Heç zaman unudulmayacaq Elnur Əşrəfoğlu  

 

Sözü ömür bilənlər, sözə ömür verənlər haqqında söz demək çətindir. Qəlbindən keçənləri sözlə ifadə etmək çətinliyi var, sözün xarakter açma qadirliyi var, sözün işığa dönmə qüdrəti var. İşıqlı ömürlər haqqında söz deyəndə eyni duyğuları yaşayırsan.

Cəmiyyətin yaşadığı ağrılar illərdi sovuşub - COVİD-19 bəlasından qurtulmuşuq. Bu bəla neçə istedadın, neçə əzizimizin, neçə dəyərli vətəndaşımızın ömrünə qıydı. Təəssüflər yaşadıq. İllər keçsə , o təəssüflər bizi göynətməkdədir, göynədəcək...

Elnurun atasını yaxşı tanıyıram. On-on bir ilin fərqiylə yaşdaşıq. Cavanlığımız hər ikimizə doğma olan Zəngilanda keçib. Əşrəf müəllim komsomol fəalıydı, mən . Əşrəf müəllim rayon komsomol komitəsində işlədi, sonralar mən orada işlədim, Əşrəf müəllim rayon partiya komitəsində işlədi, sonralar mən . Beləcə, eyni yolların yolçuları olmuşuq. Elnurun böyüdüyü, formalaşdığı mühit, ziyalı mühiti olub - ata partiya, sovet işçisi, ana müəllim. Ata öyüdü-nəsihəti ana tövsiyələriylə tamamlanıb. Dumduru bir ömürün gözəl günləri, ayları, könül xoşluğuyla illəri yaşanılıb...

Elnur 1974-cü il iyunun 19-da ziyalı ailəsində anadan olub. Zəngilanda təhsil alıb - şəhər 1 saylı orta məktəbi 1992-ci ildə qızıl  medalla bitirib. Jurnalist olmaq istəyi ilə sənədlərini Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika fakültəsinə verib. Qəbul olunub; sözün işığında söz düzümünün, fikrin sözlə ifadə çalarlarının sehrinə düşüb - özü belə sehr yaratmağı arzulayıb.

17 yaşı vardı. Televiziyaya marağı vardı;  maraq - istək, istək - niyyət olacaqmış. "7 gün"ə - Qulu Məhərrəmliyə müraciət eləyib. İdmanla əlaqəli verilişlər hazırlamaq istəyini bildirib. Təcrübəli ( sərraf!) jurnalist tələbə-jurnalisti maraqla dinləyib, niyyətinin spektrlərini ayırd edib ilkin söhbətin zəmanəti ilə bu gözəl niyyətə xeyir-dua verib - yeni layihəni rəhbərliyə inamla təqdim edib. ilk efir təqdimatı - Elnur Əşrəfoğlu...

Elnur ekran duyumuyla, kamera qarşısında sərbəstliyiylə, intellektiylə, zirəkliyiylə, səbriylə tanınmışdı. Ona görə hazırladığı verilişlər baxımlı olurdu, özü yaxşı müsahib - həmsöhbət kimi sevilirdi. Onu xeyirxah insan kimi tanıyırdılar, nəcibliyinə, dostluğa sədaqətinə həsəd aparanlar vardı. Hamı, hamı onu işıqlı insan kimi tanıyırdı - sevirdi...

Elnur Şükürlü kimi ehtiramlarla əhatələnən gənc Elnur Əşrəfoğlu kimi ehtiramlarla əhatələnmişdi. 1992-ci ildə "525-ci qəzet"də işləmək istəmişdi. Qəzetin baş redaktoru Rəşad Məcid o günü belə xatırlayır: "Elnur gənc qəzetə yeni bir ruh gətirdi. İdmanla maraqlanan oxucuların diqqətini cəlb edə bildi. "525-ci qəzet"in idman səhifəsi çox populyar olmağa başladı. Elnur orada necə bir ənənə yaratdısa, ondan sonra idman jurnalistikasında peşəkarlara çevrilən jurnalistlər Elnurun ardıcılları kimi qəzetimizdə fəaliyyətə başladılar. Bu sahə "525-ci qəzet"də həmişə inkişaf edə-edə getdi. Ona görə Elnur Əşrəfoğlunun "525-ci qəzet"də idman jurnalistikasını populyarlaşdıran bir jurnalist kimi xatırlayırıq".

Elnur Əşrəfoğlu futboldan futbol bilicisi kimi danışırdı, güləşdən güləş bilicisi kimi, cüdodan cüdo bilicisi kimi, boksdan boks bilicisi kimi... Azərbaycan idmançısı qalib gələndə Elnurun səsi dünyanı heyrətə gətirirdi. Bu heyrət Azərbaycana rəğbətə dönürdü, azərbaycanlı idmançı Olimpiya çempionu olanda bu səs sevinc, fərəh, qürur salnaməsinə dönürdü, Elnurun ürəyi - Yer kürəsinə, Azərbaycana sevgisi - Arximed nöqtəsinə! Elnur belə idman şərhçisi idi! "Voleybol bilicisi Faiq Qarayev deyir ki, Elnur yarışlarda məşqçinin cəbhədaşı olur - səbriylə, hadisələrə (oyunun gərginliyinə) aqilanə tövsiyələriylə bəzən inana bilmirdim ki, belə gərəkli məsləhətləri voleybol mütəxəssisi olmayan gənc idman şərhçisi verir...

1993-cü ildən 2010-cu ilə kimi Azərbaycan televiziyasında işlədi - müxbir, redaktor, sonra idman televiziya kanalının baş redaktoru. Neçə-neçə veriliş onun söz, təfəkkür qüdrətiylə tamaşaçıların xoşuna gəldi, minlər valeh oldu bu verilişlərə. 2011-ci ildən 2012-ci ilə kimi "Space TV"də idman departamentinin rəhbəri oldu Elnur Əşrəfoğlu. Bu kanalda da tamaşaçılar ənənəvilikdən uzaq gözəl verilişlər gördülər, gözəl təhkiyyələrlə təqdim edilən bu verilişlər ictimaiyyətin verilişləri oldu - düşündürücülüyüylə, məhkurəliyiylə, sənətkarlığıyla. "Hər veriliş mənim əsərimdir...", - Elnur Əşrəfoğlu belə deyərdi. "Əsərinin nöqsanlı olmasını heç kim arzulamaz..." - soruşan olsa, özünə xətrini əzizlədiyi həmkarlarına ilkin tövsiyəsini, yəqin ki, belə ifadə edərdi - Elnurun özündən , həmkarlarından da yaradıcılıq tələbi belə idi...

Zəngilanın işğalı onu da yandırıb-yaxırdı. O da digərləri kimi xəyalən Zəngilana qayıdırdı. Hər kəlməarası işğaldan qurtuluş gününü anırdı, "İşğaldan sonra Zəngilanda da Olimpiya Kompleksi tikiləcək" - deyirdi. "Ən gözəl reportajını o kompleksdə keçiriləcək ilk beynəlxalq yarışlardan hazırlayacam". Elnur bu gözəl niyyətlə yaşayırdı. Zəngilan işğaldan azad ediləndə kövrəldiyinə, atasına zəng etdiyinə, "Olimpiya Kompleksi tikiləcək, ata!" dediyinə zərrəcə şübhəm yoxdur.

Yay tətillərində Zəngilanın Vənətli kəndinə - atasının ata-baba yurduna gedərdi. Ruhu aparırdı onu. Bu ruh əsrlərin o üzündən dikələn heysiyyətin, sevginin, torpağa canyandırmanın, ... adaşı idi. Süsən meşəsinin ətəyində yerləşən bu kəndin saflığı hopmuşdu Əşrəf oğlu Elnurun xarakterinə...

Elnur 2021-ci ilin sentyabrında COVİD-ə yoluxdu. Bir müddət evdə, sonra xəstəxanada müalicə olundu. Ciddi müalicələr səmərə vermədi. oktyabrın 19-u. Nəhs gün. Bütün insani duyğuları üyüşdürən acı ölüm xəbəri. Kimsənin inanmaq istəmədiyi ölüm. Çoxları bu gün inanmır Elnurun yoxluğuna. Ölüm minlərin, milyonların sevimli idman jurnalistini həyatdan aparmışdı...

"Qarabağ"la "Neftçi" qarşılaşacaqdı. Bir azdan. Bu "bir azdan"a sığan mətləb, ehtiram tarixin yaddaşında qalası (qalan!) ehtiram! Tofiq Bəhramov adına Respublika stadionunun tabloları bir ömürdən qalan məzmunlu foto-şəkillərin sərgisi idi elə bil. Stadion Elnur Əşrəfoğlunun ömürlüyünün tarixi sənədləri kimi izlənilirdi. O oyundan öncəki dəqiqələr Elnur Əşrəfoğlunun vida mərasimi kimi tarixləşdi. Milyonlar sevirdi Elnur Əşrəfoğlunu, milyonların yaddaşında həm bu vida mərasimi ilə qalacaqdı gözəl insan, istedadlı idman jurnalisti, tele-jurnalist, böyük vətənpərvər, torpaq mehirli cavan. Elnur Əşrəfoğlu "Neftçi" Peşəkar Futbol Klubunun Mətbuat İctimaiyyətlə Əlaqələr departamentinin rəisi olub. İki dəfə Azərbaycan çempionu olmağın qürurunu yaşayıb...

2015-ci ildən Azərbaycan Cüdo Federasiyasında Mətbuat İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin edilib. Milli Olimpiya Komitəsinin üzvü olub. 2018-ci ildən 2021-ci ilə kimi Azərbaycan Cüdo Federasiyasında Baş katibin müavini olub. Futbolu bildiyi səviyyədə cüdonun da incəliklərinə bələd idi Elnur Əşrəfoğlu. Cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov Elnurun idman jurnalistindən daha çox idman mütəxəssisi kimi formalaşdığını deyir, həm onun yoxluğuna qədərsiz təəssüflə deyir. Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli deyir ki, 2008-ci ildə Pekində Olimpiya çempionu olduğuma qədər sevindimsə, final görüşündə Elnur hazırladığı reportajda "Qələbə!" harayıyla milyonları necə sevindirdiyinə elə sevindim. Elnur Əşrəfoğlu sevinməyi bacarırdı, sevindirməyi ...

Elnur Azərbaycan televiziyasının 2-ci proqramı yarananda proqramın rəhbərinə - tanınmış tele-jurnalist, televiziya mütəxəssisi Telli Pənahqzı onu dinləyib, təkliflərini - jurnalistin planlarını ("Sport daycest" adlı veriliş hazırlamaq istədiyini) bildirib. Telli Pənahqızı bu gözəl niyyətin həyata keçirilməsinin cəfakeşi olub. İkinci proqram bağlanana kimi Elnur Əşrəfoğlu bu verilişin müəllifi aparıcısı oldu...

Elnurun sadəliyini, savadını, bilmədiklərini öyrənmək mənimsəyib gerçəkləşdirmək bacarığını dostları heç vaxt unutmur...

Elnur Əşrəfoğlu idman jurnalisti idi. Ona inanırdılar, ona etimad göstərirdilər. 1995-ci ildə Azərbaycanın futbol komandası İsraildə oyuna getmişdi. O oyundan canlı reportaj aparmağı futbol şərhçisi, idman jurnalisti Elnur Əşrəfoğluna həvalə etdilər. Bu, ilk idi. İlklər isə heç zaman unudulmur. oyun, oyunçular, şərhçi...

İstedadlı bacarıqlı jurnalist Elnur Əşrəfoğlu yeddi dəfə Yay Olimpiya Oyunlarının  açılış mərasimində iştirak edib: Atlanta. Sidney, Afina, Pekin, London, Rio Tokio. Sonuncu dəfə 2021-ci ilin iyulunda Tokio Olimpiya Oyunlarında iştirak etdi.

 Azərbaycanın idman salnaməsini idmançılar yaradırdı, onu efirdə idman jurnalistləri tarixləşdirirdi. Verilişlərdən fərqli olaraq sənədli filmlər daha həssas, daha duyğusal yaradıcılıq tələb edir. Elnur Əşrəfoğlu belə yaradıcılığa malik idman jurnalisti olub. Canlı reportajlar aparıb, reportajların mahiyyətini bir sənədli filmdə cəmləşdirməyi bacarıb. "Zirvəyə doğru", "Sidney - 2000", "Afina - 2004", "Pekin Zirvələri", "Milli Olimpiya Komitəsi - 10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük Hokkey", "Sehrbaz", ... kimi sənədli filmlərin yaradılmasında Elnurun da böyük xidmətləri olub.

Elnuru tanıyanlar, tarixi unutmayanlar, bir faktı xatırladır: Azərbaycan Televiziya Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin o vaxtkı sədri Nizami Xudiyev bir dəfə geniş iclasda deyib: Elnur təkbaşına öz "Sport daycest"i ilə bütöv bir şöbənin işini görür. Böyük dəyərdir. Bu dəyər Elnurun yoxluğunda onu tanıyanları da insafsızcasına kövrəldir...

Futbolu sevə-sevə futbol şərhçisi olmuşdu. Cüdonu sevə-sevə cüdo şərhçisi, insanları sevə-sevə insanlıq cəfakeşi...

İncə zarafatları sevən, kimsənin heysiyyətinin üstündə yel əsdirməyən, kimsənin xətrinə dəyməyən, etirazını da dostyanalıqla bildirən Əşrəf oğlu Elnur təkcə xatirələrdə qalmadı, həm tarixdə qaldı. Tarixdə qalan verilişləriylə, sənədli filmləriylə, reportajlarıyla. vaxtsa Zəngilanda inşa ediləcək Olimpiya Kompleksində keçiriləcək beynəlxalq yarışdan reportaj aparan jurnalist onu idman jurnalisti Elnur Əşrəfoğlunun xatirəsinə həsr etdiyini bildirəcək. Onda Kompleks ləngərlənəcək. Elnur Əşrəfoğlu ad-soyadı heç zaman unudulmayacaq axı, heç zaman, heç zaman...

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

525-ci qəzet.- 2023.- 13 oktyabr.- S.13.