Cəsur döyüşçü

 

2001-ci il martın 13-də Bakının Binə qəsəbəsində dünyaya gələn Murad Əliyev beşuşaqlı ailənin üçüncü övladı idi. Binə qəsəbəsindəki 136 saylı tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra 101 saylı peşə-ixtisas məktəbində tam orta təhsilini başa vuraraq sürücülük ixtisasına da yiyələnmişdi.

Zəhmətsevər idi Murad. İşləmək, ailəsinə dayaq olmaq, öz qazancı ilə yaşamaq istəyirdi. Həm həqiqətsevər idi. Kiminsə xoşuna gəlmək üçün yalandan gülümsəməzdi. Olduğu kimi, göründüyü kimi idi Murad. Heç vaxt haqqı nahaqqa verməyən Murad xalqımıza qarşı, vətəninə qarşı haqsızlıqla da barışa bilmirdi.

"Görürsən kimsə yalan danışır, nəsə düz hərəkət etmir, susuruq çox zaman. O susmazdı, fikrini bildirərdi. Yalandan kimisə, nəyisə tərifləməzdi. Mənə onunla bölüşmək, söhbətləşmək rahat idi. Dost idik. Onunçün darıxsam da, bilirəm ki, qəhrəmandır, ən uca zirvədədir qardaşım" - bunları söylədi bacısı Dilbər.

2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılır. Əvvəl Ağcabədidə, sonra Beyləqanda xidmət edir. Beyləqanda N saylı hərbi hissədə xidmət zamanı həmlə taboruna keçir. Həmlə taborunda olmaq həmişə öndə olmaq deməkdir.

Həmişə öndə olan atıcı əsgər idi Murad. Döyüş tapşırıqlarını yerinə yetirəndə , hücumda da birincilər sırasındaydı.

Atası Hüseyn Əliyev: "Beş övladım var, Murad bir başqaydı mənim üçün. Çox şən, hazırcavab, bacarıqlı idi. Mən kəmhövsələyəm bir az, baxışımdan, adını bircə dəfə çəkməyimdən istədiyimi bilirdi. Ona hirslənə bilmirdim. Çox həssas idi. Hamıyla dil tapırdı. Hərbi xidmətdə az zamanda hamıyla dostlaşmışdı. Döyüş yoldaşları da ondan ürəkdolusu danışırlar. Onlara qulaq asanda oğlumla daha çox qürur duyuram. Hər gün ona "çox sağ ol, oğul" deyirəm".

Hazırcavab, məğlub olmağı sevməyən, cəldliyi, bacarığı ilə seçilən Murad Əliyev əsgəri xidmətdə belə idi. "Çətinliyindən asılı olmadan, güllə altında olsa da, verilən tapşırığı yerinə yetirməli idi. Qorxusu yox idi elə bil" - deyir döyüş dostları.

Anası Reyhanə xanım oğlunun həqiqi hərbi xidmətdən qayıtmasına hazırlaşırdı: "Bir həftəyə gəlməli idi. Xidmət zamanı daha tez-tez zəng edirdi. Müharibə başlayan dönəmlərdə azaldı zəngləri. Müharibə başlayanda xəbər vermədi. Döyüşdə olduğunu demədi. Demə, lap ilk hücumda olanların sırasında olub. Çox narahat idik. Bir oktyabrın 7-də danışdıq. Gülə-gülə danışırdı. Özümdən asılı olmadan ağladım. Yenə zarafatyana dedi: "Ana, niyə ağlayırsan? Bax o azad olunan yerlər var ha, onların hamısını mən azad eləmişəm. Mən torpaqları ermənilərdən alıram, sən ağlayırsan". Oktyabrın 31-də danışdıq son dəfə... Bilirsiz, Murad hələ sağ idi, mən hər şəhidə ağlayırdım. Şəhidlik ən uca məqam olsa da, övlad acısıdır. Mənim oğlum ləyaqətli övlad idi. Başımızı əyəcək bir hərəkəti olmadı. Ölümü ləyaqətli oldu. Bir arzum var ki, xalqımız bundan sonra müharibə görməsin".

Hamının yaddaşında gülə-gülə qalıb: gülərüzlü Murad kimi. Həyatın al-əlvan göründüyü yaşda idi. Həyatın üzünə gülən vaxtı idi. Bir arzusu da vardı Muradın: Şuşaya getmək. Elə Şuşa uğrunda döyüşlərdə "Daha ölsəm , olar" deyirmiş həyatsevər Murad. Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə, noyabrın 5-də şəhid olur Murad Hüseyn oğlu Əliyev. Üzündə təbəssüm, gözlərində sevinc.

Azərbaycanın ərazi bütövlüyü uğruna savaşan, noyabrın beşinə kimi qələbə dolu günləri yaşayan Murad Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

"Döyüş yoldaşlarının söhbətlərindən bildik ki, xidmət zamanı da sevilib Murad. Öz cəsurluğu ilə seçilib. Ölümdən heç kəs qaça bilməz. Hamı ölür. Necə yaşamaq önəmlidir. Murad insan kimi yaşadı, qəhrəman kimi öldü. Seçilmişlərdən oldu. Şəhidlər ruhən ölmürlər, onlar həmişə bizimlədir. Onlar həmişə bizim inam, güvən yerimiz olacaq". Bunları söyləyən Rəna Əliyeva Muradın bibisi qızıdır.

Böyük qardaşı Valehin sözlərinə görə, Murad savaş zamanı tez-tez zəng etmirdi. Döyüşlər haqqında valideynlərinə heç demirdi. "Həmişə şən idi, zarafat edirdi. Şikayətlənməyi sevmirdi Murad. Ürəkli oğul idi. Mən təkcə qardaşımla deyil, bütün döyüşçülərlə, qazilərlə, şəhidlərlə fəxr edirəm. Müqəddəs amal uğrunda döyüşdülər, qalib oldular" - deyir Valeh Əliyev.

Şəhidlərin şəkilləri paylaşılır sosial şəbəkədə: hamısının üzündə təbəssüm var. Hamısı gülümsəyir. Hərdən düşünürəm ki, onların hər biri Muradın anası Reyhanə xanıma dediyi sözləri deyir biz ağlayanda: "Ağlamayın, biz torpaqları azad etmişik ki, siz ağlayasız?"

Ailənin sonbeşiyi Məhəmməddir: "Qardaşım elə bil həm atam, həm qardaşım, həm dostum idi. Mən onunla fəxr edirəm. Böyüyəndə onun kimi qorxmaz əsgər olacağam. Torpaqlarımızı düşmənlərdən qoruyacağam".

Məhəmməd danışır. Mən gözlərindən işıq yağan Məhəmmədin səsindəki inamı görürəm. Müharibələrə qarşıyam, yer üzünə sülh arzulayıram. Amma bu arzunun gerçəkləşməsindən əmin deyiləm. Vətəni düşmənlərindən qoruyacaq oğulların varlığına əminlik isə çox əvəzsiz duyğudur.

 

Kamalə ABİYEVA

525-ci qəzet.- 2023.- 13 oktyabr.- S.15.