Böyük Zəfərin zirvəsi - Bayrağımız
Xankəndidə ucaldıldı
15 oktyabr 2023-cü il - Azərbaycanın
tarixində ən önəmli, qürurlu günlərdən biri, tariximizin şərəf səhifəsidir. Məhz bu tarixdə hər bir azərbaycanlının
30 ildən artıq həsrətlə gözlədiyi,
sonadək baş verəcəyinə inandığı
o möhtəşəm hadisə
gerçəkləşdi - Azərbaycanın suverenliyi
rəsmən bərpa
olundu.
Prezident,
Ali Baş Komandan
İlham Əliyev üçrəngli
bayrağımızı qədim
və tarixi torpaqlarımızda - Xankəndidə,
Xocalıda, Xocavənddə,
Ağdərədə, Əsgəran
qəsəbəsində ucaltdı.
Bununla da, hələ də qələbəmizə,
Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini tam bərpa etməsinə dair bəzilərinin şübhəli
yanaşmalarına tam olaraq
son qoyuldu.
Prezident
İlham Əliyev oktyabrın
15-də ilk olaraq Tərtər
rayonuna səfər edib və Suqovuşan
qəsəbəsində bir
sıra yeni tikililərin
açılışında iştirak edib, görülən işlərlə
tanış olub. Ölkə rəhbəri həmin gün Sərsəng su anbarının ərazisində
dövlət bayrağını
ucaldıb. Mühüm
strateji əhəmiyyətə
malik Sərsəng su anbarı Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
tikilib. 1976-cı ildə
Ümummilli lider su anbarının açılışında şəxsən
iştirak edib. Sərsəng su anbarı Azərbaycanın
ən bolsulu çaylarından olan Tərtərçayın üzərində
yerləşir. Ümumi
həcmi 560 milyon kubmetr olan su
anbarı Qarabağ iqtisadi rayonunun ən iri su
hövzəsidir. Sərsəng
su anbarı vasitəsilə Bərdə,
Tərtər, Ağdam,
Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə
96 min hektardan çox
ərazi suvarılır.
Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik
stansiyası tikilib.
Azərbaycan Prezidenti Əsgəran
qalasında da olub. Qeyd edək ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi
ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq
nümunələrindəndir. Xocalı şəhəri
1992-ci ildə Ermənistan
silahlı qüvvələri
tərəfindən işğal
olunduqdan sonra qala dağıntılara məruz qalıb.
Prezident
oktyabrın 15-də Xocavənd
şəhərində, Ağdərə
şəhərində, Xocalıda
dövlət bayrağını
ucaldıb. Qeyd edək ki, bu il sentyabrın 19-20-də Azərbaycan
Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bu ərazilərimiz separatçılardan azad edilib. Xocalı hər bir azərbaycanlının
qəlbində ağır
yaradır. Ermənilərin
burada törətdiyi dəhşətli soyqırımı
illər, əsrlər
keçsə belə,
unudulmayacaq. Bu gün orada bayrağımızın
dalğalanması bu yaramıza bir məlhəm oldu.
Prezident
İlham Əliyev həmin
gün Xankəndi şəhərinin Kərkicahan
qəsəbəsində və
Şuşanın Malıbəyli
kəndində olub. Kərkicahan və Malıbəyli də lokal antiterror tədbirlərindən
sonra separatçılardan
təmizlənib.
Nəhayət, oktyabrın 15-də Ali Baş Komandan Xankəndi şəhərində
oldu və bayrağımızı ucaltdı.
15 oktyabr tarixi həm də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin
20-ci ildönümüdür. İlham Əliyev dövlət başçısı seçilməsinin
20-ci ilində Azərbaycanın
bütövlüyünü təmin etdi, tarixi torpaqlarımızda üçrəngli bayrağımızı
ucaltdı. Əlbəttə
ki, biz yaxın tariximizin
şahidləri olaraq əldə edilmiş möhtəşəm qələbələrin
hansı çətinliklər
bahasına qazanıldığını
bilirik. Üstəgəl,
dünya birliyi tərəfindən 30 ildən
artıq üzləşdiyimiz
və indi də davam edən
ikili standartlar, haqlı olaraq haqsız duruma salınmağımız, Azərbaycana
yanaşmada ədalət
hissini itirmələri,
bir milyona yaxın qaçqın, məcburi köçkün
probleminə göz yummaları, əvəzində
erməni separatizminə
dəstək vermələri
və s. Amma bütün
bunlar Azərbaycan dövlətini öz haqq işindən çəkindirmədi. Ötən
müddət ərzində
Azərbaycan sözün
əsl mənasında
bütün cəbhələrdə
döyüşdü. Həm
diplomatik müstəvidə
öz haqq işimizi çatdırmaq
üçün mübarizə
apardı, münaqişənin
sülh yolu ilə həlli üçün əlindən
gələni etdi, həm də ordumuzu gücləndirdik.
Amma beynəlxalq birliyin,
ATƏT-in keçmiş Minsk qrupu kimi strukturların
sadəcə vaxt uzatdıqlarını, sülhlə
manipulyasiya etdiklərini,
üzdə belə olduqlarını gördük.
Məqsədləri münaqişəni
dondurmaq, yaxud Azərbaycan ərazisində
ikinci erməni dövləti yaratmaq idi.
Prezident
İlham Əliyev Xankəndindəki
çıxışında bu mövzuya toxunaraq deyib: "Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsini sülh
yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız
və nəticəsiz
danışıqlarda dəfələrlə
iştirak etmişəm.
Nə üçün?
Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll
olunmalıdır. Ancaq
getdikcə ümidlər
azalırdı. Ermənistanın
işğalçı siyasətini
bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər
faktiki olaraq münaqişəni dondurmaq
istəyirdilər, münaqişəni
əbədi etmək istəyirdilər. İstəyirdilər
ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan
xalqı və dövləti bu vəziyyətlə heç
vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim
ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç
vaxt imkan verməyəcəyik ki, bizim
torpağımızda ikinci
erməni dövləti
yaradılsın".
Azərbaycan 2020-ci ildə 44 günlük
Vətən müharibəsi
ilə öz ərazilərini işğaldan
azad etdi. Bir günlük antiterror tədbirləri
ilə suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev özü də söylədiyi kimi, xalqa verdiyi bütün
vədlərini yerinə
yetirir.
Sitat:
"Düz 20 il bundan
əvvəl Azərbaycan
xalqı mənə böyük etimad göstərərək prezident
seçkilərində Prezident
vəzifəsinə seçmişdir.
O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan
xalqının və Azərbaycan dövlətinin
milli maraqlarını müdafiə
edəcəyəm, Azərbaycanın
ərazi bütövlüyünü
qoruyacağam. Konstitusiyaya
və "Qurani-Kərim"ə
əl basaraq and içmişdim. Şadam
ki, son 20 il ərzində verdiyim
bütün vədlər,
qarşıma qoyduğum
bütün vəzifələr
icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir.
Bu günü biz 30 ildən
çox gözləmişdik.
Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək".
Dövlət başçısı əlavə edib ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə
borcumu yerinə yetirməyə başlayanda
qarşıma bir nömrəli vəzifə
qoymuşdum ki, Azərbaycan
bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün
torpaqlarda, bütün
şəhər və
kəndlərdə qaldırılsın:
"Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru
gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə
deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü
yaxınlaşdırmalıdır"
Yaxın
tariximizdə şahidlik
etdiyimiz mühüm tarixi hadisələr Prezident İlham Əliyevin
"Nəyi, necə,
nə vaxt etmək lazımdır, onu mən bilirəm",
fikrinin təsdiqidir:
"Xatırlayıram, o vaxt
bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt
- noyabrın 10-da müharibəni
dayandırmağa razılıq
verdik. Bu gün bax, burada durarkən
bir daha bildirmək istəyirəm
ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının
böyük əksəriyyəti
o vaxt da - noyabrın
10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü
ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz
isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır...
Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər
mənim üçün
ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək
lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da
Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç
il keçməmiş biz bu
gün buradayıq, Xankəndidəyik, Xankəndinin
mərkəzindəyik, Azərbaycan
Gerbi, Azərbaycan Bayrağı altında.
Bu, böyük xoşbəxtlikdir
və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə
o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq,
bu tarixi biz yaratmışıq. Azərbaycan
xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə
əbədi bizimlə
olacaq. Bu Qələbə
bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər
bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Bu gün azərbaycanlılara
qarşı amansız
cinayətlər törətmiş,
günahsız insanlara
ağır işgəncələr
vermiş, ərazilərimizdə
vəhşiliklər törətmiş
canilərin bəziləri
saxlanılaraq Bakıya
gətiriliblər. Onlar
törətdikləri ağır
cinayətlərə, soyqırımlara,
qətliamlara görə
layiq olduqları cəzanı alacaqlar.
Prezident
Xankəndidən etdiyi
çıxışında bu məqama toxunaraq deyib: "Onlar Bakıya gəlmək istəyirdilər,
onlar bizi hədələyirdilər, deyirdilər
ki, onların tankları
Bakı küçələrində
olacaq, haqlı çıxdılar. Onların
tankları Hərbi Qənimətlər Parkındadır.
Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər.
Burada da haqlıdırlar.
İndi çay içirlər,
istintaq təcridxanasında.
Özünü "prezident"
adlandırmış üç
təlxək bax, burada oturub bizə
meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız
kimi, bu məsələyə də
təmkinlə və səbrlə yanaşırdıq.
Çünki bilirdik
ki, biz buraya gələcəyik.
Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl - 2003-cü il oktyabrın
15-də Azərbaycan xalqına
və özümə
o sözü vermişdim.
Bəli, biz 20 il gözlədik,
daha doğrusu, 17 il. Üç il bundan əvvəl Şuşada bizim bayrağımız qaldırıldı. Ancaq
biz istədiyimizə nail olduq,
Azərbaycan xalqının
onilliklər ərzində
olan arzularını çin etdik. Azərbaycan xalqının
ləyaqətini bərpa
etdik. Biz torpaqlarımızı
geri qaytarmışıq,
ərazi bütövlüyümüzü
bərpa etmişik, eyni zamanda, öz
ləyaqətimizi bərpa
etmişik. Bax, burada oturmuş özünü "prezident"
adlandıran 3 təlxək
bu gün öz layiqli cəzasını gözləyir.
Bu binaların birində
oturmuş, özünü
"baş nazir" adlandıran
bir adam görəsən, bu gündəmi bizi hədələməyə cürət
edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir.
Burada özünü
"xarici işlər
naziri" adlandırmış
bir separatçı o
vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə
qaldırmaq istəyirsə,
səfirlik açsın
bizim ölkəmizdə.
İndi onun da çayı
orada, təcridxanada verilir. Bizim bayrağımız isə
bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə
təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə,
onu da etmişəm, bunu hər kəs
bilir, o cümlədən,
Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini
unutmasınlar! Antiterror tədbirlərini
unutmasınlar! Əgər
yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə,
bax, bu kadrlara
yaxşı baxsın".
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib. Bayrağımız bütün ərazilərmizdə əbədi dalğalanacaq. Və biz öz torpaqlarımızda əbədi yaşayacağıq.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2023.- 17 oktyabr.- S.5.