Sənətə və Fikrət
Əmirov imzasına ehtiram nümunəsi
PROFESSOR ADİLƏ YUSİFOVA:
"TƏHSİLDƏ DƏ, YARADICILIQDA DA QAZANILMIŞ
UĞURLARLA ARXAYINLAŞMAQ OLMAZ"
Böyük bəstəkarımız Fikrət Əmirovun adını daşıyan
6 nömrəli 11 illik
incəsənət məktəbinin
direktoru professor Adilə
Yusifova ilə bu nüfuzlu təhsil ocağının
keçdiyi yol, hazırkı fəaliyyəti
və perspektivləri
barədə söhbətləşdik.
Sözügedən məktəb
musiqi, rəssamlıq,
xoreoqrafiya sahələrini
özündə birləşdirən,
şagirdlərin hərtərəfli
inkişafına şərait
yaradılan təhsil müəssisəsidir. Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Əməkdar müəllim A.Yusifovanın
bildirdiyinə görə,
əvvəllər 18 nömrəli
musiqi məktəbi kimi fəaliyyətə başlamış bu təhsil ocağının
əsası 1962-ci ildə
qoyulsa da, 1999-cu ildən
6 saylı İncəsənət
Məktəbinə çevrilib.
- Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət
məktəbi musiqi, rəssamlıq, xoreoqrafiya
sahələrini özündə
birləşdirən, şagirdlərin
hərtərəfli inkişafına
şərait yaradan təhsil ocaqlarından biridir. Əvvəllər
18 nömrəli musiqi
məktəbi kimi fəaliyyətə başlamış
təhsil ocağının
əsası 1962-ci ildə
qoyulsa da, 1999-cu ildən
6 saylı İncəsənət
Məktəbinə çevrilmişdir.
2002-ci ildən SSRİ xalq
artisti, Dövlət mükafatları laureatı,
dünya şöhrətli
bəstəkar F.Əmirovun adı verilən bu sənət ocağı sonradan (2005) onbirillik təhsil sisteminə keçirilmişdir. Təsis
olunduğu gündən
burada yalnız
fortepiano və violin alətləri
tədris edilmiş, sonradan isə həm avropa, həm də milli musiqi alətləri ixtisasları üzrə bütün siniflər açılmışdır. Məktəbin
ətrafında hərbi
hissənin yerləşməsi,
orada Avropa nəfəs alətləri
orkestrlərinin fəaliyyət
göstərməsi həmin
alətlərin burada tədrisinə böyük
imkan yaradırdı. Bütün bunlar o dövrün zəruri tələblərindən irəli
gəlirdi və məktəbin aktiv yaradıcılıq həyatına
təsir edirdi. Lakin
1990-cı illərdə baş
vermiş məlum hadisələrə görə
Avropa musiqi alətlərinin tədrisində
də müəyən
qədər geriləmə
yarandı. Həmin alətlərdə ifa edən musiqiçilərin
ölkəni tərk etməsinə görə
kadr çatışmazlığı
məsələsi önə
çıxdı. Bununla
da musiqi alətlərinin
tədrisi sahəsində
boşluqlar əmələ
gəldi. Yaranan vəziyyət musiqi məktəblərində nəfəs
alətlərinin tədrisinə
də öz təsirini göstərdi.
Həmin illərdə
hərbi hissələrdə
nəfəs alətləri
orkestrləri dağıdıldı.
Lakin sevindirici haldır
ki, son on ildə bu problemin həllində irəliləyişlər baş
verib. Artıq milli musiqiçi kadrlardan ibarət yeni orkestrlər təşkil olunub və hazırda musiqi tədris müəssisələrində nəfəs alətlərində
də ifaya maraq yaranmağa başlayıb. Təsadüfi
deyil ki, indi məktəbimizdə Avropa
nəfəs alətlərindən
ibarət kiçik ansambl fəaliyyət göstərir.
- Bildiyimə görə siz əvvəllər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və həmin ali təhsil müəssisəsinin nəzdində
fəaliyyət göstərən
11 illik Orta İxtisas Məktəb Studiyada pedaqoji fəaliyyətlə məşğul
olmusunuz. Necə oldu ki, F.Əmirov
adına 11 illik incəsənət məktəbilə
yolunuz kəsişdi?
-
2016-cı ildə məktəbə
direktor təyin olunmağımla həyatımda
yeni bir mərhələ
başlandı. İnzibati
vəzifədə çalışmaq
təklifini əvvəllər
də dəfələrlə
almışdım. Amma ailə
vəziyyətimlə əlaqədar
olaraq həmişə
bir qədər kənarda qalmağı üstün tuturdum. Həyat yoldaşım vəzifəli şəxs
kimi dolğun iş rejimi ilə çalışdığı
üçün hesab
edirdim ki, ailədə
bir nəfər rəhbər olmalıdır.
Qadın isə ailənin himayəçisi
olaraq öz vəzifəsini yerinə yetirməlidir. Sonradan belə şərait yarandı ki, seçim etməli oldum və razılaşdım.
Onu da deyim ki, F.Əmirovun adını daşıyan
bu təhsil ocağında heç vaxt olmamışdım, bura mənim üçün naməlum
məktəb idi. Pedaqoji heyəti isə ümumiyyətlə
tanımırdım. İncəsənət
məktəbinə gəlişimə
qədər mən yaradıcı işlər
ilə bağlıydım.
Əsərlərim Azərbaycan
Bəstəkarlar İttifaqının
plenumlarında, konsertlərdə
və xarici ölkələrdə səslənirdi.
Eyni zamanda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”
kafedrasında professor kimi
proqramlar tərtib edirdim, kitablar, dərs vəsaitləri üzərində işləyirdim,
monoqrafiyanı nəşrə
hazırlayırdım. Kafedra
müdirimiz professor R.Zöhrabov yaradıcı
şəxslər üçün
çox gözəl şərait yaradırdı.
Həmçinin, o dövrdə
paralel olaraq həmin ali təhsil ocağının
nəzdindəki Orta İxtisas Məktəb Studiyada pedaqoq kimi çalışırdım,
rejissor, xalq artisti Gülcahan xanım Güləhmədova-Martınova
ilə birlikdə yaratdığımız uşaq
opera teatrında tamaşaların
hazırlanmasında musiqi
rəhbəri və tərtibatçısı kimi
yaxından iştirak edirdim. Hazırki məktəbdə isə qarşılaşdığım mənzərə və yenicə tanış olduğum kollektiv əvvəlkindən tamamilə
fərqlənirdi. Bu məktəbdə tanınmış
musiqiçilər çalışmırdılar.
Əlbəttə, burada
çoxlu xoşagəlməz
problemlər ilə də rastlaşırdım.
Lakin yaranan məsələləri
həll etməkdə
qəti qərar vermişdim. Mübariz insan olduğum üçün mənfi halları aradan götürməyə təşəbbüs
göstərirdim. Beləliklə
də mən
2016-cı ildən yeni istiqamətdə
fəaliyyət göstərməyə
başladım. Məktəbə
gələrkən anladım
ki, işə tamamilə
başqa cür yanaşmalıyam. Bütün
səylərimi görmək
istədiyim məktəbi
formalaşdırmağa, müəllimlərin
işinə nəzarətə
və şagirdlərin
inkişaf dinamikasını
izləməyə yönəltdim.
Deyə bilərəm
ki, 7 illik zəhmətimin
bəhrəsi artıq
öz səmərəli
nəticəsini verməyə
başlayıb. Hesab edirəm ki, həmişə
öz üzərində
çalışan, işinə
məsuliyyət və
sevgi ilə yanaşan müəllimlər,
yaradıcı mühiti
mühafizə edən
həmkarlarım təkcə
məktəb kollektivinin
üzvü deyillər,
onlar eyni zamanda mənim dostlarımdırlar. Belə
müəllimlər ilə
hər vaxt yaradıcı ünsiyyətdə
olmaqdan məmnunluq hissi duyuram. İstədiklərimi qismən
də olsa reallaşdırmışam. Fikirləşdiyim
layihələri tədricən
həyata keçirirəm.
- Sizcə bugünkü təhsil sistemi gələcəyin perspektivli
musiqiçilərinin yetişməsində
əhəmiyyətli görünürmü?
- Bu məktəbdən, demək
olar ki, minlərlə
şagird məzun olub. Onların arasında incəsənət
yolunu seçənlər
də, həyatda başqa mövqe tutanlar da var. Bizim məqsədimiz şagirdlərə
ibtidai bilikləri aşılamaq, onların yüksək estetik zövqünü formalaşdırmaqdır.
Təhsil aldıqları
bu incəsənət
ocağı uşaqların
hər birinin həyatında müəyyən
mərhələdir. Məktəbin
fəaliyyəti ölkəmizin
gələcək sivil
vətəndaşlarının inkişafı üçün
maarifçiliklə məşğul
olmağa yönləndirilib.
Mən belə düşünürəm.
- Təhsilin inkişafı üçün hansı təkliflərin səmərə
verəcəyini hesab
edirsiniz?
- Fikrimcə, məktəb rəhbərinin özü
ifaçılıq, bəstəkarlıq
və elmi yaradıcılıq fəaliyyətilə,
həmçinin pedaqoji
ustalığı və
xarici dil bilgiləri ilə müəllimlər üçün
örnək şəxsiyyət
olmalıdır. Məncə
şagirdlərin biliyini
daha obyektiv dəyərləndirmək üçün
on ballıq qiymətləndirmə
sisteminə keçmək
lazımdır. Bunun musiqi
təhsilinə tətbiqini
Mədəniyyət Nazirliyində,
Bakı şəhər
Mədəniyyət Baş
İdarəsində çıxışım
zamanı dəfələrlə
səsləndirmişəm. Digər təklifim isə məktəbdəki sinif
otaqlarının internet şəbəkəsinə
qoşulması, tədris
zamanı uşaqların
müxtəlif musiqi əsərlərini dinləməsi,
xoreoqrafiya şöbəsinin
şagirdlərinin balet
tamaşalarını seyr
etməsi və müəllimləri ilə
birlikdə təhlillər
aparması, eləcə
də kiçik fırça ustalarının
rəsm qalereyalarındakı
işlərə tamaşa
edə bilməsi ilə bağlıdır.
Məncə internetin təchizi təhsilimizin inkişafına çox müsbət təsir göstərər. Məlumdur
ki, XXI əsrin tələbləri
tədrisin də inkişafında yeni tədris
formalarının tətbiqini
tələb edir. Ümumiyyətlə informasiyanın
sürətlə yayıldığı
bir dövrdə mənəvi qidalandırma
təlabatını ödəmək
və vaxta qənaət baxımından
da internetdən istifadə
böyük əhəmiyyət
daşıyır və
təhsildəki layihələri
həyata keçirməyə
yeni imkanlar yaradır.
Bildiyiniz
kimi, bu gün bütün dünyada təhsili inkişaf etdirmək üçün çoxlu
yollar mövcuddur. Macarıstan, Pribaltika, Fransa, Yaponiya və s. kimi ölkələrin öz
tanınmış bəstəkarları
və musiqişünasları
var. Onlar musiqi təhsilinin inkişafı
ilə bağlı
yeni maraqlı üsullar
və proqramlar təklif edirlər. Məsələn: Almaniyada
nəfəsli musiqi alətlərinə olan maraq böyükdür. İbtidai məktəblərdə
təhsil alan şagirdlərin əksəriyyəti
blok fleytada ifa texnikasını mənimsəməyə maraq
göstərirlər. Biz də
hər məktəbdə
maraqlı pilot layihələr
hazırlaya bilərik.
Bu da hazırki dövrün
təhsil islahatlarının
bir yoludur. Akademik yolu saxlamaq
şərtilə milli ənənələrə
əsaslanaraq məktəblərin
potensialına uyğun
belə bir siniflər yaratmaq və bunun, təhsilin inkişafına
necə təsir göstərdiyini müşahidə
etmək lazımdır.
Müşahidələrim əsasında belə nəticəyə
gəlmişəm ki, teatrlarımızın,
muzeylərimizin və
konsert zallarımızın
şəhərin mərkəzində
yerləşməsi ətraf
ərazilərdə yaşayan
məktəblilər üçün
müəyyən çətinliklər
törədir. Təklif
edirəm ki, insanların
kütləvi şəkildə
yaşadığı şəhərdən
uzaq ərazilərdə
yerləşən məktəblərin
nəzdində foto studiyalar, səhnələr,
rəsm qalereyaları
və xalça kursları yaradılsın.
Beləliklə də
hər dəfə şəhərə getməyə
zəruri ehtiyyac yaranmasın. Mən bunun da təhsilin inkişafına çox kömək edəcəyi
fikrindəyəm. Yeni nəslə
incəsənətin incəliklərini
aşılamaq üçün
bütün bunların
reallaşdırılması məqsədəuyğundur. Q.Qarayevin də söylədiyi kimi “Özünü musiqidə,
rəqsdə və rəsmdə ifadə etmək lazımdır”. Dahi bəstəkarın fikirlərindən təkan
alaraq belə güman edirəm ki, F.Əmirovun adını daşıyan
incəsənət məktəbində
son illərdə
ayrı-ayrı şöbələrin
birgə layihələrdə
iştirakı gələcəkdə
bu təhsil ocağında musiqili teatrın yaradılmasına
kömək edə bilər.
-Təcrübəli pedaqoq və yaradıcı xanım kimi Azərbaycanda musiqi təhsilinin perspektivlərini necə görürsünüz?
- Mən həmişə eksperimentlər aparmağa
üstünlük verirəm.
Belə layihələr
təhsili inkişaf etdirir. Fikrimcə, ənənələri saxlamaqla
yeni yollarla irəli getmək lazımdır.
Bunun üçün məktəbdə
şərait olmasa da mümkün olanları həyata keçirirəm.
- Həm direktor, həm də müəllim kimi musiqi təhsilində islahatlara ehtiyac duyursunuzmu?
- Biz vaxtı ilə klassik ənənələrə
söykənən təhsil
üzrə formalaşmışıq.
Ancaq bugünkü təhsilimizi xalqımıza
xas olan ənənələr əsasında
inkişaf etdirməli
və bunun Azərbaycan modelini formalaşdırmalıyıq. Fikrimcə,
belə layihələri
həyata keçirərkən
hər məktəbin
yerləşdiyi bölgəni
və həmin tədris ocağının
daxili şəraitini nəzərdə saxlamaq çox vacibdir. Mən həmişə məktəb direktorlarını
inkişafa aparan layihələrdə birgə
iştirak etməyə
səsləyirəm. Artıq
belə layihələrimiz
baş tutub. Güman edirəm ki, gələcəkdə də
keyfiyyətli və yaddaqalan tədbirlər davam olunacaqdır. Mən musiqi təhsilində əvvəlki
sistemin ənənələrinə
söykənməyi üstün
tuturam. Əvvəlki sistemə yeniliklər gətirməklə uğur
qazana bilərik. Peşəkar səviyyəli
müəllimlərin aşkar
edilməsi ən vacib məsələdir. İ.Qandinin sözləri ilə desəm, “gələcək
bu gündən asılıdır”. Düşünürəm
ki, köhnə kadrlara
dəstək olaraq gənc nəslin nümayəndələrini savadlı,
peşəkar və vicdanlı şəxsiyyətlər
kimi inkişaf etdirmək lazımdır.
- Rəhbərlik etdiyiniz incəsənət ocağının
nailiyyətlərinin fonunda
nələr dayanır?
- Fikrimcə, tələb olunanları düzgün idarə etməklə yerinə yetirmək lazımdır. Direktorla
bərabər müəllimlər
də işgüzar olmalı və ictimai işlərdə fəallıq göstərməlidirlər.
Onlar həm də zəif şagirdlərin inkişafı
üçün çalışmalıdırlar.
Düşünürəm ki, zəif şagirdlər
də hansısa konsertlərdə çıxış
edə bilərlər.
Mən bu baxımdan təcrübəli
müəlliməm. Uşaq
opera teatrında tamaşalar hazırlayarkən
əldə etdiyim təcrübə bu gün də öz bəhrəsini verməkdədir. Məsələn,
məktəbdə biz
ilk dəfə olaraq A.Rzayevanın “Kukla” mahnısını səhnələşdirdik. Bilirsiniz
necə maraqlı oldu? Sonradan başqa personajlar - Buratino, Malvina və s. də səhnəmizdə göründü.
Bəzən belə kiçik tamaşalar hazırlayırıq. Əlbəttə,
bunları davam etdirəcəyik. Elə tədbirlər də vardır ki, onları məktəbin qarşısında, balkonlarda,
pilləkanlarda keçiririk.
Bütün bunlarla yanaşı biz Yarat Müasir İncəsənət Məkanında
2020-ci “Könüllülər ili”nə həsr
olunmuş musiqi rejissoru olduğum “Nağıl dolu dünya” adlı konsert-tamaşanı da təqdim etmişik. Onun da çox
uğurlu keçdiyini
bildirməliyəm. Bütün
bunlar şagirdlərin
gələcək inkişafına
müsbət təsir
göstərir. Onların
böyük layihələrdə
- tamaşalarda, müzikıllarda
uğurlu iştirakına
kömək edir.
- Məktəbdə çalışan yaradıcı
kollektivin fəaliyyəti
barədə fikirləriniz
maraqlıdır. Bu barədə nə deyə bilərsiniz?
- Mən bu
fikirdəyəm ki, təhsildə də, yaradıcılqda da qazanılmış uğurlarla
arxayınlaşmaq olmaz,
ona görə də fəaliyyətdə
davamlı nailiyyət
əldə etmək üçün müəllim
öz üzərində
müntəzəm işləməlidir.
Özüm vaxtilə
Q.Qarayev, C.Hacıyev, A.Məlikov, X.Mirzəzadə,
A.Əlizadə, F.Əlizadə,
İ.Hacıbəyov, B.Məmmədova,
F.Qarayev, B.Yermolayev, R.Çyornaya, İ.Abezqauz,
Q.Həbibov kimi müəllimlərdən dərs
alımışam. Bu
siyahını artıra
da bilərəm. Onlar daim öz
biliklərini təkmilləşdirən
şəxslər idilər. Müəllimlərimi
həmişə özümə
örnək hesab edirəm. Mən onları heç vaxt yaddan çıxara
bilmərəm.
- Məlumdur
ki, təbii olaraq məktəbdən məzun olan şagirdlərin hər biri incəsənət
ixtisası üzrə
ali təhsil müəssisələrinə üz
tutmurlar. İstedadlı
şagirdlərin bu sahəyə marağını
dərinləşdirmək və inkişaf etdirmək üçün
pedaqoji heyət tərəfindən hansı
işlər görülür?
- Məktəbdə bir qrup güclü
müəllim tərəfindən
fəallıq müşahidə
etmişəm. Onların
rəhbərliyi altında
müxtəlif ixtisaslar
üzrə şagirdlər
yetişdirilir. Pedaqoji
heyət daim onların incəsənətə
marağını artırır
və uğurlu inkişafı ilə yaxından məşğul
olur. Lakin şagirdlərin gələcəkdə
ixtisas seçimini valideynləri müəyyən
edirlər. Bizim builki məzunlarımızdan
13 nəfər ali və orta-ixtisas tədris müəssisələrinə
daxil olublar. Onu da deyim
ki, öz üzərində çalışan,
təhsilini inkişaf
etdirən müəllimlərimizin
də sayı artır. Bu il onların da bir neçəsi
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasına qəbul ediliblər. Təbii ki, bütün bunlar sevindirici haldır.
- Sizcə, rəhbərlik
etdiyiniz məktəbdə
təhsilalanlar arasında
gələcəyin parlaq
musiqiçiləri yetişirmi?
A.Y.: İstedadlı şagirdlərimiz var. Lakin gələcəyin parlaq musiqiçiləri barədə proqnoz vermək sadə iş deyil. Məncə pedaqoji heyət olaraq təkcə onları axtarmaqla kifayətlənməməli,
həm də şagirdlərin bu sahəyə marağını
dərinləşdirməklə ciddi məşğul olmalıyıq. Məktəbdə
bir sıra yeniliklər olub. Məsələn: şagirdlər
digər imtahanlar ilə yanaşı kollokvium imtahanlarında da iştirak edirlər. Biz ilk dəfə olaraq kollokviumu yeni fənn kimi tədrisə daxil etmişik. Şagirdlərimizə əsərlərini
ifa etdikləri bəstəkarların yaşadığı
dövr, hansı cərəyana mənsubluğu,
musiqi tarixində nə kimi yeniliklərlə
yadda qalmaları barədə düzgün
məlumat verilməlidir.
Onlar səsləndirdikləri
əsərlərin tonallığını,
neçə hissədən
ibarət olduğunu, hansı formada yazıldığını, tempini
bilməlidirlər. Müəllimlərlə
belə qərara gəlmişik ki, bu sualları düzgün cavablandıran
şagirdlər müsbət
bala layiq görüləcəklər. Buna
görə də ixtisas müəllimləri
ilə yanaşı konsertmeysterlər də vaxtdan səmərəli istifadə etməyi və bütün fəaliyyət yönünü
uşaqların inkişafına
yönəltməyi bacarmalıdırlar.
Onu da deyim
ki, əvvəllər
burada şagirdlər üçün məşğələ
otaqları yox idi. Artıq bu məsələ də öz həllini tapıb. Biz onlar üçün
məşğələ sinifləri
təşkil etmişik.
Çünki şagirdlərin
90 faizinin mənzilində
fortepiano aləti yoxdur. Məktəbdə F.Əmirovun adı ilə bağlı layihələrimiz də olub. Bəstəkarın adını daşıyan
muzey guşəsini
(2016) yaratmışıq. Muzeydə
bəstəkarın həyat
və yaradıcılıq
yolunu əks etdirən 130 eksponat toplanmışdır. Müəllimlər
bəzən dərslərini
həmin muzeydə təşkil edir, şagirdlərə əyani
olaraq nümayiş olunan materialları təqdim edirlər. Muzeyin yaradılmasından
əvvəl apardığım
sorğudan sonra belə anladım ki, uşaqların böyük əksəriyyəti
heç vaxt muzeylərdə, teatrlarda olmayıblar. Fikirləşdim
ki, məktəbdə
nə isə etməliyəm. Beləliklə
də F.Əmirova həsr edilən muzeyi yaratdıq. Burada muzeyin təşkil olunması məhz həmin zərurətdən irəli
gəldi. Məlumdur ki, interaktiv muzeylərdən fərqli
olaraq digərlərində
eksponatlara toxunmağa
icazə verilmir. Ancaq biz uşaqlara
məktəbin muzey guşəsində sərgilənən
eksponatlara toxunmağa
məhdudiyyət qoymuruq.
Onu da bildirmək
istəyirəm ki, yaxın günlərdə
F.Əmirovun qızı
Sevil xanım məktəbimizin qonağı
olmuş, təhsil müəssisəsinin fəaliyyəti
haqqında fikirlərini
dilə gətirmişdir.
O, hədiyyə kimi atasının “Nizami” simfoniyasından II hissənin
fortepiano üçün
köçürülmüş klavirini muzeyə hədiyyə etmişdir. Hazırda məktəbin fortepiano şöbəsinin
müəllimləri konsertdə
səsləndirmək üçün
həmin əsər üzərində işləyirlər.
Biz bu əsəri
də muzeyin dəyərli və yeni eksponatları sırasına daxil etmişik.
Digər bir
layihə isə “1 iyun Uşaqların Beynəlxalq müdafiə
günü”nə həsr olunmuş “Uşaqlara məhəbbətlə”
adlı tədbirlə
bağlıdır. Biz
həmin günü məktəbin qarşısında
bayram əhvalı ilə keçirir, uşaq bayramını şagirdlərimizə ərməğan
edirik. “Günəşə
- zirvəyə can atırıq” adlı ilk art-obyekt layihəmiz də elə bu münasibətlə
yaranıb. Bu layihə vasitəsilə məktəbdə təhsil
alan bütün şagirdlərin və onların müəllimlərinin
şəkillərini göstərməklə
uşaqların işıqlı,
xoşbəxt gələcəyini
simvolizə etməyə
və “biz birlikdə güclü, böyük F.Əmirov ailəsiyik” ideyasını
irəli sürməyə
çalışmışıq. Hesab edirəm ki, hər şagird
özü bir bərəkətdir. Mən
onları varlıq kimi görürəm. Həmin art-obyektdə əks olunan şagirdlər arasında
əlaçılarla yanaşı
zəif oxuyanların da şəkilləri var. Onların hamısı bizim gələcəyimizdir. Mən
heç kimi ayırmıram.
İncəsənət müəssisəsində böyük
bəstəkarın anadan
olmasının 94-cü ili
ilə əlaqədar
olaraq “Fikrət Əmirovun əsərlərini
ifa və təhlil edirik” adlı ilk elmi-ifaçılıq
konfransını təşkil
etmişik. Burada şagirdlərlə bərabər
müəllimlərin də çıxışlarını
vurğulamaq istəyirəm.
Bu layihə sonrakı illərdə də uğurla davam olunub. F.Əmirovun
adı ilə bağlı olan yubiley festivalını da qeyd etmək
lazımdır. Mənim
ideya müəllifliyimlə
rəssam müəllimlər
ilə birlikdə üç art-obyekt hazırlamışıq ki,
onlar hazırda məktəbimizin interyerini
bəzəyir. “Günəş”
adlı layihədən
başqa biz növbəti art-obyekti - “Musiqi-multikultural kontekstdə”
ideyasının ifadəsi
ilə bağlı olan F.Əmirovun şərq və qərbin qovuşması adlı “Gülüstan Bayatı-Şiraz” art-obyektini
nümayiş etdirmişik.
Məktəbin 60 illiyinə
isə digər art-obyekti ərsəyə
gətirmişik. Piramida
üzərində nar
və onun içində yanan çırağı əks
etdirməklə biz məktəbin bu günü ilə yanaşı keçmişini
də göstərməyə
çalışmışıq. “Piramida üzərində nar” adlandırdığmız
bu art-obyektdə məktəbin keçmiş
tarixini canlandıran şəkilləri, rəssamların
məhz F.Əmirov ilə bağlı işlərini göstərmişik.
Yeri gəlmişkən
onu da deyim
ki, biz ilk
dəfə olaraq
2021-ci ildə satış-sərginin
açılışında iştirak etmişik. Rəssam şagirdlərimizin
əl işlərini satış sərgiyə
çıxarmışıq, əldə edilən maddi vəsaiti isə uşaqlar və onların müəllimləri arasında
bölmüşük. Bu
onlar üçün
mükafat kimidir. Həmçinin, uşaqların
iştirakçısı olduğu
tamaşaları da təqdim etdiyimizi bildirmək istəyirəm.
Vurğulayım ki, məktəbimiz ötən
il ilk dəfə
olaraq Aprel ayının 27-də Azərbaycan
Həmkarlar İttifaqı
Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi
Gününə həsr
olunan “Sağlam və təhlükəsiz
əmək şəraitinin
yaradılması üzrə
2021-ci ilin ən yaxşı müəssisəsi
(təşkilatı)” respublika
müsabiqəsinin qalibi
elan edilib. Bu məktəbin tədris və təlimində böyük
əməyi olan 28 müəllim Fəxri Fərmanla tətif olunub. Onu da
deməliyəm ki, şagird kollektivinə I sinifə qəbul edilən uşaqları bayram əhval-ruhiyyəsi ilə qarşılayırıq.
Hədiyyə olaraq onlara skripka açarını bağışlayırıq.
Uşaqlar yazılmamış
səhifə kimidirlər.
Şagirdlərin rəqsi,
musiqini, rəsmi sevib-sevməməyi isə
biz müəllimlərdən
asılıdır. Müəllimlər
onlar üçün
sənətdə yol göstərən bələdçi
kimidirlər. Bütün
sadaladıqlarımdan başqa
məktəbimizin xarici
əlaqələrinə də
toxunmaq istəyirəm.
Bizim təkcə respublikamızdakı məktəblər
ilə deyil, həm də Özbəkistanın, Gürcüstanın,
Rusiyanın təhsil ocaqları ilə də yaradıcılıq
əlaqələrimiz mövcuddur.
Bir neçə dəfə müəllimlər
ilə birlikdə Gürcüstanda konsertdə
olmuşuq. Şagirdimiz
T.Cəfərzadə (müəllim
G.Zairovanın sinfinin məzunu) “Future stars –
2018” Beynəlxalq Müsabiqəsində
iştirak edib. O, “Balaca virtuoz” nominasiyasının laureatı
olub və “Gümüş not” mükafatına layiq görülüb. Gürcüstanda
çoxlu sayda tədbirlər keçirmişik.
Özbəkistanlı şagirdlər
isə məktəbimizdə
qonaq olublar. Rusiya məktəbləri ilə də əlaqələrimizi davam
etdiririk.
- Ötən il məktəbin fəaliyyətinə dair kitab işıq üzü görüb. Bu kitabı tərtib etmək düşüncəsinə sizi
nə sövq etdi?
- Burada ilk
işlərimdən biri
kitab üzərində
çalışmaq oldu.
Kitabda məktəbin keçdiyi tarixi inkişaf yolu barədə geniş məlumat toplanmışdır.
Bu kitabı F.Əmirovun 100, məktəbin
isə 60 illiyinə həsr etdik. “Fikrət Əmirov adına 6 ¹ li 11 illik incəsənət məktəbi” adlı yubiley nəşri ilk dəfə olaraq 2022-ci ildə Bakı şəhəri Mədəniyyət Baş
İdarəsi tərəfindən
nəfis şəkildə
çap olundu. Kitabın musiqi ictimaiyyətinə təqdimi
isə 18 noyabr 2022-ci ildə Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında keçirildi.
- F.Əmirovun anadan olmasının 100 illiyi ilə də bağlı olaraq məktəbin bir sıra tədbirləri
olub. Bura hansılar daxildir?
- Bildiyiniz kimi,
15 mart 2022-ci ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı.
Bu münasibətlə
ötən il həm respublikamızda, həm də onun hüdudlarında kənarda tədbirlər keçirildi. Məktəbdə
və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın
adı ilə bağlı olan konsertlər təşkil olundu. Bakı şəhəri üzrə
musiqi məktəblərinin
şagirdləri F.Əmirovun
yubileyi ilə əlaqədar olaraq elmi ifaçılıq-konfransında,
həmçinin festivalda
uğurla iştirak etdilər. Keçirilən
tədbirlərin sayını
artırmaq da mümkündür. Bütün
bunlar barədə yubileylər münasibətilə
işıq üzü
görmüş haqqında
bəhs etdiyim həmin kitabda geniş məlumat əldə edilə bilər.
- Bəs məktəblilərin
2023-cü ildə iştirak
etdikləri hansı konsertlər və tədbirlər olub? Qarşıda həyata keçirməyi nəzərdə
tutduğunuz layihələr
nələrdir?
- Məlumdur ki, bu il
Azərbaycan tarixində
bir neçə əlamətdar hadisənin
adı ilə bağlıdır. Onlardan
biri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin
qeyd edilməsidir. Bu münasibətilə respublikamızda və onun hüdudlarından çox-çox uzaqlarda müxtəlif tədbirlər
keçirilir. Bizim şagirdlərimizin də
H.Əliyevə həsr
olunmuş müsabiqədə
iştirakını qeyd
etmək istəyirəm.
Gənc pianoçu T.Cəfərzadə Ümummilli
Liderin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş lV Respublika müsabiqəsində
II yerin, Ə.Manaflı
(zərb aləti üzrə) isə III yerin qalibi olublar.
Bütün bunlar uşaqlar, onların valideynləri ilə yanaşı biz müəllimləri də
çox fərəhləndirir.
Məlumdur ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə
Şuşa şəhəri
Azərbaycanın mədəniyyət
paytaxtı elan olunmuşdur. Bu il həm də
TÜRKSOY-un 30 illik yubileyidir. Bununla əlaqədar olaraq məktəbimizin rəssamlıq
şöbəsinin müəllimləri
və 9-16 yaş həddində olan şagirdləri maraqlı
layihə üzərində
çalışaraq həmin
tarixi hadisələrə
öz töhfələrini
bəxş etmişlər.
Balaca rəssamların
işlərinin toplandığı
“Şuşa türk dünyasının mədəniyyət
paytaxtı” adlı rəsm albomu artıq nəfis tərtibatda nəşrə
hazırlanır.
Bəllidir ki,
Şuşa ikinci Qarabağ müharibəsində
əldə edilən qələbənin rəmzidir.
Məktəbimizdə ikinci
Qarabağ müharibəsində
şəhid olmuş hərbiçinin ailə üzvü təhsil alır. Burada təşkil edilən konsert tədbirlərində
bizim dəvətimiz əsasında qazilərimiz
iştirak edirlər. Bütün bunlar gənc nəslin vətənpərvərlik ruhunda
formalaşmasına böyük
təsir göstərir.
Gələcək layihələrə gəlincə
deməliyəm ki, maraqlı planlarımız
çoxdur. Onları həyata keçirmək fikrindəyəm. Təbiətcə
fəal insanam, daim yeni ideyalar
axtarışındayam və
bunu kollektivimizə də təklif edirəm. Mənim üçün işdə
ritmi saxlamaq vacibdir. Məktəbin yaradıcılıq, tədris,
təsərrüfat və
s. ilə bağlı
bütün işləri
mənim çiyinlərimdədir.
Gələcək inkişaf
bu gün verilən düzgün qərardan asılıdır.
Hesab edirəm ki, hər işin
arxasında sevgi olmalıdır. Nailiyyət
qazanmaq, kollektivi maraqlı layihələrə
cəlb etmək üçün bu vacib amildir. Mən bütün oxucuları “Nəsimi küçəsi 6” ünvanında
yerləşən Fikrət
Əmirov adına 6 ¹ li 11 illik incəsənət
məktəbinə qonaq
dəvət edirəm.
Fazilə
NƏBİYEVA,
musiqişünas, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
525-ci
qəzet.- 2023.- 18 oktyabr.- S.15.