Naxçıvanın memarlıq abidələri Bəhruz Kəngərli tablolarında

 

Naxçıvan torpağı uzunömürlülüyü, memarlıq həllinin möhtəşəmliyi ilə seçilən tarixi abidələr məkanıdır. Azərbaycanın istedadlı fırça ustaları isə öz növbəsində Əcəmi yaradıcılığının bilavasitə təsiri ilə bu abidələri öz tablolarında əbədiləşdiriblər.

Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olan Bəhruz Kəngərli öz tarixi fəaliyyətləri ilə xalqımızın mədəni həyatında mühüm xidmətlər göstərib. Belə ki, görkəmli sənətkarın yaradıcılığı Naxçıvan me-marlıq tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Rəssam Azərbaycan incəsənətinə tarixi-dini abidələrin ən yaxşı təsvirçisi kimi adını yazdırıb, bu sahəyə layiqli töhfə verib.

Bəhruz Kəngərlinin doğma yurdu Naxçıvana könüldən bağlı olduğunu xüsusilə qeyd etmək lazımdır. Təbiət vurğunu olan rəssamın əsərlərinin əksəriyyətini mənzərə janrında çəkdiyi rəsmlər təşkil edirdi. Bu baxımdan rəssamın Naxçıvan memarlıq abidələrini təsvir edən mənzərə qalareyası olduqca zəngindir. Sənətkarın təsviri sənətimizdə başlanğıc sayıla biləcək bir addım ataraq doğma torpağındakı tarixi tikililəri tablolarına köçürməsi, sonralar rəssamlığın bu sahəsinin uğurla inkişaf etməsində mühüm rol oynayıb.

Bəhruz Kəngərli doğma diyarını qarış-qarış gəzmiş, memarlıq abidələrimizi sevimli obyektinə çevirmişdi. Rəssam bu tikililəri hər dəfə açıq səma fonunda görüntüyə gətirərək onların həndəsi biçimini aydın vermiş, bununla birlikdə işıq kölgənin təzadından, əlvan rənglərin qovşağından böyük məharətlə istifadə edərək abidələrin memarlıq xüsusiyyətlərini qabartmağa nail olmuşdu. Bu mənzərələrə misal olaraq Azərbaycan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin XII əsrdə inşa etdiyi "Möminə xatun", "Yusif Küseyir oğlu" türbələri, "Naxçıvanda sınıq minarəli məscid", "İmamzadə", "Nuhun qəbri" başqalarını göstərmək olar. Abidələr gah etüd, gah da tamamlanmış rəngkarlıq əsəri şəklində təsvir olunub.

Bəhruz Kəngərlinin çəkdiyi "Nuhun qəbri" silsilə rəsmləri bu məkanın sonradan aşkarlanmasına zəmin yaradaraq bu gün tarixi əhəmiyyətini qoruyub saxlamaqdadır. Məzarın məqsədli şəkildə dağıdıldığını görən müşahidəçi rəssam "Nuhun qəbri" silsilə rəsmləri yaratmağa başlayır. İndi diqqət edəndə görmək olur ki, müxtəlif vaxtlarda çəkilmiş altı rəsmdən ibarət silsiləyə daxil olan işlərdə məzar getdikcə dağınıq formada təsvir olunmuşdu. Tikilinin 1921-ci ildə fırçaya alınmış sonuncu rəsmi əvvəlki illərdə çəkilmiş beş rəsm ilə müqayisə edildikdə görmək olur ki, məzar baxımsızlıqdan dağılmamış, sərt qəsidli şəkildə uçurulmuş, ilkin formasını tamamilə itirmişdi. Rəssamı belə bir addım atmağa vadar edən səbəb tariximizi, maddi mədəniyyətimizi yox etmək istəyənlərin qeyri-insani əməlləri idi. Bu işlərə baxanda rəssamın öz fırçasının köməyi ilə kiçik etirazlara cəhd göstərdiyi açıq-aydın sezilir.

Daima fərqli forma axtarışları edən yenilikçi rəssam əvəzolunmaz işlər ortaya çıxarıb. Elə bu baxımdan da taxta boşqab içərisində yağlı boya ilə işlədiyi "Nuhun qəbri" adlı rəsmi daha səciyyəvidir bədii həllinə görə silsiləyə daxil olan digər beş rəsmdən fərqlənir. Əsas planda Nuhun məzarının təsvir olunduğu bu əsərdə rəssam arxa fona zirvəsi qarlı Ağrı dağını da əlavə etməyi unutmamış, rəngdən-rəngə zərif keçidin duyulduğu bir görüntü əldə etməyə nail olmuşdu.

Bəhruz Kəngərlinin fırçasının məhsulu olan özündə tarixi gerçəkliyi yaşadan "Sınıq minarəli məscid" əsəri zaman-zaman xalqımıza qarşı törədilən erməni vəhşiliyinin danılmaz gerçəyi olaraq kifayət qədər yaddaqalandır. Belə ki, ermənilər mərkəzdə yerləşən Came (Cəfəriyyə) məscidinin minarəsini top mərmisi ilə qırmışlar. Əsərə baxanda anlaşılır ki, rəssamın burada əsl məqsədi, diqqəti ermənilər tərəfindən məscidin sındırılmış minarəsinə, zədələnmiş günbəzinə cəlb etmək olub. Çoxillik məscid sonradan bərpa olunub bu gün öz əzəmətini qorumaqdadır.

Sulu boyanın imkanlarına dərindən bələd olan özünəməxsus şəkildə ifadə edən rəssam haqqında bəhs olunan məscidi daha əvvəl "Naxçıvanda məscid", "Şəhər məscidi" digər adlarla fırçaya almışdı. Lakin o zaman tikiliyə fərqli mövqedən yanaşaraq onun gözəlliyini, zərif minarəsini vurğulamağa çalışmışdı. Rəssam bu tikilinin rəsmini sevə-sevə çəkərək, hətta etüdlərində, naturadan rəsmlərində bu məscidi dönə-dönə fona daxil etmişdir.

Rəssamın yaratdığı əvəzsiz işlər arasında Naxçıvan şəhərinin ən qədim ziyarətgahlarından olan Nuh türbəsinin yaxınlığında yerləşən, yerli əhali tərəfindən "İmamzadə" adlandırılan memarlıq kompleksinin kifayət qədər təsviri vardır. Sənətkar bu tikilini bəzən kompleks halında, bəzən isə kompleksdən azca aralıda yerləşən kvadratşəkilli tək türbəni rəsm edib. Bəhruz Kəngərli bu təsvirlərində kompleksin islam memarlığına aid olduğunu vurğulamaq üçün cənub tərəfdə yerləşən əsas tikilinin günbəz hissəsindəki "Allah" sözünün təkrarlanmasından yaranan həndəsi ornamentləri böyük məharətlə təsvirə alıb.

Bəhruz Kəngərlinin tarixi mənzərələri sırasında vaxtilə böyük bir memarlıq kompleksinin tərkib hissəsi olan "Möminə xatun" türbəsinə həsr etdiyi əsərləri rəssamın yaradıcılığının ayrıca bir səhifəsidir. Rəssam abidəni bəzən uzaqdan müşahidə edərək ümumi mənzərəyə daxil etmiş, bəzən isə möhtəşəmliyini vurğulamaq üçün onu bütöv üfüqi halda çəkmişdi.         Bəhruz Kəngərlinin 1920-ci ildə yağlı boya ilə fırçaya aldığı "Möminə xatun türbəsi" tablosunun öz ecazkarlığı ilə digər işlər arasından seçildiyini desək yanılmarıq. Rəssam bu tablosunda türbənin beş üzünü giriş qapısını görüntüyə gətirmiş, mürəkkəb dekorativ ornamentləri dəqiqliklə verməsə , firuzəyi yaxmalardan böyük ustalıqla istifadə edərək abidə üzərindəki kaşıların mövcudluğunu təsvir etməyi bacarıb. Rəssamın bu işinə nəzər salsaq, abidə ətrafında o vaxtlar müxtəlif tikililərin olduğunu abidənin məlum olmayan səbəbdən sağa əyilməsini görmək olur. Qeyd edək ki, bu əsərin orijinal surəti hal-hazırda Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. Görkəmli sənətkarın Naxçıvanın simvoluna çevrilmiş "Möminə xatun" türbəsini yorulmadan, dəfələrlə tablolarında əks etdirməsi onun bu torpağa, milli dəyərlərə olan ehtiramının qabarıq ifadəsidir.

Bu gün Əcəmi yurdu qədər yenilənsə , vaxtilə rəssamlar bu doğma torpağın hazırda mövcud olmayan görüntülərini kətan kağız üzərində əbədiləşdirmiş, gələcək nəsillərə ötürülməsində danılmaz rol oynamışlar. Bu baxımdan Bəhruz Kəngərlinin əsərləri böyük mənəvi miras adlandırılacaq qədər dəyərlidir.

 

 

Şəmsiyyə ZALOVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

525-ci qəzet.- 2023.- 17 oktyabr.- S.14.