Medalyon
Əziz Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə
Biz
onunla Tibb Universitetinə eyni ildə daxil olmuş, təhsilimizi
eyni ildə başa vurmuşduq. Fakültələrimiz ayrı
idi, mən müalicə, o isə pediatriya ixtisasını seçmişdik. O dövrün
tələbələri şagirdlərdən
seçilməzdi. Hamı
sadə geyinərdi, kasıbı-varlısı ayrılmazdı.
Sanki boy-buxunumuz da eyni
idi, əyin-başımız
da fərqlənməzdi. Kimsə
geyimi, imkanlı atası ilə öyünməzdi. Hamı
sadə idi, hamının bir məqsədi vardı - oxumaq, tibbin sirlərinə yiyələnmək.
Deyirlər, tələbəlik
illəri ömrün
ən xoşbəxt, şən illəridir, amma bizim taleyimizə
daha çox nigaranlıq, nagümanlıq,
ümidsizlik düşmüşdü.
Qarabağ münaqişəsinin
ən təlatümlü
çağlarını yaşayırdıq,
namərd qonşularımızın
torpaq iddialarına çaşbaş qalmışdıq.
Sovet dövrünün
xalqlar dostluğu nağılına inanan
biz gənclər baş
verənləri sanki qorxulu filmdə görürdük. Meydanlarda
mitinqlər burulğanı,
gerçək üzünü
göstərən sovet
rəhbərliyinin əl-qolumuzu
bağlayan komendant saatı! Əvvəlcə
münaqişə adlandırılan
olaylar müharibəyə
keçmişdi və
yatsaq yuxumuza girməyəcək belə
bir keşməkeşli
vaxtda biz həkim olmaq iddiasına düşmüşdük.
Qarabağda döyüşlər gedirdi. Paytaxt xəstəxanaları yaralı
əsgərlərlə dolu
idi. Universitetimizin cərrah müəllimləri
səhər ertədən
axşam hava qaralana kimi xəstəxanalarda
yaralıları əməliyyat
edir, biz tələbələr
də dərslərimizin
çoxunu müəllimlərimizin
başına yığışaraq,
necə deyərlər,
praktika keçirdik. Yaralı döyüşçülərə
qulluq etmək üçün bir-birimizi
itələyib qabağa
keçmək istəyirdik...
Ölkədə iqtisadi vəziyyət
də ağır idi. Tez-tez işıqlar
sönürdü, xəstəxanalarda
şam işığında
çalışırdıq. Nəqliyyat yaxşı işləmirdi, üstəlik
də, komendant saatını ötürmək
qorxusu ilə dayanacaqlarda saatlarla gözləyib yorğun-arğın
evlərimizə çatanda
heç yemək yeməyə də halımız qalmırdı.
Yorulsaq da, səhər
yenidən həvəslə
universitetə yollanır,
təcrübə dərslərimizi
intizarla gözləyirdik.
Təcrübəmiz artdıqca
bəzi tələbə
yoldaşlarımız yaralılara
ilkin yardım göstərmək üçün
ön cəbhəyə yollanırdı.
Biz - 90-cı illərin gəncləri
beləcə şirin
tələbəlik illərini
yaşamadan sürətlə
böyüdük...
Mən onu qrup yoldaşım
Vüsalənin sayəsində
tanımışdım. Yerli
idilər. Hərdən
Vüsalə ilə universitetin pillələrində,
foyedə söhbət
etdiyini görmüşdüm.
Arıq, hündür
boylu idi, incə üz cizgiləri, uzun qapqara saçları vardı.
Yəqin
kimdən söhbət
getdiyini anladınız.
Bəli, bu, Qənirə Paşayeva idi.
Təhsilimizi başa vurub dağılışdıq. Elə
bir zaman idi ki, hər kəs öz hayında, dərdində-sərində idi,
tələbə yoldaşlarımız
da izdihama qarışmışdılar.
İnsanlarımızın gözü qəzetlərdə, ekranlarda
idi. Ölkə çalxalanırdı. Torpaqlarımız
kənd-kənd, oba-oba,
şəhərbəşəhər əldən gedirdi. Mən həkim işləyirdim. Bütün
xalqımız kimi narahat idim, hər
səhər oyanan kimi televizoru açırdım görüm
vəziyyət necədir.
Bir gün ən aktual xəbərləri çatdıran ANS televiziyasının
xəbərlər proqramında
tanış sima gördüm,
tanış səs eşitdim. Ekrana yaxınlaşdım ki, görüm
zənnimdə yanılmamışam
ki? Yox, yanılmamışdım.
Bu o idi, həmkarım
Qənirə Paşayeva!
Nə gizlədim, çox təəccübləndim.
Diqqətlə xəbərləri
dinlədim və həm də həmkarımın jurnalistlik
qabiliyyətini təyin
etmək üçün
nəfəsimi dərmədən
qulaq kəsildim. Mənim sadə, heç kimdən seçilməyən tələbə
yoldaşım dildən
nə qədər pərgar, bir o qədər də məharətli və cəsarətli imiş. O gündən gözlərim
ekranda onu axtarırdı. Bilirdim ki,
ən doğru, qərəzsiz xəbərləri
ondan eşidəcəyəm.
Tez bir zamanda ANS-in müxbiri Qənirə Paşayevanın adı dillər əzbəri oldu.
Heç
kimin şübhəsi
yox idi ki, Qənirə xanım böyük uğurlara imza atacaq, analitik
təfəkkürü, biliyi,
natiqlik qabiliyyəti, yüksək insani keyfiyyətləri ilə çox zirvələr fəth edəcək. Elə də oldu. Gənc yaşında millət vəkili seçildi. Yenə həmin sadə, dilavər, qayğıkeş Qənirə
idi. Ən qaynar nöqtələrdə,
ən ağrılı
məclislərdə, şəhid
analarının yanında
idi. Şəhid balasının başını
sığallayır, şəhid
xanımlarına təsəlli
verirdi. Uşaq evində böyümüş
kimsəsizlərə toy edir,
işsizə iş tapırdı. Dərdlinin
yanında, başı
ağrıyanın başının
üstündə idi.
Bir insan yaxşılıq
etmək üçün
necə bu qədər həvəsli
ola bilər axı?
Bir insan bu qədərmi vətənpərvər,
düşmənə qarşı
barışmaz olar?
Qənirə xanımı tədbirlərdə
tez-tez görürdüm.
İnsanlar onu görən kimi ətrafına toplaşır,
tədbir başlayana qədər ondan əl çəkmirdilər.
Hamını doğması
kimi qucaqlayar, öpürdü. Kənardan
onu müşahidə
edir, yaxınlaşıb
vaxtını almağa
ürəyim gəlmirdi.
Fikirləşirdim ki, çox
insanın ona sözü var, ehtiyacı
var, o da hər kəsi
dinləyir, kömək
edəcəyini bildirirdi.
Öz-özlüyümdə belə bir insanı
lap çoxdan tanıdığım,
tələbə yoldaşı
olduğum üçün
iftixar hissi keçirirdim.
Həyat
elə gətirdi ki,
20 ildən sonra onunla
üz-üzə gəldik.
2019-cu ildə Əl oyunları sarayında keçirilən kitab sərgisində rastlaşdıq.
Uzaqdan onu görmüşdüm. Kitab cərgələrinin
qarşısında ayaq
saxlayıb müəlliflərlə
salamlaşır, kitabları
götürüb vərəqləyir,
intizarla rəy gözləyən yazıçı
və şairlərə
gülümsəyərək nəsə deyirdi. Hər cərgədə xeyli ləngiyir, kimsəni qırmadan hamı ilə şəkil çəkdirib
növbəti kitab guşəsinin
qarşısına keçirdi.
Mən də kitablarımı sərgidə nümayiş
etdirirdim. Nə gizlədim, mən də tələbə yoldaşımın yaxınlaşmasını
həyəcanla gözləyirdim.
Nəhayət, Qənirə
xanım bizə yaxınlaşdı:
- Sən nə məlahətlisən... Gəl
səninlə də şəkil çəkdirək,
- dedi. Təəccüblə
ona baxdım, məni tanımışdı,
yoxsa kompliment deyirdi? Maraq məni götürdü.
Bir anlıq bilmədim
nə deyim. Qeyri-ixtiyari gülümsədim.
- Məmuniyyətlə... - dedim.
- Siz mənim universitet yoldaşımsınız.
- A, nə gözəl... - Təəccüblə gözlərimin
içinə baxdı,
baxışlarında xoş
bir ifadə vardı. - Neçənci
ilin məzunusunuz? - Maraqla soruşdu.
Məzun
olduğumuz ili deyəndə səsi bir az da yumşaldı:
- Hansı fakültə?
- Müalicə.
- Lap yaxşı. Mən pediatriyada oxumuşam.
- Bilirəm.
- Məni tanıyırdınız?
- Bəli, sizi tez-tez görürdüm...
Haradan tanıdığımı soruşmadı.
Məni qucaqlayıb şəkil çəkdirdi.
Sonra üzümdən öpdü:
- Mən həkim olmadım, heç vaxt ixtisasım üzrə işləmədim.
Amma həkimləri görəndə
elə bil doğmalarımı görürəm.
Ölkəmiz 2020-ci ildə pandemiya
burulğanına düşəndə
TƏBİB təhlükənin qarşısını almaq
üçün həkimlərə
çağırış etdi. Mən də həkim həmkarlarımla bərabər,
görünməyən düşmənlə
mübarizəyə qoşuldum.
Gecə-gündüz insanların
sağlamlığı keşiyində
dayandım, öz sağlamlığımı itirdim.
Amma ruhdan düşmədim.
Mübarizəmi davam etdirdim. Qəzetlərdə
publisistik yazılarla çıxışlar etdim,
müsahibələr verdim.
Gördüyüm, yaşadığım
hadisələri qələmə
alıb kitab çap etdirdim. Məni tanıyanların, hörmət
bəsləyənlərin dairəsi
genişləndi. Bəzən
insanlar üçün
daha çox faydalı olmaq istəyirsən, amma şərait olmur. Pandemiya mənə bu fürsəti verdi ki, həkim kimi də, qələm
sahibi kimi də cəmiyyətimizə
var gücümlə xidmət
edim.
Qənirə xanım həmin
günlərdə məni
Milli Məclisə dəvət
etdi.
Mətbuatdan yazılarımı, sosial şəbəkədən
isə statuslarımı
izlədiyini bildirdi.
Hal-əhval tutdu. Yenicə əməliyyatdan
çıxdığımı öyrəndi. Köməyini
təklif etdi. Müayinə üçün
yaxşı həkimə
göndərəcəyini bildirdi,
razı olmadım.
Yeni kitablarımı ona
hədiyyə etdim. Əməliyyatdan yeni çıxdığıma
görə oturmaq mənim üçün çətin idi. Mənə görə o
da oturmadı. Ayaq üstə bir xeyli söhbət etdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən COVİD virusundan danışdıq. Könüllü
olaraq COVİD-lə mübarizəyə qoşulduğum
üçün məni
alqışladı, məni
qəhrəman, fədakar həkim adlandırdı. Öz sağlamlığım müqabilində
könüllü olaraq insanların
sağlamlığı keşiyində
durduğumu xüsusi vurğuladı, məni o qədər təriflədi,
ünvanıma gözəl
sözlər dedi ki, kövrəldim, onun da gözləri yaşardı.
Mənim timsalımda fədakar
Azərbaycan həkimləri
ilə fəxr etdiyini bildirdi. Mənə Mədəniyyət Komitəsi
və şəxsən
öz adından təşəkkür etdi.
Məni bir neçə dəfə qucaqlayııb öpdü,
xatirə olaraq şəkil
çəkdirdik.
Səhhətim az-çox düzələn
kimi işə qayıtdım. Məni gözləyən xəstələr
var idi, mən onlara lazım idim. Özümə söz verdim ki, sonuncu xəstə palatadan çıxana kimi xəstəxananı tərk
etməyəcəyəm. Hər
gün üzləşdiyim,
yaşadığım hadisələr
mənə təsir edirdi. Onları qələmə almaq qərarına gəldim və beləliklə, Ağ libaslı mələk kitabım meydana çıxdı. Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda kitabın təqdimatı oldu. Tədbirə bütün
yaxın yazıçı
və şair dostlarımla bərabər,
Qənirə xanımı
da dəvət etmişdim.
Gələcəyinə inanırdım.
Bilirdim ki, heç bir yazıçının
gözünü yolda
qoymayıb. Qənirə
xanımın gözəl
qələmi vardı,
çox duyğulu şeirlər yazırdı.
Dəfələrlə AYB-də
keçirilən kitab təqdimatlarında
iştirak edib. O həm də mənim tələbə yoldaşımdı, onun iştirakı təqdimat mərasiminə xüsusi ahəng verəcəkdi. Mərasim çox maraqlı, səmimi keçdi, amma sona kimi gözüm
qapıda qaldı...
Axşam
telefonuma Qənirə
xanımdan mesaj gəldi. Üzrxahlıq edirdi. İşi çox olduğundan tədbirimə gələ
bilmədiyini, ertəsi
gün axşam görüşəcəyimiz ünvanı
yazmışdı. Çox
sevindim. Təşəkkür
etdim, gələcəyimi
bildirdim.
Axşam
taksini birbaşa söylədiyi məkana sürdürdüm. Vaxtından
tez gəlmişdim. Foyedə oturub gözlədim. Köməkçisi
bildirdi ki, içəridə
şəhid anaları
ilə görüşü
var. Bir müddət sonra
qapı açıldı,
Qənirə xanım
qonaqlarını yola saldı. Mənim sakitcə foyedə oturduğumu görüb gülümsədi: Gəl
tələbə yoldaşım,
xoş gəlmisən.
Yaxına gəldim. Məni doğması kimi qucaqlayıb öpdü. Ayaq üstə hal-əhval tutdu. İçəridə
bir neçə xanım vardı, məni onlarla tanış etdi. Yenicə işıq üzü görən Ağ libaslı mələk adlı kitabımı Qənirə
xanıma təqdim etdim. Oxuyacağına söz verdi. Masaya çay gəldi. Qarşımda qırmızı
məxmər üzlü
bir qutu var idi. Biixtiyar qutunu götürüb qarşımdakı
kitabın üstünə
qoydum. Çay süzülmüş armudu
stəkanı qarşıma
çəkdim. Çayla
aram olmasa da, hörmət xatirinə nəlbəkinin kənarından
yapışmışdım. İsti söhbət gedirdi. Mən danışanda Qənirə
xanım diqqətlə
qulaq asır, tez-tez üzümə baxırdı.
Birdən:
- Niyə qutunu kənara qoydun? O hədiyyəni sənə
almışam, - deyib gülümsədi. - Aç,
bax gör xoşuna gələcək?
- Qənirə xanım, nə zəhmət çəkmisiniz?
Mən sizə hədiyyə almaqdansa, siz mənə hədiyyə almısınız.
Xəcalət verirsiniz
vallah, - deyib utancaq tərzdə qımışdım.
- Canım, nə xəcalət? Aç, aç, sən hər şeyin ən gözəlinə layiqsən, doktor. Sənin gördüyün
işləri hər kəs görə bilməz. Biz gecələr
isti yorğan-döşəkdə
yatırıq, sənsə
xəstənin başı
üstündə yuxusuz
gecələr keçirirsən.
Fədakar həkim kimi səni hamı sevir. Bu da mənim sənə kiçik yadigar hədiyyəm olsun. İnanıram ki, məni unutmazsan.
Qutunu götürüb
açdım. İçinə
şəkil qoymaq üçün medalyonlu boyunbağı idi. Qənirə xanım diqqətlə üzümə
baxırdı:
- Xoşuna gəldimi?
- Bəli, çox
bəyəndim...
- İçinə kimin şəklini qoyacaqsan?
Sual qəfil
olduğundan bilmədim
nə cavab verim:
- Bilmirəm.
Otaqda olan
xanımlardan biri köməyimə çatdı:
- Əlbəttə, sizin şəklinizi qoyacaq, Qənirə xanım. Kimin şəklini qoyacaq ki?
- Hə. Sizi
çox sevirəm. Ürəyimdəsiniz onsuz
da. Sizin şəklinizi qoyacağam,
- dedim.
Qənirə xanım məmnunluqla gülümsədi:
- Çox şad
olaram, mənim şəklimi medalyonda gəzdirsən... Mən dünyada olmayanda baxıb xatırlayarsan.
İstədim etiraz edim dediyi son sözlərə.
Amma dinə bilmədim...
Əslində gözləri
sevincdən gülürdü,
mən dünyada olmayanda nə deməkdir? Ömrünün
çiçəkləndiyi çağındaydı Qənirə
xanım, enerjisi aşıb-daşırdı, söhbətindən
doymaq olmurdu... Unudulmaz bir görüş
bu notlarla bitməməli idi.
Uzaqdan-uzağa tədbirlərdə görürdüm. Vaxtını
almamaq üçün
çox vaxt yaxınlaşmırdım. Kürsüdən
etdiyi çıxışlarına
heyranlıqla qulaq asırdım.
...Bu il sentyabrın 1-də Şamaxıda Azərbaycan
Dili və Ədəbiyyatı forumunda onu yenidən gördüm. Çox sevindim. Amma mən də, yanımdakı həmkarlarım da onun görünüşündən narahat olduq. Çox arıqlamışdı.
Rəngi-ruhu da solmuşdu.
O gün çıxışı
qısa və lakonik oldu. Tədbirdən
sonra ona yaxınlaşdım. Yenə
doğması kimi görüşdü
mənimlə. Hal-əhval
tutdu. Onunla görüşmək istədiyimi
bildirdim. Bakıya dönəndə hökmən
yazacağını dedi.
Bir az işlərim
var, yoluna qoyum, görüşərik - dedi.
Diqqətlə boynuma baxdı. Elə bil, bağışladığı
medalyonu görmək istəyirdi. Pərt oldum. Sıxıldığımı
hiss etdi. Üzümə
baxdı. Nüfuzedici
baxışları mətləbimi
anladın, deyəsən,
deyirdi sanki. Sonra mənimlə və yazıçı xanımlarla
şəkil çəkdirdi.
Bu görüş bizim son görüşümüz oldu.
Sentyabrın 23-də gecə
saatlarında Qənirə
xanımın komaya düşərək xəstəxanaya
yerləşdirildiyini eşitdim.
Mərkəzi Kliniki Xəstəxanada ağır
vəziyyətdə süni
aparata qoşulmuşdu.
Onun sağalması üçün hər kəs, onu sevənlər
dua edirdi. O kədərli günlərdə
mənə bağışladğı medalyonu
ovcumda möhkəm sıxıb göz yaşları içərisində
Allaha yalvarırdım.
Bircə oyansın. Şəklini medalyona
qoyub boynumdan asacaq, görüşünə
gedəcəkdim. Yalvarışlarımızın
faydası olmadı, dualarımız
cavabsız qaldı.
Allah belə yazmışdı
ömür yolunu. Qısa, amma dolğun. Qırx səkkiz illik ömrünə bir əsri sığdırmışdı.
Beş gün canı
ilə çəkişdi.
Sentyabrın 28-də gözlərini
əbədi olaraq bu dünyaya yumdu.
Yazı
stolumun üstündəki
medalyondan mənə baxır... Fəhmli insan idi, ölümü
ona ayan olmuşdu, hər kəslə ünsiyyət
qurmağa, hər kəsə bir söz söyləməyə,
xatirələrdə iz
qoymağa can atırdı,
tələsirdi. Bilirdi
vaxtı azdı, bilirdi çox işlərini həyata keçirməyə macal tapmayacaq. Çox sevildiyini də bilirdi, bilirdi ki, gedişilə sevənlərini
mat qoyacaq, insanlar inanmaq istəməyəcəklər.
Getməmək əlində
deyildi...
Hədiyyə verməyi xoşlayırdı.
Özü də xalqımıza Allahın lütfü idi, ərməğanı idi.
Çox evdə onun xatirəsilə birgə hədiyyəsi yaşayır. Yüz minlərlə ürəkdə
özü yaşayır.
Mən şanslı idim, onu məşhur olmamışdan əvvəl tanıyırdım, otuz ildən sonra onu əvvəlki Qənirə ilə müqayisə etmək imkanım vardı. Deyim ki, tanınmış dövlət xadimi Qənirə Paşayeva sadəliyi, mehribanlığı, xeyirxahlığı ilə tələbə Qənirənin eyni idi. Vəzifə, şan-şöhrət onun nəcibliyindən bir zərrə də düşürməmişdi. Qənirənin gedişi mənə çox ağır təsir edir, heç cür ovuna bilmirəm. Çox qiymətli insan idi, xalqımıza çox gərək idi. Tanrı möcüzəsi - Quzey işıltısı kimi qaranlıqları işıqlandırdı və uçub getdi...
Məlahət HÜMMƏTQIZI
Həkim-yazıçı
525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.19.