"N saylı qəhrəmanlıq":
Vətən müharibəsi akademizm kontekstində
Sadıq
Qarayev ədəbiyyatımızda "Sahilsiz təzadlar",
"Sahibsiz kölgələr" romanlarının, esse,
hekayə və elmi-bədii düşüncələr toplusu
olan "Sarvansız zamanlar" kitabının müəllifi
kimi tanınır. Onun yaradıcılığı alim kimliyi
ilə yazıçı kimliyinin birləşməsinin nəticəsində
unikal bədii nümunələrin meydana çıxması
ilə səciyyələnir. Elmi fərziyyələrin bədii
örtükdə təqdimi, ədəbi mətnin sənədli
mətnlə harmonik sintezi, elmi təfəkkürlə bədii
təfəkkürün vəhdətindən doğan
yaradıcılığı ilə S.Qarayev ədəbiyyatımızda
yeni bir cərəyanın - akademik İsa Həbibbəylinin
elmi əsaslarını hazırladığı akademizm cərəyanının
Azərbaycan variasiyasının təmsilçisidir.
Yazıçının "Sahilsiz təzadlar" romanı
da Azərbaycan akademizmi cərəyanına məxsus ilk roman
kimi ədəbiyyatımıza daxil olub.
S.Qarayevin
yaradıcılığında 44 günlük Vətən
müharibəsi ilə bağlı motivlərin təzahürü
də məhz akademizmin kriteriyaları kontekstində
reallaşır. Yazıçının "Sarvansız
zamanlar" kitabında yer alan "And", "Aləmlərin
söhbəti" və "Zəfər günü"
esse-triptixində, "44 gün" adlanan IV fəslində Vətən
müharibəsinin həyəcan, qürur və qələbə
anları öz fərqli elmi-bədii ifadəsini tapıb. Vətən
müharibəsinə həsr olunmuş "N saylı qəhrəmanlıq"
romanı isə 44 günlük zəfər
yürüşünün bədii təcəssümünü
əks etdirən romanlardan biri kimi ədəbiyyat tariximizə
daxil olmaq haqqı və şansı qazanıb. Müəllifin
romanın fəsillərini "Müharibə
Tumurcuqları", "N saylı qəhrəmanlıq" və
"Mövcudluğun səpələnməsi"
adlandırması da onun yazıçı məramını
açıq bəlli edir və yeniliyi ilə diqqəti cəlb
edir.
"Müharibə
tumurcuqları" başlığı həm müharibənin
başlanmasını, həm Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi dövründə yetişən Azərbaycan
gəncliyinin nümayəndəsi olan gənc əsgərləri,
həm də zəfərə olan inamı ifadə edir:
"Müharibə tumurcuqları inkişaf etdikcə Azərbaycan
xalqının öz torpaqlarını, kənd və şəhərlərini
işğaldan azad etmək, Xocalıda, eləcə də digər
yaşayış məntəqələrində ermənilərin
törətdikləri vəhşiliklərin qisasını
almaq arzuları getdikcə güclənirdi".
Müharibənin
başlanması ilə vətən oğullarının vətənə
qurban deyilmiş ömürlərindən keçərək əbədi
həyata doğru yol açan sonsuz - "N saylı qəhrəmanlıqlar"
silsiləsi başlayır: "Çoxlarına heç vaxt
məlum olmayan N saylı qəhrəmanlıqların cəmi
ordunu qələbəyə aparacaqdı. Kimsə ilk olaraq
tikanlı məftilli, minalanmış sahəyə, müdafiə
xəttinə tərəf irəliyə getməli idi. Nə qədər
bomba, mərmi at, dağıt, ora əsgər getməyibsə,
sənin deyil. Dağıdılmış düşmən postunda,
səngərində, yüksəklikdə, strateji mövqedə,
Antarktida və ya Marsda, fərqi yoxdur, əsgərin yoxdursa,
ora sənə aid deyil. Və sonrakı hədəflərə
çatmaq üçün başlanğıc nöqtədən
əsgər ayağını torpağa basmalı, zəfər
yoluna düşməlidir. Bu əsgər və zabitlər kimlərsə
olmalı idi. Bu kimlərinsə şəhid olmaq, bəyaz zirvələrə
qalxmaq şansı çox, zamanları isə azdı".
"Mövcudluğun səpələnməsi" isə
insanın minilliklər boyu axtardığı ölməzlik
bəxş edən dirilik suyunun məhz vətən sevgisi
olduğunu təsdiq edir: "Komandirlərin, zabitlərin
gözü önündə əsgərləri,
çavuşları, döyüşçü
yoldaşları şəhid olurdular. Bu, bir qardaşın,
övladın, soydaşın yox olub bayrağa, qələbəyə
köçməsi idi, cismani mövcudluğun milli ruha səpələnməsi
idi".
Müasir
ədəbiyyatımızın maraqlı imzalarından biri
olan S.Qarayevin "N saylı qəhrəmanlıq"
romanının əsasını elmlə bədii ədəbiyyatın
sintezini özündə ehtiva edən akademizm cərəyanı
təşkil edir və Vətən müharibəsini fərqli
kontekstdə tərənnüm edən bu romanıntədqiqi
akademizm cərəyanının ədəbiyyatımızda təzahür
xüsusiyyətlərinin müəyyənləşdirilməsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Elnarə
QARAGÖZOVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci
qəzet.- 2023.- 18 oktyabr.- S.13.