ÖZÜ DİPLOM OLAN DİPLOMSUZ ALİM

 

Bir dəfə ondan soruşmuşdular ki, axı necə oldu büsbütün ayrı bir ixtisasın sahibi ola-ola siz ədəbiyyata, Şərq fəlsəfəsinə, tarixə, ilahiyyata belə dərindən bələd oldunuz, bu, çox çətin başa gəldimi? Dərhal cavab vermişdi ki, əsla, əksinə, lap asan başa gəldi, sirri də sadədir, o şərtə kim ardıcıl əməl etsə, məndən də artığına nail olar. Təkrar  soruşmuşdular ki, axı necə?!

Və bu dəfə də birbaşa cavab verməyərək XIII yüzilin əslən Suriyadan olan, zamanında Xacə Nəsirəddin Tusinin Marağa elm mərkəzinə dəvət etdiklərindən biri, elə ömrü də 1286-cı ildə altmış yaşında orada tamamlanan, elə həmin Azərbaycan şəhərində də torpağa tapşırılan təbib, astronom, filosof, yazıçı, dilçi Əbül Fərəc Bar Ebreydən bir hekayət söyləmişdi. Əbül Fərəc şagirdlərinə nəsihət verən bir alimin ibrətli sözlərini qələmə alıbmış. Həmin alim yetirmələrinə öyrədirmiş ki, siz məni çox dərin alim saysanız da, əslində bu, belə deyil. Siz çalışın mənim kimi etməyin. Mən özümdən aşağı adamlara sual verməyə ya utanar, ya da bunu münasib saymazdım. Ona görə mənim biliyimdə çatışmazlıqlar var. Siz özünüzdən aşağı hesab etdiklərinizdən də soruşmağı heç vaxt eyib saymayın. Bu yolla getsəniz, məndən fərqli olaraq, bilikləriniz daha mükəmməl, daha bitkin olacaq.

Əbül Fərəcin bəhs etdiyi bu əhvalatı yeniyetməlik çağlarında ərəb dilində qələmə alınmış bir əlyazmadan oxuduğunu, həmin tövsiyəyə ömrü uzunu əməl etdiyini, kitablar, məxəzlər öz yerində, amma nəsə öyrənə biləcəyi istənilən adamdan söz soruşduğunu etiraf edən həmin bənzərsiz insan qiymətli alimimiz Əli Fəhmi idi. Onun yaşadığı sovet dövründə bir neçə qat nəzarət edilmədən işıq üzü görməyən hansısa qəzetdə, ya kitabda elə o vaxt da tanıyanların hamısının kamil alim kimi qəbul etdiyi Əli Fəhmini alim deyə təqdim etmək istəsəydin, sənə irad tutar, "alim" kəlməsini də qayçılayardılar ki, axı o kişinin elmi dərəcəsi yoxdur.

Hüquqi baxımdan haqlı da olacaqdılar. Doğrudan da, adamdan çox onun əlindəki kağıza inanan cəmiyyətdə Əli Fəhmi rəsmən alim sayılmırdı. Ancaq sənədlə-sübutla alim adlanan və insafən əksəri də elə sözdə deyil, yazıb-yaratdıqlarıyla mötəbər alimlər cərgəsində yer tutan neçə alimin də iştirak etdiyi məclislərdə o danışanda onlar ehtiramla susar, məftunluqla dinləyər, qarşılarında dərin bir alimin dayandığına qətiyyən şəkk etməzdilər.    

O, cild-cild kitablar yazmış, yüksək elmi dərəcələri olan bir araşdırıcı deyildi. Amma hər kəs onun böyük alim olması həqiqəti ilə razılaşırdı. O nə professor idi, nə akademik. Ancaq mühazirələrini dinləməyə tələbələrlə yanaşı, professorlar da can atırdı. O məclislərdə ədəbiyyatdan, tarixdən bəhs edəndə sadə adamlarla bərabər, akademiklər də heyranlıqla qulaq asardılar. Belə şəxsiyyətləri orta əsrlərdə "həkim" adlandırardılar. Təbib mənasında deyil, hikmət sahibi olan insan anlamında. Necə ki, zamanında biliklərlə ləbələb olan Əbu Reyhan Biruniyə, Ömər Xəyyama, Nizami Gəncəviyə, Sədi Şiraziyə, Əbdürrəhman Camiyə "həkim" deyiblər.

Əli Fəhmi də mayası biliklərdən yoğrulmuş, ziya ilə dolu şəxsiyyət idi. Ancaq keçmişdəki hikmət sahibi olaraq həkim adlandırılmışların əksərindən fərqli olaraq, o həm də sözün birbaşa mənasında müalic, doktor anlamında da həkim idi. Əslində elə ilk ixtisası da həkimlik olmuşdu. Bir səhiyyə işçisi olaraq da ətrafındakı çox adlı-sanlı həkimlərdən fərqlənirdi. Bəzən ən məşhur həkimlərin belə çarə qılmaqda aciz qaldığı mərəzlərə əlac tapırmış. Bu sadə, amma həm də qeyr-i adi olan insan uzaq günlərin sakini deyildi. Elə XX yüzilin ortalarında yaşayırdı, müasirimiz idi.

O, Azərbaycanın bəxtiyar bir çağında dünyaya gəlmişdi - 1919-cu ilin fevralında. Azərbaycan insanı istiqlalın şirin dadını yenicə duymağa başlayırdı. Sabunçuda təvəllüd tapan bu uşağın ailəsi savada mail idi. Ona görə də qəsəbə orta məktəbinə getməklə yanaşı, böyükləri balaca Əlini qonşuluqdakı ruhanilərin yanına da göndərirdilər ki, onlardan farscanı, ərəbcəni, ilahiyyatı öyrənsin. O ruhanilərsə sonraların rəndələnib "quş həddinə" salınmış kəmsavad sovet mollalarından deyildilər, hərəsi bir hikmət sahibi, dilindən şeiriyyat əskik olmayan zövq əhli idilər. Elə bu səbəbdən də uşaqlıq illərindən Əli dönüb olmuşdu ədəbiyyat aşiqi.

1935-ci ildə orta məktəbin buraxılış imtahanlarından sonra Tibb İnstitutunun hazırlıq kurslarında məşğələlərə gedirdi və orada çox keçmədən ən azı sevgilisinə görə hamının tanıyacağı bir qızla tanış olur - Dilbər Axundzadə ilə.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində həmin xanımın xatirələrindən ibarət bir qovluq var. O qovluqdakı yazılar sonralar əl-əl gəzəcək bir kitab kimi də nəşr edilib və indi həmin qovluqdakı əlyazma ilə oxucuyla görüşmüş "Müşfiqli günlərim" kitabını tutuşduranda görürəm ki, çapa hazırlıq əsnasında əlyazmadakı bir sıra parçalar kənara qoyulub, bir çox yerlərdə isə ixtisarlar edilib. Həmin qovluqda gənc Əli Fəhminin də adı keçir, o hissə də əl gəzdirilib arıtlanmış parçalardandır. Odur ki, mətləbimi Müşfiqin həyat yoldaşı olmuş Dilbərin nəşr edilmiş kitabına əsasən yox, həmin qovluqdakı əlyazmaya söykənərək nəql edirəm. Dilbər xanım yada salır ki, Tibb İnstitutunda mənimlə oxuyan uşaqlar Müşfiqin həyat yoldaşı olduğumu bildiklərindən çox istəyirdilər ki, onları günlərin birində şairlə görüşdürüm. Mən də Müşfiqdən xahiş eləmişdim ki,  uşaqlar səni görməkdən ötrü əldən-ayaqdan gedirlər, bir vaxt elə, gəl bizim instituta. Və günlərin birində Müşfiq gəlir Tibb İnstitutuna. Dilbər xanım xatırlayır ki, o uşaqların arasında ədəbiyyata ən çox bağlı olan Əli Ələkbərov idi. Əli klassik ədəbiyyatdan, elə müasir poeziyadan, o cümlədən, Müşfiqin özündən də sıra-sıra şeirləri əzbər bilirdi, onları gözəl bir ahənglə oxuyurdu.

Bu xatirəni qoyub ayrı bir xatirəyə keçirəm ki, bu xatirə daha artıq ətə-qana dolsun. Əli Fəhmini həm ustadı, həm dostu saymış Həkim Qəni hələ 1980-ci illərin əvvəllərində mənə bir dəstə kaset gətirmişdi. Radioda apardığım "Axşam görüşləri" verilişinin bir buraxılışını Əli Fəhmiyə həsr edəcəkdim və Qəni müəllimin gətirdikləri Əli Fəhminin müxtəlif məclislərdə, bir də televiziyadan, canlı yayımdan lentə alınmış söhbətləri idi. O yadigar yazılardan birində 1960-cı illərin ortalarında Azərbaycan televiziyasında Mikayıl Müşfiq haqqında hazırlanmış verilişdə Əli Fəhmi Müşfiqdən xatirə söyləyirdi. Yaddaşların cığırı ilə qayıtmışdı 1935-ci ilə - Müşfiqlə ilk görüşdüyü günə. Söyləyirdi ki, Müşfiqin şeirlərini çox oxumuşdum və misralarının oyatdığı təəssüratla onu tamam başqa cür təsəvvür edirdim: bir qədər yaşlı, ucaboy, daim fikirli, müəyyən qədər də zəhmli. Ancaq təxminən beş radələrində qapı döyüldü, açdıq, Müşfiq girdi içəri. Təsəvvürümdəkindən tamam fərqli bir insan - gülərüz, sifətindən mehribanlıq yağırdı, sadədən-sadə. Geyimi də sadə idi, elə danışığı da, hərəkətləri də - elə bizlərdən biri kimi. Onun haqqında irəlicədən içərimizdə yaranmış qeyri-adilik, laübalılıq hissi bir anda uçub getdi. Müşfiq bizimlə şirin söhbətə başladı və ilk olaraq mən ona müraciət elədim.

Əli Fəhminin Müşfiqə necə müraciət etməsinin təfərrüatları isə Dilbər xanımın xatirəsindədir. Yazlır ki, Əli Fəhmi Müşfiqi görən kimi ona ilk üz tutur fars dilində şeir deməyə: "Toi dər bərabər-e mən, ya xəyal dər nəzərəm?" Tibb oxuyan tələbələrin heç biri farscanı bilməsə də, Müşfiq bilirdi. Ona görə Əlinin dediyi həmin misraya gülümsündü və sətri uşaqlara özü tərcümə etdi: "Mənim qarşımda dayanan sənsən, ya gözlərim önündə canlanan sənin xəyalındır?" Ardınca Əliyə müraciət etdi ki, Füzulidən şeir bilirsənmi? Əli başladı Füzulidən ard-arda neçə qəzəli əzbər deməyə.

Müşfiq bayaq Əli Ələkbərovun - gələcəyin Fəhmisinin farsca söylədiyi misranı izah edən kimi bu da arada dayanır, Füzulinin hansısa beytlərini, o beytlər içərisindəki müəyyən ifadələri şərh edir, sonra başlayır qəzəlin növbəti misralarını oxumağa.

O dayanınca Müşfiq soruşur ki, nə iti fəhmin var, şeir də yazırsanmı?

"Bəli, yazıram", - deyir. "Onda sənin şairlik təxəllüsün "Fəhmi" olsun" söyləyir. Beləcə, həmin gün - Mikayıl Müşfiqlə rastlaşdığı ilk dəqiqələrdən sonra Əli Ələkbərov dönüb olur sonradan bütün Azərbaycanın tanıyacağı Əli Fəhmi.

...Yox yerdən möcüzələr yaradan, gözlənilməzliklərlə dolu həyatın daha bir qəribə təsadüfüdür ki, Əli Fəhmi adı mənim ömrümə, yaddaşıma ədəbiyyatla maraqlandığım, bu yolu tutduğum vaxtlardan çox əvvəl - uşaqlıq illərimdə daxil olub. 1960-cı illərin ortaları idi. Beşinci sinifdə oxuyurdum. Yay aylarında, tətil vaxtı Sabirabaddakı qohumlarımızgildə qalardım. Orada - Sabirabadda iki qolu da şikəst bir rəssamla tanış olmuşdum. Məni bir dostumla bərabər həmin əlsiz (əlil yox!) rəssam çəkdiyi şəkillərə baxmaqçün evinə dəvət etmişdi. Onun rəsm çəkməsi heyrətli bir iş idi, əlləri yoxdu, fırçanı biləkləri ilə tuturdu və elə məharətlə, elə incəliklə idarə edirdi ki, heç əlləri sağlam olan insan hələm-hələm fırça ilə o cür virtuozluqla işləyə bilmir.

Və otağının divarlarını bəzəyən rəsmlərinin  neçəsi Füzulinin müxtəlif görüm bucaqlarından çəkilmiş portretləri idi. Əlbəttə, o vaxt mən kiçik idim, Füzuli irsindən xeyli uzaq idim, bircə adını bilirdim. Ancaq hər halda digər rəsmlər arasında Füzuli portretlərinin bunca çoxluğu diqqətimi çəkmişdi və niyəsini soruşmuşdum. Qayıtmışdı ki, vaxtilə burada bir həkim işləyirdi, Əli Fəhmi adında. Deyir, mən də yeniyetmə idim, rəssamlığa təzə başlayırdım, onun söhbətlərini eşidəndən, onunla oturub-durandan sonra oldum Füzulinin vurğunu.

Və hamının "Seyid" çağırdığı, əsl adını indi unutduğum həmin rəssam bunu demişdi ki, Füzulinin yüzdən çox qəzəlini əzbər bilir. Yaddaşın alt qatında qalmış bu epizodlar, sabirabadlı rəssamın uşaqlıq hafizəmdə qalmış söhbətləri çox illər ötüncə - Əli Fəhmini tanıyandan, onun ömür səhifələrinə yaxından bələd olandan, Ustadın 1941-ci ildə Tibb İnstitutunu başa vuraraq təyinatla Sabirabada göndərilib düz 1949-cu ilə qədər orada həkim işlədiyini, bütün övladlarının da orada dünyaya gəldiyini biləndən sonra sanki qəfilcə dirçəldi.

Ömrünün Sabirabad illərini Əli Fəhmi də nostaljiqarışıq hisslə xatırlayarmış və köhnə sabirabadlıların da onu unutmamalarının, şəfa verdiyi insanların doktoru minnətdarlıqla anmalarının xeyli hekayətlərini eşitmişəm. Elə həmin rəssam kimi, neçə ədəbiyyat həvəslisi də onların qəlbində söz eşqini yaratdığına görə Əli Fəhmiyə həmişə içərilərində böyük məhəbbəti yaşadırdılar. Yəni Əli Fəhmi bir topa işıq olan insan idi, harada vardısa, oranı bəzəyə bilirdi, üstündən illər və onillər ötəndən sonra da sözü-söhbəti, surəti düşüncələrdən silinmirdi.

Üzdən baxanda bəzən elə fərz edirsən ki, bəzi baş verənlər sırf təsadüfdür. Ancaq məntiq elmi təsadüfləri zərurətlərin üst-üstə düşməsi adlandırır. Təsadüflərin zərurətə çevrilərək üst-üstə düşmələri Əli Fəhmi ömründə də ilk gəncliyindən sona qədər sıralanıb. 1940-cı illərmiş, Sabirabadda həkimliyini edirmiş, oranın da axundu Möhsün Həkimzadə adlı nurani bir insanmış, həm də sıravi din adamlarından deyilmiş, bilik dəryasıymış, evi də dolablara sığmayacaq qədər qalaq-qalaq kitablar və əlyazmalarla daşırmış. Həm də bu nəşrlərin, əlyazmaların çoxu heç dinə də aid deyilmiş, Möhsün ağanın mənzilində elmin ayrı-ayrı sahələrinə aid qiymətli risalələr bəs deyincəymiş.

Elə rayondakı yas məclislərindən birində Əli Fəhminin söhbətlərə müdaxiləsindən sonra onun ağlını, dərrakəsini sezən Möhsün Həkimzadə özü yaxınlaşır bu cavanla. Tezlikcə aralarında möhkəm dostluq yaranır, mütəmadi görüşürlər, söhbətlər edirlər, müzakirələr aparırlar. Möhsün Həkimzadənin bilikli adam olmasının bir sübutu da odur ki, çox keçmədən onu şeyxülislam seçirlər.

Əli Fəhmi Sabirabaddan ayrılıb Bakıya köçəndə Möhsün Həkimzadə ona bir dəstə kitab bağışlamışdı. Həmin kitablardan bir neçəsi İbn Sinanın əsərləri idi. Möhsün Həkimzadə deyirmiş ki, bu kitablar mənə əzizdir, amma sənə məndən daha artıq lazımdır

Möhsün ağanın sözünün düz çıxmasının, arasında İbn Sinanın "əş-Şifa"sının da olduğu həmin kitablar dəstinin Əli Fəhmiyə verdiyi fayda, bunun insanlara çatan bəhrələri haqqında bir xatirəni də şair Bəxtiyar Vahabzadə söyləyirdi.

1952-ci ildə ədəbiyyata olan sonsuz marağı Əli Fəhmini Azərbaycan Dövlət Universitetinə yaxınlaşdırmışdı. Həkimliyini eləməyinə edirdi, hər gün poliklinikadakı işinə gedib-gəlirdi. Ancaq ürəyi ədəbiyyatın yanında olduğundan qərara alır ki, bu sahədə də əlində sənədi olsun. Qiyabi universitetin filologiya fakültəsinə daxil olur. 1957-ci ildə də ali təhsilini fərqlənmə diplomu ilə bitirir. Elmi şura da qət edir ki, o, universitetdə müəllim saxlansın. Bu qərarı qısqanclıqla qarşılayaraq etiraz edənlər də tapılır ki, indiyəcən universiteti qiyabi qurtaranların heç birinə fərqlənmə diplomu verilməyib, buna niyə verilsin, niyə universiteti indiyəcən qiyabi bitirənlərin heç biri elmi şuranın qərarı ilə burada müəllim saxlanılmadılğı halda o saxlanılsın? Akademik, ədəbiyyatşünasların ağsaqqalı Feyzulla Qasımzadə bu xəbis iradlara tutarlı cavab verir. Deyir, haqlısınız, bəli, indiyəcən olmayıb. Bu, bir istisnadır. Amma Əli Fəhmi özü də müstəsna bir hadisədir. Onu başqa tələbələrlə, başqa müəllimlərlə müqayisə etmək yaramaz. Biz özümüz hər gün ondan öyrənirik.

Beləcə, Əli Fəhmi əsas işindən ayrılmadan - həkimliyini davam etdirə-etdirə universitetdə də mühazirələrini oxumağa başlayır. Mühazirələr də nə mühazirələr?! Onun klassik Azərbaycan ədəbiyyatından dediyi hər dərs bir tamaşa kimi imiş. Auditoriya həmişə ağzınacan dolu olurmuş. Ayaq üstə dayananlar da tapılırmış. Qulaq asanlar yalnız adı jurnaldakılar, o qrupda olanlar deyilmiş. Başqa qruplardan, hətta başqa fakültələrdən gəlib Əli Fəhmini dinləyirmişlər. Həm də yalnız tələbələr yox, müəllimlər də! Ləzzət ala-ala, qeydlər götürə-götürə, başqa müəllimlərin dərslərindən fərqli olaraq, sonda mühazirəçini alqışlayaraq Əli Fəhminin doyulmaz mühazirələrinə dalırmışlar.

...Nəsimi insanın gözəlliyindəki ülviyyəti qanmayanı, insan eşqinə mübtəla  olmayanı  həcərə, yəni qara daşa oxşadırdı, beləsinə bir dəfə "daş" deməklə ürəyi soyumurdu, bir neçə dəfə təkrarlayırdı, belə məxluqu daşın daşı sayırdı:

 

Əsir olmayan hüsnünə adəmin

Həcərdir, həcərdir, həcərdir, həcər.

 

Əli Fəhminin sözlə ətrafındakılara səfa və şəfavericiliyi öz yerində, universitetdə dərs dediyi həmin çağlarda düzəltdiyi, daha dəqiqi, yaratdığı məlhəmlə Bəxtiyar Vahabzadəyə verdiyi şəfa haqqında da şairin minnətdar xatirəsi vardı. Deyirdi ki, məndə bir sızaq çıxmışdı, çox incidirdi. Əvvəl elə düşünürdük ki, çibandır, ya ona bənzər bir şey. Burada həkimlərə göstərdim, bir çarə qıla bilmədilər. Yolum Moskvaya düşmüşdü, orada göstərdim həkimlərə, baxdılar, dərman yazdılar, onun da köməyi olmadı. Müəllim dostlardan biri məsləhət elədi ki, uzağa niyə gedirsən? Əli Fəhmiyə de, o, çarə qılar.

Bəxtiyar müəllim danışırdı ki, açığı, əvvəl tərəddüd etdim. Çünki Bakıda da, Moskvada da mənə çox tanınmış həkimlər baxmışdılar, güclü dərmanlar da yazmışdılar, bir əlac olmamışdı. Amma hər halda günlərin birində Əli Fəhmiyə yaxınlaşdım, sızağa xeyli baxdı, dedi ki, narahat olma, onun çarəsi İbn Sinadadır. İbn Sinanın min il əvvəldən "əş-Şifa"sında yadigar qoyduğu reseptə uyğun olaraq Əli Fəhmi özü bir məlhəm düzəldir, gətirib verir Bəxtiyar müəllimə. Bəxtiyar müəllim etiraf edirdi ki, ağlasığmaz iş baş verdi. Məlhəmdən bir gün, üç gün, beş gün istifadə elədim, günlərin birində gördüm ki, sızaq tamamilə itib gedib, sanki heç olmayıbmış.

Əli Fəhmi sağaltmağı bacaran idi, dərdlərə çarə etməyə qadir bir həkim idi. Elə edirdi ki, ağrıların izi qalmırdı. Amma elə də edirdi ki, ürəklərdə başqa izlər, qalması gərək olan, adamı adam edən izlər qalırdı. O, təmasda olduğu insanların yaddaşlarına və ürəklərinə sözün gözəlliyi ilə elə məlhəm çəkirdi ki, bu "dərman"ın yeri həmin adamlar yaşadıqca onlarla birgə qalırdı.

Tələbələrinin, ədəbiyyat həvəskarlarının, şeir xiridarlarının Əli Fəhmiyə marağı öz yerində, ancaq daim sözlə oturub-duran, ədəbiyyat sahəsində tanınmış alim, mütəxəssis olanlar da Əli Fəhmiyə məsləhət üçün müraciət edirdilər, ondan yeni nələrisə öyrənməyə çalışırdılar. Elə biri həmin Bəxtiyar Vahabzadə. Unudulmaz Bəxtiyar müəllim açıqca deyirdi ki, Füzulidən bəhs edən "Şəbi-hicran" poemasını yazarkən vaxtaşırı üz tutduğu, məsləhətlər, məlumatlar aldığı adamlardan ilkini elə Əli Fəhmi idi.

 

Bəxtiyar müəllim Füzulini həssaslıqla duyurdu, onu ömrü boyu sevmişdi, bir çox şeirlərini də əzbərdən bilirdi. Ancaq bununla belə, ayrı-ayrı qəliz Füzuli beytlərinin, misralarının açmasından ötrü Əli Fəhmidən mütəmadi kömək istəyirmiş. Özü danışırdı ki, günlərin birində Əli Fəhmiyə dedim ki, Füzulinin:

 

Dil ki sərmənzili ol zülf-i pərişan olmuş,

Nola cürmi ki, asılmasına fərman olmuş, -

 

mətləli məşhur qəzəlindəki bir beytin mənası sözbəsöz mənə aydındır, ancaq o misralardakı mənanı nə illah edirəm, tuta bilmirəm, mənə elə gəlir ki, orada məntiqsizlik var. Əli Fəhmi də qayıdır ki, tələsmə, ola bilməz. Füzulidə kəlmələr bir-birinə zəncir kimi bağlanıb, məntiqlə bir-birini tamamlayır. Söylə görüm o nə beytdir? Bəxtiyar müəllim deyir ki, beyt Füzulinin kitabında necə nəşr edilmişdisə, o cür də oxudum:

 

Dedilər qəm gətirər badə, çox içdim, sənsiz

Qəm-i hicranə müfid olmadı bu qan olmuş.

 

Əli Fəhmiyə dedim ki, buradakı məntiq nəsə uyuşmur. Çünki şair bir tərəfdən yazır ki, "dedilər qəm gətirər badə", yəni badə qəmi artırır, ona görə də ondan lap çox içdim, obiri yandan da təsdiqləyir ki, "qəmi-i hicranə" - "ayrılıq dərdi"nə bu qana dönmüş fayda vermədi. Axı məntiqlə verməməlidir də. Çünki bir tərəfdən deyirsən ki, sənin içərində hicran qəmi var, digər tərəfdən də qəm gətirən badəni içirsən. Əlbəttə ki, qəm gətirən badə qəmin üstünə qəm artırar, qəmi necə apara bilər ki?

Əli Fəhmi qımışaraq dillənir ki, bu səslənişdə, bu beytdə məntiq, məna görməməyin təbiidir. Çünki beyt kitabda səhv yazılıb. Burada cəmi bircə kəlmə yanlışdır. Ancaq bircə sözün səhv yazılması bütün mənanı, məntiqi pozur. Kitabda gedib ki, "Dedilər qəm gətirər badə, çox içdim, sənsiz" - əslində "qəm gətirər" yox, "qəm gedirər"dir, yəni qəmi gedizdirər, aparar: Dedilər qəm gedirər badə, çox içdim sənsiz. Yəni badənin, meyin çox içiləndə qüssəni aparması haqda deyilənləri eşitmişdim. Fəqət mən nə qədər çox içdimsə də, ürəyimdəki hicran dərdinə kömək etmədi. Demək, mənim hicranımın qəmi o qədər çoxmuş ki, dərd aparan mey də ona kömək eləmir:

 

Dedilər qəm gedirər badə, çox içdim, sənsiz

Qəm-i hicranə müfid olmadı ol qan olmuş.

 

...Əli Fəhmi açarçı idi, özü böyük ölçüdə bir açar idi. Klassik söz xəzinəmiz üçün Açarçı və Açar idi! Nəsimi, Füzuli, Seyid Əzim "Divan"larına, əski söz sehrbazlarımızın hər birinin ayrı-ayrı sətirlərindəki bugünün insanının lap lüğətlə də çətin anladığı qəliz məqamların şərhinə, açılışına ən etibarlı bələdçi idi.

...Həkim Əli Fəhmi 1949-cu ildə Sabirabaddan köçüb gəlmişdi Bakıya, doktorluğunu edirdi, insanların müalicəsi ilə məşğul idi. Amma ədəbiyyat da hər gün onunla birgə idi.

1956-cı ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibətilə təntənəli yubiley mərasiminə hazırlıq gedirdi. Ana dilində olan irsi nəşrə hazırlanırdı, farsca-ərəbcə yazdıqları tərcümə edilirdi. Ayrı-ayrı şeirlərinə rəsmlər çəkilirdi, müəyyən qəzəllərinə nəğmələr, romanslar bəstələnirdi və elmi araşdırmalar aparılırdı.

1958-ci ildə həmin araşdırma toplularının ən mükəmməllərindən və köhnəlməzlərindən biri buraxıldı. Orada Azərbaycanın o dövr üçün ən sanballı alimlərinin məqalələri yer alıb. Tərtibçi belə işlərdə son dərəcə vasvası, diqqətcil alim Əkrəm Cəfər idi. Müasir alimlərlə yanaşı, həmin topluda keçmiş elmi irsdən seçmələr - Cəfər Cabbarlının, Bəkir Çobanzadənin, Abdulla Şaiqin, Firudin bəy Köçərlinin, Seyid Əzim Şirvaninin Füzuli haqqında yazdıqlarından parçaları da bura daxil eləmişdi. Və bütün bu müəlliflər sırasında bir nəfər sırf ədəbiyyatşünas olmayan adam vardı: həkim Əli Fəhmi. Və onun yazdığı məqalə də sadə bir mövzuda deyildi, şairin poetikasına həsr olunmuşdu. Üstündən onillər keçəndən sonra həmin məqaləni açırsan və elə ilk sətirlərini oxuyunca nəzərinə istinad elədiyi mötəbər mənbə sataşır: XIV əsrin nüfuzlu şeirşünas alimi Sədəddin Təftəzaninin "Mütəvvəl" əsəri. Əli Fəhmi Füzuli məcazlarındakı lətafəti əyan etməkçün təkan nöqtəsini Təftəzanidən alır. Əminəm ki, o dövrdə ədəbiyyatşünaslıq gerçəyimizdə həmin mənbədən çoxlarının heç xəbəri yoxdu. Ona görə bu cür arxayınlıqla təsdiqləyirəm ki, Füzuli haqqında yazılmış həmin dövr monoqrafiyalarını vərəqlədikcə heç birində bu risalədən sorağa tuş düşmürük.

Əli Fəhmi belə Əli Fəhmi idi. Köhnə ərəb, fars, osmanlı mənbələrindən incəliklərinə qədər agahdı, ona görə qanadlarını geniş aça bilirdi, ona görə yazdıqlarında, danışdıqlarında nəfəsi tıncıxmırdı və onun qanadlana bildiyi üfüqlərə hər ədəbiyyatşünas da çatmaqda acizdi. Həmin səbəbdəndir ki, Nəsimi, Seyid Əzimlə əlaqədar tədqiqləri üstündən bu qədər vaxt ötəndən sonra da nimdaşlaşmayıb, indi həmin yazıların özləri iqtibas gətirmək, istinad eləmək üçün ən tutarlı qaynaqlar sırasındadır.

...Əli Fəhmi fars, ərəb dillərini əsaslı şəkildə bilirdi və klassik ədəbiyyatımızın yaxın min ildən də uzun yolunu dəqiq görə bilmək üçünsə bu dillərə aşinalıq mütləqdir.

1948-ci ildə Azərbaycan Universitetinin həyatında əlamətdar bir hadisə baş verir, böyük ölçüdə bu, təkcə universitetin deyil, Azərbaycan elminin, təhsilinin əlamətdar bir yeniliyi kimi qavranmağa layiqdi. Muxtar Əfəndizadənin "Miftah-u lisani-l-ərəb" - "Ərəb dilinin açarı" adlı dərsliyi nəşr edilir. Bu, Azərbaycan şərqşünaslığında ərəb dilinin tədrisi sahəsində ilk dərslik idi. Sonra illər keçəcək, Ələsgər Məmmədovun nəşrdən-nəşrə təkmilləşdiriləcək "Ərəb dili" dərslikləri yaranacaq. Amma hər halda Muxtar Əfəndizadənin yazdığı əvvəlinci idi və onun haqqında birinci, müsbət təqdiredici məqaləni yazan da Əli Fəhmi olmuşdu.

Əli Fəhmi həmin məqaləni səbəbsiz yerə, elə sadəcə təzə kitaba rəy olaraq yazmamışdı. Bəzi gözügötürməyənlər keçmiş müsavatçı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuş Muxtar Əfəndizadənin kitabının nəşrini heç də sevinclə qarşılamamışdılar, ona badalaq gəlməkçün saman altından su yeridirdilər. Lakin Əli Fəhminin təqdir yazısı onların qara niyyətlərini puç edir.

Onlar belə insanlar olublar - əxlaqı dürüst, mənəviyyatı pak, bilikləri də əngindən-əngin.

...1973-cü ildə İmadəddin Nəsimi əsrləri aşaraq yenidən Azərbaycana qayıdırdı. Yenidən doğulmaq üçün qayıdırdı. Həsən Seyidbəyli Nəsimi haqqında filmi çəkməyə başlamışdı. O film indi hər bir azərbaycanlının əzbəridir, ürəyindədir, yaddaşındadır, televiziyalarda tez-tez göstərildiyindən daim gözünün önündədir. O film Azərbaycan insanına Nəsimini də tanıtdı və Rasim Balayev kimi gözəl bir aktyoru bağışladı. Və film bunca gözəl alındısa, ilk addımını atan Rasim Balayev o filmdə bunca parlaqlığı ilə dikəldisə, əsas səbəbkarlarından biri elə Əli Fəhmidir ki var. Çünki film boyu Nəsiminin şeirləri səslənir. Və oxunuşda əvvəldən-axıracan bir misrada belə azacıq da olsa əyinti yoxdur. Nəsimi şeirinin dəqiqliyi, şəhdü şəkəri, musiqisi həmin səslənişlərdə var.

Rasim Balayev gənc bir insan idi, yolunu təzə başlayırdı, əruzu bilmirdi. Amma filmdə Nəsimi şeirlərini elə oxuyur ki, sanki onillərdir əruzlu şeirlə oturub-durur. Görürsən ki, o, sadəcə şeirləri gözəl oxumur, həm də oxuduqca onların içərisindəki məna da çöhrəsindəki cizgilərində əksini tapıb. Demək, hər misradakı hər sözü anlayır, hiss edir. Yenə səbəbkar Əli Fəhmidir.

Əli Fəhmi həmin filmin məsləhətçisi idi və nə uğurlu tapıblarmış onu. Çünki o dövrdə kasadlıq deyildi, kifayət qədər yaxşı ədəbiyyatşünaslarımız, klassik irsi bilənlər az deyildi. Lakin heç birini Əli Fəhmiyə bərabər tutmaq olmaz. Elə həmin məclislərdə görünən, auditoriyaya girən, elə bu filmin də məsləhətçisi olan Əli Fəhmidə dərin biliklərdən savayı bir coşqunluq, emosionallıq da vardı. İçərisindəki enerjini, o coşqunluğu, o emosionallığı da Əli Fəhmi Rasim Balayevə ötürə bilmişdi.

Nəsimi misralarını əruzun təfilələrindən, musiqisindən yerli-yataqlı xəbərdar olmayanların hərəsi bir cür oxuya bilər, hansısa misrada, hansısa sözdə - nəinki hansısa misrada, hansısa sözdə, hətta bir hərfdə, bir səsdə vurğunu düz qoymasan, hansısa hecanı yetərincə uzatmasan, onda ritm-ahəng pozulacaq. Bu işlərinsə Əli Fəhmi ustasıydı. Bütün bildiklərini bitdə-bitdə öyrətmişdi Rasim Balayevə. Ona görə də həmin filmdə Rasim Balayev yalnız gözəl surət yaratmış mahir aktyor kimi deyil, həm də misilsiz inşad ustası kimi görünür. Kadrın arxasında dayanan Əli Fəhmidir.

Amma həmin filmdə kadr arxasında Əli Fəhminin bir başqa cür dayanması da var. Onu çox adam bilmir. Amma istəyirəm bunu da biləsiniz

Təbii ki, filmin bitəcəyində titrlərdə məsləhətçi olaraq Əli Fəhminin adı gedir. Ancaq heç yerdə yazılmayıb ki, bu filmin içərisində Əli Fəhminin səsi də var. Nədir o səs? Gələn dəfələrdə həmişə Nəsimi filminə baxanda bu məqama hökmən diqqət edin. Əli Fəhminin düşüncə həyatımıza xidmətlərindən biri də bu oldu ki, o, "Quran"ı ana dilimizə çevirməyə başladı. Müqəddəs Kitabın Əli Fəhmiyə qədər Azərbaycan dilinə müxtəlif tərcümələri olmuşdu. Əlbəttə, o tərcümələr XIX yüzilin sonlarında, XX əsrin əvvəllərində edilmiş tərcümələr idi. Ərəb-fars tərkibləri ilə dolu idi. Onu müasir insanın 1950-ci, 1960-cı, 1970-ci illərdə mütaliə edib dərk etməsi mümkünsüz kimi idi. Çünki onları oxuyub başa düşmək üçün gərək yanında iki-üç lüğət olaydı. Əli Fəhmi isə "Quran"ı sadə, saf, duru bir Azərbaycan dilinə çevirməyə başlamışdı. Qərara alınmışdı ki, bu Quran tərcüməsi nəşr də edilsin. Hətta Əli Fəhmi ilə "Azərnəşr" arasında bağlaşma da vardı. Lakin günlərin birində "Azərnəşr"in direktoru Qılman Musayevin imzası ilə Əli Fəhmiyə məktub gəlir ki, bu nəşr dayandırılır. Səbəb o deyildi ki, Qılman Musayev bu Kitabın nəşrini ummurdu, əksinə, Qılman Musayev o nəşrin baş tutmasını ən çox istəyənlərdən biri idi.

Lakin mərdümazarlar tapılır, ora-bura yazırlar və sovet dönəmi idi, şura hökumətinin isə İslama, dinə münasibəti yetərincə qərəzli idi. Və nəşr yarımçıq qalır, Həsən Seyidbəylinin daha bir xidmətidir ki, zahirən heç kəsə hiss etdirmədən o filmin içərisində Əli Fəhmi tərcümələrinə də həyat vəsiqəsi verib. Bu çevirməni Əli Fəhminin öz səsində ilk dəfə ictimaiyyətə çatdırıb.

Müəyyən səhnələrdə Əli Fəhmi tərcümə etdiyi "Quran" ayələrini oxuyur. Özü oxuyur və kadr arxasından onun səsi gəlir. Bunu bir Əli Fəhmi bilirdi, bir də Həsən Seyidbəyli. Heç filmi montaj edənlərin də o mətnin nə mətn olmasından xəbəri yox idi.

Əli Fəhminin Quran tərcüməsinin üstünlüyü ondan ibarət idi ki, o, yalnız ərəbcədə olan mətnin azərbaycanca sözbəsöz qarşılığını vermir, din və təriqətlər tarixini, şəriəti, "Quran"ı da yaxşı bildiyindən hər ayənin daşıdığı məna çalarlarını da çatdırırdı. Doqquz surəni tərcümə edib başa çatdırmış və onlara da yaxşı şərhlər yazmışdı.

İndi təsəvvür edin ki, bütün Quranı başdan-sonacan Əli Fəhmi tərcümə edir və hər ayəyə də əhatəli biliklərinə uyğun olaraq şərhlər yazır.

Necə mükəmməl bir nəşr olacaqdı qarşımızda?!.

...Elmi dərəcələrin ovaxtkı adlanması ilə deyəcək olsaq, Əli Fəhmi nə filologiya elmləri namizədi oldu, nə filologiya elmləri doktoru. O, yan-yörəsindəkilərdən təkcə nitqi, bilikləri ilə üstün deyildi, şirin yazı üslubu, əsərlərinin elmi siqləti ilə də yüzlərlə filoloqdan, doktordan, professordan qat-qat artıq idi. Dissertasiya mövzusu götürməyinə götürmüşdü, lap 1960-cı illərin əvvəllərində dissertasiyasını müdafiə də edə bilərdi. Əvvəlcə ona "Seyid Əzimin həyat və yaradıcılığı" mövzusunu vermişdilər. Elə işini başa çatdırdığı əsnada demişdilər ki, yox, bunu müdafiə edə bilməzsən, başqa bir adam eyni adda bu mövzunu yazmaqdadır. Ona görə də mövzunu dəyişib eləmişdilər "Seyid Əzim yaradıcılığının bədii xüsusiyyətləri". Əli Fəhmi üçün belə dəyişmələr ciddi bir maneə ola bilməzdi. Qələmini sıyırmışdı, oturmuşdu masa arxasında, təzə mövzuya uyğun işi də yazıb ortaya qoymuşdu. Yenə ortalığa bir əngəl çıxmışdı ki, müdafiədən əvvəl namizədlik minimumu olaraq ingilis dilindən imtahan verilməlidir. Əvvəlcə universitet rəhbərliyinə müraciət eləmişdi. Onlar da Təhsil Nazirliyinə yazmışdılar ki, icazə verin iddiaçı xarici dil imtahanını fars dilindən versin. Çünki onun yazdığı işdə əsas istifadə olunan mənbələr farsca, ərəbcədir. Lakin Təhsil Nazirliyi mənfi cavab vermişdi və onlar da öz növbələrində SSRİ Təhsil Nazirliyinə məktub göndərmişdilər. Əli Fəhmiyə də demişdilər ki, SSRİ təhsil naziri Yelutinə sən özün də bir xahiş ərizəsi yaz ki, müstəsna hal kimi icazə versinlər, orada xüsusi vurğula  ki, istifadə etdiyin mənbələr əksərən ərəbcə, farscadır.

Əli Fəhminin SSRİ təhsil nazirinə yolladığı o məktubun da surəti qalır. Yazır ki, mən bir ingilis dili əvəzinə ayrıca ərəbcədən də, farscadan da imtahan verməyə hazıram.

Müsbət dərkənar qoymuşdular və məhz bu şəkildə imtahan verməsinə yol açılmışdı. Ancaq müdafiə ərəfəsində yenə ortaya cürbəcür başqa bürokratik maneələr çıxarmışdılar. Həmin dissertasiyanın yazıldığı vaxtdan altmış ildən artıq bir zaman keçib, əsəri oxuduqca şahid kəsilirsən ki, qətiyyən köhnəlməyib, o dövrdə hazırlanmış digər bir çox dissertasiyalar təki birovuzlaşmayıb, bu gün də iqtibas gətiriləsi, istinad ediləsi səviyyədədir. Di gəl, o vaxt imkan vermirlər ki, Əli Fəhmi dissertasiyasını müdafiə etsin

Nə elmlər namizədi oldu, nə elmlər doktoru, nə professor. Amma həm elmlər doktoru idi, həm professor idi, həm də alimlər alimi. Adam var ki, alimliyini sübut etmək üçün gərək ortaya sənəd qoysun, diplom göstərsin. Əli Fəhmi isə  bilginliyin rəmzlərindəndi, əlində sənədi olmasa da, özü diplom olan Alim idi.

14 oktyabr 2023

 

  Rafael Hüseynov   

525-ci qəzet.- 2023.- 18 oktyabr.- S.10-11.