Hüseyn Cavidin Arifi və
İblisi freydizm müstəvisində
XX əsrdə yaranan freydizm elmi ədəbiyyatda
metapsixoloji nəzəriyyə
kimi öyrənilsə
də, eyni zamanda, ədəbiyyatda bədii yaradıcılıq
hadisəsidir. Bədii
ədəbiyyatda freydizm
obrazların ziddiyyətli
davranışlarında, onların
fərdi istəkləri
və idealları arasında qaldıqları
psixoloji vəziyyətlərində
nümayiş etdirilir.
Alman filosofu Ziqmund Freydin freydizm nəzəriyyəsinin mərkəzində
insanın şüuraltı
psixi prosesləri - təhtəlşüur hadisəsi
dayanır. Freyd təhtəlşüuru 3 hissəyə
bölür: "O" yaxud
"JD", "Super eqo" və "Mən".
"O" - həzz, zövq,
"libido", həvəslərin məkanı, qeyri-şüuri
davranışlar; "Super eqo" - vicdan, cəmiyyət qaydaları,
kütlə psixologiyası;
"Mən" - özünüqoruma,
reallıq, məntiq.
"Mən" "O" və "Super eqo" arasında tarazlığı
qoruyur.
Ədəbiyyatın ideyaca zənginləşdiyi XX əsrdə
yaşamış böyük
şair və mütəfəkkir Hüseyn
Cavidin "İblis" dramında
freydizmin izləri ilə qarşılaşırıq.
Bu faciə 1918-ci ildə
- Birinci Cahan müharibəsi dövründə
müharibə əleyhinə
yazılmış adi
bir əsər deyil. Cavid müharibənin
səbəbini insanların
şüuraltı prosesləri
aspektində araşdırır
və mürəkkəb
quruluşa malik insan psixologiyasındakı ziddiyyətləri,
dəyişiklikləri freydizmin
əlaməti kimi diqqətə çatdırırdı.
Əsərdə İblis Arifin ruhunun dərinliklərindən
gələn arxetipin reallığıdır. Buradakı
dialoqlara, remarkalara diqqət etsək, görərik ki, əslində
burada obraz olaraq göstərilən surətlər bir insanın daxili aləmidir. Romantizm cərəyanının nümayəndəsi
olan Cavid "insandakı insanı" dərin daxili realizm ilə göstərirdi. Cavid demək istəmirdi ki, insan iblisdir, şairin fikrincə, insanda mənəvi ikiləşmə var və
kamil insan içərisindəki şər
hissləri öldürməyi
bacarandır. "...İblis xəyali-fantastik və mövhumu qüvvə kimi mücərrəd bir aləmdən - "qeybdən nazil" olmamışdır. O , insanın ikinci dünyasından - ruhi aləmindən baş qaldırmışdır". Bu ruhi aləmdə libidoları özündə
birləşdirən "O" bir təhtəlşüur
hadisəsidir.
Alman filosofu Hegel (1770-1831) deyirdi
ki, "Şərqli həmişə
gerçəkliyi təxəyyülün
qüvvəsiylə bəzəyir.
O, hər bir predmeti obraza bürüyür". Belə
obrazlardan biri də Cavidin İblis obrazıdır. "İblis" dramı "O" və
"Super eqo"nun dialoqu ilə başlayır. Baxtin yazırdı ki, sözün
əsl yaşam vəziyyəti dialoqdur. Məhz dialoqda söz öz gizli həqiqətini büruzə verir. Cavid də dialoqların
köməkliyi ilə
Arifin təhtəlşüurundakı
"O" nun güzgüsü kimi İblisi yaradır.
İblis deyir:
Dəryalərə hökm etmədə
tufan
Səhraları sarsıtmada vulkan,
Sellər
kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan...
Bu insan,
iblis - Yunqun kölgə effektinə də uyğun gələn - "O" təhtəlşüur
prosesidir. Ancaq ədəbiyyat, din insanın bu "JD"ni "Mən"in
köməkliyi ilə
idarə etməsinə,
öz ruhunu daima təkmilləşdirməsinə
çalışır.
Dramda nəfs
düşkünü olan
insanlarla, haqsızlığın,
zülmün tüğyan
etdiyi cəmiyyətlə
barışıb yaşaya
bilməyən Arif üsyan edir, "Yar beynimi, aç
qəlbimi! Eyvah, açamazsın" deyərək,
düşüncələrindəki həyatla yaşadığı
həyat arasındakı
əksliyi qəbul edə bilmir. Çünki Arif "JD"ni hərəkətə
keçirən zaman, məkan, səbəbiyyət
üçbucağının insanda yarada biləcəyi enerji ağırlığının skeptik düşüncələrdə
olan, tam şəkildə "arif"
olmayan şəxsdə
davranış dəyişikliklərinə
səbəb ola biləcəyini anlamırdı;
eyni zamanda, insanı bir bütün kimi - rasional və irrasionallığın vəhdəti
kimi də qəbul etmirdi.
İblis
son pərdədə deyir:
Bir zamanlar cəbərut aləminə
Həp ucar, həp öyünürdün də,
bu nə?
Vurulub bir qıza pabus
oldun,
Hırsız oldun, meyə mənus oldun.
Haqqı,
vicdanı bıraqdın,
getdin.
(İxtiyar getdiyi tərəfə işarətlə)
O səfilin qızını
məhv etdin.
Dökülən qanlara həp düşman ikən,
Oldun öz qardaşının
qatili sən...
Bu misralardan aydın olur ki, "O" qalib gələndə İblis bəşəriyyətə
hakim olur. İblis - Arifin təhtəlşüurunun
bir hissəsi olan "O" intiqam hissindəki enerji çoxluğu vasitəsilə
Arifin həqiqət uğrunda
mübarizəsində məğlubiyyətinə
səbəb olub.
"Vəhşiliklərə qarşı üsyanı bütün dünyaya, Allaha qarşı etiraza çevrilən Arif, hər şeyin məhvini tələb edir. Bu çılğın üsyanıyla
da o, Tanrıya yox, İblisə yaxınlaşır.
Ənənəvi Arif
obrazı Hüseyn Cavidin yaradıcılığında
zamanın sınağına
dözmür". Qəhrəmanın
adından da göründüyü
kimi, Cavid Arifi zamanın sınağından çıxarmaq
istəmiş, ancaq Arif şəxsi istəklərinə yenilərək
fərd kimi hərəkət etmişdi.
Professor Səlahəddin Xəlilov
yazır: "Mühit
nə qədər eybəcər olursa olsun, insan öz
şəxsi-mənəvi dünyasında
zəiflik göstərməsə,
səhvə yol verməsə, məğlub
olmaz. İblisə yol açan belə səhvlərdən
biri müəyyən
bir fərdi hissin mütləqləşməsidir".
Arif öz libidolarını nəzərə
almadan və şəxsiyyət kimi formalaşmadan cəmiyyədəki
haqsızlıqlarla - simvolik
olaraq İblislə mübarizə aparmağa çalışırdı. Buna görə də, onun fərdi hissləri ümumbəşəri
həqiqətlərə məğlub
oldu. Böyük ideallar üçün yaşayan, cism və ruhdan ibarət Arif libidolarının əsirinə
çevrildi.
Yuxarıdakı nəzəri ümumiləşdirmələrə
əsasən qeyd edə bilərik ki,
"İblis" dramında Arif surətindəki mənəvi tənəzzülün
onun şüuraltı
prosesləri ilə bağlı olmasından və fikrimizcə, bunun da freydizmlə əlaqələnməsindən, freydizmin izlərini daşımasından xəbər
verir.
Səbinə DÜNYAMALIYEVA
AMEA Naxçıvan Bölməsində
kiçik elmi işçi
525-ci qəzet.-
2023.- 12 oktyabr.- S.12.