Uğurlu gələcəyin təməli:
gəncliyi həyata düzgün hazırlamaq
Gənclik fiziki nöqteyi-nəzərdən
yeniyetməliyin sona çatması, özünə
xas olan yüksək fərdi keyfiyyətlərin və dünyagörüşünün formalaşması, müxtəlif
seçimlər aparmaq
və yetkinlik həyatına başlamaq çağıdır. Belə
qəbul olunub ki, gənclik daim yeniliyə can atmaq, ixtiralar və kəşflər etmək,
köhnəni təzə
ilə əvəzləmək,
zirvələr fəth
etmək üçün
ömürdə bir dəfə insana verilən əlverişli fürsətdir.
Böyük Azərbaycan şairi
və mütəfəkkiri
Əfzələddin Xaqani
gəncliyi "əldəki
qızıl" kimi qiymətləndirib, həmin
qızılı torpağa
salıb itirdikdən sonra, nə qədər axtarsa da, tapa bilməməsini dərin təəssüflə ifadə
edib:
Gənclik bir qızıldır,
ömrün əlindən,
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsilə həmin
qızılı
Torpağı yuyuram göz yaşımla mən.
Müddəti uzun olmasa da, gəncli çağının
insan həyatında rolu və əhəmiyyəti
çox böyükdür.
Demək olar ki, insanın gələcək
həyatının yaxşı
və ya pis olmasının əsası gənclik dövründə qoyulur. Gərək həmin dövrü elə ağıllı, ayıq-sayıq
keçirəsən ki, sonradan
ötən illərin
ardınca baxıb təəssüflənməyəsən. Atalar doğru deyiblər ki, özü yıxılan ağlamaz və sonrakı peşmançılıq fayda
verməz.
Təvazökarlıqdan uzaq çıxsa da, qeyd etməliyəm ki, gənclik
haqqında düşüncələrimi
bir vaxt mən də nəzmə çəkərək,
misralarla dilə gətirmişəm:
Sən arzular çeşməsi,
Ümidlər çırağısan.
Ömür adlı evimin,
Ən əziz qonağısan...
Coşqun
yaşamaq eşqim,
Sevincim də səndədir.
Polad kimi əyilməz,
Sərt
gücüm də səndədir.
Gedərkən elə get ki,
Ümidimi aparma.
Gənclik hərarətimi
Ürəyimdən qoparma,
Su təki ax, gəncliyim,
İrəli bax, gəncliyim.
Lakin insanın həyat fəaliyyətində təcrübənin
az olduğu bir zamanda yaşanan
gənclik bir-birini əvəzləyən sərt
döngələri, tez-tez
qarşılaşılan çətin,
mürəkkəb, fırtınalı
və gözlənilməz
situasiyaları ilə
insanı sınağa
çəkir. Elə
bil onu ciddi
imtahan edərək səbrini, dözümünü,
iradəsinin möhkəmliyini
yoxlayır.
Bu sınaqdan uğurla çıxmaq insan həyatının sonrakı
dövrünə müsbət
təsir göstərir.
Beynəlxalq gənclər siyasəti
çərçivəsində gənclik yaşına münasibət müxtəlifdir.
Azərbaycanda mövcud
qanunvericiliyə əsasən,
gənclik çağı
29 yaşda başa çatır. Avropada gənclərin çoxluq
təşkil etdiyi ölkələrdən biri
də Azərbaycan hesab olunur. Ölkəmizdə
əhalinin 9.5 faizə
yaxını bu yaş qrupuna aid edilir.
Bir qayda olaraq, gənclik
ölkənin iqtisadi və sosial inkişafının daha
da çiçəklənməsində,
ölkənin müdafiə
qabiliyyətinin daha da
yüksəlməsində fəal
rol oynamağa qadir kontingent sayılır. Ailədə,
məktəblərimizdə və cəmiyyətin digər sahələrində
gənclərə Vətən
məhəbbəti, doğma
torpaq sevgisi, xalqa və dövlətçiliyimizə
dərin hörmət
yüksək bacarıq
və peşəkarlıqla
aşılanmalı, təsirli
şəkildə təbliğ
edilməlidir.
Azərbaycanın müasir gənclər
siyasətinin müdrik
banisi olan Ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti
dövründə gənclər
siyasətini daim böyük sevgi və yüksək maraqla diqqət mərkəzində saxlayırdı.
O, respublikaya rəhbərliyi
vaxtında gənclərin
fiziki və mənəvi sağlamlığına,
təhsilinə, işlə
təminatına, mənzil
şəraitinin yaxşılaşdırilmasına
və yeni qurulmuş gənc ailələrin maddi və mənəvi
rifahına xüsusi diqqət yetirirdi. Ulu öndər çıxışlarının
birində gənclər
haqqında düşüncələrini
belə ifadə etmişdi: "Hər bir xalq özünün
xoşbəxt gələcəyi
olan ümidlərini
ilk növbədə gənc
nəsilə bağlayır.
Gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunması
onun mənsub olduğu xalqın rifahının, ölkənin
çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir
Azərbaycan gəncliyi
milli mənəvi dəyərlərimizi,
doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi
göz bəbəyi kimi indi də
qoruyub yaşadır".
Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab
İlham Əliyev də
ölkəmizin iqtisadi-sosial
və ordu quruculuğu sahələrində,
bütün vacib məsələlərdə hər
zaman gənclərlə bir
yerdə olduğunu, onları inamla dəstəklədiyini dəfələrlə
bəyan edib. Xalqın, o cümlədən,
gənclərin böyük
sevgisini qazanmış
hörmətli Prezidentimiz
gənclərin təhsilinə
və əməyinə
və digər sosial qayğılarına
daha həssaslıqla yanaşmağı respublikanın
nazirlikləri, idarə,
müəssisə və
təşkilatları üçün
ümdə vəzifə
kimi müəyyənləşdirib.
Dövlətimizin başçısının:
"Mənim gənclərə
xüsusi münasibətim
var. Mənim ürəyim
sizinlədir. Siz bütün işlərdə
mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - sözləri
də bu fikrin parlaq isbatıdır
Möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə
2005-2009-cu illərdə "Azərbaycan gəncliyi Dövlət Proqramı",
2006-2010-cu illərdə "Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının
inkişafı üzrə
Dövlət Proqramı",
"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət
Proqramı", "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf
Strategiyası", "Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə
Dövlət Proqramı"
kimi mühüm sənədlər təsdiq
edilib və icrası uğurla təmin olunub.
Respublikamızda gənclərin rolundan
söz düşəndə
mütləq 2020-ci ildə
44 günlük Vətən
müharibəsində onların
göstərdikləri misilsiz
qəhrəmanlıqlar yada düşür. İqtidar-xalq-ordu
üçlüyünün dəmir yumruq kimi birləşməsi, xüsusilə gənc əsgər və zabitlərimizin böyük
hünər, cəsarət
və qəhrəmanlığı
sayəsində ərazi
bütövlüyümüz bərpa olundu, 30 ilə yaxın davam edən işğala son qoyuldu. Bugünkü əmin-amanlığa
və rahat nəfəs almağımıza,
torpaqlarımızın müqəddəsliyinə
xələl gətirən
ünsülərin ərazimizdən
çıxarılmasına görə biz gənclərimizin
sonsuz fədakarlığına,
əzmkarlığına da borcluyuq. Həmin müharibədə minlərlə
gənc əsgər və zabitimiz Vətən torpağlarının
işğaldan azad olması zamanı son nəfəsə qədər
vuruşaraq qəhrəmancasına
şəhid oldu.
Müasir
dünyamızda elmin,
təhsilin, mədəniyyətin,
incəsənətin, səhiyyənin
və başqa sahələrin elmi-texniki tərəqqi yolu ilə yüksək inkişafda olduğu bir zamanda gənclərin
cəmiyyətdəki rolu
ildən-ilə artır,
onlar ictimai həyatda aparıcı qüvvəyə çevrilirlər.
Fəal
gənclərimiz müxtəlif
sahələrdə yüksək
nəticələr əldə
etmələrinə baxmayaraq,
təəssüf ki, gəncliyin
adına və nüfuzuna ləkə gətirən bəzi neqativ hallara da şahid olur və buna görə dərin məyusluq hissi keçiririk. Həmin gənclər
milli əxlaqımıza, adət
və ənənələrimizə,
eləcə də davranış qaydalarımıza
kökündən zidd
olan hərəkətlərlə
diqqət çəkməyə
çalışırlar. Bu isə tamamilə yanlış və uğursuz yoldur.
Müasir
cəmiyyətimizdə bəzi
gənclərin pis vərdişlərə yaşıl
işıq yandıran
meylləri ailələrin
bədbəxtliyinə, yeni qurulmuş ailələrin
dağılmasına, müxtəlif
faciələrə və
cinayətkarlığın artmasına səbəb olur. Bu kimi hallar
eyni zamanda ailənin, xüsusilə ata və ananın,
məktəbdə müəllimlərin,
cəmiyyətdə isə
ziyalıların nüfuzuna
ciddi xələl gətirir. Elə bu səbəbdən də yaşadığımız
cəmiyyətin bütün
sahələrində gənclərin
pis vərdişlərə
qurşanmasının qarşısını
almaq üçün
təxirəsalınmaz tədbirlərə
ehtiyac var. Biz hamılıqla
gənclərimizi pis vərdişlərdən qorumağı
bacarmalıyıq. Bunun üçün
təbliğat işini
düzgün qurmalı,
daha da gücləndirməliyik.
Bununla da ölkənin
demoqrafik baxımdan qızıl fondunu təşkil edən gənclərimizi qoruya, eyni zamanda, gələcəyimizi
təminat altına
ala bilərik. Gənclik
dövründə valideyn
və müəllim nəzarətindən kənarda
qalan bəzi düşüncəsiz gənclər
ətrafındakılara da neqativ
təsir göstərir,
cəmiyyət həyatı
üçün təhlükə
törədirlər. Nəticədə,
təbiətcə kövrək,
həssas, hövsələsiz
olan gənclər düz yoldan çıxır, mənlik
şüurunu itirərək,
tez bir zamanda
ciddi və düzəldilməsi mümkün
olmayan səhvlərə
yol verirlər. Təcrübəsizlik üzündən
düşdükləri tələdən
isə bəzən ömürlərinin sonuna
kimi çıxa bilmirlər. Odur ki, ailə, valideynlər bu cəhətdən gənclərə ciddi nəzrət etməli, münasibətlərini onları
düzgün yola yönəldəcək şəkildə
qurmalıdırlar. Bu cəhətdən
Demokritin bir fikri çox yerinə düşür:
"Ata-ananın mehriban
münasibəti övlad
üçün ən
yaxşı tərbiyədir".
Nəsrəddin Tusi isə tərbiyə haqqında ən gözəl düşüncələrini
belə izah edib: "Tərbiyənin birinci şərti budur ki, uşağı onun tərbiyəsini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa,
oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafındakıların
xasiyyətini tez götürər. Uşağı
mehribanlıq və məhəbbət doğuran
kəramətlərlə tərbiyə
etmək lazımdır,
xüsusən də ağıla, şüura,
idraka təsir edən başa salmaq yolu ilə.
Pul vermək, şirnikləndirməklə yox".
Gənclərin layiqli övlad və nümunəvi vətəndaş kimi yetişməsində ailənin,
məktəbin və ictimaiyyətin rolu böyükdür. Ancaq mütəxəssislərin fikrincə,
bu işdə əsas ağırlıq valideynlərin üzərinə
düşür. Ona görə
də valideynlər sağlam, mədəni, ağıllı, yaxşını
pisdən seçməyi
bacaran, geniş dünyagörüşlü, vətənpərvər
övladlar yetişdirmək
istəyirlərsə, uşaqların
təlim-tərbiyəsi ilə
ciddi şəkildə,
ən vacib vəzifə kimi məşğul olmalıdırlar.
Ailə tərbiyəsi
ümumi tərbiyənin
təməlini təşkil
edir.
Zakir
BAYRAMLI,
Şair-publisist, Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü
525-ci qəzet.-
2023.- 12 oktyabr.- S.15.