...dünya
heç kimin!
Məmməd
Araz-90
Dərd
eləmə, desəm
ki:
Yazı
masam, ölürəm!
Ölə-ölə yazmıram,
Yaza-yaza
ölürəm...
(M.Araz)
Görəsən, nə üçün
bir çox hallarda ədib və oxucu çevrəsi
qüdrətli sənətkarlar
və dəyərli sənət inciləri barədə ümumi sözlər, ümumi təriflərlə danışmağa
üstünlük verir?
Məsələn, belə:
Füzuli əlçatmazdır,
Sabir dahiyanədir, Nazim Hikmətdən
olmaz, Bəxtiyardan bir dənədir... vəssalam. Yoxsa, böyük-böyük ürəklərin
qanında çiçəkləyən
sevinc və sevgi gürşadlarına
qəlbimizin balaca və dar qapılarını
açmaq istəmirik?
Yoxsa, o böyük sevinc və gürşadların balaca
və dar köksümüzə sığmayacağından
ehtiyatlanırıq? Yoxsa,
zaman-zaman durulmaq bilməyən
xaos içində böyük-böyük ürəklərin
qanında sızlayan nifrət və kədərin ağırlığına
çiyinlərimizin dözməyəcəyindən
qorxuruq? Nə bilim, bəlkə bu da var. Amma bu da var ki, qızmar, az qala insanın ağıl və huşunu əridən günəşli yollardan keçib sinə yanğısını söndürmək
üçün büllur
bir bulağın duru gözündə dodağımızı isladandan,
o sərin və təmiz sudan doyub dikələndən sonra da izafi bir söz işlətmirik,
o bulağın axışına,
şırıltısına, baxışına, sərinliyinə
tərif yağdırmırıq...
çox sadə, ya bir sinədolusu
"oxay" deyirik, ya da o bulağın gözünü açıb
üzə çıxardanın
atasına rəhmət
oxuyub gedirik dərdimizin, odumuzun dalınca... Tale elə gətirib ki, mən "oğlanlar bulağından
su içən" ərəfədə bizdən
irəliki şairlərlə
bir sırada həm də şair Məmməd Arazın söz bulağından su içmişəm. Ola bilər,
uzaq əsrlərin, uzaq illərin o tayında xalq yaddaşında özünün
və sözünün
izləri qalan, ya qalmayan neçə-neçə
sözə vurğun yeniyetmələr olub ki, onlar da əsrdaşı, ildaşı, yaşdaşı
olan şairlərin söz bulağından su içiblər və sağalmaz, elə sağalmaz olduğuna görə də bəxtəvər bir dərdə mübtəla olublar. Hər halda, belə qəzavü-qədərə
qətiyyən dərd
deməzdim...
Və budur, on dörd yaşım olanda kəndimizdən qırx kilometr aralıda yerləşən, indi bayquş xislətli ermənilərin xaraba qoxulu nəfəsindən təmizlənib əsl yiyəsinə qaytarılan,
yəni azadlığına
qovuşan Füzuli
şəhərinə getməyim,
ilk cızmaqaralarımı "Araz" qəzetinə aparmağım yadıma düşür, kəndə
- Bəhmənliyə qayıdanbaş
raykomun böyründəki
mağazadan aldığım
kitablardan birinin adını xatırlayıram:
Məmməd İbrahim. "İllərdən biri".
Həmin çağa
qədər oxuduğum
kitabların ən balacasını avtobusda, kəndə çatanacan başa vurdum və mənə elə gəldi ki, o kitab gözəl bir bulaq idi, onu
sonuncu damlasına qədər içdim.
Amma doymadım, o kitabın
dadı indi də damağımdadır...
O dadı, o tamı bütün ruhumla, sinirlərimlə yenidən
duymaq, təzədən
yaşamaq üçün
Məmməd Arazın
bütün kitablarını
oxudum. O kitabların birincisi mənim üç yaşım olanda işıqlığa
çıxıb, bugünkü
günə isə şairin kitabları, onun haqqında yazılan əsərlər
demək olar, hər il, həm də dünyanın fərqli ünvanlarında
nəşr olunur...
Məmməd Arazın şeirlərini
sevməmək mümkün
deyil. Çünki bu vicdan, haqq-ədalət,
sevgi dolu nəğmələr hər
şeydən öncə
yaxşı bir insanın qanından qopan ayrıntılardır.
Məmməd Arazın
üz tutub söz dediyi oxucu sanki ya
onun atası, ya anası, ya qızı, ya oğlu, ya
qardaşı, ya da bacısıdır... Bunlar
olmayanda, elə bil xeyirxahlıqla nəfəs alan bu misralar əziz
və unudulmaz bir insanın sinə daşına üz sürtür, baş ağacına yazılırmış kimi
görünür. Məmməd
Arazın nəğmələri
ömür deyilən
bir yola səfər başlayan insanın kürəyinə
çəkilən dualı,
düşərli əl
kimidir!
Nə zamansa oxuduğum və yadda saxlayıb şeir gecələrində
tez-tez təkrarladığım
bir cümlə var idi. "Nifrət və məhəbbət şairin bir cüt qanadıdır",
quş bir qanadıyla uça bilmədiyi kimi könül nəğmələri
də o qanadlardan biri olmasa havalanmaz.
Burda nəsə sirli bir səbəb
var ki, şair Məmməd
Arazın qələmə
aldığı dolğun
misralar Qatar-qatar sıralanıb könüllərdən-könüllərə
qanad çalmaqdan yorulmur? Hələ bir fikir verin:
Məmməd Arazı
göylərə qaldıran
iki qanaddan biri məhəbbətdir...
o birisi də məhəbbətdir! Yəni
bir az irəlidə
söylənildiyi kimi,
Məmməd Araz bütün sözlərini
əzizlərinə, doğmalarına
deyir. Diqqət edin, Məmməd Araz düşməninin üzünə də baxmır. Görünür,
yaxşı adamlar düşmənlərini belə
öldürürlər!
Anlaşılmasın ki, Məmməd
Araz özü də, şeirləri də yalnız və yalnız sadəlövhlük timsalıdır,
hansı şəkildə
olursa-olsun, istər elmi, istər obrazlı düşüncə
yolu ilə dünyanı dərk etmək istəyən bir təfəkkürün
sadəlövhlük bükümləri
içərisində görünməzliyinə,
itib-batmasına inanmağın
özü sadəlövhlük
olardı. Məmməd
Araz yaxşı bilir, duyur və
görür ki:
Bu gileydən qəlbim yaman xallanır;
Çox
ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından
sallanıb
Neçə-neçə ağlı dayaz yaşayır.
Məmməd Araz yaxşı
bilir ki:
Çox
gözlü var torpağına
kor baxır,
Dan yerinə bəbəyində
tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı
göyərir.
Amma mənim həmişə sona qədər inandığım bir həqiqət var ki, dünyanı
yalnız yaxşılıqla,
xeyirxahlıqla düzəltmək
olar. Hər dəfə Məmməd Arazın sözünə,
nəğməsinə qulaq
kəsiləndən sonra
mənim içimdəki
bu inam bir
qədər də boy
atır, bərkiyir.
Məmməd Araz adına vurulan bu söz
ilməsini bir az da xırdalayaq, hər bükümündə
neçə-neçə məna
gizlənən kəlmə
yumağının ipini
bir qat da açaq. Yaxşılıq müdrikliyin
əlifbasıdır. Yaxşıların
hamısı müdrik
olmaya bilər. Amma müdrikliyin qanında şəksiz-şübhəsiz yaxşılıq cövhəri
var; hərf kimi, səs kimi... Yaxşı insan, ustad şair Məmməd Araz müdrik düşüncələrə
sahibdir. Şairin şeirlərinə müdriklik
bir nar suyu
kimi qıraqdan sıxılıb damızdırılmır.
Müdriklik bu şeirlərin təbiətindədir,
müdriklik Məmməd
Arazın qanındadır.
Bütün yaxşı
şairlər kimi Məmməd Araz da öz şeirlərinin, öz nəğmələrinin
qan qardaşıdır.
Əgər onun nəğmələrinin damarlarında
dolaşan qanı müdriklik qızartmasaydı,
məhz müdrik Xudu Məmmədova üz tutub bu
kəlmələri deməyə
onun gücü çatardımı:
Bax, donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş
sərvət yükünə.
Ömür karvanının sənət
yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
mən kimə gərək?!
İşlək adamlara həmişə
iş tapıldığı
kimi dərd və kədər də onu çəkməyi
bacaranları seçir.
Bəlkə də yer üzündə elə xalq var ki, onun şairlərini bəxtəvərlik dilləndirir.
Şərqdə isə
şairlər qaşlarının
arasında sirli və kədərli bir düyünlə doğulurlar. Dərdi içinə salanlardan dünya xəbər tutmur, onlar gözəl
bir ölümə tuş olub gedirlər.
Min il yaşayanlar dərdi
deməyi, yazmağı,
dilə gətirməyi
bacaranlardır.
Məmməd Araz dərdi, ağrını çəkilən
miqyasda demək, ustalıqla ifadə etmək üçün
Allah-təaladan kərəm,
qüvvət diləyən
bir şairdir. Qəribəlik burasındadır
ki, Məmməd Arazın
sinəsini parçalayan,
dediyimiz həmin o ağrı od olub üstümüzə
tökülmür, əksinə,
bu yanıqlı nəğmələri oxuyandan
sonra insanda bir yəqinlik yaranır: yalan dünyada çəkilməyən
dərd yoxdur. Acının dadını
bilməyən ürək,
ümumiyyətlə, dad bilmir!
Bütün ağrı və
əzablar fanidir. Sevinc və sevgilər də fanidir. Elə buna görə də dünya həm sənindir, həm mənimdir, həm də heç kimindir. Dünya həm sənin, həm mənimdirsə, nə üçün yer üzünə qapalı bir qutudan çıxıb heç nə anlamadan, dərk etmədən, dərd çəkmədən, sevib
sevinmədən son ucda
qapalı bir qutuda qeyb olaq?
Dünya heç kimindirsə, onda nə üçün
min-min əzaba baş
vuraraq hər şeyə sahib olmaq istəyək?
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdi Araz belə, Həkəri belə;
Axşamların, səhərlərin təkəri belə
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Təbiətin əbədiliyindən böyük nikbinlik duyan, indi cismən
təbiətdən qopan
və təbiətə
qovuşan ustad şairdən söz açarkən onun poeziyasının ölüm
və olum, sevgi və həsrət,
insan və zaman kimi ənənə baxımından ümumi, Məmməd Araz duyumu yönündən nəzər salanda isə kifayət qədər fərdi mövzuları içərisində
təbiətin şerə
gətirilməsini görməmək
olmaz. Əslində, Məmməd Araz şeirində təbiətin
poetik yozumunu ayrıca sənətkar cəhdi kimi ayırmaq mümkün deyil. Şairin qələmindən çıxan
bütün bədii duyğular təbiətin bir parçası kimi qavranılır. Hər kəs etiraf edər ki, ağac demir mən ağacam, çay demir mən çayam, bulud demir mən
buludam. Sadəcə olaraq onlar görünür,
toxunulur, duyulurlar. Məmməd Arazın şeirlərində də
belədir, şair könlünün dərdli
aynasına təbiətin
bütöv mənzərəsi,
şəkli düşür.
Beləcə "Salamat qal",
"Çoban səhəri",
"Dərə", "Qanadlı
qayalar", "İnsan
qayalar", "Həkim
çay", "Bulaq
daşında yazı"
kimi şeirlər yonulur, bəli, yonulur! Bir şeirdə,
"İnsan qayalar"
şeirində təbiətin
insanlaşması, yaxud
əksinə, insanın
təbiətin bir parçasına yeni biçimdə
qayıdışı hətta
fiziki proses kimi fövqəladə bir dəqiqliklə cızılır.
Məmməd Araz Azərbaycan
poeziyasında ən yaxın vaxt kəsiyində qəlib və ülgülərin içərisində, ənənənin
mühafizəkar divarları
arasında novatorluğun
mümkünlüyünü sübut edən şairlərdən biridir.
Onun şeirləri Azərbaycan hecasına
yeni nəfəs, yeni hava
gətirib, bu havanı yaradan poetik dil faktı,
yeni qafiyə sistemi, məncə, tutarlı tədqiqatların mövzusudur
və nə yaxşı ki, belə araşdırmalar hansısa
bir instansiyadan sifariş edilmədən,
məhz dəyərli
poeziyanın incələnməsi
zəruri olduğu səbəbindən, təbii
bir axarla aparılır.
Məmməd Arazı oxucu, eşidib dinləyən insanlar ona görə
sevir ki, o, Allahın sevdiyi şairdir. Allah-təala qəlb ağrılarını da, fiziki
ağrıları da Məmməd
Araza təsadüfən
deyil, məhz bu istedadlı bəndəsini çox istədiyindən verib. Və o miqdarda verib ki, Məmməd Araz yolu-yolağası kifayət qədər çirklənmiş dünyanın
toz-torpağına bulaşmasın,
toyların bihudəliyinə,
yasların qeybət güruhuna uymasın, televizora çıxmasın,
nəşriyyatların qapısında
vaxt itirməsin, ötəri sevgilərlə
duyğularını aldatmasın...
Hərdən düşünürəm
ki, Məmməd müəllim
ləyaqətli bir rahib ömrü yaşadı və onun səsi cismən sağ olanda da qeybdən gəlirdi. O yerdən ki, ordan Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Nazim Hikmətin, Şəhriyarın, Bəxtiyarın
səsi gəlir...
Böyük şairin 90 yaşının
tamama yetdiyi günlərdə təqdim
etdiyim bu düşüncələr Məmməd
Araz poeziyasının
qüdrətinə yönəlik
tezislərin cüzi bir qismidir. Digər
yandan bu qeydlər Ustadımız haqqında nə birinci, nə də sonuncu yazımdır. 1974-cü ildə
onun "Qanadlı qayalar" kitabı barədə iyirmi səhifəlik bir yazı yazıb "Ədəbiyyat və incəsənət" qəzetinə
vermişdim, çap olunmadı, bir müddətdən sonra dedilər, əlyazma itib (Əlyazmalar yanmasa da, istəniləndə
bir göz qırpımında "itir").
Sonra "Qələm - mənim
söz qardaşım"
adlı məqalə ilə Məmməd müəllimin əlli yaşını təbrik
eləmişdim ("Sovet
kəndi" qəzeti,
1983). "Araz səsi"
adlı poemam, digər bir çox şeirlərim şair Məmməd Araza həsr olunub.
Məmməd Araz barədə
bu dəfə də söz demək istədim, göründüyü kimi,
nəyəsə nail ola bilmədim.
Yazının lap əvvəlinə qayıtmaqdan özgə əlacım qalmır. Ciyərimiz yanarkən dodaq söykəyib suyunu içdiyimiz bulağı biz heç
zaman tərifləmirik, elə
bircə kəlmə
"oxay" deyirik, bir də o ehsanın
yiyəsinə rəhmət
oxuyuruq. Yaxşısı
budur! Bir halda ki, yaxşısı budur, onda belə deyirəm: Allah ana yaşında
itirdiyin anana, ata yaşında itirdiyin atana rəhmət eləsin, ey Məmməd Araz bulağının gözünü açan
şair!
Allah sənə rəhmət eləsin, ustad!
Və doxsan yaşın mübarək, ulu şair!
Əlimi gözümün
üstünə günlük
eləyib Məəmməd
Araz ömrünün
ucalıq silsiləsinə,
bu silsilənin
90-cı aşırımına baxanda bütün varlığımla, qəlbən
inanaraq və deyirəm: Dünya heç kimin yox, sənindir, Məmməd əmi! Və xoş halımıza ki sən də bizimsən,
XALQIMIZIN!
Dünya
sənin, Məmməd
Araz...
"Dünya sənin, dünya mənim,
dünya
heç kimin..."
(M.Araz)
Fırfıratək fırlanana -
"heç kimin",
- dedin,
İçin sözdü, çölün
sözdü, söz vətənindi.
Sözə xatir boğum bir az hirsimi,
- dedim,
Tərsə çəkən tələbənəm,
tərsini dedim:
Dünya
sənin, Məmməd
Araz,
dünya sənindi!
Yola aşiq olanların mənzildir sonu;
Daş-kəsəklər, sür-sümüklər
yolötənindi.
İki qəlbi əkiz tutub tən bildim sonu,
Bağışla ki, şah şeirindən
mən sildim sonu -
"Heç kim nədi", Məmməd
Araz,
dünya sənindi!
Əli zərə yatmayanlar zər tutur-tutsun,
Oyunçu yox, odunçu çox, talançı mindi.
Əyrimçələr dik-dik gəzib
sim udur-udsun,
Boğazında qalar loxma kim udur-udsun -
Udulmayan
qaya dünya,
Məmməd, sənindi!
Titrək-titrək əsən külək
titrəyən əlin,
Yarğan
səbrin, çay gülüşün, duman-kinindi.
O nər gədik, o ərən dik, o qaya gəlin,
gül üstünə şeh adıyla daman sənindi,
Aləm sənin,
Məmməd Araz,
dörd yan sənindi.
Ata kitab,
ana tarla; sünbülü
sözdü,
Al qanımda cücərənlər
kəlmələrindi.
Fələyin sərt zərbəsinə
kişitək dözdün,
Qalibiyyət axır dinib,
son gülənindi -
Hünər sənin, Məmməd
Araz,
zəfər sənindi!
İstəməzsən olanımdan daha çox, şair,
Sözə qurban vətən
ətri verən tənimdi.
Cənnətdəsən, bəxtəvərsən,
könlü tox şair;
Vətənin göz yaşı
suyun, ahı dənindi -
Xoş halına, Məmməd Araz,
dünya sənindi!
Vaqif BƏHMƏNLİ
525-ci qəzet.-
2023.- 17 oktyabr.- S.12.