"Əziz dost" haqqında söz  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Sonra isə intibah dövrünün ədəbiyyatı gəlir. Dantenin "İlahi komediya"sı, Şeksprin pyesləri, Rablenin, Servantesin nəsr əsərləri, trubadurların fiziki hissiyyatı tərənnüm edən poeziyası, Fransua Viyonun şeirləri ədəbiyyat həvəskarlarının nəzərini həmişə cəlb edir. əsasən XVII əsrin əvvəllərində yazıb-yaradan Uilyam Şekspir dramaturgiyanı elə uca zirvəyə qaldırmışdır ki, hətta Kornel, Rasin, Çexov, Uayld, Şou da bu yüksəkliyə yaxınlaşa bilməmişlər. U.Çörçillin yazdığına görə, İngiltərə tarixinin elə bir zirvə məsələsi yoxdur ki, Şeksprin sehrkar barmaqları onları böyük sənətkarlıqla təsvir edə bilməsin. O, İngiltərənin tarixi şəxsiyyətlərinin böyük bir qalereyasını yaratmışdır. Onun yaradıcılığı İngiltərə sərhədlərində bağlanıb qalmamışdır. Onun "Hamlet"i Danimarkada, "Romeo və Cülyetta"sı Veronada, "Otello"su isə Orta Əsr şəhər-dövləti olan Venetsiyada və türklərdən azad edilmiş Kipr adasında cərəyan edir. Onun Roma tarixinə dair pyesləri də şəxsiyyətlərin və hadisələrin dəqiq təsviri ilə seçilir. Şekspir dühasının gücü ondadır ki, hər hansı mövzuya müraciət edirsə etsin, ən xırda hadisədə belə, ümumbəşəri problemlərə gəlib çıxır. İnsan təbiəti, onun eybəcərlikləri və qüsurları təhlil edilir. Onların dünya tərəfindən qəbul edilən rəmzləri yaranır: xəyanətlə barışmayan, əbədi "to be, or not to be" - "olum və ya ölüm" sualı qarşısında qalan Hamlet, məhəbbətlərini tayfa düşmənçiliyinə tabe etməyən Romeo və Cülyetta, kor və vəhşi qısqanclıqla öz ürəyinin sönməz məhəbbətini edam edən Otello, məkrli Yaqo, həyatın və nankorluğun qurbanı olan, sərgərdanlığa düçar olmuş sadəlövh kral Lir, hakimiyyət naminə qana susayan ledi Maqbet, bəd əməllərindən dəli olan Maqbet və onlarca başqaları. Şeksprin ingilis ədəbiyyatına gətirdiyi hiperbolalar, allyuziyalar adamı heyran edir. Şekspir mövzuları sonradan bəzi xalqların sənət adamları tərəfindən yenidən işlənmişdir. Məşhur yapon kino rejissoru Akiro Kurosava "Kral Lir"i yaponlaşdıraraq, əsəri Yaponiya mühitinə keçirmiş, kralın qızlarını onun üç oğlu ilə əvəz etmiş və milli ənənələri nəzərə almaqla gözəl və nəcib sənət əsəri yaratmışdır. Şekspir dünya teatrının inkişafına böyük xidmətlər göstərmişdir. Digər mədəni xalqlarınkı kimi Azərbaycan teatrı da dəfələrlə Şekspir incilərinə müraciət etmişdir.

Son iki əsr dünya ədəbiyyatının inkişafına misli görünməmiş töhfələr vermişdir. XIX əsr ədəbiyyatının çoxlu nümunələri klassikaya çevrilmişdir. Bu dövrün ingilis, fransız və rus ədəbiyyatı parlaq ulduzlarla dolu kəhkəşana bənzəyir.

Fransız ədəbiyyatı dünya oxucusuna Hüqo, Balzak, Stendal, Myusse, Jorj Sand, Madam de Stal, Flober, Prosper Merime, Mopassan, Emil Zolya kimi nəhəng yazıçılar vermişdir. Höte kimi uzun ömür sürmüş və XIX əsr başlayanda dünyaya gəlmiş Viktor Hüqo yaradıcılığı, onun çoxsaylı əsərləri qranit arxipelaqa bənzəyir ki, zaman seli, zaman axını hər cür təpələri və yüksəklikləri yuyub aparsa da, qranit qayaların məğrurluğunu azalda bilmir, onlara xələl gətirmir. Unutqanlıq dənizində bu adalar onun yaradıcısının nəhəng və təkrarolunmaz dühasından xəbər verir. Biz uzun müddət onu nasir, romançı kimi tanımışıq, onun böyük şair və dramaturq olmasından bixəbər olmuşuq. əslində, onun poeziyası, dramaturgiyası sənətkarlıq nöqteyi-nəzərindən heç də romanlarının yüksəkliyindən geri qalmır. Lakin biz onu romançı kimi sevmişik, bu sevgiyə də gəlin xilaf çıxmayaq. Hüqo gənc yaşlarında öz istedadı, yüksək intellekti ilə başqalarından fərqlənirdi. Hansı problemlərə toxunursa toxunsun, onu bir mütəxəssis, usta bilici qabiliyyəti ilə təhlil edir. Ömrünün üçüncü onilliyinin sonunda yazdığı "Paris Notr-Dam kilsəsi" romanında o, arxitektura, memarlıq məsələlərinə toxunur, bu problem haqqında olduqca geniş, elmi məlumatlar verir və göstərir ki, kitab çapının meydana gəlməsi ilə memarlığa, insan dühasının bir ifadəsi kimi böyük zərbə vurulmuşdur. Yaxud "Səfillər" romanında o, arqolar (jarqonlar) məsələsini geniş təhlil edir, müəyyən insan qruplarının ünsiyyət vasitəsi kimi bu süni düzəldilmiş dilə müraciət etmələrinin, onun formalaşmasının səbəblərini açır. "Güləyən adam" romanında qəhrəman Quinplenin bədbəxt taleyində o, orta əsrlərdə Avropanı bürümüş iyrənc bir xəstəliyi - uşaq ticarətini təhlil etmək məcburiyyətində qalır və bu vəzifənin öhdəsindən şərəflə gəlir. Bu sahədə ixtisaslaşmış adamlar - kompraçikoslar uşaqları körpə vaxtı oğurlayır, onları dəhşətli surətdə əlil edir, eybəcərləşdirir və təlxək kimi, əyləncə, gülüş vasitəsi kimi baha qiymətə varlı adamlara satırdılar. Əgər əsərin əsas qayəsini aid olmayan məsələlərdə müəllif belə bilik sahibi olduğunu göstərirsə, insan faciələrinin salnaməsi kimi yazılan əsərlərində bütünlükdə insanlığa, bəşəriyyətə yönələn bu ağrının, dərdin, insan qüsurları adlanan bəlanın həqiqi, real və tükürpədici anatomiyasını açır. Bu faciələrin tüğyan etdiyi cəmiyyətlərdə biz bu bəlaların həqiqi qurbanı olan ən xeyirxah, şəffaf qəlbə və düşüncəyə malik olanları, fani dünyada öz xoşbəxtliyini tapmayan və hətta həyatını da qurban verməyə məcbur olan, lakin yazıçının dühası ilə ölməzliyə qovuşan, ölməzlik hüququ qazanan bu allaha bənzər insanları görürük. Mən, özünü başqalarının xoşbəxtliyi, bəzən sadə istəyi və ya günahsız incidilməməsi üçün qurban verən, altruizm rəmzi olan Jan Valjan qarşısında sitayiş etməyə hazıram.

Dünyada, bəlkə də, Jan Valjandan bədbəxt adam yoxdur, amma o, başqalarına öz imkanında olan xoşbəxtlik payı verməklə, öləndən sonra belə, ən unudulmaz adama çevrilir. Kimsə etiraz edə bilər ki, həyatını həsr etdiyi, böyük var-dövlətini yarıac yaşamaq hesabına hifz edib saxlayaraq, doğma övladı kimi böyütdüyü, bunu ona vərəsə kimi verdiyi Kozetta o, öləndən sonra qara nankorluq göstərərək, bir dəfə də olsun onu yada salmır, nəticədə onun qəbrinə gedən cığırı ot basır. Yox, söhbət Kozettalardan getmir, Jan Valjan adlı insanlıq, xeyirxahlıq, nəciblik günəşindən hərarət alan milyonlarla oxucudan, bir əsr yarıma bərabər olan bir dövrdə dünyanın bütün guşələrinə səpələnmiş və Jan Valjanla ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olmuş bir çox nəsillərin çoxsaylı nümayəndələrindən gedir. Jan Valjan Yer kürəsini dolduran bəşəriyyət materiyasının bir zərrəsi, bir atomudursa, insanlıq, ləyaqət dünyasının günəşə bənzər ən iri və kamil şəxsiyyətlərindən biridir. O, öz xeyirxahlığını adamlara yaxşılıq göstərmək məqsədlərinə tabe edir, həyatın dibində olan adamlara bu bədbəxtlik girdabından çıxmaq üçün əl uzatdıqda isə ən böyük təhlükələrlə üzləşir, öz azadlığını və həyatını ölümcül hədələrə hədəf edir. Lakin özünün bu nəcib təbiətindən nəinki imtina edir, əl çəkmir, hətta həyatının bütün mənasını monsinyor Benvenyudan aldığı ilk ibrətamiz dərsi mükəmməl şəkildə mənimsəməkdə və ona dönmədən əməl etməkdə görür. O, küçədə öz bədənini satmaqla kiçik qızının yaşayışını təmin edən, fabrikdəki işindən qovulmuş, xəstəxanaya düşmüş Fantinanın qızı Kozettanı onun yanına gətirmək barədə xahişinə özünün həyatının üstünü almış qara buludun dəhşətli kölgəsinə baxmayaraq, əməl edir, bir nəfərin günahsız yerə keçmiş katorqaçı kimi mühakimə edildiyini eşitdikdə, özünü ölümcül təhlükə tonqalına atmaqla onun təqsirsizliyini sübut edir, ona nifrət edən qoca faytonçu Foşlevan arabanın təkəri altında qalıb, qarşısıalınmaz ölümə məhkum edildikdə, onu xilas edir. Kozettanın sevdiyi cavan oğlan Marius ağır yaralı olduqda, ölümcül təhlükəyə baxmayaraq, çiynində onu Paris kanalizasiyasının ucsuz-bucaqsız katakombaları ilə apararaq ölümdən qurtarır. Əclaflıq və pislik rəmzi olan, mənfur tamahına görə hamını aldatmağa çalışan və hamıya məkr toru quran Tenardyenin də istəyinə əməl edir, onun Fransadan uzaqlaşması üçün vəsait barədəki xahişini cavabsız qoymur. Nəhayət, özünün bütövlükdə antipodu olan, eybəcər riqorizmi ilə Jan Valjan aləmində əks dünya kimi təsvir olunan adamın ona tapşırılmış ölüm hökmünün icrasını görünməmiş alicənablıq göstərməklə yerinə yetirmir, onu əfv edir, Javeri öldürmək əvəzinə, bu mənfur düşmənini sərbəst buraxır.

Jan Valjan elə bil nisbətən xırda bir aləmdə İisus funksiyasını öz üzərinə götürür, günahkar insanların, Allah qarşısında günah işlədənlərin, hətta digərlərinə pislik edənlərin hamısının təqsirlərini yumağa çalışır. İisus bütün bəşəriyyətin günahlarını yumaq üçün özünü qurban verdisə, Jan Valjan da ünsiyyətdə olduğu, onu əhatə edən və qarşılaşdığı heç bir adamın taleyinə biganə qalmır. Özünü onların günahını yumaq üçün hər cür əzab-əziyyətlərə düçar edir. Onun, bəlkə də, elə savadı yoxdur, dünyanı dərk etmək imkanları da məhduddur, lakin ləyaqət və xeyirxahlıq səltənətində o, ən ali adamdır, bu büllur dünya uçub-dağılmayıbsa, məhv olmayıbsa, o, burada daimi məskundur, hər dövrün adamına necə yaşamaq elmini, bu, ən çətin dərk edilən fəlsəfəni öyrədir. Özü də öyrətmə didaktikadan, quru təlimdən uzaqdır, o, ancaq əməllərə, həyat və düşüncə tərzinə, onların gerçəklikdə reallaşmasına əsaslanır. Jan Valjanın əməlləri, davranışı çiçək tozu kimi dünyada baş verən bütün xeyirxah işləri mayalandırır, onun səpdiyi toxumdan ləyaqət adlı bol məhsul yığılır. Hər bir oxucu onu əhatə edən mühitin boğucu havasından xilas olmağa çalışdıqda, ona Jan Valjan dünyasının saf və sağlam havası ilə, lap Amazonka selvası kimi onun yaydığı bol oksigenlə nəfəs almağı məsləhət görərdim. Böyrəkləri və qara ciyəri yaxşı işləmədiyindən qanının tərkibi xeyli pisləşmiş cəmiyyətin damarlarına qaynar və dirildici Jan Valjan qanı yeridilərsə, bu cəmiyyət onu üzən ağır şər xəstəliyindən azacıq da olsa, azad ola bilər, qoruna bilər.

Ömründə qadın məhəbbətinin nə olduğunu dadmayan bu insan başqasının məhəbbəti üçün hətta özünü qurban verməyə hazırdır, fizioloji cəhətdən o, bir kişi kimi realizə olunmasa da, öz təsdiqini tapmasa da, elə bil ki, bir nümunə kimi bütün məhəbbətlərə himayəçi olmaq missiyasını öz üzərinə götürür, özünün dadmadığı bu meyvənin başqalarına bol-bol çatmasına çalışır. Ən böyük təhlükə ilə üzləşdikdə belə, o, öz ləyaqətini itirmir, çaşqınlığa dalmır, əclaflığın və onların həyata keçməsinin nəticəsi kimi üstünə gələn ölümün gözünə dik baxa bilir. Bununla da, özünün yenilməzliyini, ləyaqət abidəsi olduğunu sübut və təsdiq edir. Bununla da, o, özünün fiziki ölümündən sonra ruhi ölməzlik qazanır, adamlar dinindən və irqindən asılı olmayaraq, Jan Valjan məbədinə baş əyirlər, yaxşı adamların hamısı illər, on illər keçsə də, qədim Roma vestalkaları kimi onun yandırdığı ləyaqət və xeyirxahlıq, şəfqət və alicənablıq odunu sönməyə qoymurlar. Bu gün harada biz bir yaxşılıq və xeyir nişanəsi görürüksə, orada nəzərlərimizi Jan Valjan dünyasının parametrlərinə dikirik, onun əməllərinin izlərini və oxşarlıqlarını axtarırıq. Jan Valjana təzim etməklə, öz dühası ilə onu dünyaya gətirmiş Hüqo istedadı və təxəyyülü qarşısında da baş əyirik. Axı çoxlarından fərqli olaraq Hüqo şəxsiyyəti yaradıcılığı ilə qırılmaz vəhdətdədir, o, imperator III Napoleonun əmri ilə Gernsi adasında sürgündə olanda da bir an belə öz yenilməzliyinə xələl gətirmir. Oğlunun ölümü belə onun məslək və ruhi qəddini əyə bilmir.

 

(Ardı var)  

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 18 oktyabr.- S.14.