ONUN GEDİŞİYLƏ MƏHRUM OLDUQLARIMIZ  

 

O küçədən, o evin yanından təqribən hər gün keçirəm. Bəzən bir gündə bir neçə dəfə. Hər keçəndə istər-istəməz xəyalımda kədərli bir səhnə canlanır. 1937-ci ilin o müdhiş oktyabr gecəsində Salman Mümtazın əlindən azadlığını ömrünü almağa gələnlər evdəki gözlərinə dəyən bütün kitabları, əlyazmaları, məktubları, fotoları, sənədləri kisələrə doldurmuşdular. məşum gecənin zülmətində daha bir rəzalət törətmişdilər. O ağır kisələri mənzildən maşına Salman Mümtazın özünə daşıtdırmışdılar. Əslində hər dəfə mənzilinə qayıdıb növbəti kisəni götürəndə, aparıb həmin kitab dolu kisəni çekistlərin maşınına yükləyəndə Salman Mümtaz diri-diri ölürdü. Bu əlyazmalar, başqalarına sadəcə kağız parçaları kimi görünə biləcək vərəqlər onun həyatının mənası idi. Onları illərcə minbir zəhmət sevgiylə toplamışdı, indi bütün bunları əlindən alırdılar, məhv etməyə aparırdılar. Sağkən necə keçinməyə idi.

...Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövrümdə əvvəldən-sonadək araşdırmışdım. Onun şəxsi kitabxanasında olmuş, evinə gedib-gələn alimlərin, ədiblərin şəhadətinə əsasən tərtib edilmiş 258 addan ibarət siyahını da o vaxt ilk dəfə görmüşdüm. O vərəqdəki hamısı yandırılmış sayılan 258 ad mənə öldürülmüş 258 qiymətli insanın ara siyahısı kimi gəlmişdi. Nələri itirdiyimizi bilməkçün başdan-sona oxumuşdum.

1982-ci ildə o siyahını gördüyümdən, oxuduğumdan 10 ilə yaxın vaxt keçirdi.

Təbii, o siyahıdakı çox adları unutmuşdum.

SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu o dövrdə mütəmadi olaraq gənc şərqşünasların ümumittifaq konfranslarını təşkil edirdi adətən bu elmi yığıncaqların keçirildiyi şəhərlər dəyişirdi. 1982-ci ildə "Gənc şərqşünaslar məktəbi"nin iclaslarının Ermənistanda keçirilməsi qət edilmişdi. Paytaxtdan az aralıdakı Aqveran deyilən yerdə, Elmlər Akademiyasının "Simpoziumlar evi"ndə baş tutan həmin konfransda iştirak edənlərin əksəri bu gün dünya şərqşünaslığında imzası olan tanınmış adlardır. Konfrans bitəndən sonra İrəvana getdik mən əvvəldən biletimi elə almışdım ki, qayıtmazdan öncə üç-dörd gün vaxtım olsun ki, Matenadaranda - onların əlyazmaları institutunda araşdırmalar aparım. Bundan ötrü xüsusilə Bakıdan - Elmlər Akademiyasından məktub da götürmüşdüm.

Matenadarandakı erməni dilində olan bütün əlyazmaların kataloqları nəfis şəkildə nəşr edilmişdi. Özləri söyləyirdilər ki, həmin kataloqları dünyanın müxtəlif ölkələrindəki bütün əsas kitabxanalara, erməni mərkəzlərinə göndəriblər. Amma maraqlandım, ərəbcə, farsca, türkcə olan əlyazmaların kataloqu nəinki nəşr edilmiş, heç makinadan çıxarılmış siyahıları da yoxdu. Sadəcə, əl xətti ilə əlyazmaların adlarını, saxlanma nömrələrini dəftərxana kitablarında qeyd etmişdilər. Tanış olanda artıq sərlövhəsindən xeyli maraqlı görünən neçə əlyazma, əski kitab adına rast gəldim. Onlardan bəzisini sifariş verdim ki, ertəsi gün baxım. Lakin hansını sifariş verirdim, cavab gəlirdi ki, ya bunu təmir edirlər, müalicəyə götürüblər, ya da indi başqa bir oxucu, tədqiqatçı tərəfindən istifadə edilir, bütün müraciətlərimə imtina gəlirdi. Mənə yalnız xüsusi tarixi əhəmiyyəti olmayan əlyazmaları, daşbasmaları verirdilər. oxu zalında elə Matenadaranda işləyən Gürcüstan ermənisi olan Nikolo Gevorkyan adlı bir nəfərlə tanış oldum. O, Sayad Nəvanın azərbaycandilli şeirləri haqqında dissertasiya yazırdı mənim orada olmağımdan istifadə edərək bəzi sözlərin izahını soruşurdu. Tutalım, maraqlanırdı ki, onun üçün anlaşılmaz olan "darayı" kəlməsinin mənası nədir? Mən izah edirdim ki, bu, bir parça növüdür. Sayad Nəvanın azərbaycanca şeirlərində keçən terminlərdən, sözlərdən ibarət uzun siyahı tərtib eləmişdi məndən xahiş etdi ki, bildiklərimi indi deyim, hansılarına ki, sonacan dəqiq aydınlaşdırılması üçün əlavə mənbələrə baxmaq lazımdır, onları da Bakıya qayıdandan sonra aydınlaşdırıb ona yazım. O da, öz növbəsində, Matenadaranda bacardığı köməkləri əsirgəməyəcəyini boyun oldu. Hələ 1982-ci il idi, hələ sonrakı kədərli hadisələr baş verməmişdi. Yəni üzdə olsa mehribanlıq vardı, amma hər halda içərilərində o özlərinəxas xılt da qalırdı - lazımlı əlyazmalardan istifadəmi hər cür bəhanələrlə əngəlləyirdilər. Bu barədə söz açdığımda Nikolo dedi ki, adətən Azərbaycandan, Türkiyədən olan adamlarla belə davranırlar, istədikləri əlyazmaları vermirlər. Əlavə etdi ki, sən hansılarını istəyirsənsə mənə de, öz adımdan sifariş verim, gəlsin, sən götür istifadə et. İmtina cavabını aldığım bir neçə əlyazmanın adını yazıb verdim ona. Bir saat sonra hamısı hazır idi. Həmin əlyazmalardan biri Nizami "İsgəndərnamə"sinin XV əsrin sonları, XVI əsrin əvvəllərinə aid Azərbaycan türkcəsinə tərcüməsi idi. Oxudum, müəyyən qeydlər götürdüm, ayrı-ayrı parçaları köçürdüm. Amma əlyazmanı vərəqlədikcə içərimdən bu sual da keçirdi ki, sanki bu əlyazmanın adı, haqqındakı məlumatlar mənə haradansa tanışdır, elə bil haradasa görmüşəm. Eynən hərdən bir adamla ilk dəfə rastlaşıb onu daha əvvəllərdə gördüyünü zənn edtiyin kimi. Qəfilcə elə bil yaddaşımdakı bağlı qapı açıldı. Xatırladım ki, bunun haqqında illər öncə Salman Mümtazın arxivində olmuş əlyazmalar siyahısında oxumuşdum.  Adların sırasında bu əsərin adına rast gəlmişdim. Sən demə, Salman Mümtazın evindən aparılan kitabların, əlyazmaların yandırılması haqqında söz-söhbət quruca şayiə imiş, uydurmaymış. Bəlkə belə yalanları elə "KQB" əliylə özləri qəsdən yayırmışlar. Əlyazmalar, qiymətli kitablar ayrı-ayrı insanların evindən müsadirə olunan bir çox dəyərli əntiq əşyanın 1930-cu illərin siyasi repressiyaları dönəmində "NKVD"yə daraşmış ermənilər tərəfindən gizlicə Ermənistana ötürülməsi haqqında ehtimalları eşitmişdim, indi sübutlarından biri ortada, gözümün qabağında idi.

Bu minvalla 1920-30-40-cı illərdə yalnız böyük şəxsiyyətlərimiz məhv edilməyib, onların toplayıb göz bəbəyi kimi qoruduğu, millətin ruhunun ifadəsi olan incilər oğurlanıb, xalqımızın digər maddi-mədəni sərvətləri qəsb edilib. Odur ki, Ermənistandan bizdən yağmaladıqları torpaqları geri almaqla bitmir, onillər boyu qamarladıqları, sahib çıxdıqları - əlyazmalardan tutmuş xalçalaradək çox sərvətlərimizi xilas etməliyik.

Uzun müddət DTK-da xidmətdə olmuş, Türkiyədə Sovet İttifaqı Teleqraf Agentliyinin müxbiri "papağı" altında fəaliyyət göstərmiş, sonralar Elmlər Akademiyasında, Şərqşünaslıq İnstitutunda mənimlə birgə çalışan Əsildar Hüseynova İrəvanda üzləşdiyim hadisə ilə bağlı danışanda belə bir əhvalatı söyləmişdi ki, vaxtilə işlədiyi həmin idarənin daxili yeməkxanasında yaxşı pirojkilər bişirirlərmiş. Əməkdaşlardan biri axşam evə gedəndə o pirojkilərdən alıb aparırmış. Günlərin birində baxır ki, qayınatası pirojkiləri ləzzətlə yeyəndən sonra onların büküldüyü kağızları səliqə ilə hamarlayıb pirojkini yeyərkən aldığından artıq ləzzətlə orada yazılanları oxuyur. Baxır ki, həmin vərəqlərdə ərəb əlifbasında iri hərflərlə nəsə mətnlər yazılıb. Qayınatasından soruşur ki, orada yazılıb ki, belə həvəslə oxuyursunuz? Ağsaqqal da qayıdır ki, gözəl şeirlərdir, bir-birindən maraqlı tarixi əhvalatlardır, haqqında heç bilmədiyim şairlər barədə məlumatlardır. Sizin bufetçidən soruş, belə kağızlarıdan yenə varsa götür gəl, heyifdir, pirojkinin yağına bulaşandan sonra bəzi yerləri yaxşı oxunmur.

Həmin əməkdaş DTK yeməkxanasında maraqlanır ki, həmin vərəqlər haradandır, bəlli olur ki, bunlar zamanında Salman Mümtazın evindən götürülmüş, üstündə öz qeydləri olan, istintaq üçün xüsusi əhəmiyyət kəsb etmədiyindən anbar kimi bir otağa doldurulub qalmış digər yığın-yığın elə buna oxşar kağız-kuğazlardanmış.

Vaxtilə Turan xanım Cavid atasının DTK-ya aparılmış əlyazmalarının taleyi ilə maraqlanmışdı. Cavab almışdı ki, hamısı məhv edilib. Ancaq Salman Mümtaz nümunəsi pıçıldayır ki, qətiyyən ümidi üzmək olmaz. Salman Mümtazdan Salman Mümtazlarımızdan o məşum tuthatutlar mövsümündə qəsb edilənlərin hamısının guya axırına çıxıldığı naçarlığına qapılmaq olmaz. Torpağın təkində gizlənən bulaqların günlərin birində qaynayıb üzə çıxması kimi, o əziz itkinlərlə görüşmək fürsəti ilə qarşılaşacağımıza inamımızı heç vaxt itirməyək.

Şamları tarixi bilinməz uzaq əyyamlarda, görməli olduğu işlərə gündüz işığı azlıq edənlər, gecənin hesabına gündüzün ömrünü artırmağa can atanlar yaradıblar. Qədimi bir şamdan. Əlimdə tutmuşam düşünürəm ki, onillər öncə bu şamdandan saçılan işığın altında möcüzələr baş verərmiş. Şamdan şamdandır. Amma niyə məhz bu şamdanın işığında möcüzələr baş verdiyini güman edirəm? Çünki bu şamdan Salman Mümtazın masasının üstündə imiş. Bu şamdandakı şam yanırmış. Qeybə çəkilmiş keçmişlər onun nurunda Salman Mümtazın qələminə qonur, dirilik tapırmış. Əslində bu şamdanlar qoşa idi. Biri Salman Mümtazın masasının sol tərəfində, biri sağında. Tələbəlik dostum, Salman Mümtazın nəvəsi Urxun Qalabəyov bir gün o iki şamdanı gətirdi Nizami muzeyinə. Dedi ki, hədiyyə etmək istəyirəm. Amma şamdanlardan birini özünə götür. Dedim, axı ayırmayaq, qoy qoşa qalsınlar. Dedi, yox, birini qoyaq Salman Mümtazın guşəsinə, digəri istəyirəm ki, həmişə sənin masanın üstündə dayansın, qoy Salman Mümtazın ruhu səninlə birgə olsun.

Şamdansız da Salman Mümtazın həm ruhu, həm işığı lap çoxdan mənimlədir. Öz rahat oxunan, səliqəli xətti ilə yazdıqlarını 1970-ci illərin əvvəllərində, ilk tələbəlik dövründə birinci dəfə oxuduğum vaxtlardan, onun əngin zəkasına, zəhmətkeşliyinə, millətsevərliyinə heyran qaldığım anlardan. Əslində Salman Mümtaz şamı "Azərbaycan masası"nın üstündədir. Bu şamdanda şam oldu-olmadı, bu şamdandakı şam yandı-yanmadı! Onsuz da Salman Mümtazın yadigar qoyduğu irsin şamı həmişə yanır o işıq yolumuzu daim aydınladır. Salman Mümtaz varlığı ilə şam olan, müdam bu xalq üçün yanan bir şəxsiyyət idi qədər ki böyük sözümüz var, o böyük sözə Azərbaycan insanının içində sevgi var, Salman Mümtaz şamı da yanmaqda davam edəcək!..

...Xoşbəxt imiş Salman Mümtaz. 1920-ci illərin ortaları onun həyatının ən məsud parçası olub. İndinin ucalığından baxarkən bu həqiqət aydın görünür. Bəzən bir il içində bir neçə kitabı nəşr edilirmiş. Hər kitabı da bir hadisə!

Qucağında təzə kitabının ilk nüsxələri Azərnəşrdən çıxırmış, oradan çox da uzaqda olmayan evinə doğum evindən dünyaya yenicə gəlmiş övladını aparırmış kimi bəxtiyarcasına gedirmiş. Sevinirmiş ki, Mirzə Şəfi Vazehi etdim hamınınkı. Düşünürmüş ki, Sarı Aşığı qaytardım millətimə. Xoşhal olurmuş ki, Baba bəy Şakiri qoymadım unudula. Salman Mümtaz bu incilərin qədrini hər kəsdən daha artıq bilən duyan bir arif olaraq dərk edirdi ki, belə yaşamalı sözləri kitablaşdırmaqla bu şeirləri , onların yazarlarını da gələcəkdəkilərə ərməğan edir, kitaba dönüblərsə, daha onlara zaval yoxdur.

Buna qəlbən inanırdı, çünki kitabın hansı güc olduğunu onunca bilən yoxdu.

Mehdi bəy Şəqaqi - çoxları heç bu gün onu tanımır. Amma Salman Mümtaz elə edib ki, mütləq tanıyacaqlar. Vaxtında onun yazdıqlarını toplayaraq kitaba çevirib əmin olub ki, geci-tezi var, mütləq bu kitaba - Şəqaqiyə qayıdacaqlar. Ağa Məsih Şirvaninin elə uzaqbaşı adını biləcəkdik. Onu da ilk dəfə bir kitaba çevirərək xalqa yetirən yenə həmin Salman Mümtaz oldu.

1920-ci illərin ikinci yarısında, 1930-cu illərin əvvəllərində hərəsinin işıq üzü görməsi ədəbi bayrama dönən bu nazik kitablar sonralar neçə qalın kitabların yaranmasına bünövrəyə dönəcək. Nişat Şirvani, Nitqi Şirvani, Kərbəlayı Allahi Arif - bunları da o dövrdə çoxları tanımırdı. Salman Mümtaz nəşr elədi, tanıdılar, bildilər. Molla Pənah Vaqifi bütünlüyü ilə birinci dəfə Azərbaycana qaytaran yenə Salman Mümtaz oldu. Qasım bəy Zakiri bütün möhtəşəmliyi ilə iri bir kitaba çevirərək millətinki edən yenə həmin Salman Mümtaz idi.

Xalqına söz sarayı bağışlamaq eşqi ilə yaşayan Salman Mümtaz başı göylərə dikələn müstəsna imarətin bünövrəsini tökürdü, ilk kərpiclərini düzürdü, sütunlarını yapırdı, divarlarını qururdu. Sonralar bu tədarüklərin zəminində Azərbaycan ədəbiyyatı ədəbiyyatşünaslığının cah-calallı imarəti ucalacaq. Amma başlanğıc çətindi, ilk addımlar işin ən müşkül tərəfi idi Salman Mümtaz ağrılı gerçəyi ifadə edərək ( əslində həm öz əməyinə doğru qiymət verərək) yazırdı ki, başqa xalqlarda bu işi görənlərin əlində çoxlu məxəzlər, mənbələr, qəzetlər, jurnallar, arxivlər var. Mənim əlimdəsə heç yox idi. Bunları zərrə-zərrə, vərəq-vərəq, dəmir çarıq geyib Azərbaycan boyu gəzərək toplayıram. 25 ildir ki, bu işlə məşğulam.

Gileylənirdi ki, məndən əvvəl bu yolda çalışmış insanlar olsaydı, indi bəlkə belə işləri görməyim qat-qat asan olardı. O işlər görülməyib, amma o işləri yoluna qoymaq lazımdır.

Bəxt üzümüzə gülüb. 1937-ci ildə azadlığı əlindən alınan Salman Mümtaz yaxşı ki, zamanında - Allahın bəxş etdiyi o qısa möhlət ərzində bütün bu işləri görməyə macal tapıb. Çünki sonra təlatümlü zaman gəldi. Ərəb əlifbasında olan çox kitablar Allaha düşmən Şura hökumətinin qənim kəsildiyi dini kitablardan sayılaraq yox edildi. Salman Mümtaz nəyi xilas edə bildisə, əlimizdə-ovcumuzda əbədilik qaldılar. Çünki kitab olmuşdular. Çünki kitabın hansısa nüsxələrini yandıracaqlar, hansısa nüsxələrini torpağa basdıracaqlar, hansınısa cırıb atacaqlar, amma istənilən halda haradasa azı bir, üç, beş nüsxəsi hökmən qalacaq.

Bu da indi həm təəccübləndirir, həm sevindirir - Salman Mümtaz "xalq düşməni" elan edilərək tutulsa da, çox evlərdə onun araya-ərsəyə gətirdiyi kitablar qalırdı. İş ondadır ki, o qorxunc zəmanədə belə damğası olanların adını çəkmək, şəklini, kitabını, məktubunu saxlamağın özü xata idi, "xalq düşməni"nin həmfikri, yaxını, canıyananı kimi belə zahirən adi görünən unutmazlığa görə sənin özünü qayıdışsız səfərə göndərə bilərdilər. O qədər belələri olmuşdu ki!

Amma insanlar çox şeyləri atsalar da, Salman Mümtazın kitablarına qıymayıblar, saxlayıblar, qoruyublar. Çünki Salman Mümtazın gördüyü işin böyük mənasını da, onun özünün sadə bir insan olmadığını da gözəlcə anlayırdılar.

o illərdə əksər ailələr çırağı söndürülmüşlərin çox kitablarını evlərindən kənarlaşdırsalar da, indi şahid oluruq ki, Salman Mümtazın məhdud sayda nəşr olunmuş kitablarının təqribən bütün nüsxələri qorunub saxlanıb. Bu, bir tərəfdən insanlarımızın irsimizə, babalardan qalan mirasa məhəbbətinin göstəricisidirsə, digər tərəfdən Salman Mümtaza - o ölməz kişiyə olan sevginin, hörmətin nişanəsidir.

Salman Mümtazın nəvəsi Urxunla tez-tez görüşürəm hər qarşılaşanda sanıram elə canlı Mümtazla üzbəüzəm. Rəhmətliyə qoşa alma kimi bənzəyir. Urxunla görüşlərimizin bir məqsədi hər dəfə ondan babası ilə bağlı indiyəcən eşitmədiyim bir xatirəni dinləməkdir. Anası Şəhla xanım atası ilə bağlı yaddaşları ən xırda cizgilərinədək onun varlığına hopdurub, balasını bir ötürücüyə çevirib ki, Mümtazlı söhbətləriylə Urxun da, bir zamanlar Şəhla xanımın özünün etdiyi kimi, babasını diri saxlasın.

Urxun, əlbəttə ki, babasını görməyib. Amma şəcərələrindən, babasından elə danışır ki, sanki ondan dünən ayrılıb. Şəhla xanımın xidmətidir!..

"Babam Şəkidə doğulmuşdu, atası cavan vəfat etmişdi. Ona görə anası, anası da yox, anasının qardaşı qərara alır ki, Tükmənistana köçsünlər. Zəhra xanım müdrik qadınmış, atasız qalmış iki oğlunu ayağa qaldırmalı idi. Fikirləşirlər ki, gedib Aşqabadda məskən salsınlar".

Salman Mümtazın kiçikkən Aşqabadda mollaxanaya gedib dərs alması haqda özünün çatdırdığı soraq da var, onu görmüş qocaman insanlardan da bu haqda eşitmişdim. Ancaq o təfərrüatları ki o illərlə bağlı Urxun söyləyir (əslində Urxun yox, anası Şəhla xanım), bir yazıda var, hansısa kitabda. Bunlar Mümtazın evdə danışdıqlarıdır. Oxumağa, təhsilə elə uşaqlıqdan çox həvəsliymiş. Yeni nəsə öyrənməkçün hər girəvədən istifadə edərmiş. Dükanları varmış, Aşqabaddakı rus  zabitlərinin xanımları ora alış-verişə gələrmiş. Balaca Salman onlardan rus dilini mənimsəyir. Mədrəsədə farscanı, ərəbcəni öyrənmişdi. Türkmənistanda ötən uşaqlıq, yeniyetməlik çağlarından bir qazancı da bu olur ki, bütün əsas Orta Asiya dillərini - özbək, türkmən, qırğız, qazaxcanı öyrənir.

Daim bilik ardınca olmasının bir bəhrəsi gedib Yasnaya Polyanada Lev Tolstoyla görüşməsidir. Ticarətlə məşğul idi, alverini edib var-dövlət toplayırdı sanki Tanrı onu ticarət səmtə yönəldibmiş ki, əlində kifayət qədər sərmayəsi olsun, özünə babat dolanışıq düzəltsin, güzəran qayğıları onu sıxmasın yığdığı pulu-qızılı da sabah qızıldan qiymətli əlyazmaları almağa sərf etsin.

XX yüzilin başlanğıcında, ticarətlə məşğul olduğu dövrdə Çar imperiyasının müxtəlif iri şəhərlərində təşkil edilən yarmarkalara vaxtaşırı gedərmiş. Təmtəraqlı yarmarkaların çoxu da Nijni-Novqorodda keçirilərmiş. Bu hadisə baş verəndə Salman 15-16 yaşında imiş. Tolstoyun adını eşidibmiş, yazdıqlarını oxuyubmuş, heç şəklini görməyibmiş. Gedir Yasnaya Polyanada böyük yazıçının malikanəsini tapır. Qapıda onu bir nəfər qarşılayır. Salman deyir ki, Tolstoyla görüşməkçün gəlmişəm. Həmin adam sual verir ki, qraf Tolstoyla görüşmək istəyirsən, ya Lev Tolstoyla.

O adam o sualı təsadüfən vermirdi. Çünki ədəbi Tolstoyun ziyarətinə gələnlər qədər çox idisə, onlardan daha çox təşrif gətirən imkanlı qrafdan yardım ummaqçün qapısını döyənlərdi.

Salmanı qarşılayan elə Lev Nikolayeviçin özü imiş. Zəhmətsevər insan olan Tolstoy həyətdə quşlarçün hin düzəldirmiş. Salman da qoşulur ona. Söhbətləşdikcə Tolstoy Azərbaycandan gəlmiş heç yaxşı məktəb görməmiş bu yeniyetmənin ağlına, yaddaşına, təfəkkürünə heyran qalır, onu bir neçə gün buraxmır, malikanəsində qonaq saxlayır. Nijni-Novqorod sonralar dönüb oldu Qorki şəhəri.

rus ədəbiyyatının XX yüzilin ilk onilliklərindəki ən şöhrətli simalarından olan Maksim Qorki ilə Salman Mümtazın dostluğu, simsarlığı haqqında Urxun hekayət edir ki, dayım Moskvada oxuduğu vaxtlarda Qorki babama tapşırıbmış ki, oğlun hər həftə istirahət günü nahar vaxtı bizdə olmalıdır. dayım o vaxt Rəssamlıq Akademiyasında oxuyurdu, hər həftəsonu yollanırmış Qorkigilə: "İntəhası, dayımın da bəxti gətirmədi. Babamı tutandan sonra beşinci kursda olsa da, onu institutdan çıxarırlar. Anam da Bakıda universitetin kimya fakültəsində ikinci kursdaymış. Onu da xaric edirlər. Hamısı qaldı heçnəsiz".

...İndi adama elə gəlir ki, Nəsiminin adı da, sözü əsrlər boyu dillərdə əzbərmiş. Əsla belə deyil. Əgər indi belədirsə, yenə Salman Mümtaza əlavə bir rəhmət oxumalıyıq. Müasir Azərbaycan dahi balası İmadəddin Nəsimini ilk dəfə yaxından 1923-cü ildə tanıdı. Şeirlərinə çəkilmiş miniatürlərlə bəzənən kitabıyla Nəsimini oxucularla böyük görüşünə Salman Mümtaz 1926-cı ildə gətirəcək. Hələliksə 1923-cü il idi o çağlar Azərbaycan ziyalılığını birləşdirəcək əsas vasitələrdən birinə dönəcək, tezliklə hər sayı əl-əl gəzəcək hamılıqla oxunacaq "Maarif mədəniyyət"in ilk sayı çıxır dərginin nübar buraxılışında Mümtaz da siftəsini edir. Əvvələn, yazırdı ki, bu nəşrin gəlişinə çox sevinirik. Bundan sonra sözümüzü deməyə, ədiblərimizin Azərbaycan ədəbiyyatının müxtəlif sahələri haqqında, müxtəlif səhifələri barədə düşüncələrini əks etdirmək üçün bir ünvanı olacaq. Mirzə Cəlil demiş, həmin "yüngülvari müqəddimə"dən sonra keçirdi əsas mətləbə, xalqa unutduğu Seyid İmadəddin Nəsimisini tanıdırdı.

Urxun Şəhla xanımın sözlərini yada salır: "Anam söhbət edirdi ki, ailədə bir vərdiş ənənə halı almışdı. Axşamlar, dükanlar bağlanan məqamda nənəmin qardaşı faytonla bunların evinə gəlirmiş. Anamı çağırırmışlar, enirmiş aşağı, minirmiş faytona, yollanırlarmış babamın Zevin, indiki Əziz Əliyev küçəsindəki dükanına. üçün? Babam dükanı bağlayandan sonra sevimli qızını apararmış həmin küçədəki şirniyyat mağazalarına ki, ürəyi istəyən konfetlərdən, şokoladlardan seçib alsın. Bu da o dövrün xoş dəblərindənmiş".

Bir gün yenə Şəhlanı faytonla gətirirlər dükana. Baxır ki, ata dükanı bağlamağa, şirniyyat mağazalarına getməyə heç tələsmir, həm bir az həyəcanlıdır. Qayıdır ki, qızım, tələsmə, bir əmi gələcək, onu yola salım, sonra gedərik.

Bu mənzərələr Şəhla xanımın uşaqlıq hafizəsinə həkk olunanlardır - çox keçməmiş bir kişi girir dükana, əlindəki bir neçə qat bükülmüş süfrəni açır, arasından bir əlyazma çıxarıb qoyur masanın üstünə. Elə bu arada işıqlar sönür. Artıq axşam alatoranı düşürmüş, açır əlyazmanı, başlayır vərəq-vərəq çevirməyə. Hiss olunur ki, bərk sevinir, siyirtməni çəkib pul çıxaranda əlyazmanı gətirən adam dillənir ki, axı mən bunu kağız pula satmıram. Mümtaz Şəhlagil sarı çevrilib: "Hələlik siz burada gözləyin, gəlirəm" deyir, pulu da götürərək həmin adamla çıxır ki, gedib tanışlarında pulu qızıla dəyişsin.

Qayıtmağı xeyli çəkir, artıq şirniyyat dükanları qapanmışdı. O axşam Şəhla dilxor idisə , Mümtazın şadlığından uçmağa qanadı yoxmuş.

Bunları "belə ola bilərdi" təsəvvürü ilə yazmıram. Məhz belə olub. Şəhla xanım heç unuda bilmədiyi o günün hər qırpımını bir yox, neçə dəfələr əzizlərinə nağıl edibmiş.

O axşam Salman Mümtazın qızıl sayıb aldığı əlyazma İmadəddin Nəsiminin miniatürlü "Divan"ının əlyazmasıymış.

Cahana sığmayan Nəsiminin xalqa böyük qayıdışı o axşamdan, Salman Mümtazın  həmin əlyazma ilə gecənin dərin saatlarınadək təmasından başlayacaq...

Həmin miniatürlərin surətləri indi Bakıda Nizami muzeyindədir. Əslləri isə Sankt-Peterburqda, Ermitajda. Vaxtilə Salman Mümtaz özü ora bağışlayıb, Azərbaycan da surətləri sonralar elə oradan götürüb. Bu da bir qismətdir. yaxşı ki, Mümtaz həmin əlyazmanı evindəki digər əlyazmalarla birgə saxlamayıb, Sovetlər İttifaqının ən zəngin muzeyinə hədiyyə edib. Yoxsa 1937-ci ilin nəhs payız  gecəsində o əlyazma da Mümtazla birgə gedər-gəlməzə ürcah olacaqdı.

...Bütün başqa məziyyətlərindən savayı Tanrı Salman Mümtaza iti fəhm vermişdi. Elə bir sezginlik ki, boşluqları görə bilirdi, ağrıyan yerləri dərhal hiss edirdi. XIII əsr ədəbiyyatımızın məxsusi bir dövrüdür. Farsdilli şeirin bir neçə əsrlik təntənələrindən sonra anadilli ədəbiyyatımız dirçəlməyə üz qoyur. Lakin tanıdığımız ortada olan bircə qəzəli ilə tək Həsənoğlu idi.

Salman Mümtaz düşünür ki, axı mümkün deyil Həsənoğlu o boyda əsrdə yeganə ola, şəksiz, ondan savayı da həmin dövrdə ana dilində yazanlarımız olmamış deyil. Ancaq arzulama, fərzetmə qədər ağlabatan, məntiqli olsa da, dəlili, isbatı olmayandan sonra elə cılxa sözdür. Ona görə Mümtaz axtarırdı. Arayırdı çox arzulayanlardan, çox fərz edənlərdən, çox arayanlardan fərqli olaraq tapırdı da!

Salman Mümtazdan sonra onillər keçib, indi əllərimizin dünya boyunca ən müxtəlif əlyazma xəzinələrinə çatması daha asandır. Bəs niyə Salman Mümtazdan sonra həmin sıranı zənginləşdirə, XIII yüzildə ana dilimizdə yazanların daha başqalarını tapa bilməmişik? Çünki bizlərdə Salman Mümtazda olan hissiyyat, təpər, ardıcıllıq, axtarış inadkarlığı yoxdur.

O müstəsna insan isə qarşısına bəzən həllolunmaz kimi görünə biləcək vəzifələr qoyurmuş, inamla hədəfə doğru irəliləyirmiş məqsədinə çatırmış

Yunus Əmrə Anadolu türklərinin XIII yüzildə yaşamış böyük şairidir. Amma elə həmin dövrdə bizim ana dilində yazan məşhur bir şairimiz olub: Molla Qasım Şirvani. Molla Qasım Şirvanini tapan bu millətə qaytaran Salman Mümtaz olub. Bəs Salman Mümtaz Molla Qasım Şirvaniyə necə gedib çıxmışdı? Yunus Əmrənin "Divan"ında bir beyt var:

 

Dərviş Yunus, sözünü əyri-büyrü söyləmə,

Səni seyqələ çəkər bir Molla Qasım gəlib.

 

Bu misralar Yunus Əmrənin özünə müraciəti idi, özünün özü qarşısında hesabatı. Deyir ki, özünü bir az yığışdır, sözünü ehtiyatla de. Bir Molla Qasım var, gələr, sənin sözlərini başlayar araşdırmağa, sənin səhvini tutar. Ona görə elə yaz, elə cilalı misralar qoş-düz ki, günlərin birində Molla Qasım kimi qabil münsif bunları oxuyanda əmma qoymasın.

"Dərviş Yunus, sözünü əyri-büyrü söyləmə, Səni seyqələ çəkər bir Molla Qasım gəlib". "Seyqəl" bir ərəb kəlməsidir, zamana görə dəyişən feil şəkillərindən birini nişan verir. Salman Mümtaz da Yunisin bu misralarından yapışmışdı. Nəticə çıxarırdı ki, həm Yunus Əmrə, həm Molla Qasım çox bilikli adamlar olub. Hərçənd, bəzi təzkirəçilərin təsdiqinə görə, guya Molla Qasım Şirvani , Yunus Əmrə savadsızmışlar. Təsdiqləyirdi ki, onlar sərf-nəhvi - qrammatikanı, məntiqi dəqiq biliblər. Əgər bu elmlərdən hali olmasaydı, Yunis sözləri sıralayarkən onların içərisindəki hər dilçinin diqqət etmədiyi incəlikləri belə vurğulayardımı? İndi o cür bilə-bilə Yunus Əmrə Molla Qasımdan ehtiyatlanırsa, görün onun səviyyəsi necə olmalıdır?!

Yunus Əmrəni bu gün bütün türk dünyası tanıyır, sevir. Onun adı dünya klassikləri cərgəsindədir. Əgər bunca nəhəng olan Yunus Əmrə Molla Qasımı bir örnək bilir, münsif kimi qəbul edirdisə, böyüyü sayaraq ona cavab yazırdısa,  demək, Molla Qasım o çağın ən öndə gedən şairlərindən biri imiş.

Molla Qasıma aparan yolu Salman Mümtazın açmasından 100 ilə yaxın vaxt ötür. Biz bu müddətdə artırmışıq?

...Urxun dünənlərə qayıdır: "Həbsinin 40-cı günü anama icazə verirlər ki, Bayıl türməsində babamla görüşsün. Babam cüssəli, sağlam insan idi. Anam deyirdi ki, ağzında bir dənə dişi qalmamışdı. Babam həbs ediləndən sonra anamı küçədə görən kimi tanıyan adamlar üzlərini çevirir, o biri taya keçirmişlər. Çalışırmışlar ki, yolla olur-olsun ünsiyyətdən qaçsınlar. Bizim küçədə evimizdən az aralı indiki Bünyad Sərdarov küçəsində bir tacir vardı. Meyvə-tərəvəz işinə baxırdı. Muxtar dayı. Mən onu görmüşəm. O, yeganə adam idi ki, anamı görəndə özü çıxırmış küçəyə ki, qızım, mən ölməmişəm ha, sözün oldu, mən burdayam. Babama bəraət veriləndə sürgündə, həbsdə olmuş bir çoxları da qayıdıb gəlirdi. Anamın da o ailələrin əksəri ilə əlaqəsi vardı, görüşürdülər, zəngləşirdilər. Bir görürdün kimsə zəng edib anama çatdırırdı ki, filan küçədə, filan məhlədə kimsə gəlib. Mən balaca uşaq idim. Qoşulurdum, anamla gedirdik. Onların neçəsi deyirdi ki, biz Bayılda Mümtazla birgə olmuşuq, amma sonra bizi ayırdılar, hərəmizi bir tərəfə apardılar. Bir dəfə Sovetskidən, indi həmin məhəlləni söküblər, 40 pilləkəni qalxan kimi sıra-sıra yastı-yapalaq evlər vardı, kimsə xəbər verdi ki, orada bir nəfər həbsdən qayıdıb, gedin sorusun, bəlkə Mümtazı görüb. Gəldik, tökülmüş bir həyət idi. Qonşular çıxdı ki, kimi axtarırsınız, dedik filankəsi. Qışqırdılar, çağırdılar. O kişi çıxdı. Elə zahirindən hiss olunurdu ki, bu, siyasi dustaqlardan olmayıb, cinayətkar aləmin adamıdır. Qaba səslə, kobud ədayla qayıtdı ki, kimsiz, istəyirsiz? Anam dedi ki, bəs filankəsi axtarırıq. O zəhmli kişi yenə gur səslə dilləndi: "Mənəm, lazımdı?" Anam qayıtdı ki, bəs bilirik ki, siz təzə qayıtmısız. Mənim atam, ola bilər ki, sizinlə bir yerdə olub. Gəldik bir xəbər öyrənək.

Anam "Salman Mümtazın qızıyam" deyən kimi o kişinin üstünə elə bil ki, qaynar su tökdülər. Səsi dəyişdi, sifəti dəyişdi, bayaqkı qabalığından, kobudluğundan əsər-əlamət qalmadı. Yıxıldı anamın ayağının altına ki, Mirzənin qızısan sən? Anamın əlindən yapışıb buraxmırdı. O boyda kişi sanki dönüb uşaq olmuşdu. Məhlə hamısı xırda-xırda komalar idi. Bərkdən qonşulara səsləndi ki, ay camaat, görün kim gəlib bizə, Mirzənin qızı gəlib bizə...

Onun qışqırığına qonşular hamısı evlərindən çıxıb bizə baxırdılar..."

...Mümtazın ömür-gün yoldaşı Zeynəb xanım evinə gələn bircə nəfəri süfrəyə dəvət etmədən buraxmazmış. Adamların dilində daha çox "JEK" kimi tanınan mənzil istismar idarəsindən gələn qaz ustasını, işıqçını, santexniki, qəzet gətirən poçtalyonu, əlqərəz, qapısını döyən hər kəsi mütləq yedirib-içirib yola salarmış. Urxun bunu da danışır ki, bir usta vardı, ondan acığım gəlirdi, hər dəfə dərsdən qayıdıb görəndə ki, yenə nənəm onun qabağına çay-çörək qoyub, əsəbiləşirdim. Bir dəfə dedim ki, ay nənə, belə eləmə , bilirsən ki, o adamdan zəhləm gedir. Kövrəldi ki, ay bala, mən ərimə ehsan verməmişəm, borcumu qaytarıram...

...Yazırlar, təsdiqləyirlər ki, Salman Mümtaz 1941-ci ildə həlak olub. İnanmıram buna. 1937-ci ildə onun Bayıl həbsxanasında olmasına da inanmıram. Bayıl həbsxanasında yatan da, 1941-ci ildə Oryolda güllələnən Salman Mümtaz deyilmiş, onun kölgəsi imiş. Salman Mümtaz 1937-ci il oktyabrın 9-da həlak olmuşdu. Həmin gün -  "NKVD" bayquşları yurdunu xaraba qoymaqçün onun evinə qonanda, hərəsini bir dərədən əziyyətlə tapıb gətirdiyi əlyazmalarını qətlə yetirdikləri gecədə. Salman Mümtazın hər birinə nəvazişlə baxdığı, sevgi ilə vərəqlədiyi əlyazmaları, kitabları vəhşicəsinə rəflərdən götürmüşdülər, döşəməyə tolazlamışdılar. Həmin anlarda Salman Mümtaz hər an dirigözlü ölürdü. O kitablar, o əlyazmalar Salman Mümtazın həyatı, nəfəsi idi. Onları Mümtazın əlindən alırdılar. Bu, elə onun canını almağa bərabər idi...

Vur-tut 54 il ömür yaşadı Salman Mümtaz. Həmin 54 ilə sığmayacaq qədər böyük işlər gördü. Elə işlər gördü ki, bundan sonra yüz 54 illər keçəcək, amma həmin işlər yaşayacaq, Azərbaycan sözünün əbədiyyətinə qovuşaraq yaşayacaq Salman Mümtazın adını da yaşadacaq. Amma bu ağrı həmişə içərimizdə dolaşacaq, ürəyimizi, beynimizi göynədəcək. 54 illik ömür yaşamağına imkan verilmiş Salman Mümtaz onca il yaşasaydı, görün Azərbaycan ədəbiyyatının qədər qaranlıq nöqtələrinə işıq tuta bilər, qədər naməlum səhifələri açardı. Salman Mümtazı yox eləməklə bizi o işıqdan, o açılmamış səhifələrdən məhrum elədilər.

11 oktyabr 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.16-17.