlər
göstərilir. Azərbaycan dövlətində psixoloji sahənin
inkişafına yönəlmiş proqram və göstərişlərinə
əsaslanan Mərkəz yerli təcrübə ilə
yanaşı, beynəlxalq təcrübədən də
yararlanır, inkişaf etmiş ölkələrlə əməkdaşlıq
əlaqələrini genişləndirir, tanınmış
mütəxəssislərin treninq və seminarlarını təşkil
edir.
Vaxtaşırı bütün bölgələrimizdə
ölkəmizin gələcəyi olan körpələrimiz,
şəhid, itkin və qazi ailələrimiz, aztəminatlı
ailələrimiz üçün ödənişsiz psixoloji müayinələr
həyata keçirir, psixoloji maarifləndirmə və
psixoloji xidmət işləri aparırıq. Hərbi hissələrlə
sıx əməkdaşlıqlarımız var, tez-tez orada
çox faydalı layihələr gerçəkləşdiririk.
Ən uğurlu və uzunömürlü layihələrimizdən
biri də "Azərbaycan qadını" layihəsi olub. Təəssüf
ki, pandemiya dövründə məlum səbəblərdən
layihə öz fəaliyyətini dayandırmaq məcburiyyətində
qaldı. Amma biz yenidən bu layihəni bərpa etmək
fikrindəyik.
Qürurla deyə bilərik ki, Mərkəzimiz ölkədəki
psixo-xidmət sahəsində bir sıra ilklərə də
imza atıb. "Loqos" elmi-publisistik psixoloji jurnal bu ilklərdən
sadəcə biridir. Məzmunlu, eyni zamanda, zövqlə tərtib
olunan nəşr çox faydalı bir işlə məşğuldur.
Hər gün dünyada baş verən müharibələr,
terror aktları, iqtisadi böhranlar, təbii fəlakətlərdən
aldığı informasiya yükü həmin xəbərləri
eşidən hər kəsdə psixoloji gərginlik
yaradır. Əslində, bir sıra xəstəliklər də
psixoloji amillərlə əlaqədardır. Təəssüf
ki, əhalinin əksər hissəsi psixoloji müdaxilənin
təsirindən xəbərsizdir. Elə buna görə də
bu sahədə geniş maarifləndirməyə ehtiyac var.
Jurnalımız məhz bu məqsədə xidmət edir.
"Heydər Əliyev İli"nə biz də fəaliyyətimizlə
töhfələr verməyə çalışırıq.
Ulu öndərin 100 illik yubileyi çərçivəsində
mərkəzimiz müntəzəm olaraq silsilə tədbirlər,
dəyirmi masalar, elmi-praktiki konfranslar həyata keçirir.
Bayaq qeyd etdiyimiz Ümumdünya Psixi Sağlamlıq
Gününə həsr edilmiş tədbirlərimiz də məhz
"Heydər Əliyev İli" çərçivəsində
keçirdiyimiz həmin silsiləyə daxildir.
Hazırda 2024-cü il üçün fəaliyyət
planımızı tərtib edirik. Həm regionlarda, həm
paytaxt Bakımızda, həm də xarici ölkələrdə
həyata keçirməyi
planlaşdırdığımız maraqlı layihələrimiz
var. Hələlik, bu barədə geniş açıqlama
verməyimiz, məncə, doğru olmaz.
Gündəmdə olan əsas layihəmiz isə
Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd edilməsidir.
Maksimum dərəcədə insanlara faydalı ola bilmək, cəmiyyətimizdə
maarifləndirmə işi aparmaq, şəhid, itkin ailələrinin,
qazilərimiz və onların ailə üzvlərinin
yanında olmaq, onlarla müəyyən konsultasiyalar, terapiyalar
həyata keçirmək bizim prioritet məsələlərimiz
sırasındadır.
Müharibə şəraitində olan ölkəmizdə
fəaliyyət göstərən psixoloji mərkəz olaraq məqsədimiz
öz sahəmizdə cəmiyyətə mümkün olan
bütün töhfələri verməkdir.
- Bir neçə il öncə "LOQOS" jurnalistlər
üçün təlimlər həyata keçirirdi. Bu
cür layihələrin davamı gözlənilirmi?
- Bəli, 2018-ci ildə Azərbaycan Mətbuat
Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai
Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin
təşkilatçılığı ilə "Vətəndaş
Cəmiyyətinin psixoloji maarifləndirilməsi və
Media" layihəsi həyata keçirildi ki, layihədə məqsəd
jurnalistlər üçün psixoloji təlimlər vermək
idi. Bildiyiniz kimi, media nümayəndələrinin psixoloji
savadlılığı çox vacib məsələlərdən
biridir. Xəbər və insanlarla işləyən bu sahə
xəbərin çatdırılması üçün onun
cəmiyyət üzərində psixoloji təsirlərini də
nəzərə almalıdır. Həmçinin, mediada
ölkəmiz üçün strateji əhəmiyyət
daşıyan istiqamətlərdə psixoloji amillərin
gözlənilməsi də vacibdir. Biz də bütün
bunları nəzərə alaraq, belə bir təlim həyata
keçirdik və təlim çox uğurlu alındı.
Jurnalistlər "Loqos"un paytaxt filialları ilə
yanaşı, Gəncə və Xaçmaz filiallarına da səfər
etdilər, oradakı fəaliyyətlərlə də
yaxından tanış oldular. Yaxın gələcəkdə
bu layihənin davamını gerçəkləşdirməyi
planlaşdırırıq. Əminəm ki, ən az ilk layihə
qədər marağa səbəb olacaq və uğurla nəticələnəcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 10 oktyabr.- S.10.