BDU-da Məmməd Arazın 90 illiyi qeyd olunub

 

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "İstiqlal" ordenli Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbirin moderatoru olan BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu çıxışında poeziyamızın milli istiqlal şairlərindən biri kimi müasir ədəbi fikrin və milli azadlıq ideyalarının formalaşmasında M.Arazın müstəsna xidmətlərdən söz açıb. Bildirib ki, Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. O, mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Ona görə də bu görkəmli şair milli azadlıq ideyalı əsərləri ilə xalqımızın xatirəsində ədəbilik zirvəsinə yüksəlib.

Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin dosenti Nazim Muradov M.Araz yaradıcılığının nəinki Azərbaycan, ümumən türk xalqları ədəbiyyatının mühüm ədəbi-mədəni hadisəsi olduğunu diqqətə çatdırıb, ədibin "Dünya sənin, dünya mənim..." şeirinin dillər əzbərinə çevrilməsini şairin poeziyasının bənzərsiz özəlliklərə malik olması ilə əlaqələndirib və fikirlərini faktlarla əsaslandırıb. Həmçinin qeyd olunub ki, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün də öz aktuallığını qoruyub saxlayır və əsərlərindəki milli-ideoloji ruh bundan sonra da müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çağdaş ədəbiyyatımızın görkəmli siması M.Araz yaradıcılığına və şəxsiyyətinə Ümumilli liderimiz Heydər Əliyevin verdiyi yüksək qiymətdən söz açıb, şairinin milli azadlıq ideyalarının bundan sonra da müasir gəncliyə aşılanmasının zəruriliyini vurğulayıb. Bildirib ki, uzun illər azadlıq həsrəti ilə yanıb-alışan, suverenliyimizin, ərazi bütövlüyümüzün kobud şəkildə pozulduğu illərdə öz xalqı ilə göz yaşı tökən böyük sənətkarın ruhu şaddır. Çünki bu gün xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında "Məmməd Arazın dünyasındakı Azərbaycan"a qovuşub, regionun güclü, lider dövlətinə çevrilib.

Tədbirdə ədibin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub, "Mədəniyyət" kanalının M.Arazın ömür yolu ilə bağlı hazırladığı film göstərilib, həmçinin Filologiya fakültəsinin tələbələri - Səbinə Sadıqzadə, Nəzrin Aslanlı və Aysu Türkel şairin şeirlərini səsləndiriblər.

 

MEHRİ

525-ci qəzet.- 2023.- 17 oktyabr.- S.9.