Azərbaycan
kitabxana-informasiya sistemi zamanın fövqündə
Ölkəmizin
mədəni inkişafında kitab və kitabxana işinin
mühüm rolu var. Kitabxanalar xalqın bilik mənbəyi kimi
bu gün də öz aktuallığını qoruyub
saxlamaqdadır. Xalqın milli ruhda inkişaf etməsi,
soy-kökə bağlılılıq, adət-ənənələrə
sahiblik məsələlərinin ön plana çəkildiyi
bir vaxtda kitabxana sahəsinin əhəmiyyəti dərindən
hiss olunmaqdadır. Xüsusilə qeyd etmək lazımdır
ki, hələ müstəqilliyimizin ilk illərində çətin
ictimai-siyasi bir durumda məhz Ulu öndər Heydər
Əliyev, bütün sahələrə olduğu kimi,
kitabxana sahəsinə də böyük qayğı və
diqqət göstərdi.
Müasir
dünya qloballaşan tendensiyalar fonunda yeni
çağırışlarla çıxış etməyə
başlayıb. Bu yeni çağırış və tələblər,
sözsüz ki, kitab və kitabxana sahəsində də
özünü göstərməkdədir. Ona görə də
kitabxana işinin təşkilində innovativ və struktur
elementlərinə görə fərqlənən daha operativ və
punktual amillərə diqqət yetirmək vacibdir. Bu, həm də
böyük oxucu kütləsinin maraqlarına uyğun şəkildə
işləmək və kitabxana işini daha səmərəli
və faydalı şəkildə qurmaq deməkdir. Bu mənada
çağdaş kitabxana sistemi səmərəli fəaliyyəti
və faydalı iş əmsalına görə seçilir.
Azərbaycan
öz kitabxana işi ənənələrini uzun illərdən
bəri böyük fədakarlıq və əzmlə davam
etdirməkdədir. Burada əsas amillərdən biri və bəlkə
də birincisi elə məhz bu sahəyə olan dövlət
qayğısıdır. Bu gün kitabxana sahəsinə olan
dövlət qayğısı özünü bir neçə
sferada göstərir. Bu sferalardan başlıcası yeni
kitabxanaların açılması, kitab işinə dövlət
dəstəyi, kitabxana işçilərinin sosial-rifah
halının yaxşılaşdırılmasıdır.
Prezident
İlham Əliyevin kitabxana sahəsinə göstərdiyi diqqət
və qayğı xalqın elmi, mədəni və intellektual
səviyyəsinin daha da yüksəldilməsi, müasir
dünya kitabxanası modelinə uyğunlaşdırlması
baxımından böyük əhəmiyyət kəsb edir.
Dövlətimizin
başçısı hələ 2004-cü ildə
Naxçıvan Dövlət Universitetinin Elektron
Kitabxanası, 2006-cı ilin iyununda isə Prezident
Kitabxanası ilə ətraflı tanış olmuş,
kitabxanaların fəaliyyətinə, maddi-texniki
bazasının möhkəmləndirilməsinə dair
tövsiyə və tapşırıqlarını
vermişdir. Elə həmin ilin oktyabr ayında Prezident
İlham Əliyev Minskdə səfərdə olarkən Belarus
Milli Kitabxanasının işi ilə yaxından tanış
olmuşdu. Bütün bunlar dövlət
başçısının kitabxana sahəsinə olan diqqət
və qayğısının bariz nümunəsidir.
Prezident
İlham Əliyev 6 oktyabr 2008-ci il tarixində "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın
təsdiq edilməsi barədə Sərəncam imzaladı. Azərbaycanda
kitabxana işinin inkişafında yeni bir dönəmin
başlanğıcı hesab olunan bu sənəd öz əhəmiyyətini
bir neçə istiqamətdə göstərir. İlk olaraq
bu mühüm sənəd ölkə Prezidentinin
bütövlükdə mədəniyyətə və mədəni
dəyərlərimizə, kitab və kitabxana işinə diqqət və
qayğısının təcəssümüdür. Bu, həm
də Ümummilli lider Heydər Əliyevin xalqın intellektual səviyyəsinin
daha da inkişaf etdirilməsi və mədəni quruculuq
yönündə siyasətinin uğurlu davamının
göstəricisidir.
Kitabxana-informasiya
xidməti sahəsi güclü maddi yatırım tələb
edən sahədir. Bu sahənin inkişaf səviyyəsi hər
bir ölkənin iqtisadi durumuna
uyğunlaşdırılır. Bu gün böyük iqtisadi
yüksəlişə çatmış ölkəmizdə
kitabxana sahəsinin sürətli inkişafı
üçün hər cür şərait var.
Kitabxana
sahəsinə diqqət və qayğı hər il
özünü yeni müstəvidə və miqyasda göstərməyə
davam edir. Belə tədbirlərdən biri kimi Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi
Kitabxanasının yeni binasının
açılışını qeyd etmək olar. Mərkəzi
Elmi Kitabxananın yeni binası Prezident İlham Əliyevin
2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilib
istifadəyə verildi.
Azərbaycan
Milli Kitabxanasının yaradılmasının 90 və 100
illiyi ilə bağlı Prezident İlham Əliyevin
imzaladığı sərəncamlar son dərəcə vacib
tarixi əhəmiyyətə malikdir. Prezident sərəncamında
qeyd olunur ki, fəaliyyətə başladığı
dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin
inkişaf yolu keçərək böyük əhəmiyyətə
malik nəşrləri mühafizə edən mədəni sərvətlər
xəzinəsinə çevrilib. Ötən müddət ərzində
o, cəmiyyətin intellektual-mənəvi potensialının
artırılmasında əvəzsiz rol oynayıb, elm və mədəniyyət
xadimlərinin bir neçə nəslinin formalaşmasına
öz töhfəsini verib.
Kitabxana
fəaliyyəti sahəsində həyata keçirilən
bütün bu kompleks tədbirlər
spektrində kitabxana fondlarının komplektləşdirilməsi
və mühafizəsi, kitabxanaların müasir tipli
kompüter avadanlıqları və informasiya texnologiyaları
ilə təmin edilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi,
yeni kitabxana binalarının inşası və onların
maddi-texniki bazasının möhkəmləndirilməsi
öz əksini tapıb.
Mədəniyyət
Nazirliyinin tabeliyində fəaliyyət göstərən
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının və
aparıcı respublika kitabxanalarının - C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasının,
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının, Respublika Gözdən Əlillər
Kitabxanasının, habelə şəhər və rayon mərkəzi
kitabxanalarının modernləşdirilməsi və
müasir tipli kompüter texnologiyaları ilə təchizatı
məsələlərinə "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"ında
xüsusi diqqət verilib.
Qloballaşma
dövründə kitab və kitabxana işinə bu cür
diqqət və qayğı xalqın mənəvi
inkişafına, onun dünyagörüşünə, əxlaq
və tərbiyəsinə, gənc nəslin milli ruhda
böyüməsinə, vətənpərvər və
savadlı kadrlar kimi yetişməsinə böyük təkan
verir.
Azərbaycan
həqiqətləri ilə bağlı təbliğati
işlərin aparılması, informasiya müharibəsində
xalqımızın haqq işinin dünyaya yayılması
istiqamətində kitabxanalar da mühüm işlər
görüb. Belə ki, Azərbaycan və ingilis dillərində
"Xocalı soyqırımı" adlı elektron məlumat
bazası, videomaterial, metodiki vəsait, məlumat bülleteni,
biblioqrafik yaddaş, icmal, ənənəvi və virtual kitab sərgiləri
hazırlanması bu istiqamətdə aparılan işlərin
əsas tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır
ki, Mədəniyyət Nazirliyi vaxtilə işğal
altında olan şəhər və rayon mədəniyyət
şöbələri və kitabxanaları ilə birlikdə
apardığı tədqiqat işlərinin nəticəsi
olaraq "Məhv edilmiş sərvətlər,
dağıdılmış kitabxanalar" adlı kitabça
nəşr edib.
Kitabxana
sahəsinin inkişafı bu gün də davam etməkdədir.
Müxtəlif kitab satış-sərgiləri keçirilir,
yeni kitabxana mərkəzləri yaradılır. Bu gün kitab
sərgiləri bir bayram əhval-ruhiyyəsində,
şadlıq, sevinc tədbiri kimi keçirilir. Bütün
bunlar gələcəyə daha inamla, daha ümidlə
baxmağa sövq edir.
Mübaliğəsiz
qeyd edə bilərik ki, bu gün Azərbaycan
kitabxana-informasiya sistemi cənab Prezident İlham Əliyevin
qayğı və diqqəti sayəsində özünün
çiçəklənmə dövrünü
yaşayır. İstər maddi-texniki bazası, istərsə
də peşəkar kadr potensialı ilə Azərbaycan
kitabxana sistemi dünya kitabxana sistemi ilə ayaqlaşa bilir. Bu
yüksək tərəqqi, çiçəklənmə
dövründə minlərlə oxucu nəsli yetişir,
ölkəmizin daha güclü inkişafı
üçün zəmin yaranır. Azərbaycan
kitabxana-informasiya sistemi zamanın fövqündə dayanaraq
bütün vacib elementləri ilə dünəni, bu
günü və sabahı təmsil edir.
Aslan
CƏFƏROV
Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
direktoru
525-ci
qəzet.- 2023.- 18 oktyabr.- S.12.