Azərbaycan faunası: qorunmasına ciddi ehtiyac olan
misilsiz sərvət
Azərbaycan ərazisinin təbii
şəraiti müxtəlif
olduğundan onun heyvanlar aləmi də çox rəngarəngdir. Burada mindən çox ali heyvan növü,
yaşayır və Azərbaycan faunasında
14 min növ həşərat,
104 növ balıq, 11
növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ
quş, 115 növ məməli qeydə alınıb. Heyvan növlərinin ölkə
ərazisində yayılma
arealı müxtəlifdir.
Bəzi heyvanlar çox məhdud, digərləri isə geniş ərazilərdə
yayılıb. Məsələn,
sərçəkimilər dəstəsinə daxil olan quşlara ölkənin bütün
ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin - sahiblərinin
arealından asılı
olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən
ceyran düzənlik, yarımsəhra, kiçik
təpəlikli dağətəyi
ərazilərdə, Dağıstan
turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarında
və yüksək dağlıq ərazilərdə
məskunlaşıblar. Quşların
bir çox növü meşələrdə,
dağlıq və düzənlik ərazilərdə,
digərləri su hövzələrində, zərərverici
cücülər müxtəlif
aqrosenozlarda, ölkə
faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif
ekosistemlərdə yayılıb.
Ümumdünya Vəhşi Təbiəti
Müdafiə Fondunun
(WWF) Azərbaycan nümayəndəliyinin
rəhbəri Elşad
Əsgərov deyir ki,
Azərbaycan dövləti
nəsli tükənmək
həddinə çatmış
növlərin xilası
üçün müxtəlif
tədbirlər görür.
Bunlardan ən əsası xüsusi mühafizə olunan təbiət ərazilərinin
yaradılmasıdır. XXI əsrdə ölkəmizdəki
həmin ərazilərin
ümumi sahəsi 2 dəfə genişlənib.
Onun sözlərinə görə,
Azərbaycanın mərkəzi
düzənlik və dağətəyi bölgələrində
tarixən ceyranlar geniş yayılmışdılar.
XX əsrin əvvəlində
motorlu texnika çıxandan sonra ovçular onları maşınlarla qovaraq ovlamağa başladılar.
Tez bir zamanda az qala nəslini
kəsməyə nail oldular.
1960-cı ildə zooloqlar
tərəfindən aparılan
sayılma prosesi bu növün ölkədə cəmi
200 baş qaldığını
göstərdi. Təcili
atılan addımlar sayəsində Bəndovan
yasaqlığı, Şirvan
qoruğu yaradıldı
və növ burada bərpa olmağa başladı.
Lakin Azərbaycanın bir
çox ərazilərində
ceyranın tarixi arealı çərçivəsində
bu növə hələ də rast gəlinmir. Məsələn, Ceyrançöl
kimi böyük ərazidə ceyranın adı qalıb, özü isə yoxdur. Ona görə növün tarixi arealını bərpa etmək üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, WWF və IDEA
İctimai Birliyi tərəfindən uğurlu
reintroduksiya layihəsi
aparılır: "Bu vaxtacan
350 başa yaxın ceyran Şirvan Milli Parkından tutularaq respublikanın digər ərazilərinə köçürülüb.
Yeni ərazilərdə ceyranlar
artaraq dayanıqlı
populyasiyalar əmələ
gətirib. ETSN, WWF və
IDEA İB tərəfindən həyata keçirilən
digər uğurlu layihə meşə kəllərinin (zubrların)
reintroduksiya yolu ilə bərpasıdır.
Həmin heyvanlar ərazimizdə çox qədim zamanlarda yaşayıblar. Sonuncu Qafqaz zubru təbiətdə
1927-ci ildə ovlanıb.
2018-ci ildən başlayaraq
ölkəmizə 35 başa
qədər zubr gətirilib. Onların təbii artımını
da nəzərə alsaq,
artıq 50 baş heyvan layihə ərazisində yaşamaqdadır.
Şahdağ Milli Parkının
İsmayıllı bölməsinin
ərazisində volyer
şəraitində yaşayan
zubrların yarısı
vəhşi təbiətə
buraxılıb. Daha sonra Qafqaz nəcib
maralı, köpgər,
bezoar keçisi, Şərqi
Qafqaz turu və s. növlərin də reintroduksiya yolu ilə tarixi
arealının bərpası
sahəsində işlərə
başlanılıb".
Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə
doktoru Gülbəniz Qasımova bildirib ki, daim mühafizəyə ehtiyacı olan heyvanlardan biri də amfibilərdir. Həmin heyvanlar elmi və tədris,
tibbi və bioloji təcrübələrin
aparılmasında laboratoriya
heyvanı kimi geniş istifadə olunur. Hər il dünyada təcrübə
məqsədilə iri
tədris və elmi laboratoriyalarda minlərlə qurbağa yarılır. Həmin heyvanlar biosenozda maddələr dövranında
iştirak edir və qida zəncirində
mühüm yer tuturlar. Onlar, həmçinin meşə,
bağ və bostanların təbii sanitarları hesab edilirlər. Bütün bu faydalarına baxmayaraq, insanlarda amfibilərə qarşı
formalaşmış mənfi
münasibət var. İnsanlar
amfibiləri ziyanlı
və zərərli hesab edərək onlardan qorxur və ya görkəmlərindən
çəkinirlər. Ona görə
də əksər insanların amfibilərlə
qarşılaşdıqları zaman ilk düşündükləri və
etdikləri hərəkət
onları məhv etmək olur. Bütün bunlara səbəb insanlarda amfibilər haqqında məlumatların azlığıdır.
Ona görə də amfibilərin tədqiqi ilə yanaşı, qarşıya qoyulan məqsədlərimizdən biri
də insanları qurbağalar haqqında məlumatlandırmaq və
maarifləndirmə tədbirləri
həyata keçirməkdir.
Keçirilən belə
maarifləndirmə tədbirlərindən
sonra amfibilərə qarşı münasibətdə
müsbətə doğru
dəyişikliklər müşahidə
edilir.
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının
müdiri, biologiya üzrə fəlsəfə
doktoru Təvəkkül
İsgəndərov bildirib
ki, Azərbaycanda 241 fauna və
460 flora növü təhlükə
altındadır. Yeni nəşr
olunan "Qırmızı
kitab"a ölkə
ərazisində yaşayan
89 növ onurğasız
heyvan, 11 növ balıq, 6 növ amfibi, 18 növ sürünənlər, 78 növ
quşlar və 39 növ məməli heyvanlar daxil edilib. Biologiya və ekologiyada nəsli kəsilmək bir növün və ya cinsin
yox olması, biosferin kiçilməsi deməkdir.
Azərbaycanın təbiəti müxtəlif
landşaft xüsusiyyətlərinə
malikdir. Bu səbəbdən
ölkənin faunası
olduqca zəngindir. Heyvanların müasir taksonomik təyinatlarına
görə, Azərbaycanda
798 növ və yarım növ mövcuddur. Onların müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi,
populyasiyalarının say və
sıxlığı, mövcud
təhlükələrlə bağlı problemlər, yaşayış yerlərinin
keyfiyyəti, yayıldığı
arealın sahəsi vacib götürülərək
elmi dərəcədə
araşdırılır və
qorunma statusu təyin olunur: "Say və sıxlıqda azalmağa doğru gedən dinamika müşahidə edilən
heyvanlar təhlükə
həddinə yaxın
statusda hesab olunur. Həssas növ statusuna isə son 10 il ərzində
yaşayış yerlərinin
30 faizə qədəri
azalanlar daxildir. Həmin sahə insanların məskunlaşması,
çirklənmə və
digər səbəblərdən
azala bilər. Digər əsas kriteriya növün sayca azalmasıdır. Son
10 ildə növün
sayı 30-40 faiz azalıbsa, həmin heyvanlar da həssas növə daxil edilir. Bu növlər üçün xüsusi
mühafizə tədbirləri
görülür. Daha
ciddi status təhlükə
həddində olan növdür. Yaşadığı
areal son 10 ildə 50-80 faiz,
populyasiyalarının sayı
50 faizdən çox azalan heyvan növləri
artıq təhlükə
həddində hesab olunur. Əgər araşdırmalar nəticəsində
kəmiyyət göstərici
tam dəqiqdirsə, təhlükə
həddində olan növ kimi daha
ciddi qorunma statusu əldə edir və Azərbaycan
Respublikasının "Qırmızı
kitab"ına daxil edilir. Ən ciddi vəziyyət isə böhranlı növdür. Həmin növün yaşadığı
bölgə, say və
sıxlıq 90 faiz azalmağa məruz qalır, ən ciddi qorunma statusu
əldə edir. Hər on ildən bir Azərbaycan faunası yenidən araşdırılır və
nəsli kəsilmə
təhlükəsi ilə
üz-üzə olan növlər Azərbaycan Respublikasının "Qırmızı
kitabı"na daxil edilir. "Qırmızı
kitab"a daxil edilən növlər dövlət tərəfindən
olduqca ciddi qorunur. Onları ovlamaq, yaşadıqları
bölgəyə müdaxilə
etmək qadağandır.
Həmin şəxslər
dövlət tərəfindən
təyin olunan müvafiq cərimələri
ilə cəzalandırılır.
Bu, həmin heyvan növünün qorunması
üçün ilk tədbirdir.
Növbəti tədbir
növlərin ekoloji vəziyyətinin bərpası
prosesidir. Ölkəmizdə
bu sahədə bir çox layihələr həyata keçirilir. 2010-cu ildən
etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən reallaşdırılan
reintroduksiya layihələrini
buna nümunə göstərmək
olar".
Onun dediyinə görə, hazırda işğaldan azad olunan Qarabağda
erməni vandalizmi səbəbindən bölgənin
faunasına ciddi zərər dəyib. Gələcəkdə aparılacaq
tədqiqatlar vasitəsilə
bölgədə sıradan
çıxmış populyasiyaları
aşkar etmək, daha sonra müəyyən
edilən üsullar ilə heyvanat aləminin yenidən bərpası mümkündür.
Həmin istiqamətdə
müəyyən layihələr
hazırlanıb həyata
keçiriləcək: "İşğal dövründə
Bəsitçay və
Oxçuçayda yayılan
balıq növlərinin
qanunsuz ovlanması, çayların ermənilər
tərəfindən çirkləndirilməsi
nəticəsində balıq
növlərinin sayında
azalma müşahidə
edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təşkilatçılığı ilə həmin çaylara balıq növlərinin körpələri
buraxılır və
bioloji müxtəliflik
təmin olunur. Qarabağda qorunmaya ehtiyacı olan ərazilərdə yeni qoruqların
yaradılması ilə
bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Zoologiya İnstitutunun
mütəxəssisləri tərəfindən müzakirələr
aparılır. Sovet dövründə ərazidə
mövcud olan qoruqlar erməni vandalları tərəfindən
pis vəziyyətə
salınıb. Həmin
qoruqların fəaliyyətinin
bərpası istiqamətində
tədbirlər nəzərdə
tutulur".
Alim hesab edir ki, ölkənin fauna növlərini
qorumaq üçün
əhalinin məlumatlandırılması
olduqca vacibdir. İctimaiyyətin növlərinin
qorunmasında iştirakını
təmin etmək məqsədilə onların
həmin heyvanlar barədə ətraflı
məlumata ehtiyac var:
"Bəzən heyvan
növünün tamamilə
yox olub-olmadığı
bilinmir. Nəsli kəsilmiş hesab edilən heyvanın hələ də sağ qalması sübuta yetirilə bilər. Bu, çox nadir rast gəlinən hadisədir. Belə fauna növlərindən biri də Soltanquşdur. Ətinə görə avropalılar tərəfindən
çox ovlandığı
üçün XVIII əsrdə
nəslinin tükəndiyi
düşünülürdü, lakin 200 il sonra Yeni Zelandiyanın Cənub adasında yerləşən
Murchison dağlarında qayalıq
bir bölgədə yaşadığı aşkarlandı.
Bu quşların çəkisi
4 kiloqram, boyu isə 65 santimetrdir. Yer üzərində təxminən
200 ədəd olduğu
təxmin edilir. Qeyd edək ki, Soltanquş 2018-ci ildə Azərbaycanın Abşeron
bölgəsində yaşayan
sakinin həyətinə
düşüb. Ev şəraitində yaşaya
bilmədiyi üçün
daha sonra Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən
müvafiq təbiət
ərazilərinə buraxılıb.
Bu vəziyyətdə, həmin
növlər Lazarus taksonu
adlanan nəsli kəsildiyi düşünülən,
lakin sonra yenidən aşkar edilən heyvanların qeyd olunduğu siyahıya düşür.
Nəsli kəsilməkdə
olduğu üçün
risk altında olan bəzi heyvan növləri Beynəlxalq
Təbiəti Mühafizə
Birliyinin iki ildən bir qırmızı siyahısına
daxil edilir. Bir növün qırmızı
siyahıda olması üçün Yer kürəsində 50-dən az
yetkin fərd qalmalıdır. Başqa bir kateqoriya isə həssas növlərdir.
Bunun üçün əsas meyar növün yetkin populyasiyasının 1000-dən az olmasıdır".
Sevinc QARAYEVA
525-ci qəzet.-
2023.- 11 oktyabr.- S.15.