Ovqatımın rəngi payız
Məmməd Araz - 90
Yenə
payızdır. Göylər
buludlaşıb, qayalar
xınalanıb, dərələr
tutqunlaşıb, qızılı
rəngin meydanı genişlənib. Payızın
orta ayı - oktyabr kövrəlmiş qəlbimin xatirələrini
tərpədir. Üz
tutub harasa qaçmaq istəyirəm.
Doğmalarımın nəfəsini
duymaq, onlarla görüşmək, dərdləşmək
istəyirəm. Ömür
təvqimimdə öz
yeri olan oktyabr mənim üçün bir qürbət yoludur. Təzadlı, kədərli,
sevincli, sevimli çağlarımın toplusudur.
Analı günlərimin
həsrəti yaxamdan asıldı. Məmməd
Arazın misraları çəkdiklərimin güzgüsünə
çevrilir:
Uşaqlıq itirmək, gənclik
itirmək,
Ana itirəndə yada düşərmiş.
Otuz beş ildir ki, payızın qızılı
rəngində saralmış
dərdlərimin ağrısını
için-için çəkirəm.
Məmməd Arazın
anası - doğmaca bibim Cahan xanım
üçün yazdığı
şeirləri dönə-dönə
oxuyuram, nə yanağımdan yuvarlanan damcıların sırası
azalır, nə də anamın, bibimin doğma səslərini eşidirəm:
"Daha gəlməyəcək
anamın səsi, mənə də taleyin yumruğu dəydi". Bu yumruğun
ağrısı azalmaq
əvəzinə, hər
il məni daha da göynədir. Həsrətim
bəzən də gileyə, ah-amana çevrilərək qəlbimi
yandırır:
Hissimdə, duyğumda bir ocaq çatıb,
Yoxluğun sinəmi yandırır,
anam.
Bu dərdi, bu qəmi üstümə atıb,
Mənə yetimliyi qandırır
anam.
Oktyabrda
anamın anım, Məmməd Arazın da doğum günləridir. Həyatımda bütün
doğmalarımdan, qohumlarımdan
mənə əziz olan bu iki
insanın fiziki yoxluğu ilə heç barışa bilmədim. Ruhları həmişə mənimlədir.
Ziyarətlərində oluram,
məzarlarının üstünə
sevdikləri rəngdə
gül-çiçək də
düzürəm, amma
qəlbim rahatlıq tapmır. Səslərini eşitmək istəyirəm,
məsləhətlərinə ehtiyac duyuram, tablaşmaq necə çətindir. Üz tuturam əminin şeirlərinə (Məmməd
Araza həmişə
əmi deyərdim -
F.X.), misralar dil açıb mənimlə
danışır: "Yudu
baş daşını
gözümün yaşı,
göz yaşı
yeni can vermir adama".
Bütün aləmdən
sıyrılıb ucalıqda
tək dayanan Məmməd Araz, özün demişdin
"ölüm qorxur
qələmdən". Axı
sən heç vaxt doğru olmayan sözü işlətməzdin? Mən
yalan demirəm, ha, sən paklığın,
müqəddəsliyin əbədi
simvolusan. Bəlkə
təskinlik verirdin, necə qətiyyətlə
əmin idin:
Qələmimlə dil tapanda
Buludlara
dırman deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.
Qələmin ucu top gülləsi,
Qəm sarayı yıxar qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxar qələm.
Bax beləcə, qələmin
qüdrətinə, hikmətinə
məni inandırmışdın,
əmi! Ən ağır, ən üzüntülü anlarında
belə dünyanın
faniliyini hamıdan çox duyduğuna baxmayaraq, ölümün
qara kabusunu, caynaqlarını özünə
yaxın qoymazdın. Hər dəfə üzləşdiyin qəfil
itkilərdən sarsıldıqca
heyrətə gəlirdin:
İnana
bilmirəm: ölüm
haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda! -
Ana dəfn oluna, gözəl qocala...
Bəlkə, bir səhnədir,
əsərdir bu da...
"Anamdan yadigar nəğmələr"ində yaratdığın ana obrazında
möhtəşəmlik öz
yerində, həm də övlad məhəbbətinin, etibarının
sonsuzluğunu misralara
çevirərək bizə
bir sıra mətləbləri də
anlatmaqda böyüklük
etmisən, əmi! Doğrudan da, doğma yerlər belə anasız adama yad görünür. "Bacım
Gülsümə məktub"
əsərini oxuduqca keçirdiyim xiffətin bircə rəngi vardı: anasızlıq! Tablaşmaq necə çətindir, elə
buna görə də,
nolar, vaxtında anamızın qədrini bilək, sonradan nə mənası olacaq, bu pərişanlığın?
Elə bil yarpızın dəyişib tamı,
Nanənin ətri də azalıb bir az.
Çağırın, çağırın
əziz anamı,
Belə
bağça olmaz, belə bağ olmaz.
Yadımdadır, anam dünyasını
dəyişəndə Məmməd
Araz qələm dostu, şair Məmməd Aslanla bizə dəyməyə gəldilər. Əmi pis olmasın deyə özümü ağlamaqdan güclə saxladım. Amma... Dolu gözlərim, həyəcanlı
səsim içimi ifadə edirdi. Əslində, anam şəhid olmuşdu. Bədnam qonşularımız
- erməni daşnaqları
onu həmkəndliləri
ilə birlikdə doğma yurdlarından - qədim Zəngəzurdan zorla çıxararaq dərəyə - qarın
içinə atmışdılar.
Anamsa bu dərdlərə dözmədi,
mənəvi güllələr
ömrünə son qoydu.
Sükutum fəryad edirdi. Əmi məni bağrına basıb titrək nəfəslə pıçıldadı:
"Yadıma bir sözüm, bir misram düşür,
"çırağı anaymış ana yurdumun".
Özümü hönkürməkdən
zorla saxladım. Düz 35 ildir ki, o doğma yerlərə gedə bilmirik. Yağılar yurdumuzu xaraba qoydular. Anamla obamızı qoşa itirdim. Evimizin çırağı
söndü...
Qəzetdə anamla bağlı
qələmə aldığım
şeirlərim dərc
olunmuşdu. O zaman mən
"Azərbaycan müəllimi"
qəzetində işləyirdim.
Əmi də "Azərbaycan təbiəti"
jurnalının redaktoru
idi. Redaksiyalarımız
indiki "Azərbaycan"
nəşriyyatında yerləşirdi.
Mənim iş yerim 9-cu, əminin kabineti də ikinci mərtəbədə
idi. Məni yanına çağırdı.
İçəri girən
kimi gördüm ki, əlində qəzet var. Səssizcə üzümə
baxdı, mən də duruxdum. Çox üzüntülü
idi. Handan-hana zəif, güclə eşidiləcək səslə
dedi, belə şeirlər yazma, əlini misranın üstünə qoydu:
Sənlə uçub çox
sevincim gedibdi,
Hər sözümə, hər izimə göz anam.
Öz zərifim, özcə incim gedibdi,
Mənim
gözəl, mənim
əziz, düz anam.
Əvvəl elə düşündüm
ki, ümumiyyətlə, şeir
yazmağım yəqin
xoşuna gəlmir, ya bəlkə də zəifdir. Bir dəfə də mənə "şeir yazma" demişdi. Amma sonralar mənə avtoqrafla verdiyi kitabında belə bir cümləsi var idi: "Özünün də gözəl poetik aləmi olan Flora balama... əmisindən yadigar".
Dözməyib bir gün səbəbini soruşanda "şeir adamı öldürür"
dedi. Məşhur misraları beynimdən keçdi: "Ölə-Ölə
yazmıram, yaza-yaza ölürəm".
Hər payız gələndə
təzadlı fikirlər
ruhumu dara çəkir. "Dağlar
payızlıdır, mən
titrək əlli, gözümdə gör nələr canlandı, nələr..." deyən
şairin xəyalları
hara qanadlanmazdı. İndi bu misraların ahəngində təkcə
payızın nidası
yox, anasızlığımın
möhnəti dil açır. Dağlara yenə bahar gələcək. Təbiət
yaz ömrünü yaşayacaq. Dərələrin
solmuş rəngi zümrüdləşəcək. Dağların baş tacı qartallar köhnə avazına qayıdacaq. Bu bozluqdan əsər-əlamət qalmayacaq.
Bu payızın 3 aylıq
ömrü var, amma mənim həsrətimin -
ovqat payızımın
rəngi dəyişməz
ki... Hissimdə-duyğumda od qalayan anasızlıq başımı yaşa əydirsə də, içimi didim-didim edəcək. Məmməd
Arazdan gələn nidalar məni yandıra-yandıra ürəyimdə
əkiz tayı kimi yenidən doğulacaq. Nə yazılacaq, nə deyiləcək, yetim uşaqlar kimi boylana-boylana qalacaq. Dərdduymazlardan uzaq qaçsam da, öz dərdim məni boğacaq, bax onda dil açan
həsrətimin əlindən
tutub haraylayacam:
Xəbər tut halımdan, sinəm
dağlanıb,
Anacan, həsrətin öldürür
məni.
İzin
yoxa çıxıb,
yolun bağlanıb,
Anacan, həsrətin öldürür
məni.
Ah, necə möhtacam sözünə sənin,
Tamarzı qalmışam üzünə
sənin.
Elə yalvarıram özünə
sənin,
Anacan həsrətin öldürür
məni.
Qovrulan ürəyim səni istəyir,
Dumanı
istəyir, çəni
istəyir.
Dərdimə şəriki, təni
istəyir,
Anacan həsrətin öldürür
məni.
Bulud kimi nə qədər
dolub boşalsaq da, bu "dağların durnaları dönməz oldu". İnsan duyğularından baş açmaq çətindir.
Yoxluğunu bilə-bilə
gözlədiyin əzizlərin,
inanmaq istəmədiyin
acı həqiqətlər
var. Məmməd Araz onu da deyirdi ki, payızın nidası dünyanın tərs üzünü güzgüləyə-güzgüləyə
bizi qışa aparır, o taydan isə yaz gəlir.
Ona görə də
"Səhərin, axşamın
rəngi dəyişməz,
gündüz günəşlidir,
gecə aylıdır".
Halımızla barışmaqdan
başqa əlacımız,
gedənlərin qayıtmağa
yolu yoxdur. Yenə əminin misraları məni düşündürə-düşündürə
sakitləşdirdi:
Dəniz
göylüyündə qalıb
eləcə,
Sahil qayaları elə həmindi,
Girib xəyalımın qoluna təkcə
Özümlə həmsöhbət olmuşam
indi...
Flora
XƏLİLZADƏ
Əməkdar jurnalist
525-ci
qəzet.- 2023.- 14 oktyabr.- S.14.