"Contemporary
İstanbul"
QARA
QALOŞUN HÜZNÜ
Uzun növbələrdə dayanırsansa,
içi-çölü dolu
olan sərgi salonlarına keçməyə
çalışırsansa, önü aşıb-daşan
sənət əsərlərini
görmək üçün
can atırsansa, ətrafdan
yayılan qəhvə
qoxusu burnuna gəlirsə, dörd tərəfdən müxtəlif
markaların adı fışqırırsa, uzaqdan
gələn Cazın səsini eşidirsənsə,
hər təbəqədən
və hər yaş qrupundan insan görürsənsə,
deməli, "Contemporary İstanbul"dasan.
Muasir sənətin ən önəmli fəliyyətlərindən
olan "Contemporary İstanbul" bu günlərdə 18-ci sərgisinin qapısını
ziyarətçilərə açdı. Cəmi beş gün davam edən sərginin ikinci gününə özümü
çatdırdım. Haliçdə
idi. Tərsanə
İstanbul adlı keçmiş
gəmiqayırma zavodunda...
Dünyanın 22 ölkəsindən, 67 qalereyanın, 8 muzeyin qatıldığı sərgidə
591 sənətçinin 1537 əsəri yer alırdı. Bu il 18-ci dəfə
təşkil edilən
sərgiyə 21 yeni çağdaş
sənət qalereyası
qatılmışdı.
Sənətsevərlərin böyük maraq göstərdikləri
sərginin diqqət çəkən bölümləri
arasında fotonun
"sənət bölümü"
olaraq önəm daşıdığı "CI Photo
Focus" yer alır. Səkkiz ölkədən
22 sənətçinin 44 əsərlə
qatıldığı bu
yeni bölmədə söhbət
proqramları da yer alır. Bir yandan da sərgi, "Project Spotlight" projesi ilə dünya üzrə çeşidli gənc qalereyalara yer açır. Xüsusi olaraq seçilən bu qalereyalar ən istedadlı sənətçilərin əsərlərini
sərgiləyir. "Solo Shows" isə hər sənətçinin fərqli
vizyonuna, tərzinə
xüsusi baxış
qatan və fərdi hekayələri önə çıxaran
altı sərgiyə
ev sahibliyi edir.
Nitsşeni düşünərkən...
Möhtəşəm sənət əsərlərinin arasında
gəzərkən çöldə
baş verən savaşları, iqtisadi böhranları, sosial problemləri unudursan. O an sənə elə gəlir ki, dünyanın
bütün hüzurunu
yığıb doldurublar
bu nəhəng salonlara. Bəzən gülürsən, bəzən
kövrəlirsən, bəzən
yaşadığın xətaları,
yaşamadığın arzuları
düşünürsən. Bir ara Nitsşe gəlir ağlına, ona da haqq verməyi
unutmursan, "Gerçəklər
ucbatından ölməmək
üçün sənətə
sahibik" deyirdi. Ancaq bunu etiraf
etməliyəm ki, "Contemporary
İstanbul" sənətə zərrə qədər marağı olmayanların
belə diqqətini çəkəcək bir
cazibə və gücə sahibdir.
Süni
intellekt
Salonda sadəcə tablolar və heykəllər yoxdur, avtomobillər, süni intellekt də var. Məsələn,
Yeni "BMW i5"dən aldığı
ilhamla sənət və texnologiyanı qarşılaşdıran, izləyənləri
içinə çəkən
"The Electric AI Canvas" installiyasiya Borusan Otomotivin distributor olduğu BMW "Art Basel"dən
sonra İstanbulda sərgilənir. Süni intellektin 900 illik sənət tarixi və 50 min şəkildən
yararlanaraq istehsal etdiyi mücərrəd animasiyalar Yeni "BMW i5"e yansıdılaraq
izləyicini ram edən
bir görüntü yaradır.
Fillər,
ağaclar və Elia
Tullantı materiallarını emal
edərək ondan əsərlər yaradan sənətçilərin sayı
da kifayət qədərdir.
Görünən odur
ki, bu həssas və düşüncəli
davranış hər
ötən il daha da artacaq. Məsələn, sənətçi Artem Martis,
"StarGrup" ilə
ortaq layihəsi əsasında onlara məxsus inşaatlardakı
şüşə tullantılarını
sənət əsərinə
çevirir. Martis, şüşə ilə
işığın rəqsi
üzərindən tullantı
materiallarının və
onların yenidən emalının sərhədsiz
imkanlarını ağıllara
gətirərək insanları
dünyanı düşünməyə
vadar edir.
Bir az aralıda Sinan Demirtaşın tuval üzərində kömür
qələmlə işlənmiş
"Ağac" adlı
əsəri məni təsirləndirdi. Hər
budağından bir uşağının salandığı
bu əsər xurma, nar ağaclarının
başında gəzdiyim
günləri yadıma
saldı. O an xatırladım,
uzun zamandır uşaqlıq dönəmimi
yada salmadığımı. Hətta çoxdandır bir vaxtlar uşaq
olduğumu unutduğumun
fərqinə vardı.
Nə qədər surətli yaşadığımı
düşündüm. Hamımız
belə deyilikmi? Hər şeyi tez-tələsik yaşayırıq.
Elə hey qaçırıq!
Bu proses elə güclü
baş verir ki, elə bil ki, yaşadığımız hər
şeydən kilometrlərcə
uzaq düşmüşük.
Hamımız harasa tələsirik. Harasa..!
Stefano Bombardierin Elia və Fil əsərini canlı görmək isə bir çox şeyə dəyərdi.
Balaca bir qız nəhəng fili havaya qaldırır.
Təbii ki, həyatın
çətinliklərindən çox, sevgilər düşür adamın yadına. Necə böyük sevgiləri, nə cür zirvələrdə saxladığını
düşünürsən. Bir az qürurlanır, bir az daşıdığın
gücə heyran olur, sonra "gözəl təcrübə
idi" deyib, keçib gedirsən.
Birdən
divardan asılan tülə bənzər bellərin cazibəsi səni maqnit kimi özünə çəkir. "Cal Lane" adlı
bu əsər kanadalı heykəltaraşa
aiddir. Əsərin ərsəyə gəlmə
məqsədi kişi
və qadın bərabərliyinə diqqət
çəkərək və
bunun timsalında gündəlik istifadə edilən nəsnəyə
estetik yöndən toxunmaq olub.
Başı var, beyni yoxdur!
İgor Mitorajın "Mars" adlı
bürünc heykəli
isə diqqətləri
cəmiyyətə yönləndirməyə
vadar edir. Bu heykəldə baş var, amma beyin yoxdur.
Əsər toplumun bugünkü aqibətini gözlər önünə
sərir. Robotlaşmış
insan ordusu hər yanı bürüyüb. Şüursuz
davranışlar tüğyan
edir. Sanki hisslərdə,
duyğularda quruma gedir. Ən ciddi acını belə 2-3 gün çəkər olduq.
Sonra yoxmuş kimi davam edirik. Təbii
ki, acının içində
yuva qurmağın əleyhinəyəm. Ancaq
dərd çəkmə
şəklimizdə belə
elə bil ki, nələrsə əskikdir.
Yaşadıqlarımızı şouya çeviririk. O da
əskik qalır. Natamamlıq heç bir dönəm bu qədər hakim kəsilməmişdi ruhumuza.
Və
"Ölümsüzlük otağı" adlı o
möhtəşəm əsər...
Uzun müddət Heydər Əliyev Mərkəzinin önündə
bütün görkəmi
ilə ucalan Ahmet Günəştəkinin bu
ölümsüz əsəri
də "Contemporary İstanbul"da
sərgilənir.
Məğrur baxışlar
Niderlandlı sənətçi Kristian Lieversin "Agua Verde" adını
verdiyi o bənzərsiz
əsəri yenə sərginin "tacı"
statusunda idi. Xalçada yağlı boya ilə bir
qadının surəti
əks edilib. Qeyri-adiliyi isə üzün ornamentlərlə
işlənməsidir. "Agua Verde" hər il olduğu kimi, bu il də
ziyarətçilərin önündə
ən çox ayaq saxladığı, foto çəkdirdikləri
əsər oldu. Xalça sırf
"Contemporary İstanbul"da sərgilənmək üçün
ərsəyə gətirilib,
lakin əsərin İstanbuldan ilhamlanaraq yaradılmadığını vurğulamalıyam. Eyni zamanda xalçadakı qadın model deyil, xəyali bir obrazdır. Xalçada qürurla, qorxmadan dik şəkildə bir qadın baxır dünyaya. Görünən isə odur ki, insanları çəkən bu məğrur baxışdır.
Əsərin 200 min avroya
yaxın qiyməti
var. Əslində ötən
il satıldığı deyilirdi,
ancaq bu il yenidən sərgidə görmək xoş oldu.
Anadolu dərinlik və düşüncə deməkdir
Sərginin ən möhtəşəm
bölmələrindən biri
də Diyarbakır sənətçilərinin ərsəyə
gətirdikləri əsərlərdir.
Sözün əsl mənasında insanı valeh edirlər. Əslində budəfəki
sərgidə Anadolu sənətçiləri,
Anadolu simvolları, üzləri,
nəsənələri daha
çox idi. Əsərləri seyr edərkən gəldiyim qənaət bu oldu; Anadolu dərinlik və düşüncə
deməkdir.
Məsələn, Sinan Kaplanın gips
materialından hazırlanmış
"Qəribə bir Pəri nağılı"
adlı yerdə sərgilənən rəngarəng
başmaqlardan ibarət
əsəri insanı
uşaqlığından da uzaqlara aparır. Hansı uzaqlar idi dalıb getdiyim? Görəsən,
bu əsər həyatımın hansı
dönəmini önümdə
taybatay açmışdı?
Hansı dibə çökmüş xatirələri
çalxalayıb üzə
çıxarmışdı?! Ətrafında fırlandım,
əyildim, qalxdım,
xatırladım və
duyğulandım. Uşaqlığımın
ilk on ilində
yaşadığım rayonda
və tez-tez dəyişdiyimiz evlərdə
qonşu qadınların
ayaqlarında gördüyüm
rezin qaloşlar idi bunlar. Mənim
gördüklərim bu
əsərdəki kimi
rəngarəng deyildi,
hamısı qara idi. Sadəcə bəziləri təzə,
bir çoxu köhnə, bəziləri
yamaqlı, bəziləri
paralanmış olurdu,
eynən ayaqlarımın
altındakı bu əsər kimi... O vaxtlar qaloş zərər gördümü,
dərhal gedib almaq yox idi.
Ya qalın sapla tikirdilər, ya deşik açıb
saman ipləri ilə düyün vururdular, ya da əridib yapışdırırdılar. Amma həmin yapışdırılan yerin
ömrü heç bir gün çəkmirdi.
Bir də altı deşilənlər
vardı, su keçirməsin deyə içinə ayaq formasında kardon kəsib qoyurdular. Ancaq mümkün olmurdu, o qaloşlar yenisi alınana qədər elə hey su keçirirdi.
Kardonlar islanırdı,
qurudulurdu, ovulurdu, atılırdı. Bəzi
qaloşlar isə o qədər nimdaş olurdu ki, altına
sərt parçalardan
kəsərək yamaq
vururdular. Sonra o yamaqlar corablardakı yamaqlarla dəstləşirdi.
Sonra arxasını kəsib çəkələk
kimi geyinirdilər. İldə bir, ya da iki
dəfə dəyişirdi
ayaqlardakı qaloşlar.
Qaloş yeniləndimi,
corablar da yenilənirdi. Həmin corablar ya göy,
yaşıl "marianna
corablarından" biri
olurdu, ya da hörgü dalğasının yayıldığı
ərəfədə az
qalsın hər evdə bir qadının
hörüb satdıqları
qalın corablardan olurdu. Qırmızı
"marianna corablar"
dəbdə idi, ancaq onu hər
qadın geyinmirdi, utanırdı. Həmin rəngi adətən təzə gəlinlərin
ayaqlarında görmək
olardı, 7-8 aydan sonra həmin gəlinlərin öncə
qırmızı corablarına
yamaq, sonra da ayaqlarına qaloş keçirdi. Sonra bir uşaq
dünyaya gəlirdi, bir uşaq daha
deyərkən, solurdu
qadının təravəti
də, "marianna corabı"nın üstündəki
o qızın üzü
də, ayağında
ışım-ışım ışıldayan o qaloşların
rəngi də. Sinan Kaplanın əsəri kövrək və unutduğum həmin duyğuları, uşaq vaxtı yaşadığım yerlərdə
o vaxt diqqətlə müşahidə elədiyim,
bu gün isə çox yaxşı anladığım
o qadınları xatırlatdı
mənə. Məgər,
nə çox ehtiyacları var imiş sevilməyə, başa düşülməyə,
qayğılardan arınmağa,
dərindən nəfəs
almağa... Məgər,
nə həyatlar sığıbmış o qaloşların
içərisinə... Yaddaşımda
qalanların hər biri ayrı-ayrı yerlərdə yaşayan qadınlar, onları birləşdirən isə
qaloşları və
gözlərinin dərinliklərindəki
sonsuz kədər idi.
Yeri gəlmişkən,
Fransa, Meksika, Polşa, İtaliya, hətta qonşu ölkələrdən İran, Gürcüstan, Rusiya kimi ölkələrin qatıldığı bu sərgidə Azərbaycanın
olmamağı, düzü,
təəssüfləndirən bir durumdur. Bunca
marağın, diqqətin
olduğu bir sərgiyə çıxaracaq
əsərimiz yoxdurmu?
Ümid edirəm ki, gələn ilə bu boşluq
doldurulacaq!
Türkan
TURAN
525-ci
qəzet.- 2023.- 14 oktyabr.- S.20.