"Evimizə gedirəm,
evimiz Şuşadadır"
"Elçin İsgəndərzadə
Şuşada anadan olub və qarabağlıdır.
Danışığında, rəftarında, yerişində-duruşunda
bir şuşalı ağayanalığı var. Şeirlərində
də o, şuşalıdır.
Yana-yana Şuşanı
yad edir. Amma Şuşa,
Qarabağ onun şeirlərində yaşayır,
Xanın, Qədirin,
Arifin səsiylə, İsa bulağının zümzüməsiylə,
Şuşa qayalarının
sərtliyilə. Şuşanı,
Ağdamı, İsa bulağını,
Cıdır düzünü
onun şeirlərində
bir daha sevdim, bağrıma basdım. Həmkarım, dostum Nizami Cəfərov
doğru buyurur: "Elçin bugünkü poeziyamızın Qarabağ
şikəstəsidir". Bu cümlələr "Bu, Elçin
İsgəndərzadədir" adlı portret-monoqrafiyamın
girişindəndir. 2015-ci ildə
çap olunub.
Otuz illik Şuşa-Qarabağ
həsrəti ilə qovrulan və otuz ildən sonra bu həsrətə
son qoyub Şuşaya qayıdan şair Elçin İsgəndərzadənin
son iki ildə yazdığı şeirlər
məndə elə bir hiss-həyəcan oyatdı ki...
Bizim poeziyada ayrılığın,
həsrətin qəmli
hekayətləri zaman-zaman şairlərin
şeirlərində səslənib.
Hətta o qədər
çox səslənib
ki, bir-birinə oxşar
və bir-birinə təbdil nümunələri həddini
də keçib. Amma
o şeirlərdən bütün
əsrlər boyu yaddaşlarda yaşayanları
da az deyil.
Poeziyamızda ayrılığın, həsrətin Şuşa-Qarabağ
körpüsü vardı.
O körpünü keçib
bu həsrətə
son qoymaq vaxtı yetişdi - 44 gün kifayət elədi ki, bütün ayrılıqlar,
həsrətlər sona
yetdi. Əlbəttə,
poeziya susmurdu, içində ara-sıra pessimizm halları göyərsə də, digər tərəfdən qələbəyə
ümid şölələri
də saçmaqdaydı.
İkimininci illərin
əvvəllərində mən
Şuşa həsrəti
ilə yaşayan - öncə adını çəkdiyim bir şairin - Elçin İsgəndərzadənin bir
şeirini oxumuşdum:
Yolum o yurd səmtinədi,
Düşün izimə-izimə.
Ya qələbə, ya da ölüm
Qoşul
sözümə-sözümə.
Qaldır
döyüş bayrağını,
Hayqır
zəfər sorağını,
Ölsəm, Şuşa torpağını
Səpin
gözümə-gözümə.
Elçin İsgəndərzadə Şuşa həsrətiylə şeirlər
yazdı, həm də Qələbəyə
səslədi yurddaşlarını.
Bu gün poeziyamızda qələbədən doğan
nikbin əhval-ruhiyyə
yaşamaqdadır. Xüsusilə,
Şuşa canlı bir obraz kimi
şeirimizin baş qəhrəmanına çevrilməkdədir.
Elçin İsgəndərzadənin
son iki ildə yazdığı şeirlər
bu obrazı bizim Şuşa sevgimizə poeziya sevgisi kimi daxil
etməkdədir. Elçinin
Şuşa sevgisi onun bu vaxta
qədər yazdığı
şeirlərinin ən
mükəmməl versiyalarıdır
desəm, yanılmaram.
Sevginin şəxsi həyatda da, ictimai həyatda da poeziyada da dəyişilməyən bir
funksiyası var - HEYRƏT. Elçin Şuşaya sevgilərində də bu heyrət hissini itirmir. O, "Xarıbülbül" otelinin
pəncərəsindən Şuşanı
seyr edərkən bir anlıq nostalgiyaya qapılır:
"Pəncərələr bir umudaydı, onda, hər mövsüm çiçəkləyirdi
şüşələrdə nəm... Quşlar da sevda quşlarıydı, sanki pəncərələr
də, küçələr
də sevdaya açılırdı". Bakıda
da Şuşa küləyi
əsir, Şuşa yağışı yağırdı:
Bir qərib oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.
Bir qərib ümid cücərir
Vətən həsrətli baxışlarda.
Küləklər Şuşa küləyi,
yağışlar Şuşa yağışı.
Bir qərib oğlan
dumana qarışır, çənə
qarışır.
Duman nə gözəldi, İlahi,
Külək nə gözəldi,
İlahi,
yağış nə gözəldi
-
oğlan
nə qəribdi, İlahi!..
Elçin bu şeirdə
uğurlu bir metafora ilə Şuşa küləyini,
Şuşa yağışını
obrazlaşdırır. Ümumiyyətlə,
Elçinin şeirlərində
işlətdiyi bədii
təsvir vasitələri
necə deyim: Şuşa küləyi kimi əsir, Şuşa yağışı
kimi yağır. Bir misal: Ağdama həsr etdiyi: "Bir şəhərlik sükut"da
"İndi bir şəhər
susuram, bir uzaq şəhər... Xəyallarımda kor olmuş əllərim bir divar gəzir,
üstü kömür
yazılı, təbaşir
yazılı adımın
baş hərfi o divarda unudub sevdalı olduğunu".
Mən bu şeirlərdə Elçin
İsgəndərzadənin Şuşa sevgisində fərdi hiss-həyəcanların
bir ürəyin içindən keçib necə ümumiləşdirməyə
çevrildiyinin şahidi
oluram. Məncə,
"Şuşam!" şeiri
bu mənada təkcə Elçinin şeiri olmaqdan savayı, o illərdəki
bütün Şuşa
həsrətlilərinin varacağı
arzularıydı:
Ağac
da boynu bükülüydü,
külək də qırıq-qırığıydı
bulud da çilik-çiliyiydi...
Ağacına qurban olum dedim,
buluduna qurban olum, dedim,
daş yoluna qurban olum,
dedim...
O qədər qurban olum dedim ki,
gördüm anam da qurbandı,
gördüm balam da qurbandı...
Qurbanlarını qəbul elə,
Şuşam!
Şuşanı Azərbaycanın "Zümrüd tacı" adlandırıblar (Q.Qasımzadə), Prezidentimizin
qərarı ilə Şuşa rəsmi şəkildə milli-mənəvi
varlığımızın paytaxtı elan edilib. Xatırladım ki, sovet dönəmində də Şuşa bütün maddi-mənəvi gözəlliklərimizin
mücəssiməsi kimi
şeirlərimizdə, bəstələrimizdə,
tablolarımızda əks
olunub. Amma biz otuz ildəki Şuşamızı
poeziyamızın unudulmaz bir səhifəsinə çevirmək
yolunda nələr etmişik? Elçin İsgəndərzadənin şeirləri
bu mənada vaxtında yazılır.
O, Şuşa bədii
tarixinin səhifələrinə
öz imzasını həkk etməkdədir. Onun Şuşa və Qarabağla yazacaqları çox şeirləri hələ
irəlidədir, - deyirəm.
İndi o, bir vaxtlar yaşadığı, indi
isə şəhid olmuş evinin xarabalıqları önündə
düşüncələrə dalır:
İndi ağrı bizim evin hekayətidir,
hərfləri qırıq
sətirləri sökük,
kərpicləri yerlə-yeksan olmuş.
Sevincim dağıntılar altında
çoxdan toza dönmüş, -
çoxdan yoxa çıxmış
və unudulmuş...
Evim yox,
nə ovcumun taleyində,
nə taleyimin ovcunda,
nə dünyanın o ucunda.
Elçinin "Ağdamda ilk şeir",
"Bu şəhər hara gedib?", "Şuşanın
qala divarlarından Malıbəyli kəndinə
baxarkən", "Bir şəhərlik
sükut", həmçinin
"Şuşadakı evimizin
uçuqlarına nöktürn"
şeirləri də otuz illik Şuşa
həsrətinin poetik
bəlirləridir. Əlbəttə,
bu şeirlərin içində rənglər
ağ işığa
bürünməyib, kədər
doğuran rənglərə
meyillidir. Amma o kədər
doğuran hisslər təbiidir. Bu, təkcə
sırf Elçin İsgəndərzadənin kədəri
deyil, o illərin Şuşa həsrətlilərinin
hamısının kədəridir.
Amma elə düşünməyin
ki, Elçin İsgəndərzadə
öz poetik ovqatını ancaq bu kədərə kökləyib. Budur, Cıdır düzü...
Azad olmuş Şuşanın tarixi
bir məkanı. Elçin "qollarını
yana açıb ən gözəl uçuşunu yaşamaq istəyir". O Cıdır
düzündə:
Bütün tərk edilmiş
evlərin sevincini
yaşamaq istəyi var ruhumda,
canımda.
Bütün qaranlıq yolları
işıqla doldurmaq həvəsim
var,
bütün qırıq yolları
bir-birinə
bağlamağım gəlir,
yenidən, yenidən qollarımı
yana açıram,
uçuram, uçuram
-
unutmamaq üçün,
xatırlamaq üçün,
yaşamaq üçün.
Elçin İsgəndərzadə
mərhum deməyə
dilim gəlmədiyi -
onun yaxın dostu Akif Səmədə
həsr etdiyi şeirində yazır ki:
Bu ayrılıq,
bu həsrət
Şükür ki, başa çatır.
Evimizə gedirəm,
evimiz Şuşadadır.
Təkcə onun yox, hamımızın
evi Şuşadadır
və poeziyamız da bu azad
Şuşaya doğru
uçur.
Mən burada
Elçin İsgəndərzadənin
son iki ildəki
şeirlərindən qısaca
söz açdım.
Onun "Azərbaycan"
jurnalının yaxın
saylarının birində
dərc olunacaq şeirləri ilə də tanış oldum və Elçinin
yaradıcılığının yeni, daha mükəmməl
bir mərhələyə
qədəm basdığının
şahidi oldum.
BİR XATIRLATMA: Elçin İsgəndərzadə altmış
yaşı ərəfəsindədir
(gələn ilin sentyabrında), o, müasir
poeziyamızın özünəməxsus
üslubu ilə seçilən, təkcə
Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində
tanınan şairlərdəndir.
Ona poeziyada ilk xeyir-duanı böyük şairimiz Məmməd Araz vermişdi.
Bu yazını
türk dünyasının
iki dünya şöhrətli yazıçısının
Elçin İsgəndərzadə
haqqında söylədikləri
fikirlərlə tamamlayıram:
"Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə çevrilərək
çap olunması ondan xəbər verir ki, Türk
poeziyası
da artıq dünya poeziya okeanına yelkən açmaqadır"
(Çingiz Aytmatov).
"Azərbaycan ədəbiyyatının dünyada təbliğ olunmasında, türkdilli xalqların tanınmış yazıçılarının əsərlərinin və özlərinin Azərbaycan oxucularına tanıtdırılmasında Elçin İsgəndərzadənin misilsiz xidmətləri var" (Anar).
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2023.- 12 oktyabr.- S.14.