"Müasir
uşaqlarda mütaliəyə
sevgi yaratmaq üçün yaxşı
əsərlər yazmaq
lazımdır"
REYHAN YUSİFQIZI-ŞIXLİNSKAYA:
"UŞAQLARA TƏQDİM ETDİYİMİZ
ƏDƏBİYYAT NÜMUNƏLƏRİNƏ DAHA
MƏSULİYYƏTLƏ YANAŞMALIYIQ"
Bu gün Azərbaycanda müasir uşaq ədəbiyyatının inkişaf
etdirilməsi ən mühüm məsələlərdəndir.
İnformasiya texnologiyalarının
insanların gündəlik
həyatında mühüm
rol olynadığı
indiki dövrdə uşaqları elmə, təhsilə həvəsləndirmək,
savadlı, bilikli vətəndaş kimi yetişdirmək yolunda önəmli addımlardan
biri də onlarda kitab oxumağa maraq yaratmaqdır. O da sirr deyil ki, bu gün ölkəmizdə
uşaq ədəbiyyatı
sahəsində hələ
də ciddi boşluqlar var.
Həmsöhbətimiz uşaqlar üçün elmi-kütləvi
kitablar və fantastik əsərlər müəllifi, yazıçı
Reyhan Yusifqızı-Şıxlinskayadır.
R.Yusifqızı
1965-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə
daxil olub, 1987-ci ildə həmin universiteti fərqlənmə
diplomu ilə bitirərək Azərbaycan
Milli Elmlər Akademiyasının
Kibernetika İnstitutuna
təyinat alıb.
1990-cı ildə Bakı
Dövlət Universitetində
işləməyə başlayıb.
Pedaqoq, riyaziyyat üzrə fəlsəfə
doktoru, dosentdir. Onu da qeyd edək
ki, Reyhan xanım görkəmli Azərbaycan
ədibi, mərhum Xalq yazıçısı
İsmayıl Şıxlının
gəlinidir.
- Reyhan xanım, siz əsasən uşaqlar və yeniyetmələr üçün
yazırsınız. Necə
düşünürsünüz, yazılarınızla onların
nəbzini tuta bilirsinizmi?
- Hesab edirəm ki, uşaqların nəbzini tuta bilirəm, əks halda yazmağa davam etməzdim. Buna əmin olmağımın da səbəbləri
var: pedaqoqam, uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmağım
uşaq və yeniyetmələrin dünyasını
anlamaqda mənə kömək edir. Onların dilini yaxşı bilirəm. Uşaqlar üçün
bir çox janrlarda və fərqli mövzularda əsərlər yazmışam.
Ümumiyyətlə, hesab
edirəm ki, uşaqlar
üçün istənilən
mövzuda yazmaq olar, hətta lazımdır. Eksperimentdən
keçirdiyim mövzular
da olub və hamısı alınıb.
Kitablarım tez satılır və təkrar-təkrar nəşr
olunur. Kitablarımın
ümumi tirajı 40
mini keçib artıq.
Oxucularım çoxdur.
- Niyə məhz uşaq ədəbiyyatı?
- Uşaqlar və yeniyetmələr üçün
əsərlərə tələbat
çoxdur. Bu sahədə
xeyli boşluqlar var. Nəşriyyatlar uşaqlar
üçün keyfiyyətli
əsərləri həvəslə
çap edir: indiyədək 27 adda kitabım
nəşr olunub. Əslində, böyüklər
üçün, xüsusilə
də gənclər üçün yazdığım
hekayələr də
az deyil. Onların çoxunu "Yağışın altında"
adı ilə bir kitaba yığmışam,
bu günlərdə
TEAS Press Nəşriyyat evi
tərəfindən nəfis
çap olunub. Bu, mənim böyüklər
üçün ilk kitabım
sayıla bilər.
- Bəzən deyirlər, uşaq ədəbiyyatı
ciddi ədəbiyyat deyil. Bu barədə necə düşünürsünüz?
- Qətiyyən razı deyiləm. Əksinə, uşaqlara təqdim etdiyimiz ədəbiyyata daha məsuliyyətli, daha ciddi baxmalıyıq.
Axı, biz uşaqları
formalaşdırırıq, onları vətəndaş
kimi yetişdiririk, onlara hansısa mesajlar ötürürük.
Üstəlik, bu işi onları bezdirmədən, əyləncəli
şəkildə, ustalıqla
eləməliyik.
- Ölkəmizdə uşaq
ədəbiyyatının müasir
durumu hansı vəziyyətdədir?
- Arzuolunan qədər yaxşı deyil. Amma vəziyyət tədricən
düzəlməyə doğru
gedir, uşaq və yeniyetmələr üçün yeni, maraqlı
əsərlər ortaya
qoyulur. Bu sahəni seçən gənc yazarların sayının
artması məni sevindirir. Bu o deməkdir
ki, milli uşaq ədəbiyyatımızın
gələcəyi daha
yaxşı olacaq.
- Müasir dövrün uşaqları daha çox internet və elektron dünyasına bağlıdırlar. Onlarda
kitab və mütaliə
sevgisi yaratmaq üçün nə etmək lazımdır? Yazılarınızda bu kimi məsələlərə
toxunmusunuzmu?
- Müasir uşaqlarda kitab və mütaliəyə sevgi yaratmaq üçün yaxşı
əsərlər yazmaq
lazımdır. Bizim qəhrəmanlarımız dünyada
məşhurlaşmış nağıl qəhrəmanları
ilə rəqabətə
girməyi bacarmalıdırlar.
Bizim əsərlərin
milli koloriti əks etdirmək kimi bir üstünlüyü
də var. Uşaqlarımız
bizim kitabları oxuyanda özlərini, öz həyatlarını
görür və hadisələri daha yaxşı başa düşürlər. Əlbəttə,
indi texnologiya dövründə yaşayırıq.
Amma kitablarla texnologiyaları
qarşı-qarşıya qoymaq
düzgün deyil, hər ikisi uşağın intellektinin
inkişafına xidmət
edir. Əksinə, onları birləşdirmək,
kitabların təqdimatında
texnologiyalardan istifadə
etmək lazımdır.
Qoy uşaq kitabdakı personajları cizgi filmlərində görsün. Sevdiyi qəhrəmanlarla oyun oynasın.
- Siz görkəmli ədib, mərhum Xalq yazıçısı
İsmayıl Şıxlının
ailə üzvlərindənsiniz,
onun gəlinisiniz. Yazıçılıq faliyyətinizlə
bağlı onun sizə hansısa tövsiyələri olmuşdumu?
- İsmayıl Şıxlı
haqqında çox danışılıb: gözəl
insan, böyük yazıçı, publisist,
istedadlı müəllim,
ictimai xadim... Bütün bunlarla bərabər, mən onu həm də
bir insan, bir ailə başçısı
kimi daha yaxından tanıdığım
üçün şərəf
duyuram. Taleyimə minnətdaram ki, mən İsmayıl Şıxlı
kimi bir insanın ailəsinə, ocağına düşdüm
və onu yaxından tanıdım. Həyatım boyu rast gəldiyim ən gözəl insanlardan biri, bəlkə də, birincisi olub İsmayıl Şıxlı.
Neçə illərdir,
onun haqqında yazmağa ürəyim gəlmir. Təəssüf
ki, yazdığım əsərləri
İsmayıl müəllimə
göstərməyə cəsarətim
çatmadı, onun fikrini, tövsiyələrini
ala bilmədim. Həyat
yoldaşım Fərrux
Şıxlı bütün
işlərimdə mənə
mənəvi dəstək
olduğu üçün
ona çox minnətdaram.
- Qızınız da yazıçıdır?
- Bəli. Yaradıcılığa
romanla başlayan gənc yazar Aysel Şıxlının
artq kifayət qədər oxucusu var. Həm yazıçı,
həm də rəssam kimi fəaliyyət göstərir.
Uşaqlıqdan müasir
yazıçıların, rəssamların əsərlərini,
ədəbiyyat və
incəsənətin inkişaf
trendini izlədiyindən
yaradıcılığı da özünəməxsusdur. Deyir
ki, ən yaxşı
əsərini hələ
yazmayıb...
- Son vaxtlar sosial şəbəkələrdə xüsusilə uşaq dərsliklərindəki şeir
və hekayələr
müzakirə mövzusu
olur. İbtidai sinif dərsliklərində
yazıları oxumusunuzmu?
Münasibətiniz necədir?
- Dərslik yazmaq olduqca mürəkkəb işdir. Bir neçə
il əvvəl dünyada
müasir dərsliklərə
qoyulan şərtlər
və kurikulumun tələbləri ilə
tanış olanda bunu daha aydın
başa düşdüm.
Zənnimcə, dərslik
haqda mütəxəssislər
danışmalıdır, mən
yox. Qeyd edim ki, orta məktəb
dərsliklərinə mənim
də bəzi mətnlərim daxil edilib. Hər dəfəsində dərslik
müəllifləri şərtlərə
uymaq üçün
mətnlərdə bəzi
dəyişikliklər etməyi
təklif ediblər. Əlbəttə, xətalar
ola bilər. Amma bunların
tezliklə aradan götürüləcəyinə əminəm.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.12.