Bic suç  

ACİZ VƏ BİÇARƏ İNSANLARIN AĞRI-ACILARINDAN EFİRDƏ ŞOU DÜZƏLTMƏKLƏ  "YAXŞIYA DOĞRU"

 

 

Kamera 16-17 yaşlarında, əyin-başı nimdaş, qaradinməz bir qıza fokuslanıb. Aparıcı yaxınlaşıb mikrofonu ona uzadır:

- Sən ikinci atandan razısanmı?

Qız sualdan karıxır, başını yana çevirib baxışlarıyla anasından kömək istəyir. Aparıcı mikrofonu az qala onun ağzına dürtərək danışmağa məcbur edir:

- Sən ona baxma, mənə bax danış!

Qız cavab vermək istəmir, susur.

Yenə aparıcının amiranə səsi eşidilir:

- Danış görüm, ikinci atandan, atalığından razısanmı?

Qız başını aşağı salır, baxışlarını yayındırır.

- Danış!

Qız susur.

- Mən bilirəm deyirəm, sən bic qızsan.

 

Bu tükürpədici mənzərə hansısa psixoloji dram janrında çəkilən filmdən yox, İlham Mirzəyevin aparıcısı olduğu, "Space" kanalında efirə gedən "Yaxşıya doğru" sosial proqramından kiçik bir parçadır.

İlham Mirzyevin bioqrafiyası xeyli çoxşaxəlidir: İncəsənət Universitetinin məzunudur, psixologiya elmləri üzrə fəlsəfə doktorudur, dosentdir, alimdir, publisistdir, astroloqdur, səkkiz kitab, üç dərs vəsaiti elmi məqalələr müəllifidir. Bunlar öz yerində, ən çox da "Etiraf" verilişinin aparıcısı kimi, müsahiblərinin göz yaşını axıtmasıyla tanınıb. Onun bioqrafiyasına zənginlik qatan bir məqam da 2014-cü ildə cinayət məsuliyyətinə cəlb edilməsidir. Dələduzluq ittihamı ilə həbs olunan İlham Mirzəyev direktoru olduğu "İlhamed" Tibb Mərkəzində bir vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəməkdə günahlandırılıb. İlham Mirzəyev ittihamı rədd etsə , Nərimanov Rayon Məhkəməsi onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı. Sonra Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, cəza müddətini 3 il 6 aya endirmişdi. Bir neçə il sonra isə o, həbsdən azadlığa buraxılmışdı.

Uzun illərdən sonra efirə qayıdan İlham Mirzəyevin zədələnmiş imicinin bərpası, tamaşaçıda etimad yaratmaq məqsədilə "Space"də Cavid Gülün apardığı "Gül kimi şou"nun bir buraxılışı ona həsr olundu. Şouda İlham Mirzəyev haqda yayımlanan süjetdə deyilirdi: "Səmimi insandır, ilk baxışda adamı anlaya bilir, qayğıkeşdir. Ona dərdini anlatmaq, ən pünhan sirlərini etibar etmək istəyirsən. İstedadı, şeirlərindəki yaradıcı ruh oxucunun içinə süzülür, səni ovsunlayır. O, İlham Mirzəyevdir - insan talelərini gözdən oxumağı bacaran qəhrəman..."

İnternet resurslarında onun şeirlərini axtarışa verirəm. Bakı İstintaq Təcridxanasından oğlu Həsənə həsr elədiyi şeirdən başqa nəsə tapa bilmirəm. Şeirin bir bəndində deyilir:

 

Bağlanan qapılar bir gün açılar

Bizə pislik edənləri tarix alçaldar...

Bəzi insanların gözü açılar

Kor olan nadandır insanlar deyil?

Allahım aqildir, Adildir heç zalım deyil

Bu dünya yalandır, yamandır, bala!

 

Qüsurlu publisistik dildə yazılmış, qeyri-poetik, şüarçılıq pafosu ilə yüklənmiş misralar yaradıcı ruh anlayışı ilə tamamən tərs mütənasibdir. İlham Mirzəyevin elmi məqalələrindən biri isə belə adlanır: "Qarabağ müharibə iştirakçılarının davranışının psixo-emosional korreksiyası". Elmlər Akademiyasının "Elmi əsərlər" beynəlxalq elmi nəzəri jurnalında çap olunmuş məqalə məktəbdə tədris olunan "Həyat bilgisi" dərsliyinin səviyyəsindədir:

"Sevinc, kədər, qorxu, qəzəb, mərhəmət, xoşbəxtlik, rəhm, qısqanclıq, laqeydlik, sevgi s. emosiyaların müxtəlif növ çalarlarını müəyyən edən sözlərin sonu yoxdur. Onlar insanın daxilində ondan xaricdə baş verənlər haqqında insana obyektiv informasiyanı verir. İnsan təhlükə hiss etdiyi anda o, həyəcan vəziyyətində olur - özündə təhlükə daşıyan qeyri-müəyyən hadisələrə qarşı reaksiya vermək məcburiyyətində qalır. İnsan emosional cəhətdən həyəcanlı olduğu zaman onun vəziyyəti müəyyən fizioloji reaksiyalar ilə müşayiət olunur: yəni

qan təzyiqi, qanda şəkərin miqdarı, əzələlərin gərginliyi, nəbzin vurma sürəti artır. İnsan həyatında emosiyalar çox mühüm rol oynayır" ... s.

Məqalənin yarsı Qərb alimlərinin sitatlarından ibarətdir. Qarabağ qazilərinə isə faydalı olacaq material yoxdur, sadəcə, müharibə travması almış işitirakçıların bəlli-tipik-psixoloji vəziyyətləri ümumi, son dərəcə səthi təsvir olunub. Maraqlısı isə elmi məqalələr yazan İlham Mirzəyevin danışıq dilinə elmi yox, məişət üslubunun hakim olmasıdır...

Yazımın əvvəlində təsvir elədiyim vəziyyəti davam etdirirəm. "Yaxşıya doğru"nun dedi-qodu səviyyəsindəki müzakirələrindən anlaşıldı ki, yeniyetmə qızın anası ikinci dəfə ailə qurub atalıq qızlığına təcavüz edib. Ana məsələni bilsə , susub. Məqalələrimdə dəfələrlə analoji sosial proqramlarda aparıcıların, ekspertlərin uşaq haqlarını pozmasından yazmışam. "Yaxşıya doğru" verilişində bu zərərli tendensiya daha da inkişaf etdirilir. Vəkillər, hüquq müdafiəçiləri, qısası, özlərini savadlı, ziyalı sayan adamlar onsuz da haqları tapdanmış qadını linçləyirlər: "Zülm çəkirsən, qoyun otarırsan. Sənə lazım idi ərə getmək? Ər öldürsün səni. Qız uşaqlarını yad kişinin yanına aparmağa dəyərdimi?"... s.

İlham Mirzəyev isə bu müddətdə kreslosunda yerini rahatlayıb, fincandakı çayını ləzzətlə qurtumlayaraq mənzərəni seyr edir. birdən ayağa qalxır, qadının əlindən tutub zorla studiyanın mərkəzinə gətirir: "Ərə gedib! Ərə gedib xoşbəxt olub! Baxın onun vidinə. Baxın, ərə getmiş xanım". Bu zaman əliylə aşağıdan yuxarı onu göstərir. Kamera da aparıcının mətnini izləyərək qadını yaxın planda aşağıdan yuxarı süzür. Özünü itirən qadın başını aşağı salır. Ekspertlər aparıcıya qoşularaq xorla deyirlər:

"Aciz, avam qadındır, yazıqdır! İndi sən yenə o kişiylə yaşayacaqsan? Əlbəttə, yaşayacaq, uşağını məktəbə aparmayan anadır"... s.

Bütün bunlar qızının gözü önündə baş verir. Psixoloq Murad İsayev, uşaq sığınacağının rəhbəri Könül Qasımova, vəkil Peyman Zəman, yazıçı, dramaturq, "CAAS" Psixologiya Psixoterapiya Liqasının rəhbəri Elnurə Abdullayeva anaya qızına faktiki olaraq psixoloji təzyiq tətbiq edirlər...

Başqa bir buraxılışda isə Sabirabaddan gələn yaşlı bir qadın iki ildir qızını axtardığını deyir. Körpəsini atan, zibillikdə yaşayan qadını tapıb proqrama gətirirlər. Qadın qızını "pis yola" düşdüyü üçün bağışlaya bilmir, yerə çökərək ağlayır. Aparıcı fonda səslənən kədərli musiqinin ritminə uyğun olaraq üzünü qırışdırıb ağlamsınır, anayla qızını qucaqlayaraq yasdaymış kimi ağı deyir: "Qucaqla ananı, qucaqla, bala, ananı ağlar günə qoydun, bir elin obanın içində yerlə-yeksan elədin". Ağı mətni davam etdikcə İlham Mirzəyevin səsi alçalıb-yüksəlir:

"Onun günahı olduğu qədər biz insanların da günahı var!!! Biz cəmiyyət olaraq onu bu yola sürüklədik!"

Ananın "mən ailəsiz qalmışam, o yola düşməmişəm" deməsi İlham Mirzəyevi emosional partlayış həddinə gətirir az qala, özünü döşəməyə çırpır: "Azzz, sən düşməmisən, o düşüb

 

"Yaxşıya doğru" verilişi efirdə insanları alçaltmaq konsepsiyasının İlham Mirzəyevsayağı formasıdır. Yeri gəlmişkən, İlham Mirzəyev həbsdən öncə "Space" kanalında apardığı "Bizi barışdırın" sosial proqramını da bu xətt əsasında qururdu. Buraxılışlardan birində bir kişi gəncliyində sevib, sonradan aldatdığı qadınla barışmaq üçün studiyaya gəlir. Studiyada hadisə müzakirə olunanada kişi hər cür təhqirə məruz qalır:

" qədər bişərəf, axırıncı adam olasan ki, belə bir ziyalının, şəxsiyyətin (yəni İlham Mirzəyevin) verilişinə gələsən. Səni görüm maşın altında qalasan. Utan, utan üzün var danışmağa", "Sən əxlaqsızsan", "Sən səviyyəsiz ailənin oğlusan"... s.

Üzündə məmnunluq ifadəsi dolaşan İlham Mirzəyev isə kişiyə sakitcə "sənə demişdim ki, başını tumarlamayacaqlar" deyir.

Beləliklə, həftənin beş günü efirdə olan, ekspertləri münsiflər heyəti kimi təqdim edən İlham Mirzəyevin televiziyaya qayıdışı ilə vətəndaşı alçaltmaq hesabına reytinq toplayan bir aparıcı da artdı...

Hərçənd, "Space" kanalında əvvəlki yazılarımdan birində haqqında tənqidi qeydlər etdiyim "Gəl danış" adlı oxşar sosial proqram da var. Bəs onda bir kanalda iki eyni məzmunlu verilişin yayımlanması hansı zərurətdən doğur? Təbii ki, epataj, ailə dramlarını şoulaşdırmaqla tamaşaçı toplamaq zərurətindən. Bu isə kanalın televiziya sahəsində naşı yeni rəhbərliyinin qüsurlu, qeyri-peşəkar siyasətinin təzahürüdür...

Amma heç olmasa, kanal rəhbərliyi əməkdaşlarından müəyyən etik çərçivəni gözləməyi, peşə bilgilərini mənimsəməyi tələb etməyə borcludur ki, tok-şoular linç məhkəməsinə, teleaparıcılar hakimə ya prokurora çevrilməsinlər. Yoxsa ucuz yolla reytinq toplamaq naminə "Sən BİC qızsan" deyib 16-17 yaşlı biçarə, dilsiz-ağızsız bir qızı səhra hakimi ədasıyla SUÇlu çıxarmaq kimi halları efirdən hələ çox müşahidə edəcəyik.

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.11.