"Əziz dost" haqqında
söz
Nəsr
(Əvvəli ötən çərşənbə sayımızda)
Dövlət quruculuğu, dövlət
hüququ ilə maraqlananlar Platonun bu məsələyə həsr olunmuş əsərini, həmçinin
Siseronun "Dövlət
haqqında" və
"Qanun haqqında"
traktatlarını oxusa,
pis olmazdı. Ailə və dövlətin inkişafı
mərhələlərini öyrənmək
üçün F.Engelsin "Ailənin,
dövlətin və xüsusi mülkiyyətin
mənşəyi" əsəri
yaxşı vasitədir.
Burada dövlətin əsası, ilk hüceyrəsi
olan ailənin, nikahın meydana gəlməsi və inkişaf yolu tədqiq olunur. Konfutsi isə qədim dövrlərdə
Çində ustalıqla
idarə olunan dövlətləri bu vaxt ailəni idarə etmək üçün örnək
olduğunu iddia edirdi.
Qanunların əmələ gəlməsi,
onlara cəmiyyətin,
hətta təbiətin
və iqlimin də, xalqın köçəri və oturaq həyat keçirməsinin necə
təsir göstərməsini,
qanunların sərt, qəddar və mülayim olmasının cəmiyyət üzvlərinin
tərbiyəsinə, davranışına
etdiyi təsirləri
biz böyük fransız
mütəfəkkiri Şarl
Monteskyenin "Qanunların
ruhu haqqında" əsərində tapırıq.
XVIII əsrdə yazılmış
bu əsər, bəlkə də, İngiltərədə müəyyən
qədər təşəkkül
tapmış hakimiyyətin
bölgüsü prinsiplərini
nəzəri cəhətdən
əsaslandırmış, bu ideyanın dövlətin idarə olunmasında, demokratik prinsiplərin bərqərar
olunmasında, hakimiyyətin
hər hansı bir qanadının sui-istifadəsinə yol verməmək üçün
onların səlahiyyətlərinin
ayrı-ayrı sahələrdə
məhdudlaşdırılması, əkslik və tarazlaşdırılma prinsipini
irəli sürür.
Alim öz kəşfi
ilə dövlət hakimiyyətinin qanunvericilik,
icra və məhkəmə hakimiyyətləri
qanadlarına bölünməsi
lüzumunu qeyd edir və bu
bölünmə ilə,
həqiqətən, hakimiyyət
adlanan yırtıcı
şirin iti çaynaqlarını bir
qədər kəsib gödəltmək, Hobbsun
dəniz yırtıcısı
Leviafana bənzətdiyi
dövlətin nəhəng
səlahiyyətlərini onun
ərazisində yaşayan
vətəndaşlar - insanlar
naminə yumşaltmaq
mümkün olur. Hakimiyyətin həqiqi bölünməsi despotiyanın,
tiraniyanın meydana gəlməsinə mane olur, onların qarşısına keçilməz
sədd çəkir.
Monteskye elmi əsərini yazarkən ona qədər olan dövlət formalarını və qanunları təhlil edirdi. O, tarixin gələcəkdə doğuracağı
digər eybəcər
dövlət quruluşu
formasını - totalitarizmi
görə bilməzdi.
Monteskyenin əsəri
olduqca maraqlı dildə yazılmışdır.
Burada biz qədim Roma imperatorlarının qanundan
istifadədəki vəhşiliyi
ilə də tanış olurduq. O vaxtlar bakirə qızların edam olunmasına
icazə verilmədiyinə
görə Avqustdan sonra hakimiyyətə gəlmiş Tiberi asan çıxış yolunu tapmışdı,
o, göstəriş vermişdi
ki, cəlladdar əvvəlcə
həmin qızları
zorlasınlar, sonra onları edam etsinlər. Yaxud qədim almanların sərt qanunları, məhkəmələrin
cinayətkarı mühakimə
etməsi üçün
deyil, onu müdafiə etməsi üçün qurulmasını,
Çin və Yaponiyada sərt, azacıq xətalar üçün ölüm
hökmü müəyyən
edən qanunların mövcudluğunun əhalini
itaətə öyrətməsi,
onların psixologiyasını
pozmasına səbəb
olmasının şahidi
oluruq. Monteskyenin əsərindən biz həm
də ləyaqətli
tarixi şəxsiyyətlərlə
tanış oluruq. Müəllif VIII əsrin
sonunda, IX əsrin əvvəlində frankların
kralı və Qərbin imperatoru olmuş Böyük Karlın ləyaqətlərini
böyük vurğunluqla
təsvir edir. Monteskyenin digər bir əsərində Roma imperiyasının süqutu
problemləri tədqiq
olunur. Ümumiyyətlə,
bu mütəfəkkirin
əsərlərini mütaliə
etməyi mən fəlsəfə, tarix, hüquq məsələlərinə
maraq göstərən
hər bir hazırlıqlı şəxsə
məsləhət görərdim.
Oxucular,
yəqin ki, böyük
siyasət filosofu italyan Nikkolo Makiavellinin əsəri ilə də tanışdırlar. Onun
"Hökmdar" əsəri
hakimiyyətə yiyələnməkdə
ən iyrənc vasitələrdən də
istifadənin yararlı
olduğunu iddia etməklə, siyasət hiyləgərliyinin və
məxfiliyinin "məqsəd,
vasitələrə haqq
qazandırır" sözləri
ilə ifadə edilən və sonralar məkr rəmzi kimi qəbul edilən makiakvallizmin əsasını
qoymuşdur. Müəllifin
"Florensiyanın tarixi"
kitabı Orta Əsr şəhər-dövlətinin
tarixinə ekskurs etməkdə yaxşı
yol göstərən
olması ilə yanaşı, bir qüsuru ilə də seçilir. Florensiyaya pozğunluq, qanlı müharibələr
bəxş etmiş, əxqsızlıqlar və
əzablar gətirmiş
hakim Borçia sülaləsi
əsərdə məddahlıqla
təsvir olunur, onlara xüsusi təzim və aludəlik kitabın canına hopmuşdur. Atası papa VI Aleksandr kimi
neqativlik simvolu olan, qətllər təşkil edən Çezare Borcia etalon sayıla bilən hökmdar kimi təqdim olunur.
Coğrafiya, etnoqrafiya, səyahətlər
haqqında kitablar o qədər çox və maraqlıdır ki, onları həvəslə
oxumağı kütləvi
oxucuya məsləhət
görərdim. Belə
səyahət kitabları
yüngül yazıldığından
maraqla oxunur. Bura Tur Heyerdalın "Kon - Tikidə
səyahət", "Pasxi
adası"ndan tutmuş
Qonçarovun "Palladada
səyahət", nəhayət,
V.Ovçinnikovun "Palıdın kökləri"
və "Sakura budaqları"
kitabları daxildir. Teofil Qotyenin "Rusiya səyahəti"nin,
Dümanın Rusiyaya səfərinə həsr
edilmiş xatirələri
maraqla oxunur. Dünya xalqlarının adət-ənənələri, mədəniyyətləri ilə
tanışlığı 20 cildlik "Stranı i narodı mira"
kitabları verir. Bu kitablar istənilən kitabxananın bəzəyinə
çevrilə bilər.
Nansenin, Amundsenin öz səyahətlərinə
dair kitabları da maraqlıdır.
Heyvanlar
aləmi daim insanı maraqlandırmışdır.
Bu sahəyə həsr
olunan kitablar da maraqla oxunur. Mən məşhur ingilis təbiətşünası
Cerald Darrelin dünyanın heyvanlar aləminə həsr olunmuş kitablar seriyasını oxumağı
təkid edərdim. Kanada tədqiqatçısı
Farli Mouettin, xüsusən canavarlar haqqındakı "Qışqırmayın,
canavarlar diksinər"
kitabı da xüsusi marağa səbəb olur.
Oxucu qədim insanlardan qalmış yadigarlardan uzaqda dayana bilməz.
Miflər, nağıllar
bizi daim qısa müddətə də olsa, uşaqlıq
dövrünə, uşaqlıq
aləminə qaytarır.
Qədim yunan əsatirləri olduqca təsirlidir, onları öyrənmək qədim
yunan və Roma ədəbiyyatını da asanlıqla
oxumaq üçün
şərait yaradır.
Ərəblərin böyük
mədəni abidəsi
"Min bir gecə nağılları"nın əsrarəngiz
aləminə səyahət
adama böyük ləzzət verir. Böyük nağıl ustası H.K.Andersenin
sehrli aləmi olduqca maraqlıdır.
Sent-Ekzyuperinin də sadəlövh və səmimi nağılları
adamı heyran edir. Rablenin, Qrimm qardaşlarının
əsərləri də
nağıl xarakteri daşıyır. "Dünya
xalqlarının mifləri"nin
iki cildliyi və "Mifoloji söz toplusu" əsatirləri öyrənməkdə
yaxşı vasitə
rolunu oynayır.
Öz mütaliə təcrübəmdə
bir vaxtlar dəbdə olan, bəzən hətta öyrənilməsi vacib sayılan marksizm klassiklərinin cild-cild kitablarını öyrənmək
zərurəti ilə
də üzləşməli
olmuşdum, Moskvada təhsil alarkən dərs proqramına uyğun olaraq Karl Marksın "Kapital"ının
I cildini, Friridrix Engelsin fəlsəfi kitablarını, V.İ.Leninin və G.V.Plexanovun iri əsərlərini təkcə
oxunaq deyil, hətta konspektləşdirmək
lazım gəldi.
Mən bir qədər Fransa maarifçilərinin,
ensiklopedistlərinin insanlara
bəxş etdiyi bir töhfədən - ensiklopediyadan
söhbət açmaq
istəyirəm. İlk dəfə
fransız filosofları
D'Alamber və Didro tərəfindən tərtib edilən bu 28 cildlik əsər
1751-ci ildən başlayaraq
21 il ərzində çıxmağa
başladı. Kral XV
Lui yeni baxışları əks
etdirdiyinə görə
əvvəlcə bu kitabı qadağan etdirmişdi. Lakin bu hərtərəfli elm və
məlumat mənbəyinin
böyük fayda verdiyinə əmin olduqdan sonra o, bu qadağanı ləğv etmək məcburiyyətində qaldı.
Deyilənlərə görə,
onun məşuqəsi
madam de Pampadur da bu qadağanın götürülməsini
xahiş edənlər
sırasında olmuşdu.
Bir qraf isə krala müraciət edərək demişdi ki,
mənim bütün
var-dövlətimi alın,
ancaq mənə ensiklopediya kitablarımı
qaytarın. Mən 30 cildlik Britaniya Ensiklopediyası və onun bəzi illik buraxılışları
ilə tanışam.
Rusiyada Brokqauz və Efronun, sovet dövründə isə əvvəlcə
50 cildlik, sonra isə 30 cildlik "Böyük Sovet Ensiklopediyası" buraxılmışdır.
Sonuncunun elmi dəyərini azaltmamaqla, qeyd etmək lazımdır ki, burada siyasi və ideoloji məqsədlər
aparıcı meyl olduğundan, bu, əsərin ümumi qiymətinə xeyli xələl gətirir.
Azərbaycan ensiklopediyası millətin
həyatında ən
böyük mədəni
hadisə xarakteri daşımalı idi. Təəssüf ki, dünyanın
digər inkişaf etmiş ölkələrinin
bu sahədəki mədəni ənənələri
və çox saydakı təcrübələri
görünür lazımınca
öyrənilməmişdi, dövrün və sovet ideologiyasının dar baxış bucağı altında bu kitabların tərtibi cəhətdən
çiy əsasda nəşri başlanmışdı.
Tarixin mühüm hadisələri və şəxsiyyətləri əvəzinə,
kitabın hər cildinin səhifələrini
saysız-hesabsız və
zövqsüz qaydada səpələnmiş adi
adamların və şübhəli ləyaqət
sahiblərinin fotoşəkilləri
bəzəmişdi. Ölkədə
sayı yüzlərlə
ölçülən Sosialist
əməyi Qəhrəmanları
adını daşıyan
qabaqcıl fəhlə
və kolxozçuların,
həmçinin elmə
elə bir töhfəsi olmayan bəzi elmlər doktorlarının tərcümeyi-halı
və portretləri ensiklopediyaya layiq olan yazıların böyük əksəriyyətinin
yerini tutmaqla, məhz onlar üçün nəzərdə
tutulan məkanı zəbt etmiş, bu sığınacağa
həqiqi hüququ olan sakinləri oradan uzaqlaşdırmışdılar.
Bu əmək qəhrəmanlarının
çoxu haqqında məlumatlar şişirdilmiş
rəqəmlərdən başqa
heç bir xidmət nişanəsi ilə əsaslandırılmırdı,
üç vaxtla - doğum, ölüm və bu adı
almaq vaxtları ilə xarakterizə olunurdu. əsasən,
Stalin dövründə, XX əsrin ortası ərəfəsində rəqəmlərin
manipulyasiyası yolu ilə bu ucuz
"şöhrət" zirvəsinə
qalxmış adamlar pambığın, yonca toxumunun və ya qoyunçuluğun dünyada görünməmiş
uydurma məhsuldarlığına
nail olduqlarına görə
elə bil ki, öz xalqı və bəşəriyyət
qarşısında "böyük
xidmət" göstərmişlərə
çevrilmişdilər. Onların
arasında çox sayda kolxoz sədrləri
də var idi. "Qızıl ulduza" yiyələnmiş raykom katibləri isə özlərini adamların
taleyinə qənim kəsilən satraplar kimi aparırdılar. İtaət ətalətinin
bəhrəsi kimi onlar hətta yeni yayılan primitiv folklorun qəhrəmanlarına
çevrilirdilər. Fotoşəkilləri
ilə Ensiklopediyanı
"bəzəyənlər" respublikada yalnız qəhrəmanlardan ibarət
heybətli bir legionun mövcud olması təsəvvürünü
yaradırdı və
xalqa onlarla öyünmək təlqin
edilirdi. Onsuz da adamlara yaxşı məlum olan əxlaqi qüsur sahiblərinin, çünki
həmin qəhrəmanlar
içində belələri
az deyildi, Ensiklopediya kimi müqəddəs ərazidə
məskunlaşması təəssüf
hissləri doğurmaya
bilməz.
Belə
ensiklopediya gələcək
nəsillərə bizim
milli iftixarlarımız, elmi
və mədəni yüksəkliklərimiz haqqında
obyektiv məlumat verə bilmədiyindən,
onu yaradanları da daşıdıqları məsuliyyətdən
azad etmir. Ensiklopediya, məxsus olduğu xalqa başucalığı aşılamalıdır,
onun yazıları heç kəsə xəcalət təri gətirməməli, milləti
natamamlıq kompleksi rəmzinə, onun mədəni və mənəvi mənliyinin qınağı mənbəyinə
çevirməməlidir. Axı
hər gün ensiklopediya yazılmır və onun tez-tez
dəyişdirilməsi cəhdi
isə milli zəka və şüurun zamanın hökmündən
asılı olaraq yaşıl ot kimi əyilməsindən xəbər verir. Əgər ensiklopediya kimi tarix üçün, xalqın əzəməti naminə
nəzərdə tutulan
kitabın yaradılması
çürük ideologiya
qandalına qurban gedirsə, bəlkə də bunun əvəzinə,
məqsəd baxışı
belə həssas səhnə xalqın sonrakı nəsillərinin
şüurunu zənginləşdirən
məqalələrə verilsəydi,
yəqin ki, bu, öz təyinatına uyğun gəlməklə
yanaşı, iftixar hissləri yaradardı. Ancaq yaxşı məlumdur ki, anadangəlmə
əlil doğulan uşaq heç vaxt valideynləri üçün həqiqi
sevinc mənbəyinə
çevrilmir.
İndi isə hamıya yaxşı məlum olan bədii ədəbiyyata keçək.
Qədim yunan və Roma müəlliflərindən
tutmuş müasir dövrədək dünya
ədəbiyyatı çoxsaylı
və çoxçeşidli
incilərlə doludur.
Qədim Roma ədəbiyyatından
Avqust epoxasının
üç poeziya nəhənginin - Horatsinin,
Vergilinin, Ovidinin əsərlərini xüsusi
qeyd etmək lazımdır. Vergilinin
"Bukolika" və
"Eneida"sı maraqla
oxunur, Homeri də dərk etməkdə çox kömək edir. Ovidi Nazonun "Ars Amatoria"sı -"Məhəbbət
elmi" əsəri insanın ən böyük tədqiqat obyektinə, iki cinsin arasındakı münasibətlərə və
ehtiraslara həsr olunmuşdur. Yuvenalın, Apuleyin öz dövrlərini iti baxışlarla qamçılayan
satiraları, yunan Ezopun Romadakı davamçısı Fedrin
mükəmməl və
öldürücü təmsilləri
olduqca maraqla oxunur.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.-
2023.- 11 oktyabr.- S.14.