Azərbaycan və Gürcüstan əməkdaşlıq sahələrini genişləndirməkdə qərarlıdır

 

Azərbaycan hər zaman bütün qonşu ölkələrlə münasibətlərinin inkişafında, əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olub. Avropa ilə Asiyanı birləşdirən ölkəmizin son illərdə artan iqtisadi, tranzit, nəqliyyat-logistika sahəsindəki imkanları onu regional haba çevirməklə yanaşı, qonşuları ilə əlaqələrin daha da inkişafına öz töhfəsini verməkdədir. Belə ölkələrdən biri də Gürcüstandır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər xüsusi xarakterə malikdir. Ölkələrimizi zəngin tarixi əlaqələr, dostluq münasibətləri birləşdirir. İki ölkənin yaxın tarixində də oxşarlıqlar var. Həm Azərbaycanın, həm də Gürcüstanın müstəqillik uğrunda apardığı mübarizə, verdiyi qurbanlar, ərazi bütövlüyünün pozulması və s. qeyd etmək olar.  Qeyd edək ki, dövlətlərimiz arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ötən il diplomatik münasibətlərin 30-cu ildönümü qeyd olunub. Bu müddət ərzində Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edib, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələrin inkişafına əhəmiyyətli təkan verib. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. Hazırda Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Belə ki, 1996-cı il martın 8-də "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Onu da vurğulamaq lazımdır ki, ölkəmizin öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, həmçinin, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Təbii ki, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi əlaqələrin inkişafında mühüm rol oynayır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcək. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər, o cümlədən, iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq müzakirə edilib. Bu, Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də Prezident İlham Əliyev Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Bu il aprelin 7-də isə Gürcüstanın Baş naziri Qaribaşvili Azərbaycana (Qəbələyə) işgüzar səfər edib. Bu səfərlər, eyni zamanda bölgələrə həyata keçirilmək kimi yeni bir ənənənin də əsasını qoyub.

Prezident İlham Əliyev Gürcüstanla münasibətlərdən danışarkən deyib: "Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik".

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı, dost ölkə adlandırıb: "Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15 faiz artıb. Ötən il rekord göstəricilərimiz olub. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artıb. Deyə bilərəm ki, biz istənilən istiqamətdə - enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq edirik".

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, eyni zamanda beynəlxalq platformalarda da bu dəstəyi ifadə ediblər. Gürcüstan, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazır olduğunu da bəyan edib. Qaribaşvili mətbuata bəyanatında deyib: "Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir".

Azərbaycan lideri isə bəyan edib ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər.

Gürcüstanın sülh prosesində vasitəçilik təklif etməsi qonşu ölkənin regional sabitlikdə, inkişafda maraqlı olduğunu nümayiş etdirir.

Görünən odur ki, iki ölkə daha geniş sahələri əhatə etməklə əlaqələrini gücləndirməkdə qərarlıdır. Azərbaycanın dövlət başçısının qeyd etdiyi kimi, həm enerji, həm nəqliyyat sahəsində çox böyük planlar var. Bakı, həmçinin Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak etmək niyyətini də açıqlayıb.

İki ölkənin humanitar sahədə də əməkdaşlığı formalaşıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun Gürcüstanda həyata keçirdiyi çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı "525"ə bildirib ki, Gürcüstan Azəbaycanın regional strateji müttəfiqlərindən hesab olunur. İki ölkə arasındakı ticarət dövriyyəsində son illər artım tendensiyası davam etməkdədir. Belə ki, ölkələr arası ticarət dövriyyəsi 2022-ci ildə 771.8, 2021-ci ildə 761.3, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsində 44 faiz artım qeydə alınıb. 2023-cü ilin ilk 7 ayında isə ölkələr 520.3 milyon dollar qarşılıqlı ticarət dövriyyəsinə sahib olublar. Bu isə bu ildə də ticarət dövriyyəsindəki artım tendensiyasının qorunub saxlanacağından xəbər verir.

Deputat əlavə edib ki, tərəflərin qarşılıqlı əməkdaşlığı eyni zamanda yaşıl enerji sahəsində daha da dərinləşməkdədir: "2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması bu imkanları daha da genişləndirib. Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır. 2027-ci ilədək istehsal olunancaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac olunacaq".

V.Bayramovun sözlərinə görə, Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstdən əhəmiyyətini daha da artırır: "Bütövlükdə, hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu, Qafqazda dayanıqlı sülhün əldə edilməsi baxımdan da vacib şərtlərdəndir".

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2023.- 10 oktyabr.- S.5.