"Zəkanın rəmzləri"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Pərvanə Əkbərovadır.
Onunla XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən
biri olan Tisian Veçellionun "Zəkanın rəmzləri"
əsərindən danışacağıq.
Tisian Veçellio
İtaliyada doğulub.
Doğum tarixi dəqiq bəlli deyil. O, İntibah dövrü Venesiya məktəbinin inkişafına
əvəzsiz töhfə
verməklə XVI əsr
rəssamlığının ən mühüm simalarından birinə çevrilib. Müasirləri
tərəfindən "Kiçik
ulduzlar arasında günəş" adlandırılan
Tisian portretlər, mənzərə fonları,
mifoloji və dini mövzulardakı əsərləri ilə məşhurlaşmışdı. Tisian öz dövrünün ən yaxşı portret rəssamlarından hesab olunurdu və onun kətanına çəkilmək əbədi
ölümsüzlük demək
idi.
- Pərvanə xanım, rəsmin yaranma tarixçəsi haqqında nə bilirik?
- Rəssam bu tablonu 1565-ci ildə çəkib. Əsər
kətan üzərində
yağlı boya texnikası ilə təsvir edilib. Rəsmdəki insan sifətlərində rəssamın
oğlu Orazio (yetkin), əmisi oğlu Marko Vecellio (gənc) və özünün avtoportreti
(qoca) olduğu təxmin edilir. Rəsm indiki adını portretlərin
üstündə görünən
yazıya görə alıb. Latın dilində olan mətn belə tərcümə edilir:
"Keçmiş təcrübədir,
gələcəyinin qənaətbəxş
olması üçün
bu gün ehtiyatlı ol!" Bu mesaj rəsmin alleqoriyasını deşifrə
etmək üçün
açardır və
rəsm Titianın öz nəslinə ünvanladığı vəsiyyəti
kimi şərh edilməlidir.
- Əsərin rəng həlli necədir?
- Əsərdə daha çox tünd və soyuq rənglərdən
istifadə olunub. Biz rəsmdə insan və heyvan təsvirlərinin sintezini
görə bilirik. Ümumilikdə, rəsm
ilk baxışdan insanda
bədbin, dramatik hisslər yaradır, eyni zamanda təmsili
xatırladır.
- Bəs əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Üç baş insanın üç yaşına işarə edir: gənclik, yetkinlik və qocalıq. Solda qocalıqda Tisian, ortada Tisianla eyni il vəbadan ölən oğlu Orazio, sağda isə əmisi oğlu və varisi MarcoVecellio. Üçbaşlı heyvan
- canavar, aslan və it - ehtiyatlılığın
simvoludur. Əsərdə
daha çox hüzn, həyatın reallığı təsvir
edilib. Rəsm, insanın üç yaşını təmsil
edən üç insan başının müxtəlif yaşlarını
təsvir edir. Yaşlar soldan sağa, qocalıq, yetkinlik və gənclikdir. Bu üz triadası ilə keçmişi yeyən canavar, indinin gücünü təcəssüm etdirən
şir, hürərək
gələcəyi oyandıran
it təsvir edilib.
- Tablo hazırda harda saxlanılır?
- Əsər London Milli Qalereyasında
qorunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsərdə təsvir
olan müxtəlif istiqamətlər keçmiş,
indi və gələcəyə malik olan
zamanın daha geniş konsepsiyasını
əks etdirir. Qurd, aslan və
itin üç heyvan başı keçmiş, indi və gələcək baxımından zamanın
keçidini təmsil
edir. Həyatın üç mərhələdən
ibarət olması gerçəkliyini əsərdə
çox aydın şəkildə görə
bilirik. Tisian öz əsərində Prudens üçlüyünü
ifadə etmək üçün qeyri-adi bir üsul tapmışdı.
Usta haqlı olaraq yetkin insanı
qüdrətli şir
obrazında, xidmətini
yerinə yetirən gənci itin obrazında, həyatı yaxşı bilən, eyni zamanda zəif
və tənha olan müdrik qocanı isə canavarın timsalında təsvir edib.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 11 oktyabr.- S.11.