SEÇKİN VƏ SƏXAVƏTLİ USTAD  

 

Bakı həmin Bakı deyil, çox dəyişib. Zaman axıb keçib, qədər insanlar gəlib-gedib. Paytaxtın küçələrində addımlayan insanlar, baş verən hadisələr qalıb dünənlərdə. Çox şeylər dəyişib. Ancaq küçə həmin küçədir, meydan həmin meydandır. Sadəcə indi adlar başqadır. Bir zamanlar - XX əsrin başlanğıcında bu İstiqlaliyyət küçəsi Nikolayevski imiş. Aşağı tərəfdə "Metropol" hoteli, yuxarı başda bir yanda "Dağıstan", "Təbriz" mehmanxanaları, o biri yana "İslamiyyə", həmişə izdihamlı Bazar küçəsi.

Keçən günə gün çatmaz, deyiblər. Ancaq yaddaşın əli tarixin ən uzaq illərinə , ən uzaq günlərinə yetişə bilir.

Salman Mümtaz təpədən-dırnağa, bütün varlığı ilə tarix olan bir insan idi. Sanki tale onun ömür saatını elə qurmuş, alın yazısını elə cızmışdı ki, tarix özü onun ömründən keçsin. O insanlar ki haçansa onların haqqında yazacaq, onların kitablarını buraxacaq, onların hər birini İlahi şəkildəsə Salman Mümtazın ömür küçələrindən keçirirdi.

Nizami muzeyi 40 ilə yaxındır ki, mənim yerimdir, hər gün mənə doğmalaşmış bu söz məbədinin pillələri ilə qalxıram-enirəm vaxtilə bu pillələrlə Salman Mümtaz da enib-qalxıb - ən azı birini gününə, saatınacan dəqiq bilirəm -1910-cu ildə. Ancaq o ilə bir az sonra qayıdacağam, hələliksə daha əvvələ gedirəm. 1893-cü ildə Salman Mümtazın vur-tut 11 yaşı vardı, mədrəsəyə gedirdi onda Aşqabadda yaşayırdı. Həmin ildə Aşqabadda baş verən sanki adi bir hadisə onun həyatının səmtini müəyyənləşdirir, onu gələcəkdə bağlanacağı məsləkə doğru yönəldir.

Salman Mümtaz mədrəsədə oxuyurdu illər sonra nağıl edirdi ki, həmin məktəbdə elə bir mühit varmış ki, orada elə Salman Mümtaz kimi işıqlı, zəkalı, gözüaçıq gənclər yetişməliymiş. Deyir ki, mənim Əmiraslan adında bir şagird dostum vardı. Mədrəsədə iki dəstəyə bölünmüşdük. Mirzə Əsədulla - müəllimimiz münsif idi, Əmiraslan bir dəstənin başında dayanmışdı, digər dəstənin başında mən. Yarışırdıq.

Bunların yarışı nədən ibarət olmuş ola? Əmiraslangilin dəstəsi şeir deyirmiş, Salman Mümtazın dəstəsi onlara elə həmin havalı şeirlə cavab verirmiş. Şeirləşmənin şərti bu imiş ki, o dəstənin söylədiyi beytinmi, misranınmı, qitəninmi axırıncı hərfi olacaqsa, bu dəstə klassik ədəbiyyatdan, ya müasir şeirlərdən gözəl bir nümunəni söyləməlidir ki, məhz həmin hərflə başlasın.

Salman Mümtaz bu əhvalatın üstündən illər sovuşandan sonra danışırmış ki, biz irəlidə gedirdik, daha yaxşı cavab verirdik növbəti şeir parçasını oxuduq, axırı qurtardı "se" hərfi ilə. Qaydaya görə indi bunlar "se" hərfi ilə şeir başlamalıydılar. Onlara üç dəqiqə vaxt verdik. Elə həmin müddətin bitməsinə azacıq qalmışdı, biz sevinirik ki, sözümüz qabağında söz tapa bilmədilər, qalib olacağıq. Birdən Əmiraslan sevincək qalxdı ayağa ki, , tapdım. Bir beyt dedi, beyt belə idi:

 

Söylədim Müştaqa,

ver kürkünü bir gün geyim.

Dedi: Get-get, vermərəm,

 

o, ityatanımdır mənim.

Salman Mümtaz xatırlayırdı ki, elə qalib gələcəyimiz əsnada Əmiraslanın bu şeiri deməsi, məğlubiyyətdən qurtarması bizim uşaqları bir az pəjmürdə elədi, başladılar cığallıq etməyə, etiraza ki, bu, bir həcv oldu, bizim söylədiyimiz gözəl şeirlərlə uyğun gəlmir. Amma əksinə, mənim həmin beytdən çox xoşum gəldi.

burada 11 yaşlı uşağın hələ o zamandan ədəbiyyata, sözə digərlərindən fərqlənən başqa baxışı olduğu, hətta bu nöqte-yi nəzər onun öz zərərinə işləyəndə belə könlünün təqdir etdiyinin üstündə dayandığı aşkarlanır.

Salman Mümtaz o günün, o anın tarixiliyini, müqəddərata təsir edə bilməsini illər sonrakı ağlı ilə öz içərisində təhlil edərkən belə qənaətə gəlirdi ki, "o çağacan mənim oxuduğum şeirlərin hamısı dovşan balaları kimi bir-birinə oxşayırdı. Amma Əmiraslanın bu şeiri mənə ləzzət elədi, çünki deyiliş tərzi yeni idi, gözlənilməz idi. Mən yoldaşlarımın etirazına baxmayaraq, dedim ki, qəbul edirəm, çox yaxşıdır. Müəllimimiz, münsifimiz Mirzə Əsədulla da bizə şərik oldu, dedi ki, düzdür, yaxşı şeirdir, buna ədəbiyyatda deyərlər "həcv-i məlih", yəni gözəl həcv, zərif həcv.

O gün yarışma yarım saat da uzanıbmış, amma nəhayətdə Salmangil qalib gəlibmiş. Fəqət mədrəsədən gedəndə Salman Əmiraslana deyir ki, o bayaq şeir söylədin ha, həqiqətən, mənim çox xoşuma gəldi. Onun yazanı kimdir axı? Əmiraslan qayıdır ki, Azərbaycanın yeni parlayan şairlərindəndir - Ələkbər Sabir, onun qələmindən çıxıb, mən bu misraları ailə söhbətlərində eşitmişəm.

Əmiraslan bu şeiri ailə söhbətlərində necə eşidibmiş? Sən demə, o, Mirzə Nəsrullah Didənin nəvəsi imiş.

Bayaqkı söhbətdir ha - yolların kəsişməsi, taleyin yönəltməsi.

Salman yaşa dolacaq, Bakıya gələcək, Azərbaycan ədəbiyyatı silsiləsindən sıra-sıra kitablar buraxacaq. Həmin kitablardan biri mədrəsə yoldaşı, ona Sabiri ilk nişan vermiş Əmiraslanın babası Mirzə Nəsrullah Didə haqqında olacaq. Didənin seirlərini Azərbaycan oxucusuna birinci dəfə Salman Mümtaz təqdim edəcək Mümtaz olmasaydı, belə bir şairimizin varlığından bixəbər qalacaqdıq.

...Əmiraslan həmin üzdən adi, amma içərisində tarix döyünən mədrəsədən çıxıb Aşqabadın tozlu küçələriylə evə yollandıqları gündə Salmana bunu da söyləyibmiş ki, eşitdiyimə görə, Ələkbər Sabir hazırda Aşqabaddadır, Məşədi Teymurun karvansarasında qalır, istəsən, gedib görə bilərik.

Necə yəni "istəsən", belə görüşlərə həmişə can atmırdımı Salman?!

Ertəsi gün Əmiraslanla birgə yollanırlar Məşədi Teymurun karvansarasına. Salman Mümtaz yazır ki, o karvansarada yüz hücrə vardı. Sabirin həmin hücrələrdən hansında qaldığını kimdənsə soruşmağa utandıq. Amma baxdıq ki, hücrələrdən birinin qarşısında tiyan qoyulub, bir arıq adam da tiyanın yanında çöməlib. Yaxınlaşıb soruşduq ki, Sabir siz olmayasınız? Dedi ki, bəli, mənəm. Tanışlıq verdik, başladıq söhbət etməyə. Salman Mümtaz yada salır ki, Sabirdən soruşduğum birinci bu oldu ki, o Müştaqa dediyiniz beyt necə yaranıb? Sabir gülümsündü: "Müştaq mənim köhnə tanışlarımdandır, yaxşı şair olmağına yaxşı şairdir, amma həm qəssabdır, özü bir az pintidir. Əynində bir qara kürkü vardı, təmizlənmədiyindən, yuyulmadığından ləkələrlə dolu idi, ona görə mən bu həcvi qoşdum. Bu şeirdən sonra Müştaq getdi kürkü dəyişdi, amma pintiliyi, səliqəsizliyi elə əvvəlki kimi qaldı. Mən elə hərdən ona sataşıram ki, qəssabdır, baş kəsir, qan tökür. Hərçənd, mənim peşəm - sabun bişirmək , sən deyən, yaxşı sənətlərdən deyil, amma neyləyəsən ki, bunun bir üstün tərəfi var. Adamların çirkini-pasını yuyub aparır".

Bu söhbətləri elədiyi əsnada Sabir əlini atır qoltuq cibinə, zəncirli, gümüş saatını çıxarır. Mümtaz xatırlayırdı ki, o saatın üstündə Nəsrəddin şahın şəkli vardı. Nəsrəddin şahın şəkli olmağını da ondan bildim ki, bizim evimizdə gümüş qablar vardı, həmin qabların üstündə o şəkillərdən çəkilmişdi.

Sabir baxır saata, qapağını büküb qoyur cibinə. Uşaqlar da fikirləşir ki, yəqin, saata baxmaqla bizə işarə vurur ki, vaxtdır, durun gedin. Salman qalxır ayağa, ardınca da Əmiraslan. Sabir qayıdır ki, deyəsən, düz eləmədim, saata baxdım. Saata ona görə baxmadım ki, sizə eyham vurum ki, xudahafizləşmək vaxtıdır. Saata baxmağımın səbəbi odur ki, sabunu qoymuşdum tiyanın üstünə, onu da müəyyən dəqiqədən sonra götürmək lazımdır. Adətən saatı qururam, özü xəbər verir. Bu dəfə saatı qurmaq yadımdan çıxmışdı, ona görə baxırdım.

Mümtazın o xatirəsinin işığında saata baxan Sabiri qaibanə aydınca təsəvvür edirəm.

Günlərini, o günləri dolduran işlərini tənzimləmək üçün saata baxan Sabir yaratdıqlarıyla elə bir Millət Saatı doğurdu ki, biz heç vaxt o Saata biganə qala bilməyəcəyik. qədər ki saatlarımızı Sabirlərin, Mümtazların - vətənin bu cür qiymətli balalarının, işıqlı zəka sahiblərinin saatları ilə quracağıq, saatlarımız yatmayacaq, geri qalmayacaq, həmişə Gələcəyin Saatı ilə tən işləyəcək...

...Salman Mümtazın hələ Aşqabadda yaşadığı vaxtlarmış - 1910-cu ilin iyunu. Bakıya gəlibmiş. Özü xəbər verir ki, Bakıya səfərimin səbəbi müəllim Süleyman bəy Əbdürrəhmanovla görüşmək idi.

Süleyman bəy Bakının köhnə müəllimlərindən olub. Mümtazın onu aramaqda məqsədi bu imiş ki, Süleyman bəydən İsmayıl bəy Qutqaşınlı haqqında bilgilər alsın.

Mümtaz "Metropol" hotelində qalırmış. Eşidir ki, Süleyman bəy "İslamiyyə" mehmanxanasına düşüb. Yollanır "İslamiyyə" mehmanxanasına orada dəhlizdə qəfildən Sabirlə rastlaşır. Mümtaz yazır ki, əslində çoxdan görmədiyimdən Sabirin sifəti yadımdan çıxmışdı, o məni tanıdı. Ayaq saxladı, dedi, əfv edərsiniz, gözümə tanış gəlirsiniz. başladı 17 il əvvəl Aşqabadda olan görüşümüzü bütün təfərrüatı ilə nağıl eləməyə, onun yaddaşına heyran qaldım.

İndi baxın ki, Salman Mümtaz Sabirin yaddaşına heyran qalır. O Salman Mümtaz ki, hər kəs onun yaddaşının qeyr-i adiliyinə valeh idi. Gör Sabirin hafizəsi qədər qüvvətli imiş ki, iti yaddaşlı Mümtazı da mat qoyubmuş.

Başlayırlar söhbətə, söz gəlib çıxır "Molla Nəsrəddin" jurnalının üstünə, bəzi yazılarla bağlı fikir bölüşürlər.

"Sabir məni üzdən tanımağına tanımışdı, amma əslində adımı da bilmirdi. Yazılarım haqqında söhbət edəndə dedi ki, o "Molla Nəsrəddin"də yazıları çıxan Salman sənsən?" Mümtaz təsdiq edir bundan sonra söhbətləri bir az da şirinləşir. Mümtaz yerləşdiyi daha üstün sayılan "Metropol" hotelindən Sabirin qaldığı nisbətən ucuz "İslamiyyə" mehmanxanasına köçməyi qət edir. Sabiri göydə axtarırdı, yerdə əlinə düşmüşdü, belə fürsəti fövtə verməkmi olardı?!

Salman Mümtaz sonralar həmin anları xatırlayaraq yazırdı ki, Sabirin Bakıda ola biləcəyini təsəvvür etmirdim. Aşqabaddan Bakıya gəlmişkən niyyət eləmişdim Sabiri görmək üçün Şamaxıya gedəm. Ancaq Şamaxıya getsəydim, həm çox vaxt itirəcəkdim, həm evinə qonaq olub Sabiri əziyyətə salacaqdım. Buradasa eyni mehmanxanada rahatca söhbət etmək imkanımız olacaqdı. Ona görə "Metropol"dan yığışdım "İslamiyyə"yə Sabirə təklif elədim ki, "İslamiyyə"də mənə verilmiş kifayət qədər böyük otağa köçsün, gecəni burada qalaq səhər erkən qalxıb söhbət edərik. Çünki qət eləmişdim ki, Sabirlə müsahibə yazım.

Mümtaz böyük Sabirlə ilk son müsahibəni yazacaq, bu bir neçə vərəqlik sorğu dahi şairin surətini, ədəbi zövqü yaradıcılıq qayəsinin incəliklərini gələcəklilərə çatdıran ən mötəbər körpülərdən birinə çevriləcək, oxuyanlar Sabirin səsini, nəfəsini duymuş kimi olacaqlar. Salman Mümtaz elə öz yaradıcılığında ilk son olan həmin müsahibə ilə bir reportyor, jurnalist kimi mətbuat tariximizdə məxsusi vurğu ilə anılmaq haqqı qazanacaq.

Salman Mümtaz həmin müsahibəsində zahirən ikinci dərəcəli, bəlkə lap kiməsə əhəmiyyətsiz gələ buləcək ayrıntılara da diqqət verir sanki bunu qeyd etməsə olardı. Ancaq oxuyursan, elə həmin ikincidərəcəli adlana biləcək təfərrüatların sayəsində dönüb olursan həmin axşamın, Mümtazlı-Sabirli həmin gecənin şahidi, düşünürsən, guya elə həmin mənzərələri açıq pəncərədən öz gözlərinlə seyr etmisən.

Salman Mümtaz bunu çatdırır ki, otaqda çarpayı, bir kuşetka vardı, mən çarpayını daha münasib bilərək hörmət əlaməti olaraq onu Sabirə təklif etdim ki, orada rahat yatsın, özüm isə kuşetkada uzandım.

10 dəqiqə keçir, 15 dəqiqə sovuşur, yarım saat arxada qalır, amma Sabir hey yerində qurcuxur, yata bilmir. Gah o, gah bu böyrü üstə çevrilir onun narahatlığını hiss edən Mümtaz soruşur ki, ay Sabir, olub, niyə yuxuya getmirsiniz?

Sabir qayıdır ki, vallah, mən ömrümdə purjinli çarpayı görməmişəm, yata bilmirəm, bəlkə yerimizi dəyişək? Dedim, yox, bura narahatdır, bərkdir, ona görə sizə çarpayını təklif etdim.

Dəyişirlər yataqlarını, Sabir uzanır həmin narahat kuşetkaya, ləzzətlə köks ötürür ki, oxay, mən harada görmüşəm purjinli çarpayını, bu, çox yaxşıdı, elə burada yataram.

Düşünürmüşlər ki, gecə yarıyacan söhbətləşmişik, səhər bir az gec qalxarıq, kifayət qədər yatarıq. Amma obaşdandan konkaların, faytonların səsi, bazara gedən adamların hay-küyü onları yuxudan erkən oyadır. Mümtaz kağız-qələm götürür başlayır Sabirə suallarını verməyə. Azərbaycan ədəbiyyatı mənəviyyatının iki çırağı qarşı-qarşıyadır. uzaqgörənmiş Salman Mümtaz! yaxşı ki, o müsahibəni yazıb! Bu qısa söhbətdə gerçək Sabir gündəlik həyatın axarında, iti sözlülüyü, şuxluğu, sabaha bağlı düşüncələri, dərinliyi ilə əl çatacaq qədər yaxın, göz önündədir. Elə kitablar var ki, ömrü bir dəfə oxuyub kənara qoymaq qədərdir. Elə əsərlər var ki, həyatının müxtəlif mərhələlərində yenə qayıtmaq ehtiyacı duyursan. Salman Mümtazın Sabirlə həmin müsahibəsini mən on dəfələrlə deyil, yalan olmasın, yüz dəfələrlə oxumuşam. Az qala sözbəsöz yadımda olsa da, yenə həvəslə oxuyuram sanki həmin sətirlər gözümün qarşısından keçdikcə vaxt qatarı məni alıb aparır 1910-cu ilin hələ qızmarı şiddətlənmiş o xoş yay gününə.

Salman Mümtazın ilk sualı bu olmuşdu ki, sizin birinci təxəllüsünüz "Hop-hop" sözünün mənası nədir səbəbə bunu qəbul eləmisiniz? Sabir belə cavab verir ki, bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib verib. Hop-hop quş adıdır. Bu quşun el arasında başqa bir neçə adı da var ki, Fatmabacı, quqqu, höp-höp, şanapipik deyirlər. Mən bunun əvəzində Məşədi Həbibin təxəllüsünü "Qızdırmalı" qoymuşam. Salman Mümtaz dübarə soruşur: "Sabir, səbəbə təxəllüsünüzü tez-tez dəyişirsiniz?" Bu da Sabirin sərrast cavabı: "Bunu şirvanlılardan mühitdən soruşmalısınız". Salman Mümtaz Sabirin şeirinə diqqət yönəldir: "Molla Nəsrəddin" məcmuəsinin 18-ci nömrəsindəki "Gözəlim" ünvanlı şeirinizin üçüncü beşinci bəndləri ayrı-ayrı bəhrlərdədir. Bunun səbəbi hikməti nədir? Bu müsahibə olmasaydı, kimin ağlına gələrdi ki, o fərqliliyin ardında sırf bir məişət təsadüfü dayanır: "Hikməti səbəbi mürgüləməkdədir. Mən gecələr "Səda" qəzetəsində korrektorluq edirəm. İdarə xüsusi teleqram almır. O qədər gözləyir ki, "Kaspi"ni, "Həqiqət"i sair qəzetləri çap edib qurtarırlar. Onlar çıxandan sonra da "Səda" oradakı teleqramları tərcümə edir, düzülür, basılır, mən korrekturasına baxıram. Mən o şeiri Haşım bəyin mətbəəsində gecəyarı yazmışam. yazarkən mürgüləyib, sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da mabədini yazmışam. Şeir çap olunub gedəndən sonra səhvimi başa düşmüşəm ki, bu da gec idi.

Salman Mümtaz vacib suallardan birini verir: mətbu şeirlərinizin hansını çox bəyənirsiniz? Sabir gülümsünür: "Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacam".

 

- Sonra, yəni vaxt?

- Mürgüləməyəndə.

 

Bu dəfə Sabir Salman Mümtazdan soruşur: "Molla Nəsrəddin" məcmuəsinə seyrək-seyrək şeir yazmağınızın səbəbi nədir?" Salman Mümtaz cavab verir ki, bacarıqsızlığım, bir vaxtımın azlığı. Sabir qımışır: "Bunlar bəhanədir. Yox, sizin bacarığınız da, qabiliyyətiniz istənilən qədərdir. Bax, Ziya paşanın məşhur tərkibbəndindən iki parçanı verirəm sizə. İki saat da vaxtınız var. Görün buna bir nəzirə yaza bilirsinizmi?"

Salman Mümtaz həmin şeiri yazıb tamamlayır, Sabir qələmi götürür, bəzi kəlmələri dəyişir. Az sonra o şeir "Molla Nəsrəddin"də "Xortdan bəy" imzası ilə dərc edilir:

 

Məsciddə görüb bizləri sanma üləmayiz,

Qafqazda qəzetxanlığa rəğbət yenə çıxdı.

 

...Salman Mümtaz özünüyetişdirmənin müstəsna bir nümunəsi idi. Natamam ibtidai təhsil almışdı. Ancaq bu natamam ibtidai savad müqabilində Allahın bağışladığı fitri istedad, fövqəladə yaddaş, çalışqanlıq, zəhmətsevərliyin gücünə, bir bu keyfiyyətlərə calanan yaratmaq eşqi, millət sevgisi ilə elə bir kamilliyə dikəldi ki, özü Universitetə çevrildi, Akademiyaya döndü.

millətimizin tarixində həmişə Universitet-Adam, Akademiya-Adam kimi qalacaq.

 Onda lap gənclik illərindən dillər öyrənməyə xüsusi bir bacarıq şövq vardı. Ərəbcəni, farscanı, ruscanı, türk dillərinin bir çoxunu gərəyincə mənimsəmişdi. Farsca yazdığı şeirlər var. Azərbaycan dilində qələmə aldığı şeirlər qədər səlis, rəvandır. Hətta urdu dilini, hindcəni bilirmiş. Urdu hind dillərində danışmasının tutalğası odur ki, 1930-cu ildə Sovet İttifaqına çox şöhrətli bir qonaq, Şərqdən çıxmış ilk Nobel mükafatı laureatı Rabindranat Taqor gələndə Salman Mümtazı arayırlar.

Rabindranat Taqor müstəsna insanmış. Ünlü yazıçı, filosof olması öz yerində, o həm yaxşı rəssam idi. Fırçasından ( qələmindən - qrafik işləri az deyil) çıxan 2.500-dən artıq rəsm əsəri dünyanın müxtəlif ölkələrindəki sərgilərdə nümayiş etdirilib. Şeir yazıb, nəsr əsərləri . Hamısı qəlbəyatan, oxucusunun qəlbinə nüfuz edən.

1930-cu ildə Rabindranat Taqor Sovet İttifaqına gələndə tərcüməçi olaraq ona Salman Mümtazı ayırırlar. Yəqin, hind dilini bilən başqaları da varmış. Ancaq Mümtazı ona görə seçmişdilər ki, Taqor kimi hərtərəfli bir adamla ancaq elə bu səviyyəli şəxsiyyət layiqli həmsöhbət ola bilərdi. Bir neçə gün sürən ünsiyyətləri gedişində Rabindranat Taqor Mümtazın geniş ağlına, dərin biliklərinə valeh olur.

Salman Mümtaz bir neçə gün nədir, saatlar, dəqiqələr ərzində insanı cazibəsinə salmağın ustasıymış. Azərbaycana 1892 1897-ci illərdə iki dəfə səfər etmiş görkəmli rus yazıçısı Maksim Qorki Bakıya 1928-ci ildə bir gəlir. O vaxt bununla bağlı sənədli film çəkilmişdi. Qorkinin adıyla bağlı bir savab budur ki, həmin səfər günlərində onun ətrafında olmuş ədib ziyalılarımız da o lentdə əbədiləşiblər. Həmin yadigar xronikanın sürətlə keçən bir neçə saniyəlik kadrlarında Salman Mümtaz Maksim Qorki ilə eyni masa arxasındadır. Qorki Bakıda çox qələm sahibləri ilə görüşsə , Salman Mümtaza xüsusi diqqət ayırmış, onu digərlərindən seçmişdi. O, arif adam idi, "həyatın dibi"ni görmüşdü, cah-calalını da, oturub-durduqlarının əksəri bilikli, istedadlı yazıçılar, alimlər, sənətkarlar idilər. Ancaq Mümtazı buradakıların da, elə Moskvadakı çevrəsində olanların da əksərindən üstün bilmişdi, aralarında ailəvi yaxınlıq yaranmışdı.

...İlk addımlarını atan "Molla Nəsrəddin"in ən sədaqətli oxucularından ən ardıcıl müəlliflərindən biri Salman Mümtaz idi. Sədası Qafqazdan Orta Asiyaya, İrandan Hindistana qədər çatan "Molla Nəsrəddin"lə əməkdaşlığı, bu mizah dərgisinə ürəkdən bağlanması hələ Aşqabad çağlarından başlanmışdı. Oradan redaksiyaya məktublar göndərirdi. Bakıya yerləşəndən sonra isə "Molla Nəsrəddin"lə birbaşa bağlandı. Onun "Molla Nəsrəddin"də yer alan şeirlərinin hamısı cəmiyyət ağrıları ilə zoqquldayır. 1910-cu ildə "Molla Nəsrəddin"də Salman Mümtazın növbəti şeiri çıxmışdı:

 

Jurnal deyil, sahe-yi dünyaya cərəsdir,

Rəftar ilə bir növi bizimki belə bəsdir.

 

Mümtaz "Molla Nəsrəddin"i "cərəs" - zəng, zınqırov adlandırır. "Molla Nəsrəddin", həqiqətən , milləti oyatmaq üçün çalınan möhtəşəm zəng idi o zəngi çalaraq yurdu xalqı qəflətdən oyatmağa can atan fədaklar mollanəsrəddinçi şairlərdən biri Salman Mümtaz idi.

XX yüzilin sonlarında Salman Mümtaz vaxtca bizə sanki çox yaxın idi. İndi isə XXI əsr asta-asta irəlilədikcə sanki Salman Mümtaz da bir zamanlar haqqında yazdığı orta əsr şairləri kimi xeyli uzaqlara çəkilib.

XX yüzilin sonlarında böyüdücü şüşəyə çevrilərək Salman Mümtazı zamanca bizə yaxın göstərən müasirlərimiz idi. O çağdaşlarımız ki, Salman Mümtazı görmüşdülər, onunla ünsiyyətdə olmuşdular, haqqında canlı xatirələri bölüşə bilirdilər.

Unudulmaz tarzənimiz Bəhram Mansurov danışırdı ki, uşaqlıq illərində Salman Mümtazı çox görmüşdü - evlərinə gəlib-gedərmiş, atası Məşədi Süleymanla yaxın dost imişlər.

Bəhram müəllim deyirdi ki, atamla Salman Mümtaz zahirən bir-birinə çox bənzəyirdilər. Həqiqətən beləymiş. Hər ikisinin fotoları qalıb, yaxından tanımayan adamın onları qarışıq salması heç təəccüb doğurmaz.

Bəhram müəllim xatırlayırdı ki, yay gəlcəyin köçərdik bağa, orada olduğumuz həftələrdə Salman Mümtaz bizə tez-tez baş çəkərdi. Hər təşrif gətirəndə ətrafdakı dost-tanışlar da onun sorağını eşidib toplaşardılar. Çünki Salman Mümtaz olan yerdə həmişə gecə yarıyadək çəkən maraqlı söhbətlər, çal-çağır vardı.

Bu əhvalat da elə bağ mövsümündə baş vermişdi. Salman Mümtaz yaxşı bazarlıq edibmiş - 15 limon, 2 kisə buğda, 3 kisə Saray qovunu digər xırda-para şeylər. Verir bir arabaçıya ki, apar bizə. Arabaçı da bunu Məşədi Süleymana oxşadır, elə düşünür ki, yükü bağa çatdırmaq lazımdır.

Salman Mümtazın o bazarlığının başında macəra olmasaydı, limonlar, qovunlar üstündən yarım əsr ötəndən sonra görkəmli tarzənin yadında qalardımı: "Arabaçı Salman Mümtazın verdiklərini gətirir bizə. Atam evdə yox idi, şəhərə getmişdi, işləri vardı, iki-üç gündən sonra qayıtdı. Bağda qardaşımla ikimiz idik. Atam gələnə qədər həmin üç kisə qovunun axırına çıxdıq. Bircə dənəsini təbərrük kimi saxlamışdıq, onu atam gələndə kəsdik, qoyduq qabağına ki, buyur, ye. Soruşdu ki, bu qovun hardandı? Dedik, necə yəni hardandı, özün göndərməmişdin? Təəccüblə dilləndi ki, yox, mən heç göndərməmişəm. Sonra bir az fikrə getdi, yəqin, düşünürdü ki, bu necə ola bilər tapdı. Dedi ki, görünür, bunları Salman Mümtaz alıb evinə, ailəsinə yollayıb, bu da çaşıb gətirib bizə. Atam pərtləşdi, cəld qalxdı ayağa, getdi Salman Mümtazgilin qaldığı bağa. Üstündən bir az keçəndən sonra artıq qoşa qayıtdılar..."

Bəhram müəllim bunu da unutmamışdı ki, Salman Mümtazın onlara qonaq olduğu həmin muğamlı, sözlü-söhbətli bağ axşamlarından birində bir dəfə Məşədi Süleyman xəbər alır ki, ay Salman, heç kimim rastına çıxmayan əntiq kitabları hardan tapırsan, necə toplayırsan? Deyibmiş ki, ay Məşədi Süleyman, birincisi, bu məsələdə xəsislik eləmirəm, dərəcədə siqiymət olduğunu hiss etdiyim əlyazma qarşıma çıxanda çək-çevir eləmirəm, satanın ağzından hansı məbləğ çıxırsa, müzakirəsiz çıxarıb haqqını verirəm. Bu xasiyyətimi bildiklərindən əlinə köhnə kitablar, əlyazmalar keçənlər məni qoyub başqasını axtarmırlar, ən əvvəl mənə müraciət edirlər. Amma bəzən görürsən elə kənək adamlar da rastıma çıxır ki, əlyazmanı pula da satmırlar. Anlayıram ki, özlərinə gərək deyil, heç bundan lazım olan kimi istifadə etməyəcək, amma sadəcə bundan ayrılmağa ürəyi gəlmir. Ancaq belə olanda da əl çəkmirəm, dil tökürəm, minnət edirəm, çalışıram təhərsə əldə edim.

Bu da Salman Mümtazın həmin babətdən Məşədi Süleymana söylədiyi hekayətmiş. Deyir, günlərin birində xəbər tutur ki, bir nəfərdə çoxdan sorağında olduğu dəyərli əlyazma var. Həmin adam Mümtazı uzaqdan-uzağa tanıyırmış, hörmət bəsləyirmiş. Görəndə ki, Salman Mümtaz onun qapısına gəlib, dərhal süfrə açır. Ancaq Mümtaz deyir ki, yox, əlimi çörəyə vurmaram. Eşitmişəm səndə Molla Qasım Şirvaninin şeirləri var. Əvvəl o əlyazmanı gətir, görüm, sonra çörək kəsərik. Ev yiyəsi təkid edir ki, ay qardaş, əlyazma qaçmır ki, burda evin içindədir , "bismillah" elə, xörəyimizi yeyək, çayımızı içək, sonra baxarsınız. Mümtaz inad edir ki, mən sənin evinə o əlyazmanın ardınca gəlmişəm, onu görməyincə rahat olmaram, dilimə tikə vurmaram. Kişi görür qonaq yola gələn deyil, əlyazmanı gətirir, Mümtaz başlayır vərəqləməyə. Ev sahibi qayıdır ki, indi başlasan bunu oxumağa, yemək buza dönəcək. Verirəm əlyazmanı, aparın evdə istifadə edin, işinizi vaxt tamamlasanız, gətirib qaytararsınız.

Köhnə bir kaseti qoymuşam maqnitofona. Bəhram ustadın yorğun səsi gəlir, atası Məşədi Süleymanın daha bir Salman Mümtazlı xatirəsini dilə gətirir: "Mümtaz əfəndi söyləyirdi ki, bəzən elə adamla rastlaşıram ki, qədər xahiş-minnət etsəm , daşı ətəyindən tökmür, nəinki əlyazmanı verir, heç göstərmək istəmir. Bir dəfə işim belə yolagəlməz adama düşdü. Eşitmişdim ki, Bakı kəndlərinin birində bir nəfərin çox zəngin kitabxanası var, illərlə çoxlu qiymətli əlyazmalar toplayıb. Getdim onlara. Əvvəldən mənə demişdilər ki, xeyri yoxdu, özünü əziyyətə salma, həmin adam əlyazma-filan verən deyil. Uzaqbaşı sənə göstərəcək onu. Yenə həmişəki kimi yaxşı süfrə açıldı, yedik-içdik, şirin söhbətlər gedirdi, gecə uzanırdı. Bir-iki nəfər qonaq vardı. Onlar da "daha gecdir" deyib sağollaşdılar, qalxıb getdilər. Qaldıq ev yiyəsi ilə mən. Əsnəsə , biliyəmail adam idi. Söhbətlərdən doymurdu, mən ədəbiyyatdan, gördüyümdən, eşitdiyimdən, bildiyimdən danışırdım, həm çalışırdım ki, söylədiklərim maraqlı olsun, kişinin diqqətini çəksin ki, axıracan qulaq assın. Bir saat keçdi, iki saat ötdü, artıq gecə yarı idi, saat iki, ya üç olardı. Hiss elədim ki, artıq yavaş-yavaş ev sahibi mürgü döyür, gözləri qapanır. O vaxtacan gözlədim ki, bunu tamam yuxu tutdu. Kişi yuxulayandan sonra qalxdım, rəfdəki əlyazmanı götürdüm, gördüm ki, xəzinə ilə üzbəüzəm. Əvvəl istədim ki, elə buradaca, axşam-axşam onu köçürüm. Sonra fikirləşdim ki, birdən kişi ayılar, əlyazmanı alar əlimdən. Götürdüm getdim. O gecə sübhəcən yatmadım. Xoruz banınacan həmin əlyazmanın üzünü köçürdüm. Ertəsi gün axşamtərəfi gətirib özünə qaytardım ki, gərək bağışlayasan, yatmışdın, oyatmağa qıymadım, maraq da mənə güc gəldi, icazəsiz apardım ki, baxım, qaytarım. Bir neçə səhifəsini oxudum, gördüm lap mənə lazım olan kitabdır. Təvəqqe edirəm, mümkünsə, ver bunu mən bir neçə gün saxlayım. Əsəbiləşən kimi oldu ki, xeyr, verə bilmərəm. "Neynək" deyib aralandım. Amma artıq mən işimi görmüşdüm. Əlyazmanı əvvəldən-axıracan köçürmüşdüm".

...O miras ki Salman Mümtaz bizə saxlanc edib, hamısını bu cür çətinliklə, min bir zəhmətlə toplayıb. Bu, iynə ilə gor qazmaq kimi ağır əmək idi. Nadir əlyazmanı əldə etmək hələ işin bir tərəfi idi, bu əski vərəqlərdəkiləri oxumaq, bəlli nəticəyə gətirib çıxaran tədqiqlər aparmaq, xam külçəni bitkin insanlarla qalacaq əsər həddinə yetirmək neçə yuxusuz gecə, usanmazlıq, səbat tələb edirdi. Salman Mümtaz daim bunların hamısına hazır oldu ondan qalan ədəbi yadigarların hər sətrinə, hər səhifəsinə nəzər yetirirkən həmişə ən əvvəl xəyalımızda bütün bunları araya-ərsəyə gətirmək naminə onun nələrə qatlaşdığını düşünməliyik.

Salman Mümtaz 1920-ci illərdə Azərbaycana klassik ədəbiyyatımızın naməlum incilərini "Unudulmuş yarpaqlar" silsiləsindən təqdim edirdi. İndi unuduluşdan biryolluq nicat bulmuş həmin əsərlərin hər biri iftixar qaynağımızdır. Oxuyuruq, bunca dərin, zəngin, mənalı keçmişimizin, bunca istedadlı babalarımızın olması ilə qürur duyuruq. Amma həmin əsərləri mütaliə edəndə, zövq alanda, fəxr edəndə həmişə bunu da yaddan çıxarmayaq ki, hər səhifənin bünövrəsində, mayasında Salman Mümtazın özünün heç vəchlə heç vaxt unudulmamalı gərgin əməkləri, hər çiyinin çəkə bilməyəcəyi fədakar zəhmətlərinə qarışmış bitib-tükənməz millət sevgisi dayanır!

...1950-ci illərin ikinci yarısında, artıq bəraətlər mövsümü başlanandan, Salman Mümtazın da üzərindən, digər parlaqlarımız kimi, "xalq düşməni" damğası götürüləndən sonra Dövlət Təhlükəsizlik Komitəsindən onların da ailələrinə müraciət edirlər. Şəhla xanımdan soruşurlar ki, sizin evə gedib-gələn, atanızın arxivinə, kitabxanasına bələd olanlar əsas kimlər idi? Şəhla xanım da o şairlər, yazıçılar, alimlər ki tez-tez mənzillərinə qonaq olar, atası ilə dostluq edərdilər, onların adlarından ibarət iri bir siyahı düzəldib təqdim edir. DTK bu dəfə həmin siyahıda adları çəkilənləri bir-bir dəvət edir, tapşırır ki, Salman Mümtazın evində hansı əlyazmaları, hansı kitabları gördüklərini yazsınlar. Onların hər birinin ayrı-ayrılıqda tərtib etdiyi siyahıları tutuşduraraq yekun siyahı çıxarırlar ki, burada artıq 258 kitab əlyazmanın adı olur. O 258 addan ibarət siyahını da verirlər mütəxəssislərə ki, hesablasınlar bunun qiyməti qədər edə bilər. Təxmini bir qiymət çıxarılır, bunu da dövlət tərəfindən təzminat, əslində həyatı əlindən alınmış Salman Mümtazın qanbahası olaraq verirlər ailəsinə. Ancaq əslində Salman Mümtazın evindən aparılmış kisə-kisə kitabların, əlyazmaların qiyməti heç bir ölçüyə sığan deyildi. Onlar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qızıl səhifələri idi ki, təəssüflər, onların çoxunu biz artıq qayıdışsız itirmişik. Amma tam qayıdışsız da demək olmaz. Söyləyirlər ki, İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindəykən günlərin birində Şəhla xanımın xahişi ilə DTK-ya zəng vurur, tapşırır ki, maraqlanın görək Salman Mümtazın evindən aparılmış əlyazmalar, kitablar necə olub, onlardan qalanı varmı-yoxmu? Guya cavab verirlər ki, onların hamısını DTK-nın - NKVD-nin həyətində o zaman ocaq çatıb yandırıblar...

Həmişə minnətdarlıqla anılmalı bu söz, loğmanımıza ata-anasının verdiyi Salman adının əsas mənalarından biri "səxavətli"dir. Əlində-ovcunda olan var-dövlətini sərf edib xalqın sərvəti olan əlyazmaları topladı, bu söz almazlarını cilalayaraq brilyantlara çevirdi heç bir təmənna ummadan ürək əl açıqlığı ilə, Hatəm səxavətliliyilə xalqına bağışladı. Özünə "Mümtaz" təxəllüsü götürmüşdü. Bu sözün əsas anlamlarından biri "seçkin"dir. Ona qədər heç kimsənin girişmədiyi bu ölçüdə bu həcmdə nəhəng millət işini vicdanla şərəflə yerinə yetirən, xalqın neçə parlaq sənətkarına ölməzlik nəsib edən bir insan, əlbəttə ki, seçkin, əlbəttə ki, üstün, əlbəttə ki, misilsizdir.

Seçkin səxavətli Ustad, məzarı da bilinməyən böyük Salman Mümtaz! Sənin məqbərən bizə təzədən qaytardığın ölməz qələm sahiblərinin solmaz şeirləridir!

Cənnəti insan həmişə yerdən uzaqlarda, səmalarda, xəyali bir aləmdə təsəvvür edir. Amma əsl cənnət millətin bağrının başı, onun öz əziz övladlarına sevgi ilə açılmış qucağıdır.

Salman Mümtaz bundan sonrakı bütün zamanlar içərisində - Azərbaycan xalqı var olduqca, bu xalqın könlündəki söz-sənət şövqü var olduqca həmin cənnətdə, millətin məhəbbətlə açılmış qucağında, millətin bağrının başında yaşayacaq.

6 oktyabr 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 11 oktyabr.- S.12-13.