Sehrli işığın izi ilə
Yazıçı-publisist Dilarə Adilgili
"366 gün və ya uzun ilin
inancı" romanı
ilə yenidən kəşf etdim. Müəllif bu kitabının əvvəlində
Jorj Simenondan misal gətirir və bizə elə gəlir ki, bunu nahaq yerə xatırlamır. Simenon yazır
ki, "40-dan sonra yazıçının
sözü qurtarır".
Dilarə xanım haqlı
olaraq onun bu fikri ilə
razılaşmır. "Yaşlı
insanlara yazmağa həyat təcrübəsi,
illərin gətirdiyi
müdriklik kömək
edir", - deyir. Mən də müəllifin sözlərinə
şərikəm. Bilirəm
ki, Dilarə xanım yaradıcılığa
gec, əslində ömrünün kamillik çağında başlayıb.
Təcrübə, geniş
mütaliə, görüb-götürmək,
intellektual səviyyə...
Kitablarının uğur
qazanmağı da sadaladıqlarımın
sayəsində olub.
Dilarə xanım bu
son kitabında Azərbaycanın
birillik tarixini yazıb: dəqiqliklə,
yerli-yerində.
Müəllif qələbəmizlə
qurtaran 44 günlük
müharibənin bizə
- Azərbaycan xalqına
gətirdiyi sevinc hisslərinə kitabda geniş yer verib. Əsərdə həmçinin Azərbaycanın
ağır günləri
- Birinci Qarabağ müharibəsi,
o vaxtın dəhşətli
anları, işğal
olunan şəhər
və kəndlərimizin
yerlə-yeksan olunması,
bütün sərvətlərimizin
talan, qəbirlərimizin
təhqir edilməsi xatırlanır. Müəllif
yazır: "Son 30 ildə
o qədər acı çəkmişdik ki, ürəkdən
sevinməyi də unutmuşduq. Bizi inandırmışdılar
ki, heç kimik. Qaçqın, köçkün
yox, xalq kimi itkin düşmüşdük.
Özümüzü tapa bilmirdik".
Müharibənin başlanma
xəbəri xəcalətdən
aşağı dikilən
başları yuxarı
qaldırdı.
Dilarə xanım müharibədən yazarkən
Məhəmməd Füzulidən epiqraf verir: "Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək".
Sonra yazır: "Müharibə
qədər qaranlıq
kəlmə tanımıram,
bilmirəm... Ancaq biz bəlkə də, yeganə millətik ki, müharibə başlayanda
sevincimizdən ağlamışdıq.
27 il "atəşkəs" dövründə yaşayan,
bu yalançı atəşkəsdə nə
qədər şəhid
verən və üstəlik, torpaqları
da işğalda qalan Azərbaycan üçün
bu qaranlıq kəlmə tunelin sonunda görünən
son işıq idi".
Nə gözəl bənzətmədir: "Tunelin
sonunda görünən
son işıq".
Dəyərli alimimiz Sara Osmanlının kitab haqda məqalə-resenziyasında qeyd
etdiyi kimi: "44 günlük Vətən müharibəsinin gedişatının
sanki bələdçisi
qismində çıxış
edən müəllif
oxucunu bir-bir qaytarılan torpaqlarımızın
azad edilməsi ilə bağlı əməliyyatların marşrutları
üzrə aparır".
"366 gün və ya uzun
ilin inancı" əsərinin xüsusi əhəmiyyəti ondadır
ki, burada müharibənin
hərtərəfli verilməsi
ilə yanaşı, müəllif qələminin
publisistikası ilə
bədiilik birləşir.
Bu da kitabın oxunaqlı
alınmasına, maraqla
qarşılanmasına səbəb
olur
Sən demə, müharibənin başlanması
hər bir azərbaycanlının intizarla
gözlədiyi bir gün imiş. Dilarə xanım həmin günlərə aid bir məqamı da xatırladır.
Müharibənin qızğın
yerində (artıq qələbəyə doğru
irəliləyirdik) oktyabrın
10-da atəşkəs elan edilir.
Yazıçı bu atəşkəsin
elan olunmasından sarsıldığını
qeyd edərək:
"Bir an içərisində ətrafımda nə var, rəngini dəyişdi",
- yazır. Müəllifi
qorxudan müharibənin
dayanması idi. Amma həmin an qonşu qızla, çoxuşaqlı,
hüquqşünas Ülviyyə
ilə rastlaşmağı
onu sakitləşdirir
(əsərdə müasir
baxışlı Ülviyyə
də maraqlı obrazdır). Bu cavan qızın pozitivliyi, həyata real baxışı,
diribaşlığı adamı
heyrətə gətirir.
O, çox arxayınlıqla
müəllifə başa
salır ki, bu, müvəqqəti atəşkəsdir,
düşmənə meyitlərini
yığışdırmaq üçün verilən
qısa möhlətdir,
qələbə isə
yaxındadır. Yaxşı
ki, bu atəşkəs
30 il deyil, qısamüddətli
imiş. Əsərdə
döyüşçülərimizin əzmkarlığı, Prezidentimizin
müdrik siyasəti, təsirli çıxışları
və müsahibələri
də öz əksini tapıb.
Epiqrafların hər birinin yerli-yerində olması müəllifin geniş məlumatından
və düzgün seçim qabiliyyətindən
xəbər verir.
Dilarə xanım kitabın fəsillərinin
birində savaşda dünyasını dəyişən
əsgərlərimiz haqqında
"niyə vəfat etdi, həlak oldu demirlər, şəhid oldu deyirlər", - sualını
qoyaraq, doğru şəkildə belə cavablandırır: "Şəhid. Bu, bir titul - Allahın
verdiyi fəxri adıdır", - deyir.
Ona görə ki, şəhidlərimiz
uca zirvəyə layiqdir. Alpinistlərimiz Qızıl Qaya massivinin 2723 metr hündürlüyündə yerləşən
adsız yüksəkliyi
Şəhidlərimizin adı
ilə şərəfləndirmişlər:
"Şəhidlər yüksəkliyi".
Kitabın əsas məziyyətlərindən biri
də odur ki, generallardan tutmuş sıravi əsgərlərimizə
qədər, adlar çəkilir, qəhrəmanlıqlar
sadalanır. Onların
hər birinin keçdiyi ömür yolu xatırlanır.
Dilarə Adilgil oxucunu yormur. Bəzən mətləbdən
yayınaraq başına
gələn, yadına
düşən məzəli
hadisəni oxucusu ilə bölüşür.
Müəllifin yubileyi
- onun doğum günü qələbəmizlə
eyni vaxta təsadüf edir. Müəllif yubiley günündən danışarkən
belə bir ifadə işlədir:
"Kosmik hədiyyə".
Ona verilən, yaxud özü-özünə etdiyi
hədiyyələrdən başqa,
Allahın ona bəxş etdiyi hədiyyəni "Kosmik hədiyyə" adlandırır.
"Eksklüziv. Əsl
yubiley bəxşişi".
Onun yubileyi ilə bir günə
düşən "Zəfər
günü". Qələbə!
Bundan da böyük hədiyyə ola bilərdimi?
Kitabda o qədər yerinə düşən bənzətmələri var ki... Məsələn, 60 yaş.
"Bu, sadə rəqəm
də deyildi, 60 idi. Rəqəmlər qocalmasa da, ağırlığını
dərhal hiss elədim,
sanki üstünə
müdrik bir kədər çökdü".
Dilarə Adilgilin yazılarında bir səmimiyyət var. Əsərlərində
ailə həyatına,
məişətə də
yer ayırıb. Müəllifi ailədə
də, doğmaları
arasında da həssas
təbiətli, qayğıkeş
ana, nənə, xala, bacı kimi görürük. Onun həyatı, yaxın qohumlarla ünsiyyəti, mehribançılığı oxucu üçün əsl nümunədir.
Dilarə xanımın
yazılarında istər
sənədli romanlarında,
istərsə də məqalələrində, demək
olar, bircə şablona, çeynənmiş
ifadəyə rast gəlinmir.
Yazıçının "366 gün və ya uzun
ilin inancı" əsərinə ön söz yazan professor Bədirxan Əhmədovun
sözləri lap yerinə
düşür: "Dilarə Adilgilin bu əsərində
yeni bir üslub var; bu üslub ədəbiyyatımızda
heç alışmadığımız
bir üslubdur. Yəni yazıçı
özünün baş
qəhrəmanı olduğu
əsərdə bədiiliklə
memuar ədəbiyyatını,
publisistikanı bir araya gətirir". Biz də yəqinliklə deyə bilərik ki, bu iki xüsusiyyət,
hörmətli professorumuzun
dediyi kimi, müəllifin yaradıcılığının
əsas qayəsini təşkil edir.
Dilarə xanım dənizi sevir. Dənizdə, uzaqlarda görünən bizim diqqətimizi çəkməyən
mayakı da. Onun gəmilərə yol göstərən işığında,
orda çalışan
insanın tənhalığında
bir romantik həyat var. Bu, bizi də o sehrli işığa bağlayır.
Arzu edirəm ki, Dilarə xanım
o sehrli işığı
bizdən əskik etməsin, müntəzəm
yazıb-yaratsın!
Mənzər NİYARLI
525-ci qəzet.- 2023.- 12 oktyabr, №184.- S.12.