Başdan-ayağa kino
III "KORKUT ATA" TÜRK DÜNYASI FİLM
FESTİVALINDAN TƏƏSSÜRATLAR
Bu həftənin
ən yaddaqalan mədəniyyət hadisələrindən
biri, hətta deyərdim, birincisi III
"Korkut Ata" Türk Dünyası Film Festivalı oldu. Dörd gün davam edən festival Mədəniyyət
Nazirliyi, Heydər Əliyev Mərkəzi,
TÜRKSOY, Azərbaycan Respublikası
Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilmişdi.
2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul,
ikincisi isə ötən il Bursa şəhərində
keçirilmişdi. Artıq
üçüncü dəfə
təşkil edilən
festivala Azərbaycan, Türkiyə, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan
və Türkmənistanla
yanaşı, Qaqauz Yeri, Tatarıstan, Saxa-Yakutiya, Dağıstan,
Kabardin-Balkar, Çuvaşıstan,
Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan
da 32 bədii, sənədli və animasiya filmi təqdim olundu. Filmlər oktyabrın 9-dan
11-dək Nizami Kino Mərkəzində nümayiş
etdirildi.
Tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslərin
də iştirak etdiyi tədbirdə, ümumilikdə, türk xalqlarının kinematoqrafçılarından
ibarət 100 nəfərdən
çox qonaq iştirak edirdi.
Açılış və bağlanış mərasimində yaşananlar,
söylənən nitqlər
və mükafatçılar
haqqında maraqlansanız,
bir çox xəbər saytında geniş məlumat tapa bilərsiniz. Ona görə də mən ümumi məlumat verib keçirəm digər bir məsələyə - festivalın
ab-havasına.
Tədbirin spesifikasını
nəzərə alaraq
qeyd edim ki, burada tamam
fərqli bir mühit vardı. Türkdilli xalqların nümayəndələri tədbirə
xüsusi rəng qatırdı. Qonaqların
bir çoxu ilə ünsiyyət zamanı qonaq olduqlarını unudur, tərcüməçiyə ehtiyac
duymadan rahatlıqla danışmaq mümkün
olurdu. Hətta içərilərində milli
geyimlə gələnlər
vardı ki, bu da ümumi
mənzərənin fonunda
çox maraqlı və estetik görünürdü.
Aktyorlar, aktrisalar,
rejissorlar... - bir sözlə, sənət dünyasının fərdlərinin
cəm olduğu bu məkan başdan-ayağa
kino idi. Hamının bir-biri ilə danışmağa
nəsə sözü
vardı, elə bil. Ümumiyyətlə, festivalların ən ümdə vəzifələrindən
biri sənət adamlarını bir araya gətirməkdir. Məncə, bu fikri təsdiqləmək üçün təkcə
bu məqamı vurğulamaq kifayətdir.
Dünyada ilk
film festivalı hesab olunan Venesiya
Film Festivalı 1932-ci ildə
İtaliyanın Venesiya
şəhərində keçirilib.
ABŞ, İngiltərə, Fransa, Almaniya və Rusiyadan bir çox rejissorun iştirak etdiyi tədbirin keçirilməsində əsas
məqsəd Venesiyaya
turist axınını
təmin etmək olub. Deməli, ilk baxışdan əsas qayə kimi görünən film əslində, ikinci plandaymış. Sonralar festivalların kino sənayesinin inkişafında oynadığı
rolu əsas götürərək Avropa
və ABŞ-da kinofestivallar keçirilməyə
başladı.
Bir sözlə,
kino ilə ünsiyyətin məkanı
kimi xarakterizə olunan festivallar həm də sənət adamlarının
ünsiyyət vasitəsinə
çevrildi. Ünsiyyət
isə sənət, xüsusilə də elitar sənət üçün olduqca önəmli amildir. Kimi festivala yeni filmlərə baxmaq üçün gəlir, kimi də kolleqaları ilə bir ortamda
olmaq üçün.
Yeni iş birliklərinin yaranmasında
da belə tədbirlər əvəzsizdir.
Məsələn, bir
rejissor dostumuz festivallara sırf filmlərinə aktyor və aktrisa seçməyə gedir. Bu məram üçün
festivaldan əlverişli
şərait?
Düzü, belə şərait təkcə aktyor, rejissorlar üçün
yox, elə biz jurnalistlər üçün də yaxşı fürsətdir.
Fürsətdən istifadə
edərək sənətçilərin
festivalla bağlı fikirlərini öyrənirəm,
bəzilərindən isə
növbəti günlər
üçün müsahibə
sözü alıram.
Xalq artisti
Cahangir Novruzov: "Sevinirəm ki, Türk dünyasında belə böyük tədbirlər keçirilir.
Artıq özümüzə
dönürük. Çox
təşəkkür edirəm
ki, məni bura dəvət ediblər. Çox istərdim ki, açılış mərasimində
də olum. Qismət beləymiş.
Bizləri bölmüşdülər,
indi isə biz türklər bir-birimizlə qarışırıq,
yoğruluruq. Hər şeydən əvvəl mədəniyyət gəlir.
Teatr, kino, ədəbiyyat - bunlar çox önəmli şeylərdir. Bunlar başladısa, hər şeyə təsir edəcək. Turan heç də xəyal deyil".
Əməkdar artist Mələk Abbaszadə: "Həm açılış, həm
bağlanış mərasimində
iştirak etsəm də, filmləri seyr edə bilmədim.
Düşünürəm ki, bu festival
çox əhəmiyyətlidir.
Bu, bir başlanğıcdır,
gələcəkdə türk
dünyası ilə bağlı daha böyük layihələrimizin
olacağına inanıram.
Burda olanların bir çoxu işinin peşəkarıdır.
Bundan sonra ortaq olaraq çox
gözəl layihələr
etmək olar. Bu qədər peşəkar insanın Azərbaycana gəlməsi
ümidvericidir. Böyük
bir ümidlə irəliyə baxırıq.
İnşallah, çox
ciddi, peşəkar işlər gözləyir
bizi. Bu il həmçinin teatr, kino kimi
müxtəlif forumlar
keçirildi. Ümumiyyətlə,
ümidverici işlər
görülür".
Əməkdar artist Hüsniyyə Mürvətova: "Həm
seçimlər, həm
də iştirakçılar
gözəl idi. Çox sevindik ki, üçüncü festival məhz Azərbaycanda keçirildi.
Biz burada peşəkar rejissorlar, aktyorlar tanıdıq. Təhminə Rafaellanın
"Məryəm" filmindəki
roluna görə ən yaxşı aktrisa nominasiyası üzrə qalib olması da kinomuz üçün sevindirici haldır. Bir daha qalibləri
təbrik edirəm".
Xalq artisti
Sabir Məmmədov:
"Mən həm açılış, həm
bağlanış mərasimində
oldum, həm də bəzi filmlərə baxdım. Təəssüratlarım çox
gözəldir. Hər
şey çox yüksək səviyyədə
təşkil olunmuşdu.
Film festivallarının keçirilməsi
təqdirəlayiqdir. "Korkut
Ata" Türk Dünyası Film Festivalı
vasitəsilə türk
dünyasından gələn
sənətçilər Azərbaycanın
kinosunu, Azərbaycanı,
ən əsası, Şuşamızı gördülər.
Festivalın bu yönü çox önəmli və vacibdir.
"Hoçazfilm"in direktoru Amil Amal: "Hər şey çox yaxşı təşkil olunmuşdu. Filmlər də çox maraqlı idi. Mən burda əksər kino adamlarını gördüm,
görüşdüm, ünsiyyət
qurdum. Festival ənənədir,
bayramdır. Bu ənənə yaşadılmalı
və tez-tez təkrarlanmalıdır. İnanıram
ki, tezliklə belə festivalları Qarabağda da görəcəyik".
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.13.