Müharibənin yaratdığı fəlsəfə:
Emil Sioranın bədbinliyi
İnsan
və yaradılış
haqqındakı bütün
hekayələrin sonu ölümlə bitir. Milyon il əvvəl də insanlığın
tək qorxusu bu idi, milyon
il sonra da bu olacaq. Ölüm qorxusunu aşmaq üçün insanlar dini yaratdı, faniliyin bədbin cazibəsinə alternativ olaraq axirəti düşündülər. Sonsuzluq
və onun verdiyi müdhiş güc, ölümsüzlük
axtarışları bizə
səbəbini bilmədiyimiz
bir oyunda ürək-dirək oldu. Fəlsəfənin, elmin,
dinin, sənətin və bütün mədəniyyətin məşğul
olduğu, cavab axtardığı tək
şey ölümdür.
Yəqin ki, bu anlayış olmasa, sivilzasiyaların inkişafı
da olmazdı.
Həyatın təntənəsi və
axirətin varlığı
haqqındakı bütün
düşüncələr sistemi pozitiv fəlsəfəni və ortodoks dini düşüncə
arxipelaqını yaradır.
İkinci Dünya müharibəsindən sonra
mədəni proseslərin
əksər müstəvilərində
olduğu kimi fəlsəfədə də
neqativ anlayışların
baş rola keçməsi müşahidə
edilir. Ümumiyyətlə,
psixologiya və fəlsəfənin bu qədər bədbinləşməsinin
səbəbi sosial-ictimai
proseslərin məcrasını
dəyişməsi oldu.
Götenin "Faust"u
və Dostoyevskinin Raskolnikovu əvvəldən
bu nihilist düşüncənin
özülünü qurmuşdu.
Amma dediyimiz kimi, müharibə və sənayeləşmənin yeni dövrü
daha ciddi təsir göstərdi.
Bədbinlik fəlsəfəsi deyəndə
yada birinci Emil Mişel
(Mixay) Sioran düşür. Rumıniyada
dünyaya göz açmış filosof ömrü boyu doğulmağın, dünyaya
gəlməyin ağrıları,
əzabları haqqında
düşünüb və
bu mövzu haqqında bir çox ciddi araşdırmaları var. Sioran
fəlsəfə tarixinə
adını bədbinliyin
filosofu kimi yazdırıb. Onun fəlsəfəsinin təməlindəki
əsas tezis budur ki, insan ölümdən qorxmur, o
bu qorxunu dünyaya gələndə
yaşayıb, indi keçirtdiyi bütün
qorxu və əzablar doğuluşun verdiyi əzabların proyeksiyasıdır.
İkinci
Dünya müharibəsi
başlamazdan əvvəl
Sioran Hitlerə dərin simpatiya hiss edirdi. Onun Hitler haqqındakı bu sözləri məşhurdur:
"Hitler
qədər bu gün bizə təsir edən, bizdə simpatiya yaradan və özünə heyran edən başqa bir siyasətçi və lider yoxdur..."
Həmin
dövrlərə aid esselərində
Sioran humanizmi tənqid edir. Humanizmi insanlığın
ən zəif nöqtəsi kimi göstərir. Bu fikirlərində
onu Nitsşeyə oxşada bilərik. Kilsə əxlaqını,
dini doqmaları xalqı üçün zərərli hesab edir. Bunları yazanda o, tək deyildi. Dövrünün bir neçə məşhur yazarı və jurnalisti ilə birlikdə qurduğu cəmiyyət ehtirasla Hitlerin iqtidarını gözləyirdi.
İstədikləri oldu.
Və hər biri həyatının sonrakı dövrlərində
Hitlerə olan simpatiyalarından dolayı
utandıqlarını etiraf
etdilər.
Müharibənin başlanğıcında Sioran Parisə köçür. Ömrünün
sonuna qədər bu şəhərdə bir evin damında
yaşayır. Mişel
adını da Parisdə
dərgilərdə çap
olunmağa başlayanda
seçir. Fransada yaşadığı illər
Sioranın yaradıcılığının
ən mühüm dövrüdür. O, çox
qısa bir zamanda filosofların, yazarların arasında populyarlaşır. Kitabları
ciddi reaksiyalar alır. Ən çox müzakirə edilən kitabı isə "Göz yaşları və müqəddəslər haqqında"dır.
Adından da göründüyü
kimi, kitab dini düşüncəni tənqid
edir. Sioran dini streotiplərin dağıdılmasını arzulayır.
Bəs müharibə Sioranın fəlsəfi düşüncələrini
necə dəyişmişdi?
Müharibələr sadəcə xəritələri və
insanların qədərini
dəyişmir, həm
də ictimai-fəlsəfi
düşüncəni də
dəyişir. İkinci
Dünya müharibəsi
haqqında qərb fəlsəfəsində məşhur
bir deyim var:
"İnsanlar başa düşdülər ki, Tanrı
onları xilas etməyəcək və nihilizmlə yaşamaq əbədi qismətdir".
Sioran nihilizm kimi bədbin
bir cərəyanın
rənglərini daha
da tündləşdirdi. O, qaydaların daim yeniləndiyi və əməl olunmadığı,
heç bir anlayışın özünü
müsbət mənada
doğurmadığı dünyada
əxlaq kodekslərinin
lazımsız olduğunu
düşünürdü. Və insanların ilk mahiyyətindən bu qədər uzaqlaşmasını
tənqid edirdi.
Mədəniyyət insanların iqtisadi düşüncələri
üzərində qurulmuş
bir nəsnədir. Nə vaxt ki, təbii ehtiyaclarından daha çox istəməyə başladılar,
qəbilələşməyə, şəhərləşməyə başladılar. Bu sosial ayrı-seçkilik isə
ayrı-ayrı dəyərləri
yaratmağa başladı.
Mentalitet və inanc dediyimiz anlayışlar məhz bu dövrlərdə meydana çıxdı. Onlar isə öz növbəsində
mədəniyyəti və
fəlsəfəni yaratdı.
Sioran bu alqoritmin insanı sadəcə qorxuya saldığını və
ona heç nə qazandırmadığını
yazırdı. Bütün
qorxuların bünövrəsində
doğulmaq, həyata başlamaq, dünyaya gəlmək dayanır. Belə olan təqdirdə ölüm
və fanilik sadəcə çıxış
yolu ola bilər. Ölüm çözə
bilmədiyimiz həyat
qarmaşasının sonu
deməki.
İnsan
oğlu müharibələr
olmadan bunu anlaya bilməzdimi? Bilməzdi! Çünki müharibələr yolun sonunun nə qədər dəhşətli
olduğunu göstərən
ən əyani təcrübədir. Daxmada
oturub qədərini gözləməklə qan-tər
içində həyatda
qalmağa çalışmaq
yerlə göy qədər fərqlidir. Müharibədən sağ
çıxmaq da bəladır.
Nə edəcəyini
bilməyənlərin cəmiyyəti
beləcə qurulur.
Ona görə Sioran yazırdı ki, müharibəni
qazanan tərəf olmur, müharibənin həqiqətlərini görən
insanlar olur, onlar üçün də həyat çox çətindir.
Bütün bu ağrının,
əzabın bircə
çıxış yolu
var: unutmaq. Yaddaşsızlıq.
Bildiklərini, öyrəndiklərini
birdəfəlik beynindən
silmək. Əlbəttə,
yaddaşsızlıq, xatiratsızlıq
sənətin və fəlsəfənin sonu deməkdir. Amma bunlara ehtiyac da yoxdur. Tarkovskinin gündəliyində
qeyd etdiyi kimi: "Bir gün dünya gözəl olsa, film çəkməyə
ehtiyacım olmayacaq..."
Sioran alzeymer xəstəliyindən
əziyyət çəkib
və kitablarının
arasında hər şeyi unuduraq vəfat edib. Bu da həyatın ona, özünün dediyi kimi, bir mükafatıdır.
Doğulandan sonra yaşadığı hər
şeyi unudub əbədi olana qovuşmaq. Sioran bütün insanlara bunu arzulayırdı.
Bu gün dünyanı yenidən böyük müharibə qorxusu bürüyüb. Və bu dəfə yaranacaq Sioranlar üçün yaşamaq,
ölmək, unutmaq qədər ümid etmək də çətin olacaq. Dünya, dəyişən
rəqəmlər, xaotiklik
insanların əlindəki
sonuncu şansı - ümidi də alıb aparacaq. Bunun baş verməməsi üçün əlimizdən
gələn tək şey yenə də ümid etməkdir.
Rəvan
CAVİD
525-ci
qəzet.- 2023.- 14 oktyabr.- S.21.