Ustad Şakir
Yaqubovu xatırlayarkən
İndi bu qeydləri bir xoş xatirə
kimi nəzərdən
keçirirəm... 2021-ci ildə,
70 illik yubileyi münasibətilə yazmışdım
və vaxtilə araya-ərsəyə gəlməsində
müstəsna xidmətləri
olan "Azərbaycan"
qəzetində dərc
olunmuşdu. Bundan sonra cəmi 1 il 8 ay 20 gün yaşadı. Milli mətbuatımızın fədakarlarından
olan, çoxsaylı peşəkar jurnalistin özünə ustad saydığı Şakir
Yaqubovun vəfatından
artıq bir il ötür.
Uzun müddət xəstəliklə
mübarizə aparsa
da, tam sağalıb ayağa
qalxmasına ümid az olsa da, Şakir
müəllimdə həyat
eşqi güclü idi. Bekarçılığı
özünə yaraşdırmırdı...
Halı yaxşı olanda kompüter qarşısında əyləşib,
özünün dediyi
kimi, "yaddaşının
küncündə" qalanları
yazıya köçürürdü.
Otağında televizor daim işlək idi. Baxdığı verilişlər,
filmlər, idman yarışları barədə
mütləq xüsusi
rəyi olardı və yenə əhvalının yaxşı
vaxtında mütləq
telefonda söhbətləşdiyi
dostları ilə bölüşərdi. Jurnalistikaya
aid heç nəyə biganə qalmırdı, qala bilmirdi... Çünki bu peşəyə canı-dildən bağlı
idi. Öz nəslinin və özündən sonrakı
nəslin peşəkar
jurnalistlərinə xüsusi
hörmət, ehtiram göstərirdi, yazılarında,
söhbətlərində bunu
mütləq hiss etdirirdi.
Amma bu peşəyə
təsadüfi gəlib
çıxanlara, redaksiya
tapşırıqlarını yarıtmayanlara qarşı
da vaxtilə amansız
olmuşdu və necə deyərlər, sözünü üzə
deməkdən çəkinməmişdi.
Şakir
müəllimi yaxından
tanıyanlar, yaradıcılığına
və insani keyfiyyətlərinə bələd
olanlar bu gün onu ehtiramla
xatırlayır, ruhuna
rahatlıq diləyir,
rəhmət deyirlər.
Mənim qəlbimdə
təkcə bir ustad kimi deyil,
həm də əziz dost kimi xüsusi yeri olan unudulmaz şəxsiyyət haqqındakı
yuxarıda xatırlatdığım
"Ustadlıq missiyası"
başlıqlı qeydlərimi
qısa ixtisarla
"525-ci qəzet"in oxucularına
təqdim edirəm...
"Milli
mətbuatımızın əsryarımlıq
tarixinin son əlli ilində yaradıcılıq
istedadı və peşəkarlıq xüsusiyyətləri
ilə seçilən
nümayəndələri arasında
Şakir Yaqubovun özünəməxsus yeri
var... Yaşlı nəsil
üçün o, geniş
ictimai əhəmiyyətli
məsələləri dərindən
araşdıran obyektiv
və vicdanlı publisist, nisbətən cavanlar üçün isə idman jurnalistikasının canlı
korifeyi, xüsusən,
futbol mövzusunun kamil bilicisidir.
Şakir
Hənifə oğlu Yaqubov 1951-ci il fevralın
25-də Astara rayonunun
Balaca Şahağacı
kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin
(Hazırda Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinin
məzunudur. Jurnalist sənətkarlığı və
ideoloji işin təşkili üzrə də xüsusi təhsil alıb. Almaniyada yerləşən
sovet qoşunlarında
zabit kimi xidmət edib. Mətbuata isə bütün bunlardan əvvəl, hələ məktəbli ikən gəlib: 13 yaşında yazdığı "Mən
də Yuri kimi olacağam" başlıqlı
məktub "Azərbaycan
pioneri" (indiki
"Savalan") qəzetində
dərc edilib. Orta məktəbi jurnalist olmaq arzusu ilə bitirib. Lakin istəyini gerçəkləşdirə bilməyib, universitetdə
arzuladığı fakültəyə
qəbulun "müşkül
iş" olduğu barədə məşhur
bir jurnalistdən eşitdikləri onu başqa bir ixtisasa sənəd verməyə vadar edib. Birinci cəhddə
universitet tələbəsi
ola bilməyib və yalnız "əla" qiymətlərdən ibarət
səkkizillik şəhadətnaməsi
ilə iqtisad yönümlü texnikuma üz tutub. Burada cəmi bir il oxuduqdan sonra yenidən universitetə sənəd
verib və qəbulu "müşkül"
olmayan Kitabxanaçılıq
fakültəsinin tələbəsi
adını qazanıb.
Fərqlənmə diplomu
ilə bitirdiyi universitetdə təhsilinin
elə birinci ilindən fəal jurnalist fəaliyyətinə
başlayıb: o dövrün
populyar mətbu nəşrləri - "Azərbaycan
gəncləri", "Bakinski
raboçi", "Molodyoj
Azerbaydjana", "Bakı"
- "Baku" qəzetləri ilə əməkdaşlıq
edib. Sonra universitet qəzetinin müxbiri olub. Almaniyada ikiillik hərbi xidməti zamanı da jurnalistikadan ayrılmayıb,
rusdilli ordu qəzetində müntəzəm
yazıları dərc
edilib...
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Şakir müəllimin Astarada oxuduğu orta məktəbdə tədris
edilməyən rus dilini müstəqil öyrənməsi, bu dildə yazmaq və Azərbaycan dili ilə çarpaz
tərcümə etmək
qabiliyyətinə yiyələnməsi,
üstəlik, hətta
sonralar ingilis dilindən tərcümədə
özünü sınaması
onun fitri istedadı ilə yanaşı, həm də misilsiz çalışqanlığının göstəricisidir.
Şakir
Yaqubovun əsl jurnalistlik fəaliyyəti
1974-cü ildən başlanır.
"Azərbaycan gəncləri",
"Kommunist" (indiki
"Xalq qəzeti"),
"Həyat" (indiki
"Azərbaycan"), "Sirdaş", "Səhər"
və "AFFA news", "Panorama" qəzetlərində işləyib,
xüsusi müxbirlikdən
baş redaktorun birinci müavini və baş redaktoradək ən müxtəlif vəzifələrdə
çalışıb, uzun
müddət Azərbaycan
Respublikası Auditorlar
Palatasının redaksiya-nəşriyyat
şöbəsinin müdiri,
"İqtisadiyyat və
audit" elmi-praktik jurnalının
məsul redaktoru olub.
Harada, hansı vəzifədə
işləməsindən asılı
olmayaraq, jurnalist və redaktor kimi Şakir Yaqubov öz prinsipləri və meyarları ilə seçilib, iş yoldaşlarının bu prinsiplərə hörmətlə
yanaşmasına, onları
qəbul etməsinə
nail olub. Əslində,
bu, normal iş və yaradıcılıq
prinsipləridir: intizamlılıq,
məsuliyyətlilik, dürüstlük,
fəallıq, təşəbbüskarlıq
və təbii ki, səlis, aydın yazmağı bacarmaq...
Bu məqamda tanınmış
şair-publisist Vaqif Bəhmənlinin rəyinə
istinad etmək olar: "Şakir müəllim hələ
"Gənclər" qəzetində
işlədiyi illərdən
jurnalistika evinin ən sayılan, ən dəyərli adamlarından biri olub. Şəxsən mən Şakir müəllimi hər görəndə özümü
yığışdırmışam, hər hansı bir yazımı yazmağa başlayanda düşünmüşəm ki, hansısa bir çiy cümlə, hansısa yerinə düşməyən bir söz ola bilər, ifadə ola bilər və Şakir müəllim bunu oxuyanda mənə irad tuta bilər,
mənimçün bunu
qüsur saya bilər. Şakir Yaqubovun tələbkarlığı,
sözə ciddi münasibəti bizim hər birimiz - ondan sonra jurnalistikaya
gələn nəsil üçün ciddi dərs olub, örnək olub, mən deyərdim ki, məktəb olub... Bizim musiqimizdə də, ədəbiyyatımızda
da, inzibati işimizdə
də, siyasətimizdə
də - hərəsində
bir Şakir Yaqubovumuz olsa, ordan narahat olmağa
dəyməz..." Bu fikirlər
özündə ustad
jurnalistin xarakterini səciyyələndirən ən
mühüm cizgiləri
ehtiva edir.
Şakir
Yaqubov əsas meyarları faktın dəqiqliyi, fikrin düzgünlüyü, sözün
təsirliliyi olan klassik qəzetçiliyin görkəmli nümayəndəsidir.
Qəzet redaksiyasında
işin istər yaradıcılıq, istərsə
də texniki baxımdan ən effektiv təşkilinin nəzəriyyəsini və
təcrübəsini həmkarları
və həmyaşıdları
arasında onun qədər mükəmməl
bilənlər az olub. Dövlət müstəqilliyinin bərpasından
sonra fəaliyyətə
başlayan "Həyat"
qəzetinin ("Azərbaycan"ın
sələfi) necə
yarandığının və
fəaliyyətə başladığının
şahidləri bunu təsdiq edə bilərlər. Yeri gəlmişkən, Şakir
Yaqubov haqqında
"heç vaxt birinci olmayan birinci" ifadəsinin aydın bir gerçəyi ifadə etdiyini söyləmək vacibdir. Vəzifəsindən
asılı olmayaraq, işlədiyi bütün
redaksiyalarda onun fikri və rəyi,
xüsusən yaradıcılıq
məsələlərinə münasibətdə, hər
zaman birinci nəzərə
alınıb.
Yaradıcılıq demişkən, Şakir Yaqubov publisistikası milli mətbuatımızın
öyrənilməyə, tədqiq
olunmağa layiq örnəklərindən hesab
edilə bilər. Onun indiyədək çap etdirdiyi "Mən şahidəm
ki...", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərir",
"Bizim səfər
haçandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən
keçənlər" kitablarında
toplanmış publisistik
nümunələr tarixi
həqiqətləri, aktual
ictimai-siyasi hadisələri,
mənəviyyat məsələlərini,
insan talelərini yüksək sənətkarlıqla
əks etdirməklə
yanaşı, həm də öz peşəsinə ciddiyyətlə
yanaşan gənc jurnalist nəsli üçün yaxşı
müntəxəbatdır, əla bələdçidir...
Özünün kitablarını nəşr
etdirməklə yanaşı,
Şakir müəllim
"Vətən bizim
şöhrətimiz...", "Bizim müasirimiz" və "On ikinci şeyxülislam" kitablarının
da həmmüəllifi, məşhur
islamşünas alim Q.E. fon
Qrünebaumun "Klassik
islam" monoqrafiyasının,
Y.Boqatın "Onlar belə sevirdilər" (Ə.Ağalarov və E.Cabbarovla birgə) kitabının və dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin
tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov,
Adil Qaçayoğlu və
digər tanınmış
publisistlərin kitablarının,
habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin
redaktoru olub. Müxtəlif janrlı yazıları ayrı-ayrı
toplulara, o cümlədən,
əxlaq mövzusunda
"Sevirsə, qayıdacaq..."
adlı oçerki IX siniflər üçün
"Ailə həyatının
etika və psixologiyası üzrə
müntəxəbat"a (Bakı,
1989-cu il) daxil edilib...
...Şakir Yaqubova həm sovet dövrün
də
(1989-cu il), həm də
müstəqillik dövründə
(2005-ci il) eyni fəxri
ad - "Əməkdar mədəniyyət
işçisi" adı
verilib. "Qızıl
qələm", "Həsən
bəy Zərdabi",
Ali Media mükafatları laureatı,
10-dək yaradıcılıq müsabiqəsinin mükafatçısıdır.
"Azərbaycan Respublikasının
fəxri auditoru" adını almış
ilk və yeganə peşəkar jurnalistdir.
...O, əsrarəngiz gözəllikləri
ilə göz oxşayan Talış dağları ilə mavi Xəzərin arasında yerləşən
bir kənddə dünyaya göz açsa da, yaşadığı
ömürlə, yaratdığı
əsərlərlə bütöv
Azərbaycanın övladıdır.
Qarabağda möhtəşəm
Zəfərimizin xalqımızı
sevindirdiyi vaxtlarda Şakir müəllimin səhhətində növbəti
dəfə problem yaranmışdı.
Sağlamlığı bərpa
olunduqdan sonra ailə üzvləri ona həmin vaxt yarıhuşsuz vəziyyətdə söylədiklərini
xatırladıblar: "Hikmət
Şuşaya mənsiz
gedib", - deyirmiş...
Şakir müəllim
indi inanır ki, cavan həmkarı və dostu şuşalı
Hikmət Sabiroğlu,
yəqin, belə vəfasızlığı özünə
rəva bilməyəcək..."
...Təəssüf ki, tale həsrətlə gözlədiyi Şuşayla görüşü Şakir müəllimə qismət eləmədi. Amma vətənpərvər bir azərbaycanlı kimi yaşadığı ömür müddətini qalib xalqın, ölkənin vətəndaşı kimi başa çatdırmaq nəsibi oldu. Vəfalı həyat yoldaşı Elminaz xanımın, qızları Aynurun və Ayselin, nəvələri Mələk, Kamil, Ayxan və Məhəmmədin, qohumlarının və dostlarının təskinlik tapdıqları bir həqiqət var: Şakir Yaqubov ömrünü şərəflə, ləyaqətlə yaşadı, daim öyrənilə və öyrədə biləcək yaradıcılıq irsi yadigar qoyaraq işıqlı xatirəsi ilə bu dünyanı tərk etdi. Allah rəhmət eləsin.
Elşən ƏLİYEV
Əməkdar jurnalist
525-ci
qəzet.- 2023.- 14 oktyabr.- S.18.