Qayıda bilməyən günə təəssüf

  Məmməd Araz-90

 

 

Mənim ürəyimdən uçub, göylərə qanad açan o gözəl, əlçatmaz, əvəzolunmaz günlərimin xatirəsini dinləmək istərdinizmi?

1991-ci ilin may ayı idi. Bakı Mədəni Maarif Texnikumunda Azərbaycanın əvəzsiz şairi Məmməd Arazla tələbələrin görüşü keçiriləcəkdi. Hamımız çox həyəcanlı idik, çox sevinirdik. Niyə sevinməyəydik. Şeirlərini kitablardan oxuduğumuz, üzünü televiziya ekranından gördüyümüz, əsərlərini sevə-sevə əzbərlədiyimiz ustad şairi yaxından görəcəkdik.

Mənim tələbə yoldaşlarım kimi uçmağa qanadım yox idi. Beş nəfər tələbə şairin şeirlərini bədii qiraət etməli idik. Mən ustad şairimizin "Təəssüf" adlı lirik şeirini əzbərləmişdim. Tədbirə hazırlıq müddətində Məmməd Arazla görüş münasibətilə bir şeir yazmışdım, adını da qoymuşdum "Sevin, Məmməd Araz". O vaxt Bakı Mədəni Maarif Texnikumunun rəhbəri-direktoru Əməkdar artist, xanəndə Mais Salmanov idi. Məktəbin mədəni-maarif işləri üzrə təşkilatçısı Talıb müəllim direktora məlumat vermişdi ki, naxçıvanlı qız, 16-cı qrup tələbəsi Təranə Əliyeva Məmməd Araza şeir yazıb. Mais Salmanov məni çağırdı, şeirimin adına baxıb: "Bala, oxu görüm, yazmısan o böyük insana? ilə sevindirmək istəyirsən Məmməd Arazı?" - dedi.

Şeiri oxudum. Xoşuna gəldi. O vaxt Araz çayı sahilində tikanlı sərhədlərin xalq tərəfindən açılması, o taylı, bu taylı Azərbaycan xalqının bir-birinə qovuşması şeirimin əsas qayəsi idi. Mən bu sevincli xəbəri nədənsə həmişə qəmli, hüznlü görünən şairimizi sevindirmək, bu kiçik şeirimlə 50 milyonluq xalqı sevindirən bu xəbəri onunla bölüşmək istəyirdim.

Mais müəllim soruşdu ki, bəs Məmməd Arazdan deyəcəksən, de görüm. "Təəssüf" şeirinin ikicə misrasını demişdim ki, dayan bala, dayan - deyə məni saxladı. Sən bir tərəfdən deyirsən ki, sevin Məmməd Araz, bir tərəfdən

 

Bu görüş acı qismətmiş bizə,

Elə bil bir kədər gölünə düşdük -

 

deyirsən. Bu necə olur. Yox, gəl sən elə öz şeirini de. Yaxşı yazmısan. "Təəssüf" şeirini proqramdam çıxartdılar.

Görüş günü gəldi çatdı. Ustad şairimiz Məmməd Arazla onun şeirlərini əvəzolunmaz bir ifa ilə bədii qiraət edən Azərbaycanın Xalq artisti, görkəmli incəsənət xadimi, müəllim, pedaqoq Mikayıl Mirzə gəlmişdi. Sevincimizin həddi-hüdudu yox idi. Ta o gün, o görüş təsvirə gəlməz. Məmməd Araz şeiri ola, Mikayıl Mirzənin ifası ola.

Arada tələbələrə söz verirdilər. Nəhayət mənim növbəm çatdı. Aparıcı qız məni təqdim edəndə az qala həyəcandan ürəyim dayanacaqdı. Həyəcanla oxudum "Sevin, Məmməd Araz" şeirini.

 

Bizi, bizə qovuşdurdun, ay Araz,

Həsrətimi sovuşdurdun, ay Araz.

Dünən sənə ayrılıq çayı deyən,

Yarı-yarla danışdırdın, ay Araz...

 

şeir sona çatdı. Onda gördüm zal alqışlayır məni. Elə bu vaxt içimdən heç olmasa Məmməd Araz şeirindən bircə bənd demək keçdi. , onun çox sevdiyim "Haqqın yoxdu, haqqın var" şerindən axırıncı bəndi söylədim:

 

Çox tozanaq atlını təmkin atınla keçdin,

Sel boğan dərələri bir mərd qadınla keçdin.

Bütün keçilməzliyi, Vətən, adınla keçdim...

Haqqın var, Məmməd Araz,

Haqqın var yaşamağa!

 

Utancaq bir tələbə qızdan bunu gözləməyən 500 nəfərlik zal yenidən alqış səslərinə büründü. Məmməd Araz - sadə, səmimi sadə olduğu qədər böyük olan o insan gülümsər baxışları ilə məni yaxına çağırdı. Mənə verilmiş gül dəstəsini şairimizə verəndə, o, mənim əlimi sıxdı "Halal olsun qızım" - dedi. Bu bir kəlmə söz ilə sanki dünyanı mənə verdilər. Səhnədən sevincimdən ağlayaraq endim. Arxadan məktəbin direktoru Mais Salmanov səsləndi ki, naxçıvanlı qız, get yazı makinasında şeirinin iki sürətini çıxart, birini şairimizə hədiyyə elə, birinin üstünə avtoqraf yazdır. Yazdırıb gətirdim. özümə götürdüyüm şeir vərəqinin üstünə Məmməd Araz bu sözləri yazıb mənə qaytardı:

 

 

Bir qız şeir dedi bizə möcüzə,

Allah, bu gözəli çox görmə bizə.

 

 

O gün tələbəlik həyatımın ən xoşbəxt günü idi. 19-20 yaşlı, təzə-təzə şeir yazan, cızma-qara eləyən tələbə üçün bundan gözəl mükafat ola bilməzdi...

Gəlin, bir az da Məmməd Araz dünyasına üz tutaq, görək o dünyada nələr var:

 

 

...Açıb tökər dünyanın açılmaz kələyini,

Süzgəcindən keçirdər hər sözün gərəyini,

Qəlbinin arzusunu, bir oğul diləyini

Deyimində yaşadar Məmməd Araz dünyası.

 

 

Bircə misra sözündə neçə-neçə çalar var,

Düşünüb-daşındıran neçə-neçə xallar var,

Onun şair ömründə eniş-yoxuş yollar var.

Bu yolları çox aşar Məmməd Araz dünyası.

 

 

Bir ömür butaladı, min ömür naxışladı.

Kədəri buludladı, sevinci yağışladı.

Üç gülə dünya boyda özünü bağışladı.

Taleyinə vəfadar Məmməd Araz dünyası.

 

Ailəliklə Məmməd Araz vurğunu olmuşuq. 1990-95-ci illərin uzun qış gecələrində odun-kərmə peçinin öləziyən istisində, neft lampasının işaran sarı işığında bizim ürəyimizi daha çox isidən Məmməd Araz misralarının odu olardı. Hərəmiz bir şeirini söylərdik. Atamın ən çox sevdiyi "Dünya gözəl dünyadı" " bilim" şeirləriydi. Özünəməxsus həzinliklə söylərdi bu şeirləri:

 

Yenə gördüm gördüyümüz dağları

Nəfəsindən əriyirdi dağ qarı.

Yenə elə durnaların qatarı,

Yenə elə dərə, düzən dünyadı -

Dünya gözəl, dünya gözəl dünyadı.

 

 

Bəli, Məmməd Araz, sevimli şairimiz, ustadımız! Dünya, gözəl dünyadır. Dünyanın bu təkrarsız gözəlliyinə sənin şeiriyyət dünyan daha bir rəngarənglik, gözəllik qatıb ki, səni oxuduqca bu gözəlliyə bir daha valeh olursan, bir daha vurulursan.

 

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, ha yazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi bir od-ocaq, bilim...

 

İsinər, Məmməd Araz, sənin qaynar təbin nəinki sənin ocağına yığılanları, ürəyi sənin poeziyanla döyünən hər bir insanı, bütövlükdə Azərbaycan poeziyasını isidəcək, alışdıracaq bir saf çeşmədir ki, içdikcə çağlayır, çağladıqca şeirimizdə yeni-yeni büllur gözlər açılır.

Əsl şairlərin ruhunda sadəlikdən doğan səmimilik, səmimilikdən doğan böyüklük olur. Bu sadəlik onu tanıyanların gözündə ucaltdıqca ucaldır. Mən bu gün xatirələrimin Məmməd Araz dünyasına yolçuluq edib səfərimi başa vurdum. Sözümü texnikumda oxuyarkən Məmməd Arazla görüşdə deyə bilmədiyim "Təəssüf" şeirinin sonuncu bəndi ilə tamamlamaq, mənim üçün bir daha qayıda bilməyən günlərə təəssüf, heyif sənə, Məmməd Araz, demək istəyirəm:

 

Bəlkə yüz dəfə görüşdük belə

Yenə xatirələr, yenə təəssüf,

Təəssüf, təəssüf, təəssüf ilə

Qayıda bilməyən günə təəssüf.

 

Təranə ARİFQIZI

525-ci qəzet.- 2023.- 17 oktyabr.- S.13.