Esmira Fuad
YAXUD
ŞAİR HADİ QARAÇAYIN DİL VƏ ƏLİFBA
MÜCADİLƏSİ
III yazı
Güney
Azərbaycan şairlərinin
bir çoxunun şeirlərində sevgiyə,
eşqə münasibət
və dəyər bir ayrıcalıq qazanır. Onların bireydən, yəni fərddən - qızdan, qadından, yaxud oğlandan başlanan sevgiləri əsərin sonuna doğru böyüyərək Vətənləşir,
Uluyurd kontekstində bütünləşir və
ana torpağın uclarında
sınırlanır. Hadi
Qaraçayın da qoşuqlarında
eyni mənzərənin
şahidi oluruq. "İnsanların sayısınca
sevgi sözünün
ayrı-ayrı mənaları
var. Mənim üçün,
"Sevmək, tapdığını
sandığımızda, tapmamış
olduğumuz gerçəklikdir!"
- fikrində olan şair üçün, əslində, şeirin özü elə sevgidir, ruhani eşqdən doğulan nəsnədir, qafiyəyə,
ahəngə, ritmə
salınmış sözlərdən
daha çox, sözlərlə ifadə
olunmuş ritm və ya ahəngdir.
Hətta poeziya, şeir sözlərlə
çəkilmiş tablo
və ya sözlərlə ritmlənmiş
musiqi kimi də xarakterizə edilə bilər. Yuxarıdakı şeiri oxuyarkən oxucu özünü həm də sanki tarix
səhifələrinə köklənmiş
əsrarəngiz musiqi
nümunəsini dinləyirmiş
kimi hiss edir. Qeyd etdik ki, Hadi Qaraçay hər şeydən öncə şairdir, yəni Qorqud Dədə demişkən,
qoşuqçudur. Şairin
fikrincə, şeir siyasi-ədəbi ictimaiyyətin
ortaq nöqtələ-rindən
biridir və dəyişdirmə gücünə
malik olduğundan bütün
toplumlarda özünə
möhkəm yer tutub. Elə bunun üçün də qoşuqçular - şairlər həmişə
diqqət altında tutulurlar. Hətta fikrinə dəstək olaraq dostlarımdan birinin gəldiyi: "Bir də görərsən
ki, Şəhriyar balaca
bir məcmuə verər, Güney Azərbaycanın ən Güney bölgəsindən
tutmuş, Quzey Azərbaycanın ən quzey nöqtəsinə kimi bütün dillərin əzbəri olar, heç bir siyasi təşkilatın,
heç bir siyasi partiyanın görə bilmədiyi işi görər..."
- qənaətini xatırladır.
Hadi uğraşdığı
işin mahiyyətinə
varmağı, daim axtarışlar aparmağı
sevən qələm adamıdır. Müsahibələrinin
birində şeirin - qoşuğun yaranma tarixini lap əski çağlara bağlayır
və onun ilkin materialının söz olduğunu, sözünsə insanın
dil bacarığı
ilə birgə yarandığını vurğulayır.
Söz varsa, qoşuq da var, - deyir:
"Nazim dədə dünyalarca
tanınmış usta
bir qoşuqçudur.
Biz də onun qoyub getdiyi başlıqları
anlamağa çalışan
öyrəncilərik. Nazim dədənin öz seçmələrinə yazdığı
ön sözdə maraqlı bir fikir var: "Nədən yazırsansa, yaz. Bax haaa... Nədən
yazırsansa yaz, təki sənin deyiləcək bir sözün olsun və bu sözü
ən uyğun bir biçimdə deməyi bacarasan..."
H.Qaraçay Nazim Hikmətin
"Nədən yazmaq,
niyə yazmaq, necə yazmaq?" - hədəf, amac və sunum teorisinə
də özəl baxış sərgiləyərək
deyir: "Nədən
yazmaq aşamasında
hansısa sınır
yoxdur, yəni Nazim Hikmət deyir ki, istəyirsən ideolojidən
yaz - necə ki, özü yazır, siyasətdən yaz - necə ki, özü yazır, sevgidən yaz - necə ki, özü yazır, eşqdən, nifrətdən,
nədən yazırsan
yaz, qonu məsələsində heç
bir sınır yoxdur". Nazim Hikmət deyir: "Ben asaletten anlamam. Şapka çıkarmam konuştuğun
dile, düşmanıyım
asaletin kelimelerde
bile..."
J.P.Sartr isə "Ədəbiyyat nədir"
kitabında şeirin özəllikləri ilə
bağlı yazır:
"Şeirdə nədən
yazmaqdan daha çox, necə yazmaq önəmlidir".
Bu amacla yaradıcılıq
yoluna çıxan Hadi Qaraçay Nazim Hikmətin "Təki sənin söyləyəcək
bir sözün olsun!" teorisini önəmsəyərək necə
yazmağın nədənlərindən
bəhs edir. Fikrini əsaslandırmaq üçün iki şairin eyni mövzuda yazdığı
iki ayrı-ayrı şeirindən - Səhəndin
"Taleyimə sən
bax", Hüseyn Süleymanoğlunun isə
"Yasaq dillərin yasaq sözcükləri və mən" adlı şeirlərindən
örnək gətirir:
Yasaq bu dildə yazıram,
yavrum,
Oxuya biləcəkmisən məni?
Ayrıca,
yasaq bu dildə yazmaq
Qanla qan ovlamaq kimi
qıpqırmızı bir şeydir
Yasaq dildə
yazmaq
Və torpağı, suyu, günəşi
Burasızlığa daşımaq kimi
bir dəliqanlılıqdır...
Sonra astaca etiraf edir
ki, onların öz oxucularına deməyə
sözləri vardı...
Və əsas məsələ şeirin
formasında olmasa da, mükəmməl forma yaratmağın
özü də bir ustalıq sayılır. Bəzən
ədəbiyyat, yaradıcılıq,
yenilik bir çox sınırları
sındırır, lakin
bu, heç də o demək deyil ki, sındırılan
hər bir şey yenilik üçündür. Bu sınırları
aşıb keçən
hər kəsin öz qabiliyyəti, bilgi və bacarığıdır.
Hadi bu məsələyə
münasibətdə də
Nazim Hikmətin fikirlərinə
söykək verir:
"Bəzən şeiri
örtən ay işığı,
duman, tül, ima oyunları, yaxud qanadlı sözlər, şahə qalxan atın patosu... Daha sayımmı? Bütün
bunlardan kaçınmak
istiyorum..."
Nazim Hikmətin "Hər sənətkar ömrünün
sonuna qədər arayacaqdır", yəni
axtarışda olacaqdır,
- teorisini özünün
yaradıcılıq kredosuna
çevirən Hadi Qaraçay şeirdən-şeirə
yeni bir forma yaratmağa
çalışır, deyəcəyi
sözü olanda, ona uyğun biçimi, ona uyğun şəkli, formanı tapmağı bacarır. Bir sözlə,
necə yazmaq qonusunda çox diqqətli, bir çox sınırları,
tabuları sındırarkən
yazarlara və özünə atılan daşlara dözümlü
olmalı olduğunu anlayaraq qələmi əlinə götürür...
Hadinin hədəfi Azərbaycan türkcəsində gözəl
şeirlər, əsərlər
yazmağı üstlənən
yeni nəsil gənc şairlər ordusunun yetişməsinə yardım
etmək olub. O, artıq, bu amacına ulaşıb. Çünki Hadi və qələmdaşları
ədəbiyyata gələn
çağlarda gənc
yazarlar barmaqla sayılacaq dərəcədə
az idi. Amma bu gün Güneydə
yeni nəsil yazarlar ordusu yaranıb və onlar dirəniş
ədəbiyyatını formalaşdırırlar.
"Dədə Qorqud",
"Divani-lüğətit Türk", "Oğuznamə"lər,
"Orxon-Yenisey yazıları"
kimi klassik ədəbiyyat örnəklərini
sevə-sevə oxumağı,
dünya ədəbiyyatına
ana dilimizdə, Azərbaycan
türkcəsində yazılmış
bu əsərlərlə
qatqıda bulunmağı
dünya şeirinə
Azərbaycan mədəniyyətinin
vuracağı ulusal damğa saysa da, H.Qaraçay bu ümidlə gəncləri
əprimiş qəliblərlə,
ütülənmiş düşüncələrlə
qorxutmadan, yollarında
ürəkli getmələrinə
yardımçı olmağı
daha çox önəmsəyir... "Dədə
Qorqud"dakı şeirlər
sərbəst vəzndə
yazılıb, bəs
niyə deməliyik
ki, yeni şeir cərəyanı
Avropada yaranıb?"
- sualına hər bir ədəbiyyat bilicisinin təsdiq cavabı da dünya səviyyəsində təsbit
olunmalıdır...
Onun
"Necə şair olmaq olar?" sualına cavabı da konkret və özünəxasdır: "Şair
olmaq üçün
çox oxumaq, çox yazmaq lazımdır". Əlbəttə,
şeir öz imkan və potensialını
işlənmə dairəsindən
alır, bu dairə nə qədər böyük olsa, onun əhatəsi
də həmin əhatə həddində
olur. Bu mənada tənqid onun arxasınca gəlməyə,
onun toxunduğu bütün nöqtələrə
toxunmağa məcburdur
və şeirin, poeziyanın gəlişmə
və yetişmə imkanlarından asılıdır.
O, şeirlə nəsr
arasında formadan savayı, ciddi bir fərq də
görmür... Hansısa
hekayənin şeir kimi sevə-sevə oxuna biləcəyini söyləyir...
Hadinin şeirlərini oxuyanda insan özünü yaradıcılıq prosesində
- toxunduğu, təsvir
etdiyi hadisə və məkanın içində hiss edir, istədiyini, gözlədiyi
sonucu ondan alır. Şeirlərindəki
bu yeniləşmə
onları gündəlik
danışıq dili
kimi işlənən,
Güneydə hələ
də ədəbi dil statusu qazana
bilməyən Azərbaycan
türkcəsində qələmə
alması ilə mümkünləşir. O, Vətəndən
uzaqlarda, qürbət
diyarda məskunlaşsa
da, Güneydə Azərbaycan
türkcəsində yazmağın
müşkülə çevrilməsinə
seyrçi mövqedən
yanaşmır, ana yurdun
bu və digər dərdləri, problemləri ilə yaşayır. Onların çözülməsinə yardımçı
ola bilmədiyinə görə
çox vaxt ürəyi sıxılır,
xalqının gələcək
taleyinin nigarançılığını
çəkir. Kim bilir,
bəlkə onun poeziyaya bağlılığının
bir nədəni də budur. Fikirlərini, düşündüklərini
şeirin ecazkar dili ilə söyləməklə,
təmiz və duru türkcədə yazmaqla sanki rahatlıq tapır, milli dərdlərin ağrılarının
canından çıxarmağın
bir vasitəsini bulur: "Qoşuqçu
(şair) olmaq asan deyil, məncə,
bu, yüzdəyüz
özünü öldürmək,
canını qumara qoymaq kimi bir
şeydir, qarğa kimi çıgan-vığan
etmələr, bütün
quşlarla yoldaşlıq
etmək, yuxudan durar-durmaz dilinin ucunda bir qarğa
dimdiyi görmək,
it, pişik, donuz olmaq, ümid paylaşmaq, ümidsizlikdə
bütün gecəni
yarasalara işıqdan
danışmaq asan deyil. Asan deyil yalan danışmaq, gerçəyin ölümsüzlüyündə
ölümə mahnı
yazmaq, yaşamın adından özgürlüyü
sevmək, səni sevmək, çayların
axarını, dağların
baxarını sevmək,
dağ kimi dağ olanların, tutsaq tutulanların ozanı olmaq asan deyil. Asan deyil şair olmaq!.."
Doğrudan da, sanki bütün
sözlərin deyildiyi,
şeirlərin yazıldığı
söylənilən çağdaş
dövrdə şair olmaq və insanı
varından yox edən şeirlər yazmaq asan deyil,
əksinə, çox
çətindir, amma çətin olduğu qədər də çəkici və gözəldir. Təbii, yalnız gözəlliyin ən uca zirvəsini
fəth edən, "gül və güllə, öpüş
və döyüş,
Vətən" kimi məfhumlara dönüşən
möcüzə şeir
oxucu könlünün
sarı siminə toxuna, ruhunu tərpədə bilir, onu düşünməyə
vadar edir:
Və qürbət susuzluqdur
Ruhun ögeyləşməsi, bibər
qoxusudur.
Şirinliyi acılığında dadımsınan
Siqar tüstüsü kimi bir şey.
Göysündə umudun kəpək
vurmasıdır
Və bağlı pəncərəyə
baxan
Qısa
baxışların qısraq
qalması.
Qurumuş yarpaq boynu tək üzülmək,
Üzülmək, ölmək və
dözmək,
səninçün hər şeyə dözmək.
Və şeir
möcüzədir, dostum!..
Şairin ən
etkili şeirlərindən
biri də şəhid şəhərimiz
Xocalıya həsr etdiyi "Qar altında doğum sancısı" şeiridir.
Ən ağır silahlarla təmin olunmuş erməni qəsbkarlarının rus
havadarlarının köməyi
ilə Azərbaycan adlı qutsal yurda hücum edərək silahsız insanları qırğına
verdiyi və Xocalı adlı şəhəri yer üzündən sildiyi o məşum gecədə yeni bir "Dərd şəhəri"nin
doğuluşuna yazdığı
"Qar altında doğum sancısı"
şeiri də oxucunun könlünü, ürəyini dəlib düz beyninə millənir, təfəkkürünə
sancılır.
Hadi Qaraçay "Sonsuzluq" adlı modern poemasında da milli mənsubluğunu önə çəkir, Azərbaycan tarixinə poetik baxış sərgiləyir. Əlbəttə, milli özünəqayıdışı, ənənəvilik və novatorluq prinsiplərini milli dünyagörüşün formalaşması prosesində tarixi bir zərurət olduğunu şeirlərində daim altını cızaraq gündəmə gətirən aydınımız "Sonsuzluq" poemasında bu məsələləri daha da qabarıqlaşdırır. Hadi Qaraçay bu əsərində Güney Azərbaycan türklərinin azad, boyunduruqsuz yaşadığı insanlıq çağını (!) xatırlayır. Bu insanlıq çağında dili dil, eli el, yurdu yurd olan, uca zirvədə qərar tutan Təbrizin də cilvəli vaxtlarını yada salır. O vaxtlarını ki, sazının hər telində yeni bir səs, kolunun hər gülündə başqa bir qoxu vardı... "İnsanın insanlıq hörməti imiş azadlıq!" qənaətini hayqıran vətəndaş şair "Sonsuzluq" poemasında bu kimi gözəlliklərin 1945-46-cı illərdə - Milli Hökumətin qurulduğu çağlarda bir daha yaşandığına işarə edir. "Sonsuzluq" poeması Vətənindən uzaqlarda yaşamağa məhkum edilən, Norveçin soyuq havasında üşüyən, doğma yurd-yuvasında öyrəşdiyi isti iqlim kimi istiqanlı Hadinin duyğularının izharı, özünüifadəsidir.
Esmira
FUAD
525-ci
qəzet.- 2023.- 13 oktyabr.- S.14.