Vətən
səmasında Bayrağa
çevrilən qəhrəman
Üç il əvvəl sentyabrın
27-dən başlayan və
44 gün davam edən, hər günü bir qəhrəmanlıq salnaməsinə
çevrilən Vətən
müharibəsi təqvimə
qara rənglə yazılan işğal günlərini qırmızı
rəngli azad olunma tarixləri ilə əvəzlədi.
Rəşadətli ordumuz
canı, qanı bahasına addım-addım
ərazilərimizi düşmən
işğalından azad
etdi, hər gün döyüş meydanlarından şad xəbərlər eşitdik.
Hər gün qəhrəman döyüşçülərimiz
irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən
tapdağından azad etdikləri ərazilərdən
bir qarış belə geri çəkilsinlər.
Qəhrəman zabit və əsgərlərimiz cəmi
44 gündə nəinki
otuz illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi,
hətta 200 ildən sonra Azərbaycanın möhtəşəm Qələbə
tarixini də yazdı. Vətən müharibəsində Azərbaycan
Silahlı Qüvvələri
müasir dövrün
yeni döyüş ənənələrini
formalaşdırdı. Belə
ki, minimum canlı qüvvə
itkisi, maksimum səviyyədə hərbi
texnoloji yeniliklərdən
yararlanmaq ordumuzun əməliyyatlar tarixində
yeni səhifə açdığını
deməyə imkan verir. Hətta mütəxəssislər də
bildirirlər ki, Silahlı
Qüvvələrimizin 44 gün
ərazində apardığı
döyüş əməliyyatı
dünyanın ən qabaqcıl hərbi məktəblərində araşdırılır
və öyrədilir.
Ordumuzun ağıllı
və düşünülmüş
azadetmə əməliyyatı
digər vacib məqamlarla da yadda qaldı.
Belə ki, hərbçilərimiz
düşmənin gözləmədiyi
yerlərdən, dərinliklərdən
sızaraq daha strateji mövqeləri azad etdilər.
2020-ci il oktyabrın 9-da Azərbaycan
Ordusu misilsiz qəhrəmanlıq göstərərək
növbəti dəfə
şanlı uğur əldə etdi. Erməni işğalı
altında qalan bir neçə yaşayış məntəqəsi,
o cümlədən, Xocavənd
rayonunun Hadrut qəsəbəsi
düşmən tapdağından
xilas edildi. Həmin gün 44 günlük Zəfər dastanının ən şanlı səhifəsindən
biri - Hadrutun azadlığa qovuşması
xəbəri xalqa çatdırıldı. Onun
işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin
döyüş meydanındakı
uğurlarını daha
da artırdı, böyük
Zəfərə gedən
yolda strateji üstünlük qazandırdı.
Hadrut Qarabağ inzibati
ərazisinə daxil olduğu üçün
ermənilər bu qəsəbənin itirilməsi
ilə heç cür barışa bilmirdilər.
Hadrutun müdafiəsi işğalçı
Ermənistan üçün
mühüm əhəmiyyət
daşıyırdı. Birincisi,
bura artıq ərazi baxımından ermənilərin qeyd şərtsiz iddia etdiyi Qarabağın dağlıq hissəsinə
daxil idi. İkincisi, Füzuli və Cəbrayıl istiqamətində yerləşən
hərbi hissələrin
həm idarəetməsi,
həm də təchizatı Hadrutdan həyata keçirilirdi.
Üçüncüsü, hələ
SSRİ dövründən cənub istiqamətindəki
sovet qoşunlarının
ehtiyat silah-sursat anbarı burada yerləşib və indiyə qədər onlar Ermənistan ordusunun istifadəsində
olub. Bu anbarlarda böyük miqdarda silah-sursatın ələ
keçiriləcəyi istisna
deyil. Nəticə etibarı ilə Hadrutun işğaldan azad edilməsi erməni işğalçılarının
cəbhənin digər
istiqmətlərində müqavimətinin
zəifləməsinə və
digər ərazilərin
həm daha az itki ilə,
həm də daha yüksək hücum tempi ilə azad edilməsinə şərait yaratdı. Hadrutun azad edilməsi
ordumuzun Vətən müharibəsində keçirdiyi
ən uğurlu hərbi əməliyyatlardan
biri hesab olunur və bu, müharibənin sonrakı gedişində mühüm əhəmiyyət
kəsb edirdi. Çünki Cəbrayıl
rayonundan, Cəbrayıl
şəhərindən sonra
Hadrutun azad edilməsi hərbi əməliyyatların davam
etdirilməsi üçün
xüsusi əhəmiyyətə
malik olan hadisə idi. Bu, eyni zamanda,
ordumuzun hücum əməliyyatları zolağını
kifayət qədər
genişləndirməsi ilə
nəticələndi. Cəbrayıl,
Füzuli, Xocavənd rayonlarında hücumun sürəti artdı, qüvvələrimizin bir
hissəsini isə Tuğ, Çanaqçı,
Sığnaq, Daşaltı,
Şuşa istiqamətinə
yönləndirə bildik.
Məhz Hadrutun azad edilməsi xalqımızın yalnız
ətraf rayonları deyil, o cümlədən,
Qarabağın dağlıq
hissəsinin də azad edilməsi uğrunda döyüşlərə
və bu döyüşlərin qələbə
ilə nəticələnəcəyinə
ümidini artırdı,
Şuşanın azad
olunmasında Hadrut döyüşlərinin
çox böyük rolu oldu.
Əslində, düşmən Hadrut istiqamətində Azərbaycan
Ordusunun hücumunu gözləmirdi. Onlar Azərbaycan hərbçilərini
Şuşada başqa
istiqamətdən gözləyirdilər.
Oktyabrın 7-dən başlayan
ağır döyüşlər
qısa müddətdə
Azərbaycan Ordusunun uğuru ilə başa çatdı. İkinci Qarabağ müharibəsi və
Hadrut döyüşləri cəmiyyəti elə simalarla tanış etdi ki, bəzən həmin qəhrəmanları
yaxından tanımadığımız
üçün peşmanlıq
hissi keçiririk. Onların döyüş
yolu, göstərdiyi şücaət silahdaşlarının
xatirələrində bizə
əyan olur. Bu xatirələri eşitdikcə
həm belə məğrur həmvətənlərinlə
fəxr edirsən, həm də onların vaxtsız itkisi insanı çox kədərləndirir.
Qarabağ uğrunda gedən döyüşlər
hər iki hissi eyni anda
yaşamağı bizə
öyrətdi. Vətənin
bütövlüyü naminə
sevincimizin həddi-hüdudu
olmadı. Lakin bir yandan da nakam talelər yaddaşımızda,
Azərbaycan tarixində
dərin, bir ömür unudulmayacaq izlər buraxdı.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı
ilə yaddaşımıza
həkk olan igidlərdən biri də baş leytenant Səid Rəşidzadə idi. Səid Nofəl oğlu Rəşidzadə
1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində
anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev
adına 207 saylı
tam orta məktəbdə
təhsil alıb.
2007-2011-ci illərdə Heydər
Əiyev adına Ali Hərbi məktəbdə
ali təhsilə yiyələnib. O, 2011-ci ildən
etibarən Azərbaycan
Silahlı Qüvvələri
sıralarında xidmət
edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində
Azərbaycanın Milli Qəhrəmanı
Polad Həşimovun rəhbərliyi altında
döyüşüb. Şahidlərin
dediyinə görə,
Polad Həşimovun şəhid olması xəbəri Səid Rəşidzadəni bərk
sarsıdıb. O, bu müharibədən kənarda
qala bilməzdi. Mübariz İbrahimovun şəhid olduğu yerdə tağım komandiri olub, Aprel döyüşlərində
Polad Həşimovla birgə döyüşüb,
müharibə görmüş,
təcrübəli zabit
idi. 2019-cu ildə guya onu uyğunsuzluqla
ordudan tərxis edib ehtiyata buraxmışdılar.
Dostları onu xaricə çağırırdı.
Amma təbii ki, hərb
sahəsində neçə
illər fəaliyyət
göstərən Səid
kimi vətənpərvər
döyüşçü Azərbaycanın bu çətin günlərində
baş verənlərə
biganə qala bilməzdi və özünün təkidli
tələbi ilə könüllü olaraq
2020-ci il sentyabrın 27-si döyüşlərə
yollanıb.
Səid
Rəşidzadənin döyüş
yoldaşlarının hər
biri onu öz sıralarında görmədikləri üçün
təəssüf hissi
keçirirlər. O, özündə
bütün yaxşı
xüsusiyyətləri cəmləşdirən
əsl vətənpərvər
kimi silahdaşlarının
yaddaşında qalıb.
Səid döyüşlərə
könüllü qatılsa
da, o, yüksək peşəkarlığa
malik, hazırlıqlı zabit
idi. Elə zabitlər az olur. Qısa müddət ərzində
çox adam tərəfindən tanındı.
Səid müharibə
başlayandan bu bayrağı sinəsində
özü ilə gəzdirib. Hər gün 3 dəfə öpüb, sinəsinə
sıxırmış. Deyirmiş
ki, haranı azad etsələr, ora sancacaq. Səid müharibədə bölük
komandiri kimi iştirak edib. Hadrutun girəcəyində
Şişqaya yüksəkliyindəki
postu azad ediblər. Orada erməni bayrağı olub. Səid deyib ki, mən Azərbaycan zabitiyəm, erməni bayrağı altında dura bilmərəm,
bayrağı dəyişməliyəm.
Əsgərləri "komandir,
səni qarşı tərəfdən vuracaqlar"
deyib onu saxlamaq istəyiblər. Səid isə "vursalar da qorxmayın, kömək gələcək"
deyə cavab verib. Dirəyə yaxınlaşıb bayrağı
asanda onu snayperlə vurublar. 15 dəqiqə ərzində
kömək gəlsə
də, həyatını
xilas etmək mümkün olmayıb. O,
şəhid olandan sonra Səidin adını bayrağa yazıb, dirəkdən asıblar.
Səid
Rəşidzadə oktyabrın
11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını
sancan zaman şəhid
olub. Füzuli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatıldığı
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamlarına
əsasən Səid Rəşidzadə ölümündən
sonra "Vətən
uğrunda", "Xocavəndin
azad olunmasına görə", "İgidliyə
görə" medalları
ilə təltif olunub.
Belə,
igid, cəsur, vətənpərvər oğulların
doğulması, var olması,
dar gündə vətənə sipər olması xalq olaraq başımızın
ucalığıdır! Nə
yaxşı ki, başımızı
düşmən qarşısında
dik tutmağımız
üçün var olmusan
Səid! Fəxrimizsən!
Səid
Rəşidzadənin simasında
bütün şəhidlərimizin
ruhu qarşısında
baş əyirik!
Samir
ƏSƏDLİ
525-ci qəzet.-
2023.- 12 oktyabr.- S.11.