Zəfərimiz mübarək
Esse
Torpaq insan kimi ağlayandan,
dağlar təpələrtək,
yurdundan didərgin düşənlər içlərinə
sıxılandan, zaman bizdən,
biz zamandan küsəndən,
öz-özümə "Biz sənə qayıdacağıq,
Qarabağ!" hayqıraraq
bu günün gələcəyinə inanırdım.
Dünyanın belə
qalmayacağına, həsrətə
qovuşacağımıza, haqqın, ədalətin yerini tapacağına, 30 ildə vətən, yurd sevgisi ilə
hər zaman torpaqlarımıza
qayıdacağımızı duyaraq, hiss edərək.
Buna inam verən görünənlər, görülənlər
idi. Bir də sevgidən, istəkdən
doğan daxili intuisiya, olasılar, olmalılar.
Bu millət, bu xalq haqsızlığa nə qədər dözməliydi. Səni hər tərəfdən sıxan, haqqının pozulmasına göz yuman, haqsızı müdafiə edənlərdən
ədalət gözləmək
yersiz idi. Ancaq özünə inamla buna son qoyula bilərdin.
Dünya
belə dünyadı...
Heç kim zəifin, məğlubun yanında dayanmaq istəmir.
Səninlə o vaxt hesablaşırlar
ki, gücünü görürlər,
hamıya yerini göstərə bilirsən.
Hamı
ancaq güclüylə
hesablaşır, danışıqlara
gedir. Zəiflə yox. Ona görə də sən hər zaman var, diktə edən tərəf olmalısan. Sən
ultimatum diliylə danışdıqca,
səndən çəkinirlər.
Bəli,
qaliblər mühakimə
olunmurlar. Məğlubiyyət
isə həmişə
yetimdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində
gücümüzü, mübarizliyimizi,
dediyimizi edə bildiyimizə görə bizə münasibət dəyişdi.
Hərbi
üstünlük, döyüş
hazırlığı, əldə
edilən uğurlar, düşmənə fərqli
hərbi mövqedə
olan Ağdamı, çox çətin, dağlıq, meşəlik
relyefdə yerləşən,
28 ildə hər daşına, ağacına,
koluna, dağına, dərəsinə bələd
olduqları, yaşadıqları
Kəlbəcəri, Laçını
döyüşsüz təhvil
verməyə məcbur
etdi.
Bununla
da erməni ordusu mifi tamamilə dağıdıldı.
lll
Şuşadan Xankəndinə, Ağdamdan
Xocalıya, Xankəndinə,
Şuşaya uzanan yolun itib-batan izinə baxmağa dözmək olmurdu. Buna
son qoymağın vaxtı
idi.
Məqam
bu məqamdı, zaman
bu zaman.
Torpağımızda oturub bizimlə silah gücüylə danışmaq
istəyənlərə son zərbə lazım idi.
Torpağın erməni yarası
yetişmişdi. Qara yara torpaqdan sovrulub atılmalıydı
ki, torpaq da rahatlansın,
biz də.
Yenə
sentyabrda. Bu dəfə
2023-cü ildə.
Birgünlük antiterror tədbirləri nəticəsində düşmənin
bir mülki şəxsinin belə zədə almaması ilə hərbi obyektlərin zərgər
dəqiqliyi ilə sıradan çıxarılmasından
sonra ermənilərin
gur-gur guruldayan separatçı qurumun ordu və siyasi
rəhbərlərinin bəziləri
gizli yolla Azərbaycanı tərk edə bildilər, əksəriyyəti isə
keçid məntəqəsində
saxlanılaraq həbs
edildilər.
Bu, Azərbaycanın Ali Baş
Komandanının, müzəffər
ordumuzun siyasi, hərbi, psixoloji Qələbəsi, böyük
Ermənistan xülyasının
iflası idi!
Sosial şəbəkələrdə 30 il əvvəlki köçlə
bugünkü köçün
şəkillərinə, videolarına
baxıb əsəbləşənlər
çox oldu. Bəli, ağrılı müqayisədir. Biz erməninin
Xocalıda, Ağdabanda,
Qaradağlıda - ümumən
Qarabağda törətdikləri
vəhşilikləri, insana
və insanlığa
sığmayan, ağla
gəlməyənləri edə
bilməzdik. Çünki
biz xalq, millət olaraq o deyilik. Ölkəni tərk edən hansı ermənidən soruşanda
ki, "yaşadığın yerdən səni kim çıxartdı?",
"bizimkilər dedilər:
çıxın!" - söylədi.
Sərhədə necə
gəldiniz, sizə təzyiq olmadı ki, sualına hamısı
"yox" cavabını
verdi. Qayıdacaqsınızmı
sualına isə bəzisi "hə" dedi.
Ermənilər Qarabağdan köç
edərkən tıxacda
qalan ermənilərə
çörək, qida
məhsulları paylayan
Azərbaycan polisinin rəftarını, özlərinin
vaxtiylə Ermənistandan,
Qarabağdan qovulan azərbaycanlılara göstərdikləri
münasibətlə, vəhşiliklə
müqayisə etdilərmi?
O vəhşiliklərə əmr verənlər, icra edənlər bunları görəndə
az da olsa xəcalət çəkdilərmi?
Yaralı erməniyə
ilk tibbi yardım göstərən, qocaya, uşağa dərman verib sağaldan Azərbaycan əsgərini
görəndə insanlıq
haqqında düşündülərmi?
Bəlkə heç olmasa indi insanlığın
nə olduğunu görüb peşmanlıq
hissi keçirərlər.
Amma çətin. İnanmıram!
Bizə
müsibətlər yaşatmış
ermənilərə bizim
mədəni, insani davranışımızı, insanlığımızı
bütün dünya gördü. Hətta görməzlikdən gələnlər
də.
Azərbaycanlılardan həmişə
yaxşılıq gördüklərini,
özləri ilə bizə fərq qoymadıqlarını bildirənlərdən
"Azərbaycanlılar yaxşı
millətdilər. Ermənilər
millət deyil", - deyənlər də oldu. Milləti özününkü qədər
tanıyan olmaz.
Humanistliyimiz, insaniyyətliyimizlə bərabər, başımıza
gələnləri, gətirilənləri
də unutmamalıyıq.
Çünki sən tarixi unudursansa, onu təkrar yaşamalı olursan. Hamıya yerini göstərərək, "sən,
busan" deməyi bacarmalısan. İstifadəçi
həmişə istifadəçidir.
Zaman bizim zaman, dövran türkün dövranıdır!
Hələ 23 fevral 2017-ci ildə
yazdığım "Qara-qırmızı
Xocalı (muğam üstündə oxunan ağı)" poemamda Xocalının azad olunacağından, Xocalı
övladlarının oranı
gülüstana çevirəcəklərindən
yazmışdım:
Bu tarix beləcə qalmaz, Xocalı!
Bu zülmün sonu da mütləq gələcək.
Bizim qəlbimizdə gəzən
ağrıya
Oğullar bir xoşbəxt
sonluq verəcək.
Başı bəlalar çəkmiş,
müsibətlər yaşamış,
yerlə-yeksan edilmiş
Xocalını azad görmək, bu qədim yaşayış
məskənimizdə müqəddəs
bayrağımızın dalğalandığını
seyr etmək təzədən yaşamaq
deməkdir.
Xocalı
da son vaxtlar azad olunan başqa torpaqlarımız kimi qansız-qadasız azad olundu. Biz körpələrimizin,
qadınlarımızın, qocalarımızın qanları
axıdılan torpağa
erməni qanını
axıda bilməzdik. Təmiz qanımız üsyan edərdi. Alışardı.
Çoxdan arzuladığımız Qarabağ artıq tam olaraq bizimdir.
Bizə
Qələbə sevinci
yaşadan Şəhidlərimizin
ruhları artıq şaddır.
Xocavəndi, Ağdərəsi, Xocalısı,
Xankəndisiylə birlikdə.
Hər şey yavaş-yavaş yoluna qoyulacaq. Qarabağ ən müasir bölgələrdən birinə
çevriləcək. Gözəlləşəcək.
Yenə
də Ağdamdan Şuşaya köhnə yolumuzla gedəcəyik. Yolda Xocalıda dayanıb dostları da özümüzlə götürəcəyik.
Düz
100 ildən sonra öz adı özünə qaytarılan
Xankəndimizə getmədiklərimiz
illərin əvəzini
çıxacağıq.
Son vaxtlar yadda qalan aylar, rəqəmlər üst-üstə düşür.
Sentyabrlar, Şuşanın
məhz ayın 8-də
işğaldan azad olunması... Bəlkə də, bunlar təsadüfü deyil...
Ağdamdan Kəlbəcərə də gedəndə artıq bizim olan, yolumuzu gözləyən Ağdərəyə
təzə gözlə
baxıb, dolanbacları
aşaraq daha rahat yolla gedəcəyik.
Gözəllikləri təzədən
seyr edərək.
Azərbaycanın İsveçrəsinə - Kəlbəcərə çatıb
ordan o yana - köhnə dədə-baba
yurdumuza yeni baxışla,
yeni düşüncələrlə baxacağıq.
Neçə əsrlər sonra
ilk dəfə torpaqlarımızı
geri alaraq Qələbə sevincini yaşayırıq.
"Qarabağ bizimdir, Azərbaycandır!" - deyərək
hər zirvəsində,
inzibati binalarında dalğalanan bayrağımıza
baxıb qürurlanırıq.
Qələbə sənə çox
yaraşır, Azərbaycan!
Zəfər sənin haqqındır!
ZƏFƏRİN
MÜBARƏK, AZƏRBAYCAN!
Rəfail
TAĞIZADƏ
525-ci qəzet.-
2023.- 12 oktyabr.- S.13.